Cemil Hasanlı: 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayın gizlinləri
1926-cı ilin fevral ayının 26-dan mart ayının 5-nə qədər keçirilən Bakı türkoloji qurultayının mərkəzi məsələsi əlifba məsələsi idi. Türk tarixi, mədəniyyəti, dili və ədəbiyyatı ilə bağlı geniş müzakirələr açılsa da, qurultay həmin dövrdə daha çox siyasi xarakter almış latin əlifbasına keçid məsələsini həll etmək zərurətindən çağırılmışdı.
Ümumittifaq miqyaslı qurultay çağırmaq ideyası latın qrafikasına keçidlə bağlı müzakirələrin genişləndiyi bir vaxtda 1924-cü ildə irəli sürülmüşdü. Professor Aleksandr Samoyloviç 1924-cü ilin mart ayında Ümumittifaq Şərqşünaslar Assosiasiyasına hazırladığı məruzədə ərəb əlifbası islahatı ilə bağlı ümumittifaq türkoloji qurultay çağırmaq ideyasını irəli sürdü.
1925-ci ilin may ayının 2-de Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyətinin iclasında türkoloji qurultayın çağırılmasının zəruri və təcili bir məsələ olduğu haqqında qərar qəbul edildi. Türkoloji qurultayı hazırlamaq üçün təşkilat komitəsi yaradıldı.
Təşkilat komitəsinə Səməd Ağamalıoğlu, professor Bəkir Çobanzadə, Şərqşunasların Ümumittifaq Assosiasiyasının sədri Mixail Pavloviç (Veltman), Əbdürrəhim bəy Haqverdiyev, professor Nikolay Aşmarin, akademik Vasili Bartold, professor Aleksandr Samoyloviç, Məhəmmədhəsən Baharlı, Artur Zifeld, Әhməd bəy Pepinov, İsmayıl Hikmət və digərləri daxil edildilər.
Təşkilat komitəsi 6 avqust 1925-ci ildə keçirilən ilk iclasında qərar qəbul etdi ki, müzakirə edilən məsələ yalnız elmi və mədəni əhəmiyyətli məsələ olmayıb, daha zəruri amillərlə bağlıdır. Ona görə də bütün lazımi tədbirlər görülməli və yubanmadan türk-tatar xalqlarının nümayəndələrinin və şərqşünasların iştirakı ilə türkoloji qurultay keçirilməlidir.
İclas qurultayın Bakıda keçirilməsini qərara aldı. Təşkilat Komitəsi SSRI Mərkəzi İcraiyyə Komitəsinin Millətlər Sovetinə müraciət etdi ki, türkoloji qurultay çağırılması haqqında türk-tatar respublikalarının və muxtar vilayətlərinin ali orqanlarına xüsusi məktubla rəsmi məlumat versin.
Qurultayın çağırılması ilə bağlı sənəd və materialların araşdırılması təsdiq edir ki, türkoloji qurultayın çağırmasında Sovetlər İttifaqının və Azərbaycan SSR-nin kommunist rəhbərliyi maraqlı olub və hətta Azərbaycan SSR Dövlət Siyasi İdarəsini bu işə cəlb etmişdilər. Və bu maraq da bilavasitə ərəb əlifbasından latın əlifbasına keçid məsələsi ilə bağlı olub.
Əlifba islahatı ilə bağlı müzakirələr hələ Azərbaycan milli hökuməti dövründə başlamışdı. 1919-cu ildən başlayaraq Azərbaycan mətbuatı tez-tez “türk əlifbası islahatı” barədə yazılar verirdi. Bu yazılarda ya mövcud ərəb əlifbasını təkmilləşdirmək, ya da latın əlifbasına keçmək məsələsi qoyulur, ikinciyə daha böyük üstünlük verilirdi.
1920-ci ilin mart ayında rəsmi dövlət orqanı olan “Azərbaycan” qəzeti yazırdı ki, “Azərbaycan parlamentinin üzvü Abdulla bəy Əfəndiyev özünün hazırladığı latin şriftli “türk əlifbasını” Maarif Nazirliyinə təqdim edib ki, onunla ətrafı tanış olsunlar.”
Milli hökumət devriləndən sonra 1920-ci ilin payızında bu məsələyə yenidən qayıdıldı və yeni türk əlifbası islahatını hazırlamaq üçün Soltanməcid Qənizadə, Həmid Şahtaxtinski, Vsevolod Tomaşevski və məşhur şair Hüseyn Caviddən ibarət komissiya yaradildı. Professor Panteleymon Juze komissiyanın sədri təyin edildi.
Juzenin məruzəsi əsasında Azərbaycan SSR Maarif Komissarlığının 5 yanvar 1921-ci ildə keçirilən kollegiya iclası köhnə müsəlman əlifbasının yeni latın əlifbası ilə əvəz edilməsi haqında qərar qəbul etdi və 1922-ci ilin aprel ayında “Yeni Türk Əlifbası Komitəsi” yaradıldı.
Komitənin bütün işinə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin sədri Səmədağa Ağamalıoğlu rəhbərlik edirdi. 1922-ci ilin axırlarında türk xalqlarını latın əlifbası prosesinə cəlb etmək məqsədi ilə əlifba komitəsi Türküstan, Tatar, Xivə və Krım respublikalarının Maarif komissarlığına məktubla müraciət etdi. Bu Azərbaycanda başlayan yeni türk əlifbası ideyasının ümumtürk prosesinə çevrilməsi istiqamətində ilk addım idi.
Yeni türk əlifbasına keçidlə bağlı sənəd və materialların araşdırılması müəyyən saxtalaşdırmaların olmasına baxmayaraq, əhalinin bir hissəsinin, xüsusilə gənclərin islahatı razılıqla qarşıladığını təsdiq edir. 1923-cü ilin oktyabr ayının 20-də Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarlar Sovetinin “Yeni türk əlifbasının dövlət əlifbası kimi qəbul edilməsi haqqında” dekreti elan edildi.
Bu dekretdən sonra türk əhalisinin yaşadığı İrəvan, Tiflis, Şimali Qafqaz və digər yerlərdə “Yeni Türk Əlifbası Komitəsi”nin şöbələri yaradıldı. İrəvan türk ziyalıları iclasının qətnaməsində göstərilirdi: “Bu əlifba (ərəb əlifbası) türk dilinin özəlliyinin və təmizliyinin itirilməsinə səbəb olur. Bütün bunlar nəzərə alaraq iclas… yeni əlifbaya keçilməsini alqışlayır…”
Yeni Türk Əlifbası Komitəsinə Azərbaycan SSR-nin qəzalarından və türklərin yaşadığı qonşu Sovet respublikalarından da yuxarıdaki məzmunda çoxsaylı müraciətlər gəlmişdi. Lakin kampaniya xarakteri daşıyan bu tipli müraciətlərin hamısının könüllülük əsasında edildiyi bir qədər şübhəlidir.
Əslində, Azərbaycan SSR-nin rəhbər partiya işçiləri bu məqsədlə qəzalara, İrəvana, Tiflisə, Şimali Qafqaza, Türküstana və digər yerlərə ezam edilmişdilər. 1925-ci ilin mart ayının 16-da Azərbaycanın IV Sovetlər qurultayının qərarı ilə 1925/26-cı dərs ilində birinci dərəcəli məktəblərdə yeni türk əlifbasının tətbiq edilməsi əlifba islahatına əməli xarakter verdi.
Lakin qeyd edildiyi kimi, əlifba islahatına münasibət birmənalı deyildi. Əlifba islahatının tərəfdarları ilə yanaşı əleyhdarları da az deyildi. Sovet rejiminin ilk illərində ağır repressiyalara məruz qalmış müsavatçılar və ittihadçılar tələm-tələsik latın əlifbasına keçilməsinin əleyhinə idilər.
Çoxsaylı arxiv materiallarının araşdırılması bələ bir fikrə gəlməyə əsas verir ki, bu narazılıq əslində yeni əlifbaya qarşı deyil, onun arxasında həyata keçirilən siyasətə qarşı idi. Bəzi sənədlərin araşdırılması təsdiq edir ki, əlifba məsələsində bir sıra tanınmış alimlər və müəllimlərlə kommunist rəhbərlər arasında gizli ziddiyyətlər mövcud olmuşdur.
Bu ziddiyyətlər Azərbaycan, Qazaxıstan, Tatarıstan və Krımda özünü daha qabarıq şəkildə büruzə verirdi. Hələ 1922-ci ilin sentyabrında Moskvaya göndərdiyi gizli teleqramda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Sergey Mironoviç Kirov yazırdı ki, əlifba islahatına qarşı müxalifətdə dayanan türk ziyalılarına qarşı mərkəzin köməyi olmadan keçinmək mümkün deyil. “Lakin burada… islahatın əleyhdarlarının bu kömək haqqında məlumatı olmamalıdır”.
Arxiv sənədləri təsdiq edir ki, ölkənin siyasi rəhbərliyi 1926-cı ilin fevralında açılacaq türkoloji qurultayda latın əlifbasının qəbul ediləcəyinə o qədər də əmin deyildilər Azərbaycan Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsinin katibi Əliheydər Qarayev 1926-cı ilin yanvarında Ümumittifaq Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsinin Baş katibi İosif Stalinə göndərdiyi gizli şifrəli teleqramda yazırdı:
“Nümayəndələrin böyük qrupu yeni əlifbaya qarşı çıxacaq. Lakin qabaqcadan aldığımız məlumata görə, qurultay nümayəndələrinin yarıdan çoxu yeni əlifbanı müdafiə edəcəkdir. Hazırlıq işlərindən görünür ki, qurultayda kommunistlərin böyük bir qrupu olacaqdır. Azərbaycan Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsi qurultayın təşkilat məsələləri ilə əlaqədar bir sıra tədbirlər görüb. Göstərişinizi gözləyirik”…
Azərbaycan bolşeviklərinin əsas ideoloji orqanı olan “Kommunist” qəzetinin baş redaktoru, Birinci Türkoloji Qurultayı hazırlayan komissiyanın üzvü Həbib Cəbiyev dəvət edilən nümayəndələrin tərkibini təhlil edərək Mərkəzi Komitəyə belə bir məlumat hazırlamışdı ki, qurultay iştirakçılarının 76 nəfəri latın əlifbasına, 30 nəfəri islah edilməsi nəzərdə tutulan ərəb əlifbasına səs verəcək, 28 nəfəri isə tərəddüd edəcəkdir.
Qurultay ərəfəsində Professor Artur Zifeldin Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinə daxil olan məlumatında isə bunun əksi göstərilirdi. Qurultaya dəvətliləri yaxşı tanıyan Zifeld bildirirdi ki, 36 nəfər latın əlifbasına, 73 nəfər ərəb əlifbasına, 14 nəfər kiril əlifbasına səs verəcək və 14 nəfər isə tərəddüd edəcəkdir.
Həmin dövrün gizli saxlanan arxiv sənədləri göstərir ki, sovet siyasi rəhbərliyi birbaşa kiril əlifbasına keçməyin mümkün yollanı ciddi şəkildə arayırmış. Moskva Sovet İttifaqının türk-müsəlman respublikaları və muxtar qurumlarının yerli kommunist rəhbərləri və əyalətlərdə işləyən rus meylli alimlərlə bu istiqamətdə gizli işlər aparılırmış.
Lakin kiril əlifbasına keçməklə bağlı yerlərdən Sovet xüsusi xidmət orqanlarının hazırladığı məlumatlar Moskva üçün o qədər də ürək açan deyildi. Toplanan agentura məlumatlarına əsasən hazırlanan gizli arayışlarda SSRİ-nin türk-müsəlman xalqlarının rus əlifbasına güclü müqavimət göstərəcəyi bildirilirdi.
Xüsusi xidmət orqanlarının bu məlumatlarını alan Moskva keçid mərhələsi kimi latın əlifbasının üzərində dayanmağa üstünlük verdi. Yalnız milli ziyalıların böyük əksəriyyəti 30-ci illərin ağır repressiyalarında pantürkist və panislamist ittihamlarla məhv edildikdən sonra 1939-cu ildə əsas strateji məqsəd hesab edilən rus əlifbasına müqavimətsiz keçildi.
Professor Zifeldin məlumatından ciddi narahatçılıq keçirən Azərbaycan SSR rəhbərliyi 1926-cı ilin əvvəllərində bu məsələnin öyrənilməsini Respublika Fövqəladə Komissiyasına (KGB) tapşırdı. Azərbaycan Fövqəladə Komissiyasının türkoloji qurultaydan bir neçə gün əvvəl Azərbaycan Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsinə göndərdiyi məlumat Zifeldin proqnozlarını təsdiq edirdi.
Xaricdən dəvət edilən nümayəndələrə təsir göstərməyin qeyri-mümkünlüyünü nəzərə alaraq, Azərbaycan Fövqəladə Komissiyası qurultayı təxirə salınmasını təklif edirdi. Azərbaycan Fövqəladə Komissiyasının məlumatında Türkiyədən qurultaya dəvət olunmuş, bütün türk aləmində böyük nüfuz sahibi olan Əli bəy Hüseynzadə və məşhur türkoloq Fuad Köprülüzadə latın əlifbasının qatı əleyhdarları kimi təqdim edilirdilər.
Fövqəladə Komissiya vəziyyətdən çıxış yolu xarici dəvətlilərin bir hissəsini siyahıdan çıxarmağı təklif edirdi. Onlar Mərkəzi Komitəyə yazırdılar: “Əgər qurultayı təxirə salmaq mümkün deyilsə, onda “ərəbpərəst” nümayəndələrin bir hissəsini atmaq lazımdır, onlara (pul olmadığını bəhanə edərək) yol xərci göndərilməməlidir.”
Azərbaycan Fövqəladə Komissiyası Respublika rəhbərliyinə yazırdı: “bizim partiyaçılara tapşırılmalıdır ki, Mərkəzi Komitə və Təşkilat Komissiyası kommunist fraksiyasının bütün gizli qərarlarını bitərəflərdən (xüsusilə Çobanzadədən və K-dan) gizli saxlasınlar, çünki bu bitərəflərin bir hissəsi “ərəbpərəst” panislamistlərdir və onların ətrafında hər cür maskalanmış pisniyyətli çoxlu sayda fanatiklər dolaşırlar.”
Türkoloji qurultaydan 3 həftə əvvəl Azərbaycan Kommunist Partiyası respublikanın bütün qəza komitələrinə gizli sərəncamlar göndərmişdi. Sərəncamda göstərilirdi ki, türkoloji qurultaya bir neçə gün qalmış Azərbaycan müəllimlərinin ümumrespublika konfransı keçirilməli və orada latın əlifbasına tərəfdar olmaq barədə bəyanat qəbul edilməlidir.
Qəza komitələrinə tapşırılırdı ki, respublika konfransına göndəriləcək nümayəndələri elə seçmək lazımdır ki, onlar yeni latın əlifbasına tərəfdar olsunlar. Sərəncamda tələb edilirdi ki, seçiləcək konfrans “nümayəndələrinin” yeni (latın) əlifbanın fəal tərəfdarları olması üçün “bütün tədbirlər” görülməlidir.
Qurultayın təşkilat komitəsinin üzvü Həbib Cəbiyev Azərbaycan Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsinin katibi Əliheydər Qarayevdən xahiş edirdi ki, Gürcüstan və Ermənistandan qurultaya gələn nümayəndələrin latın əlifbasına tərəfdar olması məsələsini həmin respublikanın rəhbərləri ilə həll etsin.
Məktubda deyilirdi: “Türkoloji qurultaya gəlmək üçün Gürcüstan və Ermənistanın milliyyətcə azlıq təşkil edən türklərinə bir yer ayırmışıq. Sizdən xahişim budur ki. … Gürcüstan türklərindən qurultaya Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası Xalq Komissarlar Soveti sədrinin müavini Mirzə Davud Hüseynov, Ermənistan türklərindən isə bizim Teymur Hüseynov və ya Nəcəfov, ya da ki, daha etibarlısı göndərilsin.” Cəbiyev məktubun sonunda yazırdı ki, “biz ən yaxşı qüvvələrimizi qurultaya göndərməliyik”.
Qurultaya sonuncu hazırlıq işi Şərqşünasların Ümumittifaq Elmi Cəmiyyətinin sədri Mixail Pavloviçin (Veltman) respublika qəzetlərində Məhəmmədəmin Rəsulzadə və Bakı qurultayına dəvət edilmiş Fuad Köprülüzadə əleyhinə dərc olunmuş müsahibəsi oldu. Həm Rəsulzadə, həm də Köprülüzadə öz yazı və çıxışlarında yeni türk əlifbasına qarşı olmasalar da, latın əlifbasına keçidin arxasında dayanan siyasi məqsədləri düzgün tuta bilmişdilər.
Onların fikrincə, həmin vaxt tələm-tələsik, təcili olaraq keçirilən əlifba islahatının başlıca məqsədi SSRI türklərini Türkiyə təsirindən “xilas etməyə”, müsəlman dünyası ilə mənəvi və mədəni bağları qırmağa xidmət edir, Güney Azərbaycan türkləri ilə Quzey Azərbaycan türkləri arasında mənəvi uçurum yaratmaq məqsədi daşıyır. Onların fikrincə, Sovet mədəni inqilabının bu ilk böyük addımının başlıca siyasi mənası Sovet türk müsəlmanlarını qonşu ölkələrdə yaşayan türk müsəlmanların “zərərli ideologiyasından” xilas etməyə yönəlmişdi.
Latın əlifbasına keçidi təmin etmək məsələsində Əli bəy Hüseynzadənin mövqeyi önəmli olduğu üçün Azərbaycan SSR Fövqəladə Komissiyasına (KGB) gizli tapşırıq verildi ki, öz iki əməkdaşını Tiflisə göndərsin və onların “adi sərnişin” kimi Tiflisdən Bakıya Əli Bəy Hüseynzadə və Fuad Köprülüzadə ilə eyni vaqonda gəlməsin təmin etsinlər.
Azərbaycan Fövqəladə Komissiyasının işçiləri yol boyu xüsusi ilə Əli bəy Hüseynzadənin fikirlərini, yeni əlifbaya münasibətini öyrənməli, kiminlə hansı mövzuda söhbət etdiyini müşahidə etməli idilər.
Eyni zamanda “kommunist və etibarlı” nümayəndələrə gizli tapşırıq verilmişdi ki, əgər Əli bəy Hüseynzadənin namizədliyi qurultayın rəyasət heyətinə irəli sürülsə, ona səs verməsinlər.
Və ən nəhayət, Azərbaycan Fövqəladə Komissiyasının “planı” əsasında komunist nümayəndələr və etibarlı Sovet işçiləri qurultay zalında elə yerləşdirilməli idilər, latın əlifbasının əleyhinə olması ehtimal olunan nümayəndələr qurultayın gedişində öz fəaliyyətlərini əlaqələndirə bilməsinlər.
Bütün bu “tədbirlərin” nəticəsində Birinci Bakı Türkoloji Qurultayının yeni türk əlifbası haqqında qətnaməsinə 101 nəfər səs verdi, 7 nəfər tərəfsiz qalmaqla, 7 nəfər əleyhinə oldu. 1926-cı ilin mart ayının 5-də “Bakinskiy raboçi” qəzeti yeni əlifba haqqında qurultayın qərarını “Ərəb əlifbasının qu nəğməsi” başlığı altında vermişdi.


Yorum gönder