KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Cəmil Həsənli: “Onun nəfəsi də yalanla gedib-gəlir; Oturub şüşə evdə, ona-buna daş atmaqla məşğuldur…”

Cəmil Həsənli: “Onun nəfəsi də yalanla gedib-gəlir; Oturub şüşə evdə, ona-buna daş atmaqla məşğuldur…”

Kafkassam Editör Kafkassam Editör - - 19 dk okuma süresi
383 0

Ölkə başçısı İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə Milli Şuranın ünvanına ittihamlar səsləndirib. Həmin çıxışda bəzi suallar var, İlham Əliyev səsləndirdiyi sualların “cavabını” özü bilsə də, ictimaiyyət üçün açıqlamayıb. O səbəbdən həmin suallara Milli Şuranın sədri, professor Cəmil Həsənlinin cavabını bilmək istədik və İlham Əliyevin çıxışında qoyulan aşağıdakı sualları ölkə xaricində olan Milli Şura sədrinə ünvanladıq:
1.Düşmənin dəyirmanına suyu necə tökürsüz?
2.Sizi kim maliyyələşdirir?
3.Kim sizə istiqamət verir?
4.Milli Şura son savaş vaxtı ordumuza qarşı hansı “çirkin kampaniya” aparıb?
5.Ordumuzu ləkələmək istiqamətində hansı “növbəti təxribat xarakterli addımlar atıb?”
“Onun dəyirmanı su ilə yox, yalanla işləyib”

Düşmənin dəyirmanına suyu necə tökürsüz?
Bu dəyirman məsələsi çox mürəkəb məsələdir. İlham Əliyev Azərbaycanda çox az adamlardandır ki, ümumiyyətlə, həyatı böyu dəyirman görməyib və istər su dəyirmanı olsun, istər yel dəyirmanı, istərsə də elektrik dəyirmanı ifadəsi ona yaddır. Bir az dərinə getsək, heç suyun haradan gəldiyi, nə üçün töküldüyü, hansı texniki vəzifələri yerinə yetirdiyi də ona bəlli deyil. Dəyirmana vedrə və ya səhənglə su tökməklə işlətmək olmaz, su dəyirmanı gərək arx altında, çay axarında tikilsin. Fəqət bu dəyirman sözü ilə İlham Əliyev arasında yeganə bağlantı var ki, o da adamın yalanı dəyirman kimi üyütməsidir. Özü də su dəyirmanı kimi yox, müasir elektrik dəyirmanı kimi. Belə “müasirliyin” səbəbini də onun formalaşdığı mühitdə axtarmaq lazımdır. İlham Əliyev “KQB” sədrinin ailəsində doğulub, Kommunist Partiyasının birinci katibinin ailəsində böyüyüb, Siyasi Büro üzvünün ailəsində həyata vəsiqə alıb. Yəni onun üçün elə bir hədd yoxdur ki, yalanı hara qədər danışmaq və yalan danışanda utanmaq olar. Nəfəsi də yalanla gedib-gəlir. O, yalanın içində böyüyüb, onun dəyirmanı su ilə yox, yalanla işləyib və bu gün ölkənin susuz dəyirmana dönməsi də onun yalan üzərində qurulan düşüncələri, xəyalları, tərbiyəsi və əxlaqının nəticəsidir.
“Maliyyə məsələsi İlham Əliyevin yaralı yeridir”
Sizi kim maliyyələşdirir?
Bu maliyyə məsələsi İlham Əliyevin yaralı yeridir. Çünki onun bütün həyatı bu maliyyə anlayışı üzərində qurulub. Məcazi mənada desək o, “kalkulyatorlu prezidentdir”. Hər şeyin hesabın aparır: rüşvətin də, korrupsiyanın da, “otkatın” da, “şapka”nın da və hətta qəpik-quruşun da. Korrupsiya onun həyat tərzidir, mövcudluq formasıdır. Qərb ölkələrində rüşvətlə siyasətçiləri ələ almağa o qədər aludə oldu ki, Sərkisyana 5 milyard dollar rüşvət təklif edib Azərbaycanın dədə-baba torpaqlarını da rüşvətlə geri almaq istəyirmiş. Bax o, bu düşüncənin, bu əxlaqın sahibidir. Dünyada hansı korrupsiya qalmaqalı araşdırılır, oradan Azərbaycanın, hakim ailənin adı çıxır. Bütün bu natəmiz əməllərə görə adam utanmır. Bizim ölkənin pulu da hakim ailənin “pul kəsməsi” ilə kəsilir. Ona görə pul məsələsinə, maliyyə məsələsinə İlham Əliyevin həssaslığını düzgün anlamaq lazımdır. O artıq ikinci, ya üçüncü dəfədir məni kimin maliyyələşdirdiyni narahatçılıqla soruşur. Adam anlamır ki, normal bir alim, əsərləri dünyanın nüfuzlu universitetlərində və nəşriyyatlarında çap olunan elm adamı, kitabları Amerikanın qabaqcıl universitetlərində dərs vəsaiti kimi tövsiyə edilən bir müəllim hər halda ac qalmaz. Bunlar Bakı Dövlət Universitetindən məni təcrid edəndə, aspirant və dissertantlarıma göz yaşı içərisində mənim elmi rəhbərliyimdən imtina ərizəsi yazdıranda, müdafiə ərəfəsində olan dissertantımın avtoreferatda elmi rəhbərin dəyişməsini müdafiənin şərti kimi irəli sürəndə elə bilirdilər ki, bizi hər şeydən təcrid edəcəklər. Bunlar poçtumu nəzarətdə saxladıqları üçün mənə konfrans və iş dəvəti göndərən xarici universitet və akademiyalara utanıb-qızarmadan yazırdılar ki, Cəmil Həsənli daha elmlə məşğul olmur. İlham Əliyevi narahat edən suala gəldikdə isə, onu çox intizarda saxlamayaq. Ötən il mən dünyanın 10 böyük fikir və düşüncə mərkəzləri sırasında yer alan ABŞ-ın Vudro Vilson Mərkəzində çalışmışam və bu mərkəz açıq bir təşkilatdır, cənab Əliyev nədənsə narahatdırsa, ora müraciət edib mənim maliyyə təminatım barədə məlumat ala bilər. Həmin mərkəzdə apardığım elmi işin nəticələri də ötən ilin sonunda müasir dünyanın 3 böyük universitetindən biri olan Harvard Universitetinin kitab seriyasında nəşr edildi (Soviet Policy in Xinjiang: Stalin and the National Movement in Eastern Turkistan. The Harvard Cold War Studies Book Series. Lexington Books: New York, London, Lanham, Boulder, 2020). Hərdən mənə gülməli gəlir: mən Vaşinqtonda Şərqi Türküstanla bağlı elmi araşdırma aparıram, həmin araşdırmanın Harvard seriyası kimi nüfuzlu bir elm mərkəzində nəşrinin zövqünü yaşayıram, amma bu bədbəxtlər gecə-gündüz baş sındırırlar ki, məni kim maliyyələşdirir? Yazığım gəlir bunlara vallah, pula sitayişdən başqa ayrı bir şeyə təqlidləri yoxdur. Yeri gəlmişkən, Azərbaycan hakimiyyəti vaxti ilə Vilson Mərkəzini də özünün korrupsiya şəbəkəsinə cəlb etməyə cəhdlər göstərmişdi. Amma baş tutmamışdı.
“Onun bildikləri, dedikləri, danışdıqları hamısı ağ yalandır”
Kim Sizə istiqamət verir?
Cənab Əliyev məni nəzərdə tutaraq deyir ki, “biri Amerikada oturub, oradan mühazirələr oxuyur və düşmənin dəyirmanına su tökür.Onu kim maliyyələşdirir? Kim ona istiqamət verir? Biz bilirik”. Əgər bilirlərsə, qoysunlar ortalığa. Xalqı intizarda saxlamasınlar. Amma bilmirlər, yalan, şər və böhtan danışırlar. Mən 5 aydan çoxdur Amerikanı tərk etmişəm və Avropanın ən nüfuzlu universitetlərindən birində işə başlamışam, adam hələ də keçmiş Politbüro uşağı kimi yapışıb Amerika “imperializminin” yaxasından. Bax onun bildikləri, dedikləri, danışdıqları hamısı belə ağ yalandır. O, gərək çoxdan Amerika “imperializminin” yaxasından əl çəkib Avropa “komprador” burjuaziyasının yaxasından yapışırdı. Yubanır cənab Əliyev. Bilirsiniz, bizə kiminsə “istiqamət” verməsi barədə belə gülünc iddiaları onun primitiv düşüncə və natamam ağıl sahibi olması ilə bağlııdır. Bir dəfə Sovet dövründə “Kommunist” qəzetində Heydər Əliyev haqqında bir yazı çıxmışdı. Orada göstərilirdi, Mərkəzi Komitədən BDU-ya zəng edib tapşırırlar ki, Heydər Əliyev İngiltərəyə səfərə gedəcək və Britaniya fəhlə sinfi haqqında bir arayış hazırlamaq lazımdır. Həmin arayışı hazırlayırlar və aşağısında da onu hazırlayan professorun ad-familiyası qeyd edilir. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun tələbəsi İlham Əliyev də həmin arayışın üzünü köçürüb kurs işi kimi təqdim edir. Amma arayışı tərtib edən professorun adını da olduğu kimi – yəni tərdibçi kimi kurs işinin sonunda yazır. Bax vaxtı ilə belə bir körafəhim tələbə olmuş birisi, indi bizə əxlaq dərsi vermək istəyir, kimlərdənsə göstəriş almaqda ittiham edir, ölkənin ən qabaqcıl iqtisadçılarına kinayə ilə kitab oxumağı tövsiyə edir. Kimlərdənsə istiqamət almağa gəldikdə isə Vaşinqtonda olduğum müddətdə, həm ABŞ paytaxtından, həm müxtəlif ştatlardakı tanınmış universitetlərdən nəinki master və doktrantlar elmi istiqamət almaq üçün, hətta elmdə böyük nüfuz sahibi olan professorlar belə maraqlı müzakirələr üçün bizimlə görüşə gəliblər. Onların içərisində amerikalılardan başqa ruslar, çinlilər, bəzi Avropa ölkələrinin təmsilçiləri var idi. Həm də Vaşinqtonda olduğum müddətdə Bostonda, Harvard universitetində maraqlı seminar aparmışam.
“Bu adam şüşə evdə oturub ona-buna daş atmaqla məşğuldur”
Son savaşda Milli Şura ordumuza qarşı hansı “çirkin kampaniya” aparıb?
İlham Əliyev özü həm siyasi, həm iqtisadi, həm sosial, həm milli və mənəvi baxımdan xirtdəyinə qədər çirkabın içindədir. O, 27 il bundan əvvəl Azərbaycandan çıxarılmış rus qoşunlarını xüsusi dəvətlə ölkəyə qaytarmaqla bir daha kimliyini ortaya qoyub. Onun bu dəvətinə ilk ediraz edən və ardıcıl olaraq ondan izahat tələb edən Milli Şura olub. O elə bilirdi ki, torpaqların bir hissəsi işğaldan azad ediləndən sonra nə istəsə edə bilər və heç kəs də onu sorğulaya bilməz. Hərbi əməliyyatlar başlanana qədər korrupsiya və rüşvətxorluğun başında dayandığına, öz həyat yoldaşını birinci vitse-prezident təyin etdiyinə, müdafiə xərclərinin mənimsənilməsinə, Qarabağın uzun müddət işğal altında qalmasına, əhalinin güzəranının ağır olmasına, Covid təhdidnə qarşı effektli anti-böhran tədbirləri görməməsinə, neft erasında 200 milyarda yaxın vəsait daxil olmuş ölkə vətəndaşlarının tibbi sığortası olmamağına, ailələrin uşaq pulundan məhrum edilməsinə, böyük vəsaitlər xərclənmiş mənasız idman oyunlarına və digər neqativ addımlara görə Milli Şura ardıcıl olaraq onu tənqid edib. Amma hərbi əməliyyatlar başlayan kimi biz təşkilat olaraq açıqlama verdik ki, ordunun və xalqın yanındayıq. Bütün vasitələrlə – siyasi, sosial, maddi, milli-mənəvi baxımdan bunu ifadə etməyə çalışdıq. Həmin günlərdə ancaq “Turan” agentliyində xalqımızın tarixi, milli, mənəvi, siyasi və hərbi haqlılığını əsaslandıran onlarla yazım Azərbaycan, rus və ingilis dillərində çıxıb. Xarici təzyiqlərə qarşı mövqe qoymuşuq ortaya. Milli Şuranın rəhbər heyətinə daxil olan hər kəs öz internet tv çıxışlarında, sosial şəbəkədəki yazılarında bu mövqeyi sərgiləyib. İlham Əliyev yanlış olaraq Milli Şuranın orduya və müharibəyə münasibəti ilə onun rus qoşunlarına sərt reaksiyasını bir-biri ilə qarışdırır. Bu adam şüşə evdə oturub ona-buna daş atmaqla məşğuldur. Adamdan soruşarlar: sən 11 yaşlı oğlun üçün Dubayda 75 milyon dollarlıq mülkləri alanda bilmirdin Azərbaycan torpaqları işğal altındadır? Ya ölkənin müdafiə xərclərini London ofşorlarına göndərəndə, Rusiya ilə silah alverindən “otkat” alanda bundan xəbərsiz idin? Və ya dövlət satınalma qiymətlərinin şişirdilməsini korrupsiyanın “qızıl qayda”sına çevirəndə torpaqların 20 faizinin işğal altında olmasından xəbərsiz idin? İlham Əliyevin bizə qarşı uzun müddət ərzində apardığı çirkin kampaniyanın bir adı var: oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı.
“Onun müxalifətçı adı ilə cəmiyyətə sırımaq istədiyi dialoqçuların müxalifliyini heç DNT ilə də müəyyən etmək olmaz”
Milli Şura “ordumuzu ləkələmək istiqamətində hansı növbəti təxribat xarakterli addımlar atıb?”
Böyük Şəhriyarın maraqlı bir misrası var:
İstədik qanla yuyaq ölkəmizin ləkkəsin, amma,
Ölkəmiz xalis özü ləkkə olub qan ilə getdi.
İlham Əliyev Rusiyanı yenidən Azərbaycana dəvət etməklə, Dağlıq Qarabağı rus idarəçiliyinə verməklə qanla yumaq istədiyimiz ölkəni ləkəyə çevirdi. Bizim buna qarşı sərt mövqe ortaya qoymağımız, ölkənin suverenliyinin təhlükə altına düşməsini deməyimiz, üçtərəfli bəyanatı imzalamaqla öz səlahiyyət həddini aşamasını xatırlatmağımız, “dövlət mənəm” yekəxanalığına qarşı çıxmağımız, bütün baş verənləri xalqa izah etməyimiz onu hövsələdən çıxarır. Xüsusilə Milli Şuranın və Xalq Cəbhəsinin onun mənasız dialoq oyununa, müxalifət konfiqurasiyasına qoşulmamasını adam düşmənçilik səviyyəsinə qaldırır. O, 2008-ci ildə təntənəli şəkildə bəyan etdi ki, Azərbaycanda müxalifət olmayacaq. Ən böyük arzusu müxalifətsiz “rahatcasına” ölkəni sökmək idi. 10-15 ildir məhz bu niyyətlə müxalifətə, vətəndaş cəmiyyətinə, azad mətbuata qarşı dövlətin bütün resurslarını səfərbər edir. İndi birdən adamın yadına düşdü ki, “müxalifətli” cəmiyyət yaratmaq lazımdır. Şərt də qoydu ki, kim onunla dialoqa gəlirsə, ona biət edirsə, o, müxalifətdir, siyasi qüvədir. Gəlmirsə, biət etmirsə, düşməndir, xaindir, nə bilim, neçənci kalondur, düşmən dəyirmanına su tökəndir və sair. Adam başa düşmək istəmir ki, müxalifət elə ona görə müxalifətdir ki, o, iqtidara müxaliflik edə bilsin, xalqın iradəsinin, arzu və istəklərinin ifadəçisi kimi çıxış etsin, İlham Əliyevin diriojor çubuğu ilə oturub-durmasın. O, idarə olunan, ram edilmiş, hakimiyyətin əlavəsinə çevrilmiş müxalifət yaratmaq istəyir. Çünki belə bir müxalifət “harmoniyası” indi məhz ona lazımdır. Amma həmin müxalifətin “qiymətli” başı məlum yerdən görünən kimi mahiyyət aydınlaşır, plan dağılır, dialoq gülünc məzmun alır, konfiqurasiya çökür. Bunun günahını da İlham Əliyev Xalq Cəbhəsində, Milli Şurada görür. Dialoqun mərkəzində xalqın maraqları, millətin haqqı və hüququ dayanmalıdır. Bir bölük “millət xadiminə” ofis verməklə, olmayan partiyaları qeydə almaqla, konfiqurasiyada fır-fır fırlanan partiyalı “işbazların” şəxsi problemlərini həll etməklə dialoq olmaz. İlham Əliyev 17 ildir prezidentdir və hələ də anlamaq istəmir ki, hər cürə volyuntarist qərarlar verə, saxta dövlət çevrilişi ittihamı ilə adamları həbs etdirə, XXI əsrdə ölkənin müxalifət liderini internet və kommunikasiya blokadasında saxlaya, öz əleyhdarlarını işgəncə laboratoriyalarandan keçirə bilər, amma saxta müxalifət yarada bilməz. Avtoritar iqtidarın bütün özbaşınalıqlarına rəğmən məhz belə bir lüksü yoxdur. Məhz buna görə İlham Əliyevin təkrar istehsal məhsulu kimi konfiqurasiyaçıları cəmiyyətə sırmaq cəhdləri iflasa məhkumdur. Çünki onun müxalifətçı adı ilə cəmiyyətə sırımaq istədiyi dialoqçuların müxalifliyini indi heç DNT ilə də müəyyən etmək olmaz. Yəni İlham Əliyev onlara “müxalifətçi” qəbzi verməklə tək bugünü və sabahını deyil, bəzilərinin hətta keçmişini də məhv edib. İlham Əliyevin böyük səxavətlə payladığı bu “Müxalifətçilik qəbzi”nin indi heç Hacı Ələsgər ağanın Usta Adullaya verdiyi “Cənnətin qəbzi” qədər bir dəyəri yoxdur. Çünki bizim konfiqurasiyaçılar “mənə buğda, mənə buğda” deyib dururlar və məlumdur ki, buğda yeyənləri də əvvəl-axır cənnətdən qovurlar.
Yeri gəlmişkən, İlham Əliyev məşhur iyul çıxışında dedi: mənə məlumat verdilər ki, könüllü olaraq orduya cəmi 150 nəfər yazılıb. Bu nə demək idi. O əsaslandırmaq istəyirdi ki, Azərbaycan xalqı öz torpaqlarını azad etmək istəmir. Bu, xalqın təhqir edilməsi demək idi. Amma gördünüzmü, Azərbaycan xalqı hansı əzm və iradə ilə döyüşə getdi, vətən müharibəsində necə böyük coşqu ilə iştirak etdi. 3 min nəfərə qədər öz fədakar övladını vətən yolunda qurban verdi. İndi də qaçqınların öz yurduna qayıtmasını şübhə altına alır. Əsl təxribat budur. Onda bu qədər itki nə üçün verilir? İnsanların öz yurduna qayıtması üçün zəruri olan şəraiti yaratmaq lazımdır.

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir