KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Cəmil Hasanlı: Pəhləvi və Bərzani Münhendə: İran üçün yazılan yeni ssenari

Cəmil Hasanlı: Pəhləvi və Bərzani Münhendə: İran üçün yazılan yeni ssenari

Kafkassam Editör Kafkassam Editör - - 14 dk okuma süresi
186 0

53-cü Münhen Təhlükəsizlik Konfransında İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvinin oğlu Rza Pəhləvinin və İraq Kürdüstanının lideri Neçirvan Bərzaninin dəvət olunması tədbirdə İran məsələsinin prioritet vəzifə kimi qoyulduğu qənaətini yaradıb.
Bu tədbir İran-Azərbaycan münasibətlərinin gərgin olduğu bir vaxtda demokratik dünyanın artıq teokratik rejimlə bağlı daha təsirli addımlar atmaq niyyətində olması barədə ehtimalları artırıb. Prosesin Azərbaycana hansı təsirlərinin olacağı, ümumiyyətlə, Rza Pəhləvinin və Neçirvan Bərzaninin konfransda iştirakının real səbəbləri barədə tarxiçi alim, professor Cəmil Həsənli ilə söhbətləşdik.
– Münhen Təhlükəsizlik Konfransında diqqətçəkən məqamlardan biri də İranın sonuncu şahı Məhəmməd Rza şahın oğlu Rza Pəhləvinin tədbirə dəvət olunması idi. Bu məsələ müxtəlif mülahizələrə səbəb olub. Bəzi ehtimallara görə, Rza Pəhləvinin konfransa dəvət olunması Qərbin onu İranın yeni lideri kimi qəbul etməsi ilə bağlı ola bilər. Bu barədə Sizin fikrinizi bilmək maraqlı olardı…
– Məhəmməd Rza şah avtoritar, müstəbid, totalitar bir idarəçi idi. 1951-1953-cü illər Müsəddiq hökuməti devrildikdən sonra İranda onun mütləq hakimiyyəti yarandı. 1953-cü il dövlət çevrilişinə qədər Məhəmməd Rza şah Məclislə hesablaşır, nüfuzlu dövlət xadimlərini eşidir, ziyalılarla məsləhətləşirdi. Lakin 1953-cü ilin avqust qiyamından sonra leksikon dəyişdi. “Mən hər şeyi hamıdan yaxşı bilirəm”, “hamı mənim göstərişlərimi yerinə yetirməlidir” və sair ifadələr səslənməyə başladı. Bütün partiyalar qanundankənar elan edildi, yalnız bir hakimiyyət partiyası saxlanıldı. Narazılıq edənlərə ilk dövrlərdə xarici pasportlar verildi ki, kim bəyənmirsə, ölkəni tərk edə bilər. Az sonra xaricə getməyənlərin də pasportları alınıb zindana göndərildi. 1953-cü ilə qədər dövlət tədbirlərində şah öz elitası ilə birlikdə iştirak edirdi. Avtoritarizm bərqərar olandan sonra elitası ilə özü arasında məsafə yaratdı, ziyarətləri tək və ya birinci xanımla etməli oldu. Qapalı yerlərdəki dövlət tədbirlərində onlar üçün qarşıda ayrıca stollar qoyuldu. Amma bütün bunlarla yanaşı, Məhəmməd Rza şah Qərbin, xüsusilə ABŞ-ın yaxın müttəfiqi idi. İslam inqilabına qədər şahin devrilməsi Qərb müttəfiqlərinə inanılmaz görünürdü. Amma inqilab sel kimidir. Qabağına çıxan hər şeyi süpürüb atır. Şah ailəsi İranı tərk edəndə vəliəhd Rza Pəhləvinin 19 yaşı vardı. İndi isə 62 yaşı var. Yəni, həyatının 41 ilini o, İrandan kənarda yaşayıb. Pəhləvilərin İranda sosial bazası elə də geniş deyil. Amma onu Münhenə gətirməklə Qərb İrana təzyiq edir.

– Rza Pəhləvi İranda keçid hökumətinin rəhbəri kimi nəzərdən keçirilə bilərmi? Yoxsa İranda teokratik rejimin monarxiya ilə əvəzlənməsinə üstünlük verilir?
– O, lider olacaqmı? Bunu demək çətindir. Bilirsiniz, İranda rejim və ya sistem dəyişikliyində irəli baxmaq lazımdır. Pəhləvi sülaləsi İranın keçmişidir, gələcəyi deyil. Yenidən monarxiyaya qayıtmaq İrana yaxşı bir şey vəd etmir. Əslində bu heç mümkün də deyil. Bu eksprement nəinki Əfqanıstanda özünü doğrultmadı, hətta böyük faicələrə gətirib çıxardı. Şah rejimini ölkədən İran xalqı qovub və həmin xalq bu gün islam rejimindən də narazıdır. Lakin bu narazılıq təzədən monarxiyaya qayıtmaq üçün deyil, demokratik bir idarəçilik qurmaq üçündür. İrandakı son hadisələr bunu açıq şəkildə göstərdi.
– İranda hakimiyyət-rejim dəyişikliyi bu ölkədə yaşayan soydaşlarımız üçün hansı perspektivlər vəd edir?
– Azərbaycan məsələsi İranın həssas yeridir. XX əsrdə İranda inqilabların beşiyi Təbriz olub. 1908-1911-ci illərin Məşrutə hərəkatı, 1920-ci ilin Xiyabani hərəkatı, 1945-1946-cı illərin 21 Azər hərəkatı bunun təsdiqidir. 1978-1979-cu illərin İslam inqilabında da Təbriz mühüm rol oynayıb. Bilirsiniz ki, İslam inqilabının mərkəzi simalarından biri Ayətullah Seyid Məhəmməd Kazım Şəriətmədari idi. O, Təbrizdə doğulmuşdu və inqilabdan sonra da Təbrizdə yaşayırdı. Şəriətmədari İslam inqilabınnın milli haqları təmin edəcəyinə ümid bəsləyirdi. Amma bu, baş vermədi. Milli haqlara münasibət baxımından şah rejimi ilə İslam rejimi arasında bir fərq olmadı.

– İran çoxmillətli ölkədir və orada daha çox azərbaycanlılar və farslar dövlətqurucu etnos hesab edilir. Sizcə, İranın federallaşması mümkündürmü?
– İslam inqilabı baş verərkən ölkənin federallaşması da ehtimal edilirdi. Bunu 1979-1981-ci illərdə Azərbaycan Demokrat Firqəsinin rəhbər heyəti ilə görüşündə Heydər Əliyev də demişdi. Həmin vaxtlar Heydər Əliyev ziyalılarla görüşlərdə bir neçə dəfə Cənubi Azərbaycan məsələsini qaldırmışdı və Azərbaycan dilində danışmışdı. Bu təlimatlar gizli şəkildə Sov.İKP MK-nın Beynəlxalq Şöbəsindən gəlmişdi və azərbaycanlıların bu federallaşmaya hazır olmalarını tövsiyə etmişdi. Amma Tudə Partiyasının səhv siyasəti və Baş katib Nurəddin Kiyanurinin Ayətulla Xomeyni ilə anti-amerikanizm zəminində əməkdaşlıq siyasəti milli məsələyə də böyük ziyan vurdu. İrəc İsgəndərinin yerinə Nurəddin Kiyanurinin Baş katib seçilməsində Heydər Əliyevin rolu olmuşdu. Azərbaycan Demokrat Firqəsinin rəhbərliyi Kiyanurinin əleyhinə olsa da, Əliyev onları yola gətirə bilmişdi. Sovet rəhbərliyi də Tudə Partiyasının səhv siyasətinin cazibəsinə düşdü və nəticə etibarı ilə İranı itirdi. Hələlik söhbət İranda rejimin dəyişilməsindən gedir. Son hadisələr göstərdi ki, İranda fars da, türk də, kürd də, ərəb də, bəluc da, türkmən və digər xalqlar da bütövlükdə İslam rejimindən narazıdırlar, onun getməsini istəyirlər. Bu, müsbət tendensiyadır. Milli-etnik kimliyindən asılı olmayaraq hamı dedmokratik bir cəmiyyət arzusunda birləşib. Yəqin proseslər birinci mərhəldə bu istiqamətdə gedəcək. Sonrakı mərhələdə federallaşma istisna edilmir.
– İraq Kürdüstanının lideri Neçirvan Bərzani də Münhen Təhlükəsizlik Konfransının iştirakçıları arasında idi. İranda kürd əsilli 22 yaşlı Məhsa Əmininin ölümündən sonra kürdlərin fəallaşması İranın Kürdüstan vilayətinin İraq Kürdüstanı ilə birləşdirilməsi nəticəsində bölgədə kürd dövlətinin yaradılması ehtimalı nə qədər realdır?
– İraqda kürd dövləti yaratmağa cəhdlər bir neçə dəfə olub. İranda isə 1945-ci ildə Azərbaycan Milli Hökuməti ilə yanaşı, sovetlərin nəzarətində olan Kürd Respublikası da (1946) yaradılmışdı. Buna bəzən Mahabad Respublikası da deyirdilər. Bu hökumətlər məğlubiyyətə uğradıqdan sonra qırılan qırıldı, sağ qalanlar isə Sovet İttifaqına mühacirət etdi. Eyni zamanda İraqdan Molla Mustafa Bərzani başda olmaqla 500 nəfərlik kürd süvariləri də Naxçıvana gəldi. Molla Mustafa Bərzanı bir neçə həftə Naxçıvanda qalandan sonra Moskvaya məktub yazdı ki, Naxçıvanda kürd muxtariyyatı yaratmaq və SSRİ-də yaşayan bütün kürdləri ora toplamaq lazımdır. Onları TASS-ın müxbiri saxta adı ilə SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyinin xarici əks-kəşfiyyat idarəsinin rəisi Pavel Sudaplatov müşayiət edirdi. Nazir Viktor Abakumov ona tapşırıq vermişdi ki, yerli əhali ilə kürd süvariləri arasında əlaqəyə imkan verməsin, Abakumov xəbərdarlıq edirdi ki, “xozeyn” (Stalin) deyir ki, Mir Cəfər Bağırov kürd dəstələrindən İranda öz məqsədləri üçün istifadə etmək istəyir, onlar bizə daha böyük işlər üçün lazım olacaq. Ona görə Bağırov Bərzaninin dəstəsini Azərbaycandan tez çıxardı. Onlar Özbəkistana göndərildi və nəhayət nəzərdə tutulan “böyük işlər” 1958-ci ildə yetişdi. Həmin vaxt Sovet Dövlət Təhlükəsizlik Komitəsinin sədri Aleksandr Şelepinin planı üzrə İraq dövləti ləğv edilməli, onun cənubu Birləşmiş Ərəb Respublikasına birləşdirilməli, şimalında isə müstəqil kürd dövləti yaradılmalı idi. Amerikanlar xəbər tutub bu planı pozdular. Bərzaninin dəstəsi də bu məqsədlə 1958-ci ildə İraqa göndərilmişdi. Kürdlər çoxdan öz dövlətlərinin yaratmaq üçün çalışırlar. İraqda muxtar kürd dövləti yaratmaq bu istiqamətdə onlar üçün bir başlanğıcdır. Amma müstəqil kürd dövləti yaratmaq yaxın zamanların işi deyil.

– İndiki həssas durumda İrandakı soydaşlarımız hansı addımları atmalıdır? Rəsmi Bakının bu məsələdə mövqeyi necə olmalıdır?
– Hazır bir resept yoxdur. Hansı addımları atmağa onlar özləri qərar verməlidir. Ölkənin içərisində yaşayan soydaşlarımız nə istəsələr, biz də onu müdafiə etməliyik. Bakıda, Vaşinqtonda və ya Londonda onların əvəzinə qərar vermək olmaz. Rəsmi Bakının mövqeyi barədə də bir söz demək çətindir. Çünki bizim bu məsələdə stabil bir mövqeyimiz yoxdur. 15 il bundan öncə təklif verdik ki, Azərbaycanın dövlət və özəl universitetləri hər il 3-5 nəfər güneyli gənci ödənişsiz ali məktəbə qəbul etsinlər. Əksinə, güneyliləri tutub verdik İran rejiminə. 2002-ci ildə mən Çöhrəqanlını Bakıya dəvət etdim. Sonra 2006 və 2013-cü illərdə Bakıya gələndə, səfərlərin birində onu ölkəyə buraxmadılar, birində isə iki gündən sonra deport olundu. Biz burada güneylilərin dil haqqından danışırıq, BMT-də Azərbaycan nümayəndələri İrana qarşı olan qətnamənin əleyhinə səs verir.
– Tehranda Azərbaycan səfirliyində baş verən terror aktından sonra səfirliyimizin bağlanması qərarnı necə qarşıladınız?
– Tehranda Azərbaycan səfirliyində baş verən terror aktı ilə bağlı ağır durum yarandı. Şübhəsiz ki, baş verənlər çox ağır idi. Amma bu səfirliyin bağlanması haqqında qərar axıra qədər düşünülmüş qərar deyildi. Azərbaycanın xaricdəki nümayəndəliyi belə terrora məruz qalan nə birinci, nə də sonuncu nümayəndəlikdir. Bir neçə ilə əvvəl Türkiyədə Rusiya səfiri güllələndi, nə qədər türk diplomatlarına terror edilib. Hansından sonra səfirlik və konsulluq bağlanıb? Bu, tələsik, axıra qədər hesablanmamış addım idi.
– Ümumiyyətlə, Ukrayna-Rusiya müharibəsi fonunda dünyada başlanan qlobal qarşıdurmanın getdikcə dərinləşdiyi bir zamanda Güney Azərbaycan məsələsinin gündəmə gətirilməsi lazımdırmı?
– Əslində Güney Azərbaycan məsələsi açıq və ya qapalı şəkildə həmişə gündəmdə olub. Bunun Ukraynadakı müharibə ilə elə ciddi bir əlaqəsi yoxdur. Qloballaşma prosesində Ukraynadakı müharibənin bizim müstəqil Azərbaycana təsiri daha çox ola bilər, nəinki Güney Azərbaycana. Güney məsələsinin cazibə mərkəzi müstəqil Azərbaycanın azad, demokratik, rifahlı, insan haqlarına hörmətlə yanaşan bir dövlətə çevrilməsindədir. Hələ XX əsrin 20-ci illərində paniransit tarixçi Seyid Əhməd Kəsrəvi yazırdı ki, bütün müsəlman dünyasının qibləsi Məkkədə olduğu halda 1918-ci ildə Azərbaycan öz müstəqilliyinə qovuşduqdan sonra Tehran ehtiyat edirdi ki, Təbriz öz qibləsini Bakıda tapsın. Lakin təəssüf ki, müstəqillik illərində biz Təbrizin qibləsinə çevrilə bilmədik.

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir