KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Azer Gasımlı: Moskva Bəyannaməsi ilə bağlı mövqeyim

Azer Gasımlı: Moskva Bəyannaməsi ilə bağlı mövqeyim

Kafkassam Editör Kafkassam Editör - - 10 dk okuma süresi
373 0

Moskva Bəyannaməsini imzalayaraq Əliyev artıq balans siyasətindən imtina etmiş oldu və bəyan etdiyi “tərəfsiz ölkə” statusundan demək olar ki, çıxdı. Bunu etiraf etməsələr də, imzalanan sənədin əsas ruhu budur. Sənədin 4-cü (“Rusiya Federasiyası və Azərbaycan Respublikası aktual beynəlxalq problemlər üzrə eyni və ya yaxın mövqelər tutmaqla…”) və 7-ci maddələrində (“Rusiya Federasiyası və Azərbaycan Respublikası Tərəflərdən birinin fikrincə iki dövlətin strateji tərəfdaşlığına və müttəfiqlik münasibətlərinə xələl gətirən hər hansı hərəkətlərdən çəkinirlər.”) bunu açıq şəkildə görürük.

Aktual beynəlxalq problemlərin əsas mənbəyi Rusiyanın hüquqa zidd addımları və işğalçı siyasətidir. İndi necə olacaq, bütün dünya Putinə işğalçı deyəcək, Rusiyaya qarşı sanksiyalar tətbiq edəcək, beynəlxalq təşkilatlardan qovacaq, bir sözlə divara sıxacaq (hazırda bu baş verməkdədir), Azərbaycan isə Putinə dəstək verməli olacaq? Sabah Rusiya ilə Türkiyə arasında hər hansı bir mübahisə olsa Azərbaycan kimin tərəfini tutacaq?

10 noyabr 2020 gecə bəyanatından sonra bu Bəyannamə ikinci addımdır ki, Əliyev bəyan etdiyi “balanslı siyasət” və “neytral ölkə” statusundan uzaqlaşır, eyni zamanda da Putinlə yaxınlaşır. Bu artıq trenddir və çox güman ki, irəlidə yeni addımların da şahidi ola bilərik. Əsas nəticə budur.

Əlieyev də avtoritardır, Putin də. Heç kimə sirr deyil ki, Putin post-sovet məkanında keçmiş SSRİ elitasından çıxan avtoritar liderlərin əsas dəstəkçisidir. O cümlədən də Əliyevin. Məhz buna görə bu ilin əvvəli Qazaxstanda baş verən xalq üsyanı zamanı KTMT-nin hərbi kontingenti prezident Tokayevin dəvəti ilə ölkəyə yeridildi. Bəyannamənin 6-cı (“Rusiya Federasiyası və Azərbaycan Respublikası Tərəflərdən birinin fikrincə sülhə təhlükə yarada bilən, sülhü pozan və ya Tərəflərdən birinin təhlükəsizlik maraqlarına təsir edən vəziyyət yarandığı, eləcə də bu cür vəziyyətin yaranması təhdidi olduğu təqdirdə onun nizamlanması məqsədilə təxirəsalınmaz məsləhətləşmələrin aparılmasına hazırlıqlarını ifadə edirlər.”) və 16-cı (“Təhlükəsizliyin təmin edilməsi, sülhün və sabitliyin qorunub-saxlanması məqsədilə Rusiya Federasiyası və Azərbaycan Respublikası bir-birinə BMT Nizamnaməsi, ayrı-ayrı beynəlxalq müqavilələr əsasında və Tərəflərdən hər birinin beynəlxalq-hüquqi öhdəliklərini nəzərə almaqla hərbi yardım göstərilməsi imkanını nəzərdən keçirə bilərlər.”) maddələrin Tokayev presedentinin Azərbaycanda da tətbiq edilə biləcəyinə açıq şəkildə ciddi şübhələr yaradır. Azərbaycanın təhlükəsizlik maraqlarına hansı istiqamətdən təhdid ola bilər? Türkiyədən? Bəlkə Gürcüstandan? Yoxsa sanksiyalar altında inləyən İrandan? Bəlkə ABŞ və Avropa İttifaqından? Bu günə kimi post-sovet məkanında olan ölkələrə, ilk növbədə də Azərbaycana əsas təhdid məhz Rusiyadan gəlib. Gürcüstanın və Ukraynanın ərazilərini məhz Rusiya işğal edib. Moldovada Dnestryanı bölgəni məhz Rusiya öz əlində saxlayır. Dağlıq Qarabağda da məhz Rusiyanın hərbi kontingentidir. Xarici təhdid yoxdursa və bu təhdid məhz Rusiyadan qaynaqlanırsa, qalır yalnız daxili faktor, yəni xalq etirazının yatırılması və ya cəmiyyətin gözünü qorxutmaq üçün yardım.

Bəyannamədə hər iki tərəfin bir-birinin ərazi bütövlüyünün tanınması qeyd edilib. Bəyəm 44 günlük müharibədən əvvəl Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanımırdı? Əlbəttə ki, tanıyırdı. Lakin bunun Dağlıq Qarabağa aidiyyatının olmamasını deyirdi və bu gün eynisini xarici işlər naziri Lavrov deyir. Niyə bu Bəyannamədə Dağlıq Qarabağın Azərbaycana aid olduğu yazılmayıb? Yazılmadığı təqdirdə də “bir-birinin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığını dəstəkləyirlər” cümləsi adi söz yığınıdır.

Bəyannamə bir daha təsdiq etdi ki, Rusiya Dağlıq Qarabağdan çıxmaq fikrində deyil. 8-ci (“Azərbaycan tərəfi 2020-ci ilin noyabr ayında regionda atəşin və bütün hərbi əməliyyatların tam dayandırılmasında Rusiya Federasiyasının vasitəçilik rolunu yüksək qiymətləndirir.”) və 9-cü (“Rusiya Federasiyası və Azərbaycan Respublikası … 9/10 noyabr 2020-ci il tarixli, 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli bəyanatlarının müddəalarının həyata keçirilməsi üzrə səylərə bundan sonra da hər cür dəstək verəcəklər.”) maddələr bunu bir daha təsdiq edir.

Ən son da olduqca zərərli, ekoloji böhrana gətirə biləcək və sağlam gələcəyimizi təhdid edə biləcək 32-ci maddəni də qeyd etmək çox vacibdir. Bu maddəyə görə tərəflər atom enerjisindən dinc məqsədlərlə istifadə sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını nəzərdən keçirəcəklərin razılaşıblar. Aydın məsələdir ki, Rusiya bizə çox bahalı və ziyanlı atom elektrik stansiyasının tikilməsini təklif edir. Buna da heç bir halda getmək olmaz!

Mən Azərbaycanın bütün ölkələrlə, həm regional, həm qlobal, xüsusilə də Rusiya ilə qarşılıqlı hörmət və əməkdaşlıq, sülh və mehriban qonşuluq, bir-birinin daxili işlərinə qarışmama və bir-birinə qarşı siyasi, hərbi və digər alətlərdən istifadə etməməyin tərəfdarıyam. Ukrayna ətrafında gedən proseslərdən də dərs çıxarmağın, soyuqqanlı, ölkəmizin və xalqımızın təhlükəsizliyini nəzərə alan, milli maraqlarımıza söykənən və sabit inkişafımızı təmin edən xarici siyasi xəttin tərəfdarıyam.

Xarici siyasət riskləri və emosional yanaşmanı qəbul etmir. Mən NATO-ya üzvlüklə bağlı müraciət edək demirəm, çünki bilirəm ki, hazırda bu, mümkün deyil və Putini qıcıqlandıracaq. Lakin Rusiyanın əsas istəyi onun milli təhlükəsizliyi və Cənubi Qafqazda üçüncü ölkələrin hərbi bazalarının olmamasıdırsa, bizim də əsas istəyimiz ərazi bütövlüyümüzün sözdə deyil, işdə təmin olunmasıdır. Bu isə bu gün (elə dünən də) nə ABŞ-dan, nə Fransadan, nə də Türkiyədən asılıdır. Birbaşa Rusiyadan asılıdır. Biz Rusiyaya nəsə veririksə, əvəzində də bir şeylər almağı bacarmalıyıq. Bunu edə bilən xarici siyasət güclü, siyasətçi isə müdrük sayıla bilər. Moskva Bəyannaməsində isə verən tərəf yalnız Azərbaycandır. Hətta Putin imza tarixini də özünə sərf edən günü seçib – DNR və LNR-in tanınması günün sabahı (21 fevralda bunu edəcəyini çoxdan, ən azı keçən ilin dekabrında müəyyənləşdirmişdi – Jirinovskinin Dumadaki dekabr çıxışına baxın!). Əgər dövlət başçısı milli maraqlarımızı danışıqlar zamanı təmin edə bilmirsə demək bunu ya edə bilmir, ya da istəmir.

Xarici siyasət daxili siyasətin davamıdır. Əgər daxili siyasətdə avtoritar praktikalar varsa, hakmiyyət avtoritardırsa, xarici siyasətdə də bu hakimiyyət daha çox özü kimi avtoritar ölkələrə meyilli olur. Ya da əksinə. Bunu beynəlxalq münasibətlər fakültəsində beynəlxalq münasibətlər nəzəriyyəsi dərsinin birinci mühazirəsində keçirlər. Bir sözlə əlifbadır. Onu da qeyd edim ki, dünya təcrübəsi həmçinin onu göstərir ki, bir-biri ilə müharibə edən dövlətlər də əsasən avtoritar dövlətlər olur. Demək istədiyim odur ki, Əliyevin hakmiyyəti Putindən asılıdır və bu səbəbdən onun bölgəmizdə zəif olmasında hakimiyyət maraqlı deyil.

Əliyevin bəyan etdiyi kimi Azərbaycan neytral ölkə deyil. Neytrallıq bütün qlobal və regional oyunçular tərəfindən qəbul edilməlidir. Neytrallıq yalnız ikitərəfli müqavilələr tələb etmir. Rusiya qarşısında birtərəfli olaraq üzərinə öhdəliklər götürən ölkə özünə neytral deyə bilməz. Çoxşaxəli və tərəfsiz xarici siyasət yürüdsəydik Avropa İttifaqı ilə Assosiativ sazişə də imza atardıq. Yoxsa gedib elə yeganə təhlükə gələ biləcək tərəflə sənəd imzalayırlar. Yəni təhlükənin altına girirlər. Təhlükənin altına girmək təhlükədən qorunmaqdır? Yoxsa əksinə Əliyevin hakimiyyətini möhkəmləndirməkdir?
Azer Gasımlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir