KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Camal Qaşıqçı müəmması…

Camal Qaşıqçı müəmması…

Hasan Oktay Hasan Oktay - - 6 dk okuma süresi
310 0

Türkiyə gündəminin əsas mövzusu İstanbulda yoxa çıxmış Səudiyyə Ərəbistanı vətəndaşı jurnalist Camal Qaşıqçıdır. Məlum olduğu kimi, 60 yaşı tamam olan səudiyyəli müxalif jurnalist bir neçə gün Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna daxil olub və bir daha oradan çıxmayıb. Qaşıqçının oktyabrın 2-də konsulluğa daxil olduğunu göstərən kadrlar yayılıb. İddialara görə, Qaşıqçı oktyabrın 2-də gündüz saatlarında hansısa bir sənədi imzalamaq üçün İstanbuldakı Səudiyyə Konsulluğunun binasına daxil olub. Lakin daha sonra binadan çıxmayıb və bayırda onu gözləyən nişanlısı Hadice Cengiz Qaşıqçının konsulluğa daxil olmamışdan əvvəl verdiyi telefon nömrələrinə zəng edərək, onun çıxmadığını xəbər verib.

Artıq bir həftədir Qaşıqçı barədə məlumat yoxdur. Məsələyə ABŞ Prezidenti Tramp da münasibət bildirib. ABŞ prezidenti jurnalistin itkin düşməsi xəbərlərindən narahat olduqlarını, Dövlət Departamentinə məsələni araşdırması üçün ər-Riyadla danışıqlar aparılması barədə təlimat verdiyini deyib. ABŞ dövlət katibi Mayk Pompeo Səudiyyə Ərəbistanı hökumətini jurnalistin itkin düşməsi ilə bağlı istintaqa dəstək verməyə çağırıb. Hazırda əsas sual Qaşıqçının harada olmasıdır. Türk əsilli Camal Qaşıqçı Səudiyyə Ərəbistanının Mədinə şəhərində dünyaya gəlib. ABŞ-da ali təhsil alıb və bundan sonra ölkəsinə qayıdıb. 90-cı illərdə bir sıra parlaq layihələrə imza atıb, “Əl-Qaidə” lideri Usəma bin Ladendən müsahibə alıb. Daha sonra “Al-Vatan” qəzetinə rəhbərlik edib, 4 il ingilisdilli “Arab News” nəşrinə rəhbərlik edib. Ancaq 2000-ci illərin əvvəllərində “Al-Vatan” qəzetində hakimiyyəti tənqid edən yazıları səbəbindən vəzifəsini itirməli olub, daha sonra isə ölkəni tərk edib. Mətbuatın yazdığına görə, Qaşıqçı 1990-cı illərdə Səudiyyə Ərəbistan mediasının Əfqanıstan, Sudan, Əlcəzair və Küveytdə müxbiri olmaqla yanaşı, kəşfiyyatçılıq funksiyalarını yerinə yetirirmiş. Onun əsas problemli illəri isə “Ərəb baharı” zamanı yaşanıb. 2011-ci ildə Səudiyyə Ərəbistanında olan Qaşıqçı “Mütləq monarxiyaların sonu gəldi, tək çarə demokratiyadır” başlıqlı yazılar yazmağa başlayıb. Qərb mediasına verdiyi açıqlamalarda açıq-aşkar demokratik islahatlar, seçki kimi tələblər irəli sürüb. Bu səbəbdən də hakimiyyətlə arası pozulan Qaşıqçının yerli mətbuata yolu bağlanıb. Hətta bir ara xarici mediaya müsahibə verməsi də yasaqlanıb. Hökumət orqanında çalışan həyat yoldaşı isə Qaşıqçıdan ayrılıb. Hələlik Qaşıqçının yeri və taleyi məlum deyil. Həmkarları hər gün İstanbuldakı Səudiyyə Konsulluğu qarşısında jurnalistə azadlıq tələbi ilə aksiya keçirirlər. Bir ildən çoxdur Səudiyyə Ərəbistanını tərk edən Qaşıqçı son zamanlarda “Vaşinqton Post” qəzetində yazılar yazıb. Son aylarda isə Türkiyədə olub. Hətta AKP sədrinin müavini ilə şəxsi münasibətlər qurub və Ərdoğanla görüşüb. Ehtimal olunur ki, Qaşıqçı konsulluğa məhz keçmiş həyat yoldaşı ilə ayrılması və yenidən evlənməsi ilə bağlı bəzi sənədləri imzalamaq üçün daxil olub.
Bir həftədir gündəmi zəbt edən məsələ ilə bağlı Türkiyədən “Şərq”ə danışan Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, professor Hasan Oktay deyib ki, Camal Qaşıqçının işgəncə ilə öldürüldüyü xəbəri müəyyən səbəblərə görə gündəmə gətirilib: “Sanki, Türkiyədə bu hadisəyə adı qarışmış bəzi önəmli şəxsləri aradan çıxartmağa çalışırlar. Məsələ ondadır ki, Camal Qaşıqçı konsulluğa girmədən öncə bir şəxsin adını söyləyib. İndi həmin şəxs üzərində gərgin müzakirələr gedir. Əgər iddia edildiyi kimi Camal Qaşıqçı konsulluqda öldürülübsə, bunu ortaya çıxarmaq çox asandır. Yox əgər həmin gün öldürülməyibsə, təyyarə ilə qaçırılıbsa, bu məsələnin üzərində xeyli düşünmək lazımdır. Məlumdur ki, yaxın günlərdə ABŞ ilə Səudiyyə Ərəbistan arasında böyük silah satışı həyata keçiriləcək. Çox güman ki, Amerika ərəblərə jurnalist üzərindən təzyiq göstərərək böyük layihələr əldə etməyə çalışacaq. Səudiyyə Ərəbistanı dövlətinin rəsmiləri öz üzərlərindəki şübhəni dağıtmaq üçün ciddi səy göstərsələr də, buna nail ola bilməyiblər. Amerikalı vətəndaşın Səudiyyə Ərəbistana aid konsulluqda itməsinin Türkiyə ilə heç bir əlaqəsinin olmamasına baxmayaraq, adı hadisəyə qarışan şəxsin hökumətdə təmsil olunması diqqətləri Ankaranın üstünə çəkib. Olay sadəcə ABŞ və Səudiyyə Ərəbistanını əlaqədar etsə də, əlavə olaraq Türkiyənin də bu işdə suçlanması çox düşündürücüdür”.

İsmayıl

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir