Əvvəla 1-ci və 2-ci Qarabağ savaşında şəhid olan əsgər və zabitlərimizə Allah rəhmət etsin. Yaralananlara isə Tanrıdan şəfa diləyirəm. Ümid edirəm ki, onların qanı yerdə qalmayacaq.
1. İlham Əliyev son çıxışlarında dəfələrlə bəyan edib ki, torpaqlarımızın azad edilməsi məsələsində sona qədər gedəcək. Lakin Xankəndinə 2-3 kilometr məsafə qala, Kəlbəcər istiqamətində Murovdağ kimi yüksəkliyi əlimizdə saxlayaraq, Suqovuşan kimi strateji yerdə qərar tutmamız, Laçın koridoruna faktiki nəzarəti əlimizdə saxlayaraq və ən əsası ermənilərin kütləvi şəkildə qaçdığı bir zamanda bütün Qarabağı çox tez bir zamanda azad edə bilərdik. İmzalanan sənəddə isə Qarabağın bu rayonları bizə verilmir. Sadəcə ətraf rayonlar (Kəlbəcər, Ağdam), hansılarını ki, özümüz də problemsiz azad edə bilərdik, bizə veriləcək. Laçın koridoru isə bizim nəzarətimizdə olmayacaq… Gözlərinizi açıb imzalanan sənədi yaxşı-yaxşı oxuyun!!!
2. İmzalanan sənədə görə nə Xankəndi, nə Xocavənd, nə Xocalı, nə Ağdərə, nə də Laçın koridoru bizə verilməyəcək… Bu rayonlarda qondarma rejimin əsgərləri, hərbçiləri olduqları yerdə qalacaqlar. Gözlərinizi açıb sənədi bir daha yaxşı-yaxşı oxuyun!!!
3. İmzalanan sənədə görə “Qarabağ bizimdir, bizim də olacaq” şüarı əks olunmayıb. Tam əksinə, Qarabağın statusu məsələsi sonraki mərhələlərdə, danışıqlarda bilinəcək. Çünki bu sənəddə Qarabağın bizə aid olması əls edilməyib. Lakin bu səfər Qarabağda olan silahlı ermənilərlə yanaşı silahlı ruslar da olacaq. Danışıqlar da bəlkə daha 30 il sürəcək. Belə olmayacağına bu sənəddə heç bir zəmanət yoxdur…
4. Nəhayət, Qarabağda, bizim torpaqlarımızda yenə rus əsgərləri yerləşdiriləcək. Tərkibə diqqət edin: 1960 əlisilahlı əsgər, 90 bronitransparter, 380 zirehli maşın və xüsusi texnika. Bu rus hərbi bazası deməkdir artıq, sadəcə adını “sülhməramlı” qoyublar. Belə sülhməramlılar Abxaziyada, Cənubi Osetiyada da olub. İndi hər iki bölgə Gürcüstandan qoparılıb. Eyni aqibətin bizdə olmamasına kim zəmanət verə bilər?! Sənəddə türk sülhməramlılarla bağlı heç bir bənd, hər hansı işarə belə yoxdur. Sənədin 5-ci maddəsinə görə sülhməramlı mərkəz yaradılacaq ki, atəşkəsə nəzarət etsin. Təbii ki, bu mərkəz ruslardan ibarət olacaq. Bizim öz torpaqlarımızda bizə nəzarət edəcəklər… Sual edirəm, belə olan təqdirdə bundan sonra Qarabağı hərbi yolla ala biləcəyikmi? Onu da bilin və özünüzü aldatmayın: bölgəyə girən rus əsgərini bir də bölgədən çıxartmaq müşkül məsələ olacaq. Buna nə ermənilər imkan verəcək, nə Minsk Qrupu, nə də ruslar özləri. Özümüz öz əlimizlə imza atmışıq… Müharibəyə başlamaq istəsək bundan sonra qarşımızda rusları, Minsk Qrupunu və ermənilər üçün ağlaşma quran dünya ictimaiyyətini görəcəyik… Qarabağ erməniləri isə birbaşa rusların nəzarətinə keçəcək, əllərində oyuncaq rejim olacaqlar… Özü də 1 illik də gəlmirlər, 5 illik gəlirlər… Sənədə görə Qarabağı Ermənistanla birləşdirmək üçün yeni yol da çəkəcəklər, xəbəriniz olsun!
5. Naxçıvanla aramızda guya koridor yaradacaqlar. Koridora, giriş-çıxışa Rusiyanın FSB-si nəzarət edəcək (onların DTX-sı). Müstəqil Azərbaycana belə koridor lazımdırmı?
İndi sual edirəm, hansı zərurətdən bu sənəd gecə saat 3-də imzalandı? Nə ehtiyac vardı? Səhər və ya günorta edə bilmirdilər bunu? Ona görə etmədilər ki, bizlər həmən tənqid edəcəkdik, insanlar bu sənədin əsl mahiyyətindən xəbərdar olacaqdı. Yoxsa Tarif Şurasının qərarları kimi gecə yarısı elan etdilər…
Bu sənədlə Ermənistan kapitulyasiya etmədi. Kapitulyasiya edən Paşinyan hakimiyyəti oldu. Gedəcək Paşinyan, yerinə əli Xocalı qətliamında olan Qarabağ klanı gələcək, Sarkisyanlar, Koçaryanlar. Bizim üçün bunun bir fərqi olacaqmı? Yenə köhnə söhbətlər, uzun uzadı danışıqlar…
Bu sənədin adı nədir? Bu xəyanət deyil nədir? Bunu necə adlandıraq? Necə qəbul edək?
Azer Gasimli