KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Azer Gasimli: Sivil və güclü Azərbaycanın yalnız bir yolu var

Azer Gasimli: Sivil və güclü Azərbaycanın yalnız bir yolu var

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
316 0

2-ci Qarabağ müharibəsini sonlandıran 3-lü sazişin imzalanmasının üzərindən 2 ay keçib. Müharibədə Azərbaycan Ordusu qalib gəlsə də 3-lü sazişlə ərazi bütövlüyümüzü bərpa edə bilmədik. Erməni ordusu hələ də Dağlıq Qarabağ ərazisindədir, hələ də aramızda təmas xətti var, hələ də Azərbaycana tabe olmayan siyasi rejim mövcuddur və Xankəndində də məhz onun bayrağı dalğalanır… Prezident “biz sovet dövründə Şuşaya ya gərək Xankəndindən gedəydik, ya da ki, Laçın dəhlizi ilə, indi isə biz Füzulidən yeni yol açırıq” deməklə Dağlıq Qarabağa nəzarət etmədiyimizi özü təsdiq edir.
İmzalanan 3-lü saziş Qarabağdaki erməniləri artıq Ermənistandan deyil bilavasitə Rusiyadan asılı vəziyyətə saldı. Çıxışında “biz Naxçıvana ermənilərin nəzarəti altında deyil, məhz rusların nəzarəti altında gedəcəyik” deyərək ümumən rus hərbiçilərinin bölgəyə guya rahatlıq və təhlükəsizlik gətirəcəyinə inamını nümayiş etdirməyə çalışan prezident yanılır. Əslində isə məsələnin elə ən pis tərəfi budur… Əgər 27 sentyabra qədər Qarabağ probleminin hərbi yolla həlli var idisə, rus hərbi kontingentinin Qarabağda yerləşdirilməsindən sonra ərazi bütövlüyümüzü bərpa etmək üçün artıq hərbi yola əl atacağımız mümkünsüz oldu… Çünki bunu etsək bu səfər biz Ermənistanla deyil, bilavasitə Rusiyanın özü ilə üz-üzə qalacağıq.
Rus hərbi kontingentinin Azərbaycanda yerləşdirilməsi milli maraqlarımıza zidd və suverenliyimizi təhdid edən qərar idi. Artıq tam aydındır ki, onlar erməniləri bəsləyəcək və 5 ildən sonra da öz xoşuna torpaqlarımızı tərk etmək istəməyəcək.
Biz nə edə bilərik?
İki yolumuz var.
Birinci, daha qısa yol: Ermənistanın yolu ilə gedib Avrasiya İqtisadi İttifaqına, KTMT (ОДКБ) üzv olmaq və Rusiya ilə 20 illik müqavilə imzalayıb Qarabağdaki “rus sülhməramlı qüvvələri”nə hərbi baza statusunu vermək. Belə olan təqdirdə Xankəndində ordumuz olmasa da bayrağımız dalğanacaq. Lakin dalğalanan bayraq müstəqil dövlətin simvolu olmaqdan çıxacaq, çünki Dağlıq Qarabağa rusların nəzarəti altında muxtar vilayət statusunu verməli, taleyimizi yenə də avtoritar Rusiyaya bağlamalı olacağıq və mütərəqqi dünyadan birdəfəlik qopacağıq. Türkiyə ilə də strateji müttəfiqliyimizə son verməli olacağıq. Bir sözlə sonunda nə müstəqilliyimiz olacaq, nə də Qarabağımız… Oturub Rusiyanın zəifləməsini gözləsək, 90-ların əvvəlində olduğu kimi Rusiya erməniləri silahlandırıb bölgədən çəkildiyində dünyada söz sahibi olanlar arasında bizə dəstək verən olmayacaq.
İkinci, strateji yol: Rusiyadan asılılığı azaltmaq, bölgədə güc balansı yaratmaq üçün bizə müttəfiqlər lazımdır. Sözsüz ki, ilk növbədə Türkiyə ilə strateji hərbi-siyasi müttəfiqliyimizi dərinləşdirməliyik. Lakin yalnız Türkiyə ilə əməkdaşlıq yetərli deyil. Sabah post-sovet məkanında Rusiya geri çəkilmək məcburiyyətində qalacağı təqdirdə dünyada əsas söz sahibi olan Qərb ölkələri, onlara bağlı olan beynəlxalq institutların və təşkilatların müttəfiqinə çevrilməliyik ki, Dağlıq Qarabağ məsələsində onların dəstəyini qazana bilək. Bunun yolu isə avroatlantik inteqrasiyadan keçir. Bu yolla həm hərbi, həm diplomatik baxımdan güclənəcəyik. Bölgədə Türkiyə və Gürcüstanla müttəfiqliyimizi gücləndirəcək yeni sazişlərə, birgə hərbi-siyasi və iqtisadi projelərə gedəcəyik. Ən əsası da insan həyatına dəyər verən ölkə quracağıq.
Üçüncü yol da var – balanslı siyasi kurs, yəni heç nə etməmək, hər şeyi olduğu kimi saxlamaq… Putinin rəhbərliyi altında 10 illərlə bugünkü kimi nəticəsiz görüşlər keçirmək və …polis rejimi, yalnız kiçik bir zümrənin varlanması, ədalətsiz məhkəmələr, saxta seçkilər… Əslində birinci yolu seçdiyimizdə də aşağı-yuxarı eynisini yaşayacağıq.
Sivil və güclü Azərbaycanın yalnız bir yolu var – Avroatlantik inteqrasiya, Türkiyə ilə strateji hərbi-siyasi müttəfiqlik və Azərbaycan-Türkiyə-Gürcüstan birliyi!
Azer Gasimli

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir