KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Bakı, Sankt-Peterburq və Moskva görüşü – Putinin hədəfi nədir?

Bakı, Sankt-Peterburq və Moskva görüşü – Putinin hədəfi nədir?

Hasan Oktay Hasan Oktay - - 11 dk okuma süresi
348 0

Regionda maraqlı proseslər müşahidə olunur. Xüsusilə Qərblə qarşıdurma yaşayan Rusiyanın prezidenti Vladimir Putinin siyasi manevrləri diqqət çəkir.
Avqustun 8-də Azərbaycan, Rusiya və İran prezidentləri Bakıda üçtərəfli formatda görüşlər keçirdi. Avqustun 9-da Sankt-Peterburqda Putin-Ərdoğan görüşü oldu. Bir gün sonra – avqustun 10-da isə Vladimir Putin Ermənistan prezidenti Serj Sarkisyanı Moskvada qəbul etdi. Bu diplomatik görüşlər regionda ciddi siyasi dəyişikliklərdən xəbər verir.

Admiral.Az bir-biri ilə bağlı olan və regionun siyasi mənzərəsinin dəyişməsinə səbəb olacaq bu hadisələri şərh edib.

Azərbaycan, Rusiya və İran prezidentlərinin Bakı sammiti

Bakı sammitində bir sıra ikitərəfli və üçtərəfli məsələlər, həmçinin, “Şimal-Cənub” nəqliyyat dəhlizi müzakirə olundu. Bu üçtərəfli görüş regionda sabitliyin qorunması və iqtisadi inkişaf üçün mühüm idi. Bununla yanaşı, regionda yeni ittifaqların yarana biləcəyi ehtimalı da gündəmə gəldi.

Rusiyalı politoloq Vitali Arkov Admiral.Az-a açıqlamasında bildirib ki, qarşıda Moskva, Tehran və Ankaranın hərbi ittifaqının formalaşdırılması kimi böyük geosiyasi maraq görünür:

“Şübhəsiz, bu ittifaqa Avrasiyanın bu üç əsas dövləti ilə sıx əməkdaşlığa malik olan Bakı da cəlb ediləcək”.

Onun fikrincə, Bakı sammiti enerji resurslarının Avropa bazarına çıxarılması baxımından da əhəmiyyətlidir:

“Energetika layihələrində əhəmiyyətli rol oynamaq, xüsusilə, Azərbaycan, Rusiya və İrandan qaz kəmərlərinin Türkiyə vasitəsilə Avropa İttifaqının cənubuna çıxması məsələsi gündəmdədir”.

Rusiyalı politoloq qeyd edib ki, İran üzərindən sanksiyaların qaldırılması Atlantik okeanından Hind okeanına qədər nəqliyyat dəhlizinin yaradılmasını aktuallaşdırdı.

“Bu dəhliz Hindistan və Pakistandan İran vasitəsilə Rusiyaya, oradan Azərbaycana və daha sonra Avropa İttifaqına çıxır. Həm Xəzər dənizi üzərindən, həm də quru yolla nəqliyyat dəhlizi yaradılır. Bu, bütün iştirakçılara sərfəlidir. Azərbaycan tranzitdən gəlir əldə edəcəksə, Rusiya əks istiqamətdə maşınqayırma, kimya metallurgiya sənayesi məhsullarının, taxıl və mineral gübrələrin ixracını həyata keçirəcək”.

Ərdoğan və Putinin Sankt-Peterburq görüşü

Bakı sammitindən bir gün sonra Vladimir Putin Sankt-Peterburqda Ərdoğanla görüşdü. Təyyarə böhranından sonra bu, ilk görüş idi. Bu görüş Türkiyə-Rusiya münasibətlərinin yoluna qoyulması ilə yanaşı, regionda Azərbaycanın da olduğu yeni güclü birlikdən xəbər verir. Təsadüfi deyil ki, Ərdoğan-Putin görüşündə Türkiyə-Azərbaycan-Rusiya üçtərəfli formatının yaradılması məsələsi də müzakirə olunub.

Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli politoloq Hasan Oktay Admiral.Az-a bildirib ki, Ərdoğan Rusiyaya getməklə böyük bir planı pozdu:

“Təyyarə böhranı ilə Türkiyə və Rusiyanı müharibə həddinə çatdırsalar da, müharibəyə nail ola bilmədilər. Bu qüvvələr 15 iyulda əsil niyyətlərini açıq şəkildə ortaya qoydular. Bu uğursuz çevriliş cəhdi Ərdoğan və Putinin gözünü açdı. Ərdoğan 9 avqustda Rusiyaya getməklə böyük bir planı və oyunu pozmuş oldu. Bu görüşdən sonra dünyada yeni bir sistem qurula bilər. Buna Ərdoğan və Putin nail ola bilərlər”.

H.Oktay Türkiyə-Azərbaycan-Rusiya üçtərəfli formatının yaradılmasının regionda sülhün təmin olunması üçün mühüm adım olduğunu deyib.

Qazi Strateji Araşdırmalar Mərkəzinin (GAZİSAM) rəhbəri, türkiyəli ekspert Mehmet Seyfettin Erol hesab edir ki, Ərdoğan-Putin görüşü sadəcə, Türkiyə-Rusiya münasibətlərinin gələcəyi baxımından deyil, Yaxın Şərq, Şimali Afrika və Avrasiya daxil olmaqla, bölgənin yenidən dizayn edilməsi və beynəlxalq münasibətlərin qurulması kontekstində də əhəmiyyətlidir:

“Qərbin, xüsusilə ABŞ-ın hazırda ən böyük qorxusu Türkiyənin bir gün ABŞ-a, Avropa İttifaqına və NATO-ya üz çevirməsi, digər bir bloka qoşulmasıdır. Bu, Avrasiya Bloku ola bilər. Burada Suriya kilid rola malikdir. Rusiya və Türkiyə Suriya məsələsində anlaşacaqlarsa, Böyük Yaxın Şərq Planı dərindən zədələnəcək”.

Putin və Sarkisyanın Moskva görüşü

Bakı sammiti, ardınca da Ərdoğan-Putin görüşü regionda sabitliyin yaranmasıda bütün tərəflərin maraqlı olduğunu göstərdi. Təbii ki, hazırda regiondakı sabitliyə ən böyük təhlükənin Dağlıq Qarabağ münaqişəsi olduğu hesab olunur. Məhz bu baxımdan, Putinin avqustun 10-da Moskvada Sarkisyanla görüşü maraqlı idi. Proseslərin inkişafı Rusiya, Türkiyə və İranın Qarabağ problemini həll etmək üçün Ermənistanı razı salacaqları ehtimalını da gündəmə gətirir.

Azərbaycan Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri Admiral.Az-a Qarabağ münaqişəsinin həlli üçün Ermənistana müəyyən təkliflərin ola biləcəyini istisna etmir:

“Ermənistan da bir çox qlobal və regional layihələrə qoşula bilər və iqtisadiyyatını inkişaf etdirə bilər. Azərbaycanın və Türkiyənin edəcəyi güzəştlərin müqabilində də Ermənistan Dağlıq Qarabağ ətrafı bir neçə rayonun boşaldılmasına razılıq verməlidir. Ermənistana anladacaqlar ki, dövlətinin çökməməsi üçün artıq izolyasiyadan çıxması vacibdir. Bu səbəbdən də, Azərbaycanla münasibətləri qaydaya salmaq lazımdır.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti razılaşarsa, Türkiyə ilə sərhədlər açılacaq, iqtisadi-ticari münasibətlər tənzimlənəcək və diplomatik münasibətlər yenidən qurulacaq:

“Bu kontekstdə təbii ki, Azərbaycan da öz kommunikasiya xətlərini Ermənistanın üzünə açacaq. Paralel olaraq, “Şimal-Cənub” nəqliyyat dəhlizinin bir parçası da Ermənistan ola bilər. Dəmir yolları birləşdiriləcəksə, Rusiyadan gələn dəmir yol xətti Azərbaycan ərazisindən keçməklə Mehridən Ermənistan ərazisinə qədər davam edəcək. Bu da Ermənistanın həm Rusiya ilə birbaşa quru xətti ilə əlaqəsinə, həm də iqtisadiyyatının dirçəlməsinə kömək edər”.

Rusiyalı politoloq Vitali Arkov hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycan və Ermənistan üçün deyil, həm də regionun bütün dövlətləri üçün ciddi problemdir.

“Münaqişənin həll olunmaması regionda bir çox iqtisadi və geosiyasi layihələrə mane olur. Moskva indi Tehran və Ankara üçün münaqişənin sürətli həllinin əhəmiyyətli məsələlərdən biri olduğuna ümid etmək istəyir. Buna görə hesab edirəm ki, hər bir ölkə münaqişənin həlli məqsədilə Bakı və İrəvanın qarşılıqlı güzəştlərə getməsi üçün öz təsir imkanlarından istifadə edəcək”.

Türkiyəli politoloq Hasan Oktay isə bu günlərdə Dağlıq Qarabağ məsələsinin tez-tez gündəmə gələcəyini bildirib.

Onun sözlərinə görə, Türkiyədəki hadisələr Ermənistandakı polis məntəqəsinin tutulması ilə başlanan etirazları ikinci plana saldı:

“Lakin regionun siyasətini yenidən dizayn etmək istəyənlər Türkiyədə hərbi qiyamın uğurlu olacağı təqdirdə Ermənistanda da iqtidarı devirəcəkdilər. Bu iki plan baş tutmadı. Birinci planda Türkiyə-Rusiya yaxınlaşmasının qarşısını almaq, ikinci planda isə Ermənistanı Rusiyanın təsirindən ayırmaq məqsədi var idi. Hətta Ukraynada uğur əldə edə bilməyən Qərb bloku Ermənistan və Qarabağ üzərindən Rusiyaya cəbhə açmaq niyyətində idi. Bu planları həyata keçmədi. İndi Rusiya, Türkiyə və Azərbaycan yeni bir plana start verdilər. Bu birliyin ən önəmli tərəfi Qarabağ probleminin həll olunmasıdır. Bu günlərdə Qarabağ məsələsi tez-tez gündəmə gələcək”.

Putinin hədəfi nədir?

Göründüyü kimi, regionda maraqlı proseslər baş verir və bu prosseslərin nəticəsində Dağlıq Qarabağ münaqişəsinin həll olunacağı ehtimalı da önə çıxır. Lakin burada diqqət çəkən məqamlardan biri də Bakı, Sankt-Peterburq və Moskva görüşlərinin hər birində iştirak edən Rusiya prezidenti Vladimir Putinin hədəfinin nə olmasıdır.

Politoloq Natiq Miri hesab edir ki, Rusiya prezidentinin son günlər regionda keçirdiyi görüşlərin səbəbi Qərb dünyasına qarşı alternativ kimi “güclü Avrasiya” yaratmaq planıdır:

“Bu Rusiyanın Avrasiya planının baş tutması kontekstində baş verir. Avrasiyada aparıcı, həlledici ölkə kimi Rusiyanın danışıqlar apardığı ölkələrlə yaratdığı birlik Qərb dünyasına alternativ qoymaq arzusudur. Məsələnin əsas kökündə duran budur. Aktiv görüşlərlə Rusiya, həmçinin öz iqtisadiyyatını dirçəltmək istəyir. Regiondakı ölkələr arasında çox ciddi iqtisadi, ticari əlaqələr yaradılacaq ki, bu da Rusiya iqtisadiyyatının dirçəlməyinə yardım edəcək. “Şimal-Cənub” nəqliyyat dəhlizi kontekstində Rusiyadan çıxan dəmiryolu xətti Azərbaycan-İran-Hindistan-Pakistana qədər gedə biləcək və Rusiyanın Mərkəzi Asiya ölkələri ilə rahatlıqla ticarət əlaqələrini stimullaşdıracaq. Paralel olaraq, Asiya dünyasından gələn bütün malların həm Rusiyaya qədər, oradan da Şimali və Qərbi Avropaya qədər getməsinə şərait yaradacaq”.

Politoloq qeyd edib ki, Moskva Avrasiya planını inkişaf etdirmək və nəticədə regiondakı müttəfiqliyi Qərb dünyasına qarşı qoymaq üçün çalışır.

Gülnar Babazadə

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir