İran-ABD çatışması için seçenekler

Gürcistan Pandora Kutusunu mu Açmış?

Gürcistan’a uçuş yasak

VAŞİNQTON GÖRÜŞÜ NƏ İLƏ NƏTİCƏLƏNDİ?

Bakı və Tehran ikitərəfli münasibətlərin qorunmasına həssaslıqla yanaşır

Azerbaycan, Gündem, İran 1 Ocak 2019
27

Yola salmaqda olduğumuz ilin ən ciddi siyasi hadisələrindən biri də ABŞ-İran münasibətləri və Vaşinqtonun yenidən İranla düşmən münasibətlərə keçməsi oldu. May ayında ABŞ prezidenti birtərəfli qaydada İranla 2015-ci ildə imzalanmış nüvə anlaşmasından çıxdı. Avqustda isə İrana qarşı keçmiş sanksiyaların birinci hissəsi bərpa olundu, noyabrda isə Tramp İrana qarşı ikinci və ən ağır sanksiyaları bərpa etdi.

Və təbii ki, ABŞ-İran münasibətlərinin yenidən təhlükəli mərhələyə daxil olması Azərbaycanı da risk qrupu ölkələri sırasına daxil edir. Çünki daha əvvəlki baş verənlər, xüsusən də 10 il əvvəlki vəziyyət Azərbaycan üçün ciddi sınağa çevrilmişdi və Bakı-Tehran münasibətləri üçün ciddi imtahan oldu.

Ancaq indi belə görünür ki, Bakı (həm də Tehran – K.R.) əvvəlki olanlara qayıtmaq istəmir. Hər iki tərəf sanksiyalara baxmayaraq maksimum səviyyədə əlaqələri qoruyub saxlamağa çalışır. Çünki hər kəsə aydındır ki, ABŞ-İran münasibətlərində gərginlik gələn il daha da yüksələcək və bu zaman qonşu ölkələr, xüsusən də Azərbaycan kimi İran üçün həssas ölkələrə bunun ciddi təsiri olacaq. Yeri gəlmişkən, bunu bu həftə Rusiya dövlət televiziyasına müsahibəsində Azərbaycan prezidenti də etiraf etdi. İlham Əliyev gələn il ölkə üçün təhlükə gözlədiyini və bu təhlükənin daxildən deyil, xaricdən ola biləcəyini qeyd etdi.

Ehtimal ki, İranla düşmənçilik edən ölkələrin Azərbaycanda da İrana qarşı hansısa addımlar atacağı riski artacaq. Siyahı isə böyükdür. ABŞ, İsrail, Yaxın Şərqin ABŞ müttəfiqi olan ərəb dövlətləri İrana qarşı mümkün vasitələrdən istifadə etməyə çalışacaq.

Ancaq Bakı mümkün qədər bu fəaliyyətlərin Azərbaycandan uzaq tutulmasına, necə deyərlər, “iki od arasında” qalmamağa çalışır. Çünki söhbət həm də iqtisadi maraqlardan gedir. Bakı indi regionun etibarlı iqtisadi tərəfdaş ölkəsi olaraq siyasi provokasiyaların mərkəzinə çevrilməkdən qorunur. Azərbaycan hökuməti hər addımda İranla isti münasibətləri qoruyub saxlamaqda və inkişaf etdirməkdə maraqlı olduğunu nümayiş etdirməyə çalışır. Eynisini Tehran haqqında da demək olar. Yola saldığımız il ərzində yüksək səviyyədə qarşılıqlı səfərlər, əməkdaşlıq toplantıları, anlaşmaların uzun siyahısı bunu təsdiqləyir.

Yeri gəlmişkən, Azərbaycan parlamentinin spikeri Oqtay Əsədov dekabrın 25-26-da İranda iki günlük səfərdə olub. Bu, öncəliklə Bakının Tehrana xoşməramlı reveransı kimi, nəhayət, balanslı kursdan çıxılmayacağı barədə həm qarşı tərəfə, həm də bütövlükdə qlobal güc mərkəzlərinə verilən aydın mesaj kimi qiymətləndirilə bilər. Yəni əslində Oqtay Əsədov Tehrana ölkə başçısı tərəfindən xüsusi missiya ilə göndərilib. Bunu onun Tehranda keçirdiyi çoxsaylı görüşlərin gündəliyi də təsdiq edir. Diqqət mərkəzində təkcə parlamentlərarası əlaqələr olmayıb.

“Azərbaycan və İranın dövlət başçıları arasında son dövrdə keçirilən intensiv görüşlər və aparılan danışıqlar əməkdaşlığımızın daha da dərinləşməsi üçün yaxşı zəmin yaradır”. Bu fikir Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyətinin Tehranda keçirdiyi görüşlərdə səslənib. Nümayəndə heyəti Tehranda ilk olaraq İran prezidenti Həsən Ruhani, eləcə də İran İslam Şurası Məclisinin sədri Əli Laricani, Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Şəmxani və xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə də görüşüb.

Göründüyü kimi, səfər çərçivəsində ikitərəfli əlaqələrin bütün spektrləri, o cümlədən təhlükəsizlik məsələləri müzakirə olunub. Bir sözlə, Bakı və Tehran il sonu bir növ “saat əqrəbləri”ni tutuşdurmağa macal tapıb.

Maraqlıdır ki, bu səfər Rusiyada da diqqətlə izlənib. Məsələn, rusiyalı analitik Stanislav Tarasov “Reqnum” agentliyində dərc olunan məqaləsində yazıb ki, Bakı Oqtay Əsədovu Tehrana göndərməklə cənub qonşusu ilə bütün problemləri aradan qaldırıb, Vaşinqtonun Bakı-Tehran münasibətlərindəki pozuculuq cəhdlərini heç etməyə çalışır.

Yeri gəlmişkən, iki gün əvvəl Azərbaycanın Təbriz şəhərindəki baş konsulu Əliyənnağı Hüseynov İranın Şərqi Azərbaycan vilayətinə yeni təyin olunan vali Məhəmmədrza Purməhəmmədi ilə görüşüb. Görüşlə bağlı yayılan rəsmi məlumatda qeyd olunur ki, görüşdə qarşılıqlı münasibətlərin inkişafı, Azərbaycan ilə İranın sərhədyanı rayonlarının iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə edilib.

Qeyd olunub ki, sərhədyanı rayonlar arasında iqtisadi və ticarət əlaqələri mövcuddur. Azərbaycan və İran güclü iqtisadi potensiala malikdirlər və bu potensial sərhədyanı rayonlar arasındakı əlaqələrin genişlənməsinə böyük imkanlar yaradır. Bu imkanlardan daha səmərəli istifadə edib əlaqələri genişləndirmək vacibdir.

Məsələ ondadır ki, Azərbaycan ağır sanksiyalar dövründə İranın xarici ticarət yollarından birini təşkil edə bilər. Bakı son illərdə güclü nəqliyyat infrastrukturu yaradıb, İranla dəmir yol xətlərini birləşdirir. Bu isə Tehranın Rusiya da daxil olmaqla, Avropa ilə yeni əlaqə vasitəsi deməkdir. Təbii ki, Azərbaycan üzərindən Tehran embarqolar dövründə ciddi həcmdə ticarət fəaliyyəti apara bilər. Təbii ki, hətta sırf maraqlar prizimasından yanaşdıqda belə kasıb, beynəlxalq tranzit yollarından kənarda qalan Ermənistanla müqayisədə Azərbaycan daha sərfəli tərəfdaşdır.

Bu məsələnin ikinci tərəfi İrana gözlənilən təxribat riskləridir. Son bir ildə İranda xarici ölkələrin dəstəklədiyi qüvvələrin törətdiyi təxribatlar baş verib. Ötən ilin dekabrında ölkəni bürüyən etiraz dalğasının arxasından xarici kəşfiyyat orqanları çıxdı. Bu ilin sentyabrında isə ərəblər yaşayan Əhvaz şəhərində İran ordusuna qarşı terror hücumu baş verdi. Ötən ay isə İran ordusunun 14 hərbçisi Pakistanla həmsərhəd Sistan-Bəlucistan əyalətində qaçırılaraq Pakistana aparılıb. Yəni indi Tehran sərhədlərdən gələn təxribatlardan çox narahatdır. Bu məsələdə isə İranla etnik, eləcə də dini-məzhəbi baxımdan yaxın bağları olan Azərbaycan indi həddən artıq həssaslıq təşkil edir. Bir baxıma Azərbaycan İranın ən zəif nöqtələrindən biridir. İran rəhbərliyi gələn il ölkədə inqilabın 40 illiyinin qeyd olunacağı və buna görə də bir sıra ciddi təxribatlar gözlədiklərini bəyan ediblər. Belə bir həssas mərhələdə Bakı ilə yaxın təmas hər iki tərəf üçün vacibdir.

Kənan RÖVŞƏNOĞLU,
Yeni Müsavat

Yorumlar