KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Cemil Hasanlı: 1918-ci ilin 27 avqustunda nə baş verib?

Cemil Hasanlı: 1918-ci ilin 27 avqustunda nə baş verib?

Kafkassam Editör Kafkassam Editör - - 14 dk okuma süresi
239 0

1918-ci ilin yayında Azərbaycan, xüsusilə onun paytaxtı Bakı ətrafında dramatik hadisələr cərəyan edirdi. Ağ və qırmızı Ruslar Bakıda mövqelərin əldən vermək istəmirdi. Alman qartalı Bakı neft buruqlarına qonmaq istəyirdi. Xəzərin cənubunda dayanan ingilis aslanı Bakıya sıçramaq üçün məqam gözləyirdi. Bir də Mehmetçik Bakıya doğru hərəkət edirdi. Bakıya doğru gələnlərdən yalnız onun məramı şəhəri yadellilərdən azad edib onu öz sahiblərinə təslim etmək idi. 4 illik alman-türk müttəfiqliyi 1918-ci ilin yayında Bakıya münasibətdə çat vermişdi. 10 il əvvəl Berlində Almaniya Xarici İşlər Nazirliyinin arxivində işləyərkən bu məsələ ilə bağlı maraqlı sənədlərə rast gəldim.

1918-ci ilin avqust ayının 8-də Almaniya Qərb cəbhəsində ağır məğlubiyyətə uğramışdı. Vəziyyətdən xilas olmaq üçün Bolşevik Rusiyasından yardım umurdu. Berlində gizli alman-rus danışıqları aparırdı. Türklər bir az bu danışıqlardan məlumatlı idi. Bəzi məsələləri İstanbulda olan Məhəmməd Əmin Rəsulzadəyə də sızdırmışdılar. Həmin böhranlı günlərdə Rəsulzadə Bakıya yazırdı: “Hansı yolla, nəyin bahasına olursa-olsun Bakı tezliklə azad edilməlidir. Əks təqdirdə biz baş vermiş fakt qarşısında, çətin vəziyyətdə qalarıq. Bakıya doğru hərəkət yalnız Azərbaycanın adından olmalıdır, onu Azərbaycan hökuməti tutmalıdır. Ayrı cür olarsa çətinliklər yarana bilər”.

Beynəlxalq aləmdə gedən hadisələri təhlil etdikdən sonra Məhəmməd Əmin bəy Azərbaycan hökumətinə bildirdi: “Siz Bakını tutmalısınız ki, hamı baş vermiş fakt qarşısında qalsın. Onda hadisələr tamamilə ayrı forma alacaq. Bolşeviklər hədələyə bilərlər ki, onlar vuruşacaqlar, mənə elə gəlir ki, onlar vuruşmayacaqlar”. Həmin böhranlı günlərdə Bakıda vəziyyət saatbasaat dəyişirdi. İyulun 31-də bolşeviklərhakimiyyətdən getmişdi. Avqust ayının 1-də yığma-yığıntı Sentrokaspi hökuməti yaranmışdı. Avqustun 4-də ingilislər Bakıya daxil olmuşdu. Həmin günlər Azərbaycan hökuməti də vaqon kabinetlərdə relslərin üstündə İslam ordusunun ardınca Bakıya doğru irəliləyirdi. Necə gözəl bir filmin mövzusudur!

Berlində üç aya qədər davam edən alman-rus danışıqları Brest-Litovski müqaviləsinə əlavə olaraq, Almaniya ilə Sovet Rusiyası arasında Türkiyədən gizlin 27 avqust sazişinin imzalanması ilə nəticələndi. Səkkiz fəsildən və 17 maddədən ibarət olan müqavilədə Ukrayna, Krım, Qara dəniz sahili, Şimali Qafqaz əraziləri, Almaniyanın bəzi sa-hələrdə imtiyazları, müsadirə edilmiş hərbi ehtiyatlara münasibət və s. məsələlər öz əksini tapmışdı.

Sazişin altıncı fəsli Qafqaza aid idi. On üçüncü maddəyə əsasən, Rusiya Gürcüstanın müstəqil dövlət kimi Alma-niya tərəfindən tanınmasına razılığını bildirirdi. On dördüncü maddə isə bilavasitə Azərbaycana aid idi. Burada göstərilirdi: Almaniya Qafqazda Gürcüstanın hüdudlarından kənarda hərbi əməliyyatlarda hər hansı üçüncü bir dövlətə heç bir yardım göstərməyəcəkdir. O, təsir göstərəcəkdir ki, Qafqazda üçüncü dövlətin hərbi qüvvələri Kür çayının mənsəbindən Petropavlovsk kəndinə qədər, Şamaxı qəzasının sərhədləri boyunca Əyrioba kəndinə qədər, Bakı, Şamaxı və Quba qəzaları sərhədləri boyunca Bakı qəzasının şimal sərhədlərindən dənizə qədər olan ərazilərə keçməsin.

Rusiya Bakı vilayətində neft çıxarılması və istehsalını bütün imkanları daxilində artıracaqdır, hər ay çıxarılan neftin dörddə bir hissəsini, yaxın vaxtlarda daha dəqiq razılaşdırılacaq müəyyən miqdardan az olmamaq şərti ilə Almaniyaya verəcəkdir. Sazişi Rusiya tərəfindən Berlindəki səfir Adolf İoffe, Almaniya tərəfindən isə Xarici İşlər Nazirliyinin gizli müşavirləri, xarici işlər idarəsinin katibi, istefada olan kontr-admiral Pavel fon Qinse və xarici işlər idarəsinin direktoru İohanes Kriqe imzaladılar.

Sazişin Qafqaza aid olan hissəsi ilk növbədə Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı yönəlmişdi. Öz müttəfiqlərindən gizli olaraq Sovet Rusiyası ilə razılığa gələn Almaniya, Avstriya-Macarıstanın mənafeyini nəzə-rə almamış, Osmanlı imperiyasına qarşı isə əslində xəyanət etmişdi. Sazişdə adı çəkilməyən həmin üçüncü dövlət Türkiyə idi ki, o alman-rus sazişində müəyyənləşdirilmiş demarkasiya xəttini Azərbaycan hərbi hissələri ilə bir-likdə artıq keçmişdi.

27 avqust sazişi gizli imzalansa da, lakin onun məzmunu gizli qalmadı, avqustun son günlərində türk mətbuatı bö-yük hiddətlə onun haqqında məlumat verdi. “İqdam” qəzeti sentyabrın ilk günlərində yazırdı: “Almaniya ilə Rusi-ya arasındakı müzakiratın nəticəsi ciddi bir həyəcan ortalığa çıxarıb… Bizim bu halda alman dostlarımızdan soru-lacaq bir sualımız var: İndiyə kimi hərbi ümuminin ən ağır yükünə cüssə və qüvvətinə nisbətlə Türkiyə yükləndi. Öylə olduğu halda, Türkiyə son hərblərdə yalnız öz nöqteyi-nəzərini təqib etsəydi, hər halda neft yağından çox bö-yük mənfəətlər və bugünkü Rusiya ilə sülh sazişi məcburiyyətindən çox daha böyük və həyati məcburiyyətlərlə müttəfiqinin mənfəətini fəda eləsəydi, əcaba məzur körüləcəkmiydi?”

Sentyabrın 1-də İstanbulda olan Azərbaycan nümayəndələrinin başçısı Məhəmməd Əmin Rəsulzadə bərk həyəcan-la Azərbaycan xarici işlər nazirinə bildirirdi: “Berlindən alınan məlumatlara görə, bolşeviklərlə Almaniya arasın-da əlavə müqavilə imzalanmışdır. Qafqaz dövlətlərindən bolşeviklər yalnız Gürcüstanın müstəqilliyini tanımışlar və almanlar isə Bakıda çıxarılan neftin bir hissəsini almaq müqabilində Rusiyanın Bakını və onun neft rayonlarını özündə saxlamaq arzularına etiraz etməmişlər. Bu xəbər hamımızı sarsıtdı, qəzetlər onu hiddətlə çap edir. Tələt paşa Berlinə getməyə hazırlaşır. Necə olursa-olsun Bakını almaq, almaq və almaq lazımdır”.

Əlaqə saxlamağın çətinliyini nəzərə alaraq, İstanbulda olan Azərbaycan nümayəndələri Azərbaycan hökumətindən göstəriş gözləməyərək, respublikaya qarşı yönəlmiş bu sazişə qarşı diplomatik mübarizəyə başladılar. Sentyabrın əvvəllərində Azərbaycan nümayəndələri Sədr-Əzəm Tələt paşa tərəfindən qəbul edilmişdi. Danışıqlar zamanı Tə-lət paşanın Berlinə səfəri ərəfəsində Bakı məsələsində Almaniyanın tutduğu mövqe, Bakının tezliklə azad edilmə-sinin zəruriliyi müzakirə edildi. Az sonra Berlinə gedən Tələt paşa Almaniyadan təcili şəkildə 27 avqust sazişinin ləğv edilməsini tələb etdi.
Lakin bu müqavilədən sonra ingilislərin Bakını tutması vəziyyəti dəyişmişdi. Avqust ayının axırlarında Berlin da-nışıqlarında Almaniya Bakıya türklərin hücumunun dayandırılmasına bu şərtlə razılıq verirdi ki, Sovet Rusiyası ingilisləri Bakıdan çıxarsın. Avqustun 23-də Vladimir Lenin Türkistanı bolşevikləşdirən Fyodor Kolesova vurdu-ğu teleqramda yazırdı: “Almanlar Bakıya hücum etməmək üçün təminat verməyə razıdırlar, bu şərtlə ki, biz ingi-lisləri oradan qovaq”. Ancaq bolşeviklər ingilisləri Bakıdan çıxara bilmədilər.

Sentyabr ayının 12-də İstanbulda olan Azərbaycan nümayəndələri adından Rəsulzadə Osmanlı paytaxtında olan Almaniya səfirliyinə Azərbaycan hökumətinin etiraz notasını təqdim etdilər. Notanın surəti Türkiyə Xarici İşlər Nazirliyinə, Avstriya-Macarıstan və Bolqarıstan səfirliklərinə, habelə bitərəf ölkələrin diplomatik nümayəndəlik-lərinə də verildi. Rəsulzadənin imzası ilə Almaniyanın İstanbuldakı səlahiyyətli nümayəndəsi qraf Valdburqa təq-dim edilən notada deyilirdi: “Almaniya ilə Sovet Rusiyası arasında sazişin Bakıya aid maddəsindən həddindən artıq təsirlənən və heyrətdə olan hökumətimizdən aldığım təlimata müvafiq surətdə aşağıdakıları Sizin nəzərinizə çatdırmağı özümə şərəf bilirəm:
Azərbaycan əhalisi rus hökuməti tərəfindən elan olunan və Brest-Litovskda onlar tərəfindən təkidlə bir daha təsdiq edilən “hər millətin öz müqəddəratını təyin etməsi hüququ” haqqındakı şüarına istinad edərək əsrlərdən bəri altın-da əzildiyi rus boyunduruğunu üzərindən ataraq elanı istiqlal etmişdisə də, bağlanan muahidələr Azərbaycanın tə-bii paytaxtı, elm və mədəniyyət mərkəzi, iqtisadi və siyasi mərkəzi olan Bakı şəhərinin yenidən rus hakimiyyəti altına alınmasına təminat vermişdir”.

Bakının Azərbaycanın bir hissəsi olduğu tarixi, coğrafi, etnoqrafik və iqtisa-di dəlillərlə əsaslandırıldıqdan sonra notada bildirilir: “Elm və fənlər, mədəniyyət nöqteyi-nəzərindən Bakı Azər-baycana bağlıdır. Siyasi, iqtisadi və ictimai təşkilatlar, tədris, xeyriyyə, zehni mərkəzlər, əhalinin ziyalı nümayən-dələrinin toplaşdıqları başlıca yer Bakıdır. Bütün bu məlum səbəblərə görə, məmləkətin istiqlalını fəth etmək fik-rindən heç bir zaman sərf-nəzər etməyən Azərbaycan əhalisi Bakını geri qaytarmaq arzusundan da heç bir zaman əl çəkə bilməz. Bu məsələ Azərbaycan üçün yalnız ərazi məsələsi deyil, o, indi xalq üçün ölüm-dirim məsələsinə çevrilmişdir”.

Sentyabr ayının əvvəllərində yaranmış vəziyyəti təhlil edərək Məhəmməd Əmin Rəsulzadə Bakıya yazırdı ki, son anlarda almanlarda yorğunluq hiss edilir, İstanbulda günbəgün ingilis meyli güclənir. Ona görə ingilislərin Bakıda olması vəziyyəti xeyli çətinləşdirirdi. O, Xarici İşlər Naziri Məhəmməd Həsən Hacınskiyə yazırdı: “Bakı məsələ-si, ancaq gücdən asılıdır. Əgər Bakı alınmasa hər şey bitdi. Əlvida, Azərbaycan. Hətta alındıqdan sonra belə biz çoxlu diplomatik çətinliklərlə qarşılaşmalı olacağıq. Bu vəzifəni yerinə yetirmək üçün biz qabaqcadan ordunu ha-zırlamalıyıq. Bu məsələ ilə bağlı Türkiyədə ictimai rəy və siyasi dairələr son həddə qədər narahatdır”.

Sentyabr ayının əvvəllərində beynəlxalq vəziyyətin Antantanın xeyrinə dəyişməsi Almaniyanın 27 avqust sazişinə marağını zəiflətdi. Rəsulzadə İstanbuldan yazırdı ki, Almaniyanın qələbə çalacağı haqqında fikirləşmək dövrü keçmişdir. Avstriyanın daxilində ciddi çətinliklər meydana çıxır. Türkiyənin daxilində də vəziyyət ciddiləşir. Bol-qarıstana gəldikdə isə demək olar ki, o məğlub olmuşdur. Almaniyanın Sovet Rusiyasına olan ümidləri özünü doğ-rultmadı. Məlum oldu ki, Sovet Rusiyası ingilisləri Bakıdan çıxarmaq imkanına malik deyildir. Halbuki 27 avqust sazişindən az sonra Almaniya bu fikirdə idi ki, bolşeviklər Bakını ingilislərdən təmizləyə biləcəklər.

Türkiyə və Azərbaycanın təkidi Almaniyanın 27 avqust sazişindən imtina etməsində mühüm rol oynadı. İndi Almaniya Baş qərargahı Bakının azad olunmasına öz “töhfəsini” vermək barədə düşünməyə başladı. General Hindenburq Bakının ingilislərdən azad edilməsində iştirak etmək üçün iki alman briqadasının Cənubi Qafqaza göndə-rilməsi barədə Osmanlı dövlətinə məlumat verdi.

Sentyabrın 14-dən 15-nə keçən gecə Bakının qurtuluşu əməliyyatı başlandı. İngilislər gecə ikən şəhərdən qaçdılar. Hələ son hücumdan öncə General Denstervill Sentrokaspiçiləri xəbərdar etmişdi ki, Bakını türklərin hücumundan heç fələk də xilas edə bilməz. Belə də oldu. Sentyabrın 15-də Qurban Bayramı günü şəhər yadellilərdən azad edildi. Və elə həmin gün Ənvər paşa Rəsulzadəyə müjdə verdi ki, Emin bəy gözlərin aydın Bakı azad edildi!

Taleyin və tarixin qəribə ironiyasıdır: Xankəndinə gedə bilməyənlər, Xocalıya ayaqlarını basa bilməyənlər Bakını azad edən Rəsulzadəyə dil uzadırlar, onu qorxaqlıqda günahlandırırlar.

P.S. Sonuncu xəritədə Xacmazdan başlayaraq Şamaxıdan keçməklə Kürün aşağı axarına (Neftçala) doğru əyilən xətti görürsünüz. Alman-rus razılaşmasına görə Türk qoşunları Bakıya doğru həmin xətti keçə bilməzdi.
Cemil Hasanlı

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir