KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Bu gün İranda kritik prezident seçkisidir: Ruhani, yoxsa Rəisi?

Bu gün İranda kritik prezident seçkisidir: Ruhani, yoxsa Rəisi?

Kafkassam Editör Kafkassam Editör - - 10 dk okuma süresi
364 0

İran xalqı iki zidd görüşün təmsilçisi olan hüquq doktoru arasında seçim etməli olacaq

Mayın 19-da İranda prezident seçkiləridir. İranın Seçkilər Təşkilatının məlumatına görə, 56 milyon 410 nəfər ölkə vətəndaşı 62 min səsvermə məntəqəsində səs verə biləcək.

Qeyd edək ki, prezident seçkilərinə 6 namizəd – hazırkı prezident Həsən Ruhani, vitse-prezident İshaq Cahangiri, Tehran şəhərinin meri, keçmiş hərbçi Məhəmmədbaqir Qalibaf, Məsləhət Şurasının üzvü Seyid Mustafa Ağa Mirsəlim, Məşhəd İmam Rza (ə) ziyarətgah kompleksinin direktoru, keçmiş İnqilab Məhkəməsi hakimi Seyid İbrahim Rəisi və İranın Milli Olimpiya Komitəsinin sədri Mustafa Haşemi Təba qoşulmuşdu. Amma bir neçə gün əvvəl İran prezidentinin birinci müavini İshaq Cahangiri prezident Həsən Ruhaninin xeyrinə namizədliyini geri götürdüyünü açıqlayıb. Bir gün sonra isə daha bir namizəd, sabiq vitse-prezident Mustafa Haşimi Təba bəyanat verərək namizədliyini geri çəkdiyini elan edib və seçiciləri indiki prezident Həsən Ruhanini dəstəkləməyə çağırıb. Bundan başqa, 2009-cu il seçkilərində Mahmud Əhmədinejadın əsas rəqibi olmuş və sonradan “Yaşıl hərəkat”ın liderinə çevrilmiş sabiq baş nazir, hazırda ev dustaqlığında saxlanılan Mirhüseyn Musəvi islahatçıların dəstəklədiyi Həsən Ruhaniyə səs verəcəyini bəyan edib.

Tehranın meri, SEPAH qüvvələrinin sabiq generalı Məhəmməd Baqir Qalibaf isə namizədliyini İbrahim Rəisinin xeyrinə geri götürdüyünü elan edib. Bununla da faktiki olaraq seçkilərdə 3 namizəd qalıb: Ruhani, Rəisi və Mustafa Mirsəlim. Aydın məsələdir ki, əsas seçki yarışı iki nəfər – Ruhani və Rəisi arasında gedəcək. Hazırda müşahidəçilərə görə, hər iki namizəd arasında açıq fərqlə üstünlük yoxdur. Yəni hər iki namizədin qalib gəlmə şansları bərabərdir.

“İslahat” qanadının əsas liderlərindən olan Ruhani son 4 ili ölkəni idarə edib, eyni zamanda nüvə məsələsində Qərblə anlaşma əldə edib, İran üzərindəki bir sıra sanksiyaların götürülməsinə nail olub. Bütün bunlarla yanaşı, hazırda vəzifədə olması və böyük diplomatiya, siyasət təcrübəsi olan Ruhaninin qarşıdakı seçkilərdə qalib gəlməsi realdır.

Seyid İbrahim Rəisi “mühafizəkarlar” camiəsinin əsas namizədi hesab olunur. İranda gələcək hakimiyyət üçün yetişdirilən kadrlardan hesab olunan Rəisi ali dini liderə sadiq camiənin üzərində dayandığı şəxsdir. Hətta bir ara ərəb mediası onun ali dini lider postuna hazırlandığını yazırdı. Bir mənada Rəisinin bu seçkilərdə irəli verilməsi onun üçün siyasi məşq, eləcə də seçilərsə, dövlət idarəçiliyi təcrübəsi olacaq.
İndi bir çox yerli və beynəlxalq media Ruhani və Rəisinin məziyyətləri, xarakter və siyasi baxışlarını analiz edir. Hansı liderin seçiləcəyi təqdirdə İranın daxili və xarici siyasətinə bunun necə təsir edəcəyi gündəmin əsas mövzularından biridir.

Hazırkı prezident, 68 yaşlı Həsən Ruhani daha çox mülayim, gülərüz və konfrantasiyalara meylli olmayan lider hesab olunur. Dini təhsillə yanaşı, Həsən Ruhani Şotlandiyanın Qlazqo şəhərində Kaledoniya Universitetində İslam hüququ üzrə doktorluq dissertasiyası müdafiə edib. Doğrudur, son günlərdə Ruhaninin dissertasiyasının oğurluq olduğu, ingilis dilinə başqası tərəfindən tərcümə olunduğu və əsas tezislərin iranlı bir din adamının kitabından oğurlandığı haqda iddialar var. Amma bununla belə, Həsən Ruhani təcrübəli siyasətçi və parlaq karyeraya sahibidir. İran-İraq müharibəsi (1980-88) hərbi sistemdə çalışıb, müharibədən sonra 1989-cu ildən 2005-ci ilə qədər Milli Təhlükəsizlik Şurasının katibi postunu tutub. Ruhani siyasi dairələrdə “diplomatiyanın Şeyxi” adlandırılır.

Həsən Ruhani 2013-cü il seçkilərində İrana qarşı sanksiyaları və kəskin embarqonu qaldıracağı, ölkə iqtisadiyyatını dirçəldəcəyi şüarı ilə qalib gəlib. 2015-ci ildə Ruhani komandası ABŞ başda olmaqla, Qərb ölkələri ilə nüvə razılaşması imzaladı və bununla da dünyada ciddi bir dəyişiklik dönəminə qədəm qoydu. Amerika və Qərb ölkələri İrana qarşı bir sıra sanksiyaları ləğv etməyə, İrana qarşı embarqoları yumşaltmağa və bir çox bank hesablarına qoyulan həbsləri götürməyə məcbur oldu. Daha sonra raket sınaqları bəhanəsi ilə İrana qarşı ABŞ tərəfindən əlavə sanksiyalar qoyulsa da, ümumilikdə ölkə müəyyən mənada nəfəs aldı və iqtisadi dirçəliş yaşadı. 2016-cı ildə İranda 6,6 faizlik bir iqtisadi artım qeydə alınıb. Ancaq ölkədə hələ də 12,5 faiz gənclər arasında işsizlik var. Ruhani komandasına qarşı az da olsa korrupsiya ittihamları var. Bu da onun şanslarına mənfi təsir edir.

Image result for Ruhani

56 yaşlı din adamı və seyid olan Rəisi daha əvvəl-80-ci illərdə əksinqilab fəaliyyətlərində ittiham olunan yüzlərlə insanı mühakimə edən məhkəmə heyətində çalışıb. İslam hüququ üzrə doktorluq dərəcəsi olan Rəisi 25 yaşında Tehran prokurorunun müavini vəzifəsinə yüksəlib. Məsələ ondadır ki, məhkəmə sistemində olan Rəisi inqilabın yetişdirdiyi, sadiq kadrlardan biridir. Onun gənc yaşında dövlətin həssas yanaşdığı vəzifəni yerinə yetirməsi və sürətli yüksəlişi bunun bir örnəyidir. Rəisi haqda iddiaların ən vacibi onun ölkənin növbəti dini lideri ola biləcəyidir. Bəzi dairələrə görə, Rəisinin gözlənilmədən prezidentliyə iddiasını ortaya qoyması bununla bağlıdır. Çünki prezident vəzifəsi ali dini liderdən sonra ikinci əsas postdur və ölkənin növbəti dini liderinin prezident olması lazımdır. Bu, həm təcrübə, həm də təyinatın daha rahat baş tutması üçün uyğundur. Çünki daha öncəki, yəni hazırkı dini lider də bu görəvə prezident postundan gəlib.

Bu mənada prezident seçkilərində Rəisinin ciddi şansları var. Mühafizəkar dairələr, İranın dərin siyasəti və eləcə də hərbi komandanlıq Rəisini müdafiə edir. Bunun bir sübutu da Tehran meri, istefada olan general Qalibafın namizədliyini onun xeyrinə geri çəkməsidir.
Amma seçkilərdə həlledici təsirə malik olan şəxs, yəni ölkənin ali lideri hələlik seçkilərə qarışmayıb. Dini lider ənənəvi olaraq seçki prosesinə qarışmasa da, onun hansısa namizədə dəstək verməsi mümkündür. Amma hələlik dini lider seçkilərə məsafəli yanaşır. Bu da onu göstərir ki, İran “dərin dövləti” seçki prosesinə müdaxilə etmək istəmir.

Image result for Rəisi

İran seçkilərinin nəticəsinin heç şübhəsiz ki, ölkənin xarici siyasətinə, eləcə də regional proseslərə də təsir edəcək. Ruhaninin yenidən seçiləcəyi ölkənin xarici siyasətində ciddi dəyişiklik yaratmayacağı ehtimal olunur. Ancaq Rəisinin sərt inqilab xətti tərəfdarı olması və təmsil etdiyi dairələrin mövqeyi, eləcə də hazırda Yaxın Şərqdə təzyiqin sürətlə artması yeni prezidentin gəlişinin ölkənin xarici siyasətinə təsir edəcəyinə işarədir. Baxmayaraq ki, İran XİN bir neçə gün əvvəl açıqlama yayaraq xarici siyasət kursunun dəyişməyəcəyini bəyan edib.
İranda “islahat” xəttinin, yəni Qərblə danışıqlara və anlaşmağa meylli, problemləri danışıqlarla yoluna qoymaq istəyən mülayim xətt tərəfdarı Ruhaniyə simpatiya var. Amma məsələ ondadır ki, indi Amerikada da hakimiyyətdə olanlar üçün Ruhani kimi rəqib lazım deyil. Çünki ötən həftə ABŞ və Səudiyyə Ərəbistanı arasında 100 milyardlıq silah satışı ilə bağlı daha bir anlaşma imzalanıb. Bütün bu silah bazarlığının əsas səbəbkarı İran və ya “İran təhlükəsi”dir. Bu mənada indi Qərbdəki iqtidarlara da İranda mülayim deyil, sərt xətt tərəfdarlarının iqtidar olması daha uyğundur.

Eyni yanaşmanı Azərbaycanla münasibətlər haqqında da demək olar. Hər nə qədər Ruhani Azərbaycanla anlaşma, yaxınlaşma tərəfdarı olsa da, bu kursun Rəisi dövründə dəyişməz qalmasına zəmanət vermək olmaz.

Kənan RÖVŞƏNOĞLU

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir