KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Cəmil Həsənli: Bu, Əliyev ailəsinə lazımdır, yoxsa Azərbaycana?!

Cəmil Həsənli: Bu, Əliyev ailəsinə lazımdır, yoxsa Azərbaycana?!

Kafkassam Editör Kafkassam Editör - - 9 dk okuma süresi
487 0

Böyük çətinliklər bahasına Azərbaycandan çıxarılmış Rusiya qoşunları yenidən Azərbaycana qaytarılır – məsələnin ən məşum tərəfi də budur
Bütün müharibələrin sonu sülhdür. Bu tarixin aksiomasıdır. Son 30 ilin Ermənistan Azərbaycan münaqişəsi, onun ay yarımlıq aktiv müharibə mərhələsi də istisnalıq təşkil etmir. Bu müddətdə Azərbaycan ordusu öz sözün dedi və işğal altında olan torpaqlarımızın xeyli hissəsi azad edildi. Ermənistan müharibədə ağır məğlubiyyətə uğradı. Bizim də itkilərimiz az olmadı. Azərbaycan əsgəri düşmən tapdağında olan torpaqlarımızı öz canı, öz qanı ilə azad etdi. Şuşa uğrunda döyüşlər Azərbaycanın hərb tarixinə yeni örnəklər verdi. Əslində, düşmənin, Ermənistan hərbi qüvvələrinin Azərbaycan ərazilərindən tamamilə qovulmasına elə də çox vaxt qalmamışdı. Düşmən panika içərisində mövqeləri qoyub qaçırdı.
Belə bir məqamda ötən axşam Rusiyanın təminatı və sülhməramlı adı ilə Qarabağa, Laçına yenidən qayıdışını özündə ehtiva edən üçtərəfli bəyanat imzalandı. Axşam imzalanan bəyanat bir sıra haqlı suallar doğurur. Cənab Əliyev bəyan edib ki, bu sənədlə Dağlıq Qarabağ münaqişəsinin həllinə nöqtə qoyulur, Azərbaycan ərazilərinin işğalına son qoyulur. Lakin qeyd edilən sənədlə dərindən tanış olanda aydın olur ki, imzalanan Bəyanat problemin həllində nöqtə yox, vergüldür, gələcəkdə bəzi təhlükələrə yol açan vergül. Düzdür, Bəyanat hələ sülh müqaviləsi deyildir. Lakin Ermənistanda yaxınlaşmaqda olan siyasi böhran bu Bəyanatdan imtinaya gətirib çıxarmayacaqsa, perspektiv baxımından sənəddə Azərbaycan üçün xeyli uğursuz məqamlar vardır.
Azərbaycanın son ay yarım ərzindəki hərbi uğurlarını özündə əks etdirən bəzi maddələri olmaqla yanaşı aydın olmayan, hətta perspektiv üçün təhlükəli meyllər doğuracaq məqamlar diqqəti cəlb edir. Bəyanatın müsbət tərəfi odur ki, hazırda Ermənistan tərəfindən nəzarət edilən Ağdam, Kəlbəcər və Laçın bəlli bir tarixlərdə dinc yolla azad ediləcək, Azərbaycan ordusunun döyüş yolu ilə əldə etdiyi Şuşa müzakirə mövzusu olmayacaq. Naxçıvana kommunikasiya açılacaq. Qazax rayonun işğal edilmiş kəndlərinə münasibətdə əgər sənədin rus mətni təhrif edilməyibsə bəzi fərqliliklər var. Bunlardan əlavə, cənab Əliyevin dəfələrlə bəyan etdiyi bir məsələ – Azərbaycan ərazilərində bir nəfər də Ermənistan əsgəri qala bilməz, işğalçı ordu sonuncu əsgərinə qədər Azərbaycan ərazisini tərk etməlidir tələbi Bəyanatda nə dərəcədə nəzərə alınıb?
Düşmən öz ordusunu Ağdamdan, Kəlbəcərdən, müəyyən şərtlər daxilində Laçından çıxarır. Çox yaxşı. Lakin Dağlıq Qarabağın qalan ərazilərində Ermənistan silahlı qüvvələri “Artsax özünümüdafiə qüvvələri” adı ilə öz “xidmətini” davam etdirəcəkmi? Daha açıq mətnlə belə bir sual qoyulur: Ermənistan qoşunları Xankəndi, Xocavənd, Ağdərə və Xocalıdan çıxırmı? Cənab Əliyev də xalqa müraciətində bu məsələnin üzərindən sükutla keçdi. Bax, bu barədə Bəyanatda aydın bir şey deyilmir. Ümumiyyətlə Dağlıq Qarabağ ərazisində hansı ad altında olmasından asılı olmayaraq, silahlı qüvvələr tərksilah edilirmı? Dağlıq Qarabağda Azərbaycanın ərazi bütövlüyü və suverenliyi necə təmin ediləcək? Mülki baxımdan bölgədə idarəçilik necə olacaq, Rusiya sülhməramlıları Azərbaycanı Dağlıq Qarabağın inzibati idarəçilik mexanizminə yaxın buraxacaqlarmı? Ermənistan Rusiya sülhməramlılarının nəzarətində 5 km-lik Laçın yolu ilə Dağlıq Qarabağı idarə etməkdə davam edəcək, yoxsa Xankəndi Azərbaycan nəzarətinə qayıdacaq və dövlət binalarının üzərində Azərbaycan bayrağı dalğalanacaq, qeyd edilən ərazilər Azərbaycan qanunları ilə idarə ediləcək? Ərazi bütövlüyü bu suallardan çox asılıdır. Çünki biz vaxtı ilə keçmiş vilayətdə Rusiya sülhməramlılarının, Arkadi Volskinin (Karabaxskini) timsalında xüsusi idarəetmə komitələrinin acı təcrübəsini, Gürcüstanın Abxazya və Cənubi Osetiya nümunələrini görmüşük. Əgər bu məsələlərdə bir aydınlıq olmasa, deməli hələ Azərbaycan anaları körpə oğullarının timsalında gələcək qurbanlar böyütmək səksəkəsindən azad deyildir.
Rusiya sülhməramlıları haqqında. Şübhəsiz ki, hərbi əməliyyatların aktiv mərhələsində Rusiyanın məsələyə birbaşa müdaxilə etmədiyin müsbət hal kimi qeyd etmək olar. Bir sıra dolayı silah-sursat, qeyri-rəsmi yaraqlılar göndərilməsi, Rusiya dövlətinin nəzarətində olan informasiya qurumlarının tərəfli mövqeyi barədə faktlar olsa da, açıq müdaxilə halları müşahidə edilmədi. Lakin Azərbaycan ordusunun azad etdiyi bütün erməni hərbi istehkamlarında məhv edilən və qənimət kimi ələ keçirilən bütün silah, sursat, hərbi texnika Rusiya istehsalıdır və Azərbaycan xalqının başına töküləcək yüz min tonlarla mərmilər Ermənistana əvəzsiz verilib. Bunu ötən yaxın günlərdə muxtəlif media orqanlarına müsahibələrində İlham Əliyev də dəfələrlə vurğulayıb.
İkincisi, belə anlaşılır ki, Azərbaycanın mərkəzində qarayaraya çevrilmiş “Artsax coğrafiyasını”, məsələn Xocalını Rusiya sülhməramlıları, həmin ərazidə taleyi bəlli olmayan Ermənistan yaraqlıları ilə birlikdə Azərbaycandan qoruyacaq və bununla da Azərbaycan yeni uzun bir dövr ərzində təzyiq altında saxlanacaq. Təcrübə göstərir ki, Dağlıq Qarabağ münaqişəsi son 30 ildə Rusiyanın əlində həm Ermənistana, həm də Azərbaycana nəzarət etmək üçün təsirli bir mexanizmə çevrilib. Ötən gecə imzalanan Bəyanatla Rusiyanın son 30 ildəki qeyri-rəsmi nəzarətinə artıq rəsmi status verildi. Böyük Şəhriyar demiş: İt əlindən qurtarıb, qurda da bir şey boyun olduq.
Üçüncü, son hərbi əməliyyatlar və ondan öncəki bütün məsələlərdə Azərbaycana birmənalı mənəvi, siyasi, diplomatik dəstək vermiş Türkiyənin prosesdə iştirakı barədə açıq bir söz deyilmir. İstər İlham Əliyev, istər Azərbaycan XİN Türkiyənin artıq masada olması barədə Bəyanatlar versə də, göründüyü kimi, Türkiyə masadan kənar saxlanılıb. Və həm də yalnız masadan yox. Burada üstüörtülü sülhməramlıları müşahidə etmək kimi bir şeylər nəzərdə tutulsa da, 20 ildən çoxdur ki, biz də Əfqanıstanda buna bənzər bir missiya yerinə yetiririk. Əgər yaxın vaxtlarda Azərbaycanla Türkiyə arasında qarşılıqlı təhlükəsizliyi nəzərdə tutan ittifaq müqaviləsi imzalanmasa Rusiya sülhməramlı “xidməti” Azərbaycana baha başa gələcək.
Dördüncüsü və ən ağırı, böyük çətinliklər bahasına 1993-cü ilin yazında Azərbaycandan çıxarılmış Rusiya qoşunları “Sülhməramlı” adı altında yenidən Azərbaycana qaytarılır. Əslində, məsələnin ən ağrılı, ən acınacaqlı, ən məşum tərəfi də budur. Belə bir addımın Azərbaycan konstitusiyasına, qanunlarına nə qədər uyğun olub-olmamasına beynəlxalq hüquq mütəxəssisləri rəy verərlər. Amma məsələnin siyasi təhlükəsi ondan ibarətdir ki, bütün dünya Rusiya təhlükəsi, Rusiya təcavüzündən, Rusiya yaraqlılarından qurtulmağın yollarını aradığı bir məqamda, Azərbaycan rəhbərliyi “könüllü” şəkildə “Varyaqları” öz ölkəsinə dəvət edir. Bu Azərbaycana, yoxsa Əliyev ailəsinə lazımdır?! Bunu yaxın gələcək göstərər.

Cəmil Həsənli
Milli Şuranın sədri, professor

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir