Belarusda seçkinin nəticələri açıqlanandan sonra müxalifətin başladığı etirazlar söndü və Lukaşenko təbrikləri bir-bir qəbul edir. Onu ilk təbrik edənlərdən biri də Putindir.
Seçkidən öncə müşahidə olunan Rusiya-Belarus gərginliyi, “Vaqner” döyüşçülərinin Minskdə tutulması, Lukaşenkonun sərt açıqlamaları fonunda rusların öz müttəfiqlərini hakimiyyətdən uzaqlaşdırmağa hazırlaşdığı fikirləri irəli sürülürdü. Bunun bir sıra səbəbləri də var idi:
1. Müxalifətin əsas namizədi Svetlana Tixanovskayanın Lukaşenkonun Moskvaya qaçan əsas rəqiblərindən biri Valeri Çepkalo tərəfindən dəstəklənməsi “rus izi” ehtimalını artırırdı. Seçkidən öncə Lukaşenkonun əsas rəqibi, bankir Viktor Babarikov və oğlu həbs edildi, Çepkalonun namizədliyi qeydə alınması və o, həbs olunmaq qorxusu ilə ruslara “sığındı”.
2. “Vaqner” döyüşçüləri həbs ediləndən sonra Lukaşenko bildirdi ki, “onlar ölkədə iğtişaşlar yaratmaq üçün gəldikləri etiraf edib” və müttəfiqləri Belarusu qarışdırmaq istəyir.
4. Son bir neçə ildə Moskva-Minsk xəttində qarşıdurmaların olması, Belarusun müstəqil xarici siyasət kursu seçməsi, Lukaşenkonun Putinin “birləşmə” təklifinə rədd cavab verməsi və s.
Bu prosesdə kilid nöqtə “Vaqner” döyüşçüləridir və baş verənləri anlamaq üçün əslində bura diqqət edilməlidir.
– Putin “Vaqner”i Minskdə bir mehmanxanaya göndərəcək və Lukaşenkonun “əlinə verəcək” qədər diletant siyasət apararmı?
– Lukaşenkonu hakimiyyətdən uzaqlaşdırmaq üçün Belarusda belə bir risk edərmi?
Təsəvvür edin: Rusiya muzdlu döyüşçüləri Minskə göndərir və Lukaşenko bu döyüşçüləri zərərsizləşdirir, sonra da ruslara qarşı açıq çıxışlar edir. Bütün Qərb mediası və bir çox hallarda bu medianın tezislərindən çıxış edən Azərbaycanın ekspert cameəsi də Putin-Lukaşenko müharibəsindən bəhs edirdi.
Əslində “Vaqner” qalmaqalı və sonra baş verən qarşıdurma “danışılmış döyüş” idi, hədəf də Belarusda Rusiyanın nəzarətində olan müxalifətin formalaşdırılmasıdır.
Lukaşenko “Vaqner” döyüşçülərini həbs etdiklərini deyəndə Rusiya tərəfi bunu təkzib etmədi, əksinə, onların İstanbula gedəcəklərini deməklə təsdiqləmiş oldu. Proses Lukaşenkoya qarşı olsaydı hər-halda ruslar muzdluları ora göndərməz, göndərərdisə, mehmanxanada silahsız tutulmaları qədər ağılsız plan qurmaz, yaxud həbs olunanların onlarla bağlı olmadığını dərhal təkzib edərdilər.
Bu qarşıdurma oyununda tərəflərin fərdi və ümumi maraqları var:
– Lukaşenko bundan seçkiöncəsi cəmiyyətə “sabitliyin pozulması” siqnalını ötürdü və mövcud sabitliyin yeganə zaminin özü olduğunu göstərdi;
– Putin Lukaşenko ilə mübarizə aparan tərəf qismində çıxış edərək, Belarus müxalifətinin dəstəkçisi kimi çıxış etdi və Qərbin təsirini azaltdı. Tixanovskayanın Moskvada sığınacaq tapan Valeri Çepkalo tərəfindən dəstəklənməsi bunu sübut edir. Belarusda Rusiyanın təsirində olan güclü müxalifət Lukaşenkonun “müstəqil siyasəti”nə qarşı sivil təzyiqin əsas elementi olacaq;
Ümumi maraq, qeyd etdiyimiz kimi, Belarusda Rusiyanın nəzarətində olan güclü müxalifətin yaradılmasıdır.
Bu, mövcud situasiyada Lukaşenkoya da sərf edir. Çünki hesab edir ki, opponentlərinin Rusiyanın təsirində olması Qərb təsirində olmasından daha az təhlükəlidir və riskli məqamlarda ruslarla anlaşmaq mümkün olacaq.
Rusiyaya gəlincə, belə bir ssenari Ukrayna və Ermənistandan sonra Moskva üçün olduqca əhəmiyyətlidir.
1. Vəziyyət rəsmi Minskə də sərf etsə, ruslar Lukaşenkoya qarşı “sivil mübarizə” rıçağı qazandı və Belarusun mərkəzdənqaçma addımlarında bu, lazımınca istifadə ediləcək;
2. Belarusda hakimiyyətin dəyişməsi zərurəti yarandıqda, Lukaşenkonu əvəzləyəcək qüvvələr yenə Moskvanın təsirində olanlar olacaq;
Ukraynaya hərbi müdaxilədən sonra post-sovet məkanında strategiyasına korrektlər edən Rusiya Ermənistanda Qərbin layihəsi ilə hakimiyyətə gələn Paşinyana toxunmadı, gözləmə mövqeyi seçdi, əvəzində Sarukyanın timsalında güclü müxalifətə dəstək vermək və lazım olanda istifadə etmək xətti tutdu.
Qərb qapısında ən vacib ölkə olan Belarusda isə ruslar ssenarini özləri yazıb, özləri oynayır. Muzdlu döyüşçülər də bu ssenarinin əsas obrazı idi.
Asif Nerimanlı