KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Bahtiyar Hacıyev: Qərb Ukraynanı tək qoydu” haqqında

Bahtiyar Hacıyev: Qərb Ukraynanı tək qoydu” haqqında

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
426 0

“Qərb Ukraynanı tək qoydu” haqqında.
Son günlər Rusiyanın Ukraynaya təcavüzü haqqında danışmayıb, “Qərb Ukraynanı tək qoydu” yazanlar çoxalıb. Bunları yazanları bir neçə kateqoriyaya ayırmaq lazımdır:
1) Rusiya propaqandasına məruz qalanlar
2) Rusiya propaqandasını məqsədli şəkildə aparanlar
3) Qərbin başqa ölkələrdə başqa münaqişələrdə, başqa ölkələri işğal etməsindən səmimi narahat olanlar
4) Qərbin necə işlədiyini bilməyənlər
5) Zelenski Qərbə dəstəyə görə təşəkkür edəndə görməyən, ancaq temperaturu artıraraq addım atmağa sövq etmək üçün Qərbi tənqid edəndə danışan, “Rusiya müharibə etməyəcək”, “Qərb dəstək verməyəcək” proqnozlarını verib, proqnozlarının düz çıxması üçün bunu arzu edənlər.
Birinciləri qınamaq olmaz. 1 həftə dayanmadan Rusiya mətbuatından məlumat alan adam istər-istəməz propaqanda qurbanına çevrilə bilər. Çünki, propaqanda çox abırsız, həyasız formada aparılır.
İkincilərlə bağlı faktlar artıq Ukrayna KİV-lərində yayılır. FSB agentləri tutulur, onların mətbuatda və sosial şəbəkələrdə yaymalı olduqları tezisləri barədə faktlar çıxır, Rusiyanın Ukraynada “5-ci kolon” yaratmaq üçün xərclədiyi milyardların yeyilməsi araşdırılır. Rusiya 5-ci kolonu təkcə Ukraynada yox, həm də Azərbaycanda yaradır və yaratmağa çalışır.
Üçüncülər düşünməlidirlər ki, ABŞ-ın İraqı işğal etməsi Rusiyanın Ukraynanı işğal etməsinə haqq qazandırmamalıdır. İşğal işğaldır, başqa bir ölkənin ərazisinə haqsız müdaxilə varsa, qınanmalıdır. Mən daha İraqla Ukraynanı başqa məsələlərdə müqayisə etmirəm, savaşların səbəblərini də eyniləşdirmirəm.
Ən əsas 4-cü qrupdur. Onlar elə bilirlər ki, Qərb savaş başlayan kimi təyyarələrini gətirib Ukrayna səmasında uçuracaq, Qərb ölkələrində də qərarlar Putinin düyməyə basdığı kimi anındaca birinci şəxs tərəfindən verilir. Elə deyil. Qərbdə qərarlar ləng, kollektiv verilir. Qərbdə liderlər qərar verəndə müxtəlif siyasi qüvvələrlə kompromisə getməli olurlar, bunun iqtisadiyyatlarına, vətəndaşlarının rifahına necə təsir edəcəyini düşünürlər. Qərb liderləri üçün birinci məsələ onlara səs vermiş vətəndaşların rifahı və təhlükəsizliyidir, ona görə Putin kimi kabinetdə oturub, dəstəyi qaldırıb, “hücuma keçin” deyə bilmirlər.
Ancaq Qərb illərdir Ukrayna ordusuna təlimlər keçir, silahlar verirdi, əldə etdiyi kəşfiyyat məlumatlarını paylaşırdı və indi də paylaşır. Müharibənin ilk günlərindən həm maliyyə dəstəyi verilir, həm silahlar göndərilir, həm Qərb dövlətlərindən könüllü dəstələr Ukraynaya gəlir, həm də kəşfiyyat məlumatları ilə proses nəzarətdə saxlanılır.
Bunlar edilməsəydi, Putin planlaşdırdığı kimi 24-48 saat ərzində Kiyevdə öz kuklasını otuzdurardı. Ancaq indi 13 gündür canlı qüvvə və hərbi texnika itkiləri verirlər, mənəvi-psixoloji vəziyyətləri yerlərdə sürünür.
Bundan əlavə Qərb tərəfdən bir neçə gün ərzində Rusiya İranın, Venezuelanın, Şimali Koreyanın, Kubanın illərlə tətbiq olunan sanksiyaları kölgədə qoyan sanksiyalar paketi gəldi, davamı da gəlir.
Ancaq Qərbdə həm qərarların ləng verilməsi, həm də Qərbin bir addım atmamışdan əvvəl əsas, ictimai rəy hazırlaması prosesi uzadır. Gec olacaq, ancaq bu savaşda Ukrayna qalib gələcək. Bu mənim həm proqnozum, həm də arzumdur. Əks halda biz də daxil olmaqla bir çox ölkələr Rusiyanın əyalətlərinə çevrilmək təhlükəsi ilə üz-üzə qalacağıq.
Proqnoz verib düz çıxmayanlar isə şüuraltında Rusiyanın qələbəsini, Ukraynanın düşməsini hiss edənlər isə düşünməlidirlər ki, Rusiya qalib gəlsə, bizi nələr gözləyir. Ölkəmizin və regionumuzun, dünyamızın gələcəyi hansısa proqnozun düz, yaxud səhv çıxmasından milyonlarla dəfə daha vacibdir.

Bahtiyar Hacıyev

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir