KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Bahəddin Həzi: Anası ilə rusca danışan…

Bahəddin Həzi: Anası ilə rusca danışan…

Kafkassam Editör Kafkassam Editör - - 17 dk okuma süresi
24 0

Əslində “Bir millət-iki dövlət” şüarı Azərbaycan Respublikasının Konstitusiyasına ziddir. Çünki Konstitusiyada millətimizin adı “Azərbaycan xalqı”, dilimizin adı “Azərbaycan dili”dir. “İki dövlət-bir millət” deyirik, amma Türkiyə türkcəsinə xarici dil kimi yanaşırıq; türk seriallarını dublyaj (!) edib göstəririk. Bir əsr qabaq da bu cür yanaşma varmış. Yoxsa Mirzə Ələkbər Sabir deməzdi:”Mümkün iki dil bir-birinə tərcümə, amma, “Osmanlıcadan tərcümə türkə” nə deməkdir?”

Professor Nəsib Nəsiblinin bu haqda bir çıxışını dinlədim. Çox ürək ağrısı ilə qaldırıb bu məsələləri. Sən demə, biz 2008-ci ildə Rusiya ilə müqavilə bağlamışıq ki, tarixə, mədəniyyətə baxışlarımızı da razılaşdıracağıq?! Belə də dərd olar?!

Həmişə bu məsələ məni çox ağrıdır. Öz adımızı olduğu kimi deməkdən, yazmaqdan imtina etmişik. Dilimizin adını da eləcə. Üstəlik bunu Konstitusion normaya çevirmişik ki, dəyişmək çətin olsun. Düşmənimiz belə bizi öz adımızla çağırır, özümüz yox. Necə də amansız bir paradoksdur.

Hər zaman deyirəm: millətin coğrafiyası dövlətin coğrafiyasından genişdir. Dilin coğrafiyası isə həm millətin, həm dövlətin coğrafiyasından genişdir. İngilis xalqının ayağı dəyməyən torpaqlarda belə ingilis dili var. Odur ki, millət olaraq getmək istədiyimiz yerə bizi dil, ədəbiyyat, sənət, mədəniyyət aparacaq. Hətta bu qloballaşan, özü boyda bir rəqəmsal platformaya çevrilmiş Planetdə də o millətlər irəli gedir ki, öz dilinin sağlamlığı və düzgün qidalanması üzərində əsir. Öz dilini əsir saxlayanlar irəli getmir, bu, belə bilinsin.

“Dilin düzgün qidalanması” dedik. Dilin də sərhədlərini bağlayaq demirik. Əksinə. Dilimizə yaraşan, uyuşan, dilimizə yovuşan sözləri, kəlmələri qəbul edək. Dilin saflığını qorumaq onu bütün başqa dillərə, fərqli mədəniyyətlərə qapamaq deyil. Amma dili zənginləşdirmək hardan, necə gəldi, söz alıb dilə yamamaq da deyil axı.

Necə dövlət sərhəddimizdən, iqtisadi sərhəddimizdən qanunsuz, təhlükəli, zərərli olan heç nə, heç kəs buraxılmır. Mənəviyyatımızın da sərhədləri var. Biz ölkəmizə qarşı düşmən mövqedə olan, dağıdıcı, pozucu işlər görən adamları necə “arzuolunmaz şəxs” elan ediriksə, eyni şey dilə də aiddir: dilimizi korlayacaq kəlmələri, sözləri “dil gömrüyümüz”dən içəriyə buraxmamalıyıq. Zərərli ibarələri və “zəhərli” ifadələri “deportasiya” etməliyik.

Amma bizim problemimiz bir az da mürəkkəbdir: biz öz dilimizi az qala öz sərhədlərimizdən qovub çıxarmağa çalışırıq. Özümüzə yad kimi baxır, bir-birimizi az qala əcnəbi gözündə görürük. Yoxsa iki Azərbaycan türkü niyə bir-biri ilə yad dildə danışsın ki?!

Zamanında çoxlu böyük ziyalılar, miqyaslı şəxsiyyətlər dilimizin keşiyində dayanırdılar. İndi bu cür adamları da barmaqla saymaq olar; azala-azala gedirlər. Amma, şükür, hələ də var belə insanlar. Sadəcə, problem çox ağırdır, yük ağırdır. Tək-tək adamlar nəinki bu yükü təklikdə qaldıra bilər, əksinə o zalım tonnajın altında qalıb əzilənləri də görürük. Bu, tək adamın işi deyil. Hamımızın o tək adamlara arxa durması gərək. Ramiz Rövşən demişkən: “Hanı bu yükün yiyəsi?!” Bu yükün yiyəsi, millətin özüdür, özü! Aydınlarını meydanda tək buraxmamalı deyil, millət.

Ən ağır-ağrılı olan da budur ki, biz dilimizi qorumaq üçün deyil, dilimizi qoruyanlara qarşı daha çox mübarizə aparırıq. Elə biri professor Qulu Məhərrəmli. Dilin keşiyini çəkən bu kişiyə neçə-neçə “elmi” dəlLAL dil uzatmışdı. Başı daşdan-daşa dəydi alimin.

Bəli, yüz il keçib, sanki heç nə dəyişməyib; “Öz qövmüzün başına əngəl-kələfiz biz” deyirdi böyük Sabir.

…Bir neçə il qabaq Türkiyədə bir xəbər oxumuşdum. Bir qadın avtoqəzada başından ağır zərbə almışdı. Komaya düşmüşdü. Əvvəllər heç bir xarici dil bilməyən qadın komadan ayılanda əcnəbi dildə danışmağa başlayıb. Taleyin ironiyasına baxın: qadın ayılıb özünə gələn kimi… rus dilində danışıb.

Biz də millət olaraq iki əsr qabaq… başımızdan elə zərbə almışıq ki, hələ də… rusca danışırıq.

Həmişə bu sual məni düşündürür: türk olan bir adam da anası ilə rusca danışar?! Öz anamızla öz anamızın dilində danışmayandan sonra biz kimik və kimə lazımıq?!

Millət dilin hadisəsidir, əzizlərim. Dil millətin özündən uzun yaşayır. Dilini unutduğu gün millət yoxdur.

Mən xarici dil öyrənməyin əleyhinə deyiləm. Ancaq xarici dilə öyrəşməyin əleyhinəyəm.

Biz əvvəlcə öz dilimizi öyrənməliyik. Öz dilimizdə yaşamağı öyrənməliyik. Öz dilimizi öyrətməliyik. Öz dilimizə öyrəşməliyik. Körpəyə hansı dilin laylasını oxuyursansa, o dilə mənsubsan.

Öz dilini bilməyən biri onlarla xarici dil bilsin, nəyə yarayar?! Birini dövlət proqramı ilə xaricə göndərib oxutdurursan, üç-dörd dil öyrənir. Qayıdıb gələndə məlum olur ki, sən demə, bu cavan adam xarici ölkəyə öz dilini… unutmağa gedibmiş! Hələ üstəlik beləsini gətirib bir vəzifəyə də qoyanda, adam öz xalqı ilə dil tapa bilmir. Sözün hər cür mənasında.

Dilini unutmaqla, hər yerdə özgə dildə danışmaqla adam müasir, qlamur, əsilzadə, elit-filan olmur, vallah-billah, olmur! Dünyada özünə, öz kökünə, öz kültürünə sadiq qalmaqla çağdaşlığa qovuşmuş xalqlar var. Biri yaponlar. Biz belə millətlərin yolu ilə getməliyik.

Mən 1983-cü ildə əyalətdən Bakıya gələndə bu şəhər məni qorxutmuşdu. Hər yerdə hamı rusca danışırdı. Öz dilində danışana yad baxırdılar, ələ salırdılar. Dəhşətli bir dil uçurumunun dibindəydik.

Mən ikili hiss keçirirdim. Bir yandan öz türkcəmizdə yazıçılarımızın, şairlərimizin əsərlərini oxumuşdum və oxuyurdum, bir yandan da Bakıda o dildən əsər-əlamət qalmadığını görürdüm. O əsərləri yazan yazıçıların bəziləri də bir-biri ilə rusca danışırdı. Öz türkcəmiz şəhərin ucqarlarına, əyalətə qovulmuşdu. Mən təəccüb içindəydim: bəs bu necə olur?! Bəxtiyar Vahabzadə, Məmməd Araz, Sabir Əhmədli, İsmayıl Şıxlı kimi yazıçılar, şairlər bu şəhərdə yaşayır. Mövlud Süleymanlı bu şəhərdə yaşayır. İsa Hüseynov “Məhşər”i bu şəhərdə yazır. Şahmar Əkbərzadə, Sabir Rüstəmxanlı, Eldar Baxış… bu şəhərdə yaşayır. Vaqif Səmədoğlu var, burda, a kişi! Vaqif Bayatlı var. Var da, var! Hələ üstəlik Buynuzdan Musa Yaqub da gəlir. Amma şəhər öz dilini unudub. “Bu nə işdir?!” deyə özümdən-özgədən soruşurdum.

Mən deyim ki, hər şərdə də bir xeyir olur. 80-90-cı illərin hadisələri nə qədər ağır sınaqlarla, itkilərlə dolu olsa da, dilimizi xilas etdi. 20 yanvar şəhidləri həm də dilin şəhidləri idi.

Milli-azadlıq hərəkatını qidalandıran da ilk başda dil, kültür davasıydı. Biz cavanlar, tələbələr də Meydanda öz aramızda yarızarafat “cərimə” tətbiq etmişdik. Rusca deyilən hər sözə görə bir-birimizi simvolik məbləğdə “cərimə edirdik”. Amma hamımız da rusca bilirdik. Sadəcə, özümüzlə öz dilimizdə danışmaq tərbiyəsi alırdıq. Özü də elə özümüzdən tərbiyə alırdıq. Bir də öz dilimizdən zövq alırdıq.

İndi dövlət də vətəndaşla öz dilində danışır. Yolda sizi saxlayan polisə fikir verin: “dönmə işığını yandırmadınız” deyir, “dairədə sağdan gələnə yol vermək lazımdır” deyir, “qarşı zolağa çıxmışdınız” deyir. Həmin cümlələrdə rusca kəlmə işlətmir.

Bəli, polisin özü belə öz dilimizdə təmiz danışır. Niyə?! Çünki rəsmi təlimat var; əmr belədir. Qayda qoyulub. Bu qaydanı pozan polis işçisi cəza ala biləcəyini bilir. İşinə görə məcburdur axı.

Deməli, dövlətin başqa məmurlarını da, hər kəsi də öz dilində düşünməyə, öz dilində danışmağa məcbur etmək lazımdır.

Öz dilində deyil, başqa dildə yazan yazıçılar var. Bu da bizə Sovet dövründən miras qalıb. O rusca yazan yazıçılar elə bilir ki, dünyaya çıxmağın daha asan yolu budur. Bəlkə də elədir. Amma o məntiqlə gərək hamısı ingiliscə yazaydı.

Heç birimiz yapon dilini bilmirik, amma Kavabatanı, Oeni oxumuşuq. Borxes, məsələn, ispanca bilməyənlər üçün də Borxesdir. Prustu fransızca oxuyan neçə nəfərik?! Barmaq sayı.

Deməli, əsərin hansı dildə yazılması deyil, necə yazılması və dünyaya necə çıxarılması önəmlidir. Afrikanın, Cənubi Amerikanın kasıb cəmiyyətlərində öz dilində yazıb Nobel alanlar, on milyonlarla nüsxə kitabı satılanlar da var. Dünya səviyyəsinə çıxacaq əsərlər yaza bilsək, öz dilimizdə də olsa, o, dünyanın diqqətini cəlb edəcək. Əks halda zəif əsərlərini ingiliscə də, fransızca da, almanca da yazsan, kimsəni tərpətməyəcək.

Əsas mətləbə dönək. Bir-biri ilə öz dilində danışmayanlar, bəli, hələ də var. Həm də çoxalırlar. Sözün hər mənasında. Özlərindən sonra uşaqları da “rusca böyüyür”. Bu, narahatlıq doğurur.

Rus işğalına 33 il qabaq son qoymuşuq. Ancaq rus dilinin işğalı hələ də davam edir. Xüsusilə, cəmiyyətin elitası sayılan zümrədə. Rus dili də rus qoşunları qədər işğal alətidir. Biz rus qoşunlarını ölkəmizdən çıxara bilmişik. Amma rus məktəbləri hələ də qalır. Bu da dövlətdən qabaq millətin özünə bağlı məsələdir. Əgər bir ana öz uşağının ana dilində oxumasını istəmirsə, dövlət buna neyləsin?! Əlbəttə, rus məktəblərinin qalması həm də siyasi məsələdir. Ancaq, tutaq ki, türk ailələr öz övladlarını rusca oxutmaq istəməsələr, dövlət onları buna məcbur edəcək?! Əlbəttə, yox. Rusdilli insanlar da var. Bəli, onlar üçün rus dilində özəl məktəblər açılırsa, buna kimin nə sözü olacaq?! Azərbaycanda ingiliscə də məktəblər var. Fransızca da vardı. Ancaq nədənsə biz tədrisin rusca olduğu məktəbləri dövlət büdcəsindən maliyyələşdiririk. Ali məktəblərdə rus bölmələri hələ də qalır.

Dediyim kimi, bu da təkcə dövlətə yox, millətin özünə bağlı məsələdir. Hələ də bir qism insan rusca danışmaq, hətta rusca düşünmək istəyir. Rusun özündən də artıq rus olmaq istəyənlər var Azərbaycanda. Onlar elə bilir, rusca düşünəndə adam ən doğrusunu düşünür. Onu düşünmür ki, rus səndən daha düzgün düşünə bilsəydi, 75 trilyon dollarlıq təbii sərvətlə dünyanın ən zəngin ölkəsi olan Rusiyanın dünya ümumi daxili məhsulundakı payı vur-tut 1,9 faiz olmazdı. Deməli, rusca düşünmək hələ doğru-düzgün düşünmək demək deyil. Rus olmaqdan heç rusun özü düz-əməlli xeyir görə bilmir, sən rusbaşlı və ya rusyönlü olub, nə qazanacaqsan?!

Bu ritorik sualıma yenə qayıdıram: adam da anası ilə rusca danışar?!

Dövlət dili Azərbaycan türkcəsidir. Adını türkcə qoymasa da, dövlət mənimlə öz türkcəmdə danışır. Amma mən niyə özümlə rusca danışım?!

Elə ölkələr var, xalqı öz dilində danışır, dövləti yad dildə. Danışıq dili özününküdür, rəsmi dil özgəninki. O ölkələrdə dövlət öz xalqı ilə yadın dilində danışır. Afrikada, Cənubi Asiyada var belə ölkələr: dövlət dili ingiliscədir, fransızcadır… Amma elə xalq da var, öz dilini tamam unudub. Dilindən qabaq ölənlər var tarixdə.

…Meşədəki, çöldəki aslan bizim ona “aslan” dediyimizi bilmir. Hətta öz övladımıza da Aslan adı qoyuruq, ancaq aslan öz adını bilmir. İnsanın heyvandan, ağacdan fərqi var axı. Biz heyvanatdan, bitki aləmindən, canlı-cansız hər cür əşyadan öz dilimizlə üstünük, elə deyilmi?! Həm də öz dilimizlə. Hər xalq öz dili ilə özəldir. Hər xalq öz dilinin üstündə yaşayır.

Düşünürsən: sən başqa xalqın dilinin altında gizlənə bilərsən. Başqa dilin həndəvərində hərlənib, girlənə də bilərsən. Yad kültürün kölgəsində dincələ bilərsən. Bir sözlə, başqa dilin başına dolanıb birtəhər başını saxlayarsan. Amma hər şey sənin düşündüyün kimi deyil: hansı dilin budağına qonsan da, sən öz dilinin kökünə bağlısan; kökdən qopdunsa, gec-tez yox olacaqsan.

Seyran Səxavət düz deyir: “Cümlə qurmaq dövlət qurmaqdan çətindir”. Bəli, dövlətin özü də bir sözdən, bir fikirdən, bir cümlədən başlayır. Dilin süqutu dövlətin də, millətin də sonu deməkdir.

Biz axırda öz dilimizi unudacağıqsa, bu dildə bu boyda mədəniyyəti, bu qədər mədəni sərvəti nahaqdan yaratmışıq?! Biz mədəniyyət yaradan xalqıq. Başqası kimi özgədən mədəniyyət oğurlayıb öz adına çıxan yarımyabanı tayfa deyilik. Bu mədəniyyəti qonşuya buraxıb gedirik?! Hara gedirik?!

Uzun sözün qısası: dilimiz əldən getsə, özümüz də dalınca gedərik, biləsiniz.

Biz üç varlığa “ana” deyirik: bizi dünyaya gətirən qadına, Vətənə, bir də dilimizə. Bunların hər üçü eyni dərəcədə müqəddəsdir.

Gəlin, oturaq, öz dilimizdə düşünüb, öz dilimizdə danışıb, dil tapaq. Yol tapaq. Hələ yol yaxın ikən…

Bir-biri ilə yad dildə danışan “qlamur” soydaşlar – bacılar-qardaşlar, Tanrı haqqı, qıraqdan çox pis görünürsünüz. Çox pis…

Bahəddin Həzi, Bizimyol.info

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir