KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Azərbaycanda dini müqəddəsləri kim və nə üçün təhqir edir..

Azərbaycanda dini müqəddəsləri kim və nə üçün təhqir edir..

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
384 0

Son zamanlar dinləri təhqir edən artan yazıların arxasındakı mümkün səbəblər

Son günlər sosial şəbəkələrdə yenidən dindar-dinsiz mübahisələri alovlanıb. Motiv hər zamankı kimidir: Yerli ateistlər İslam dinini, onun müqəddəslərini təhqir edən fikirlər yazır, qarşı tərəf də buna hər zaman olduğu kimi sərt reaksiya verir. Bundan sonra uzun-uzadı müzakirə və mübahisələr başlayır, qarşılıqlı təhqirlər və buna paralel olaraq nifrət artır.

Əslində yeni bir mövzu və ya hadisə də yoxdur. Amma sanki mövzu qıtlığından dini təhqir etmək, dindarların inanclarını təhqir edib onları qəzəbləndirməyə çalışırlar. Doğrudanmı, indi buna zərurət var? Azərbaycanda nə İranda olduğu kimi teokratik hakimiyyət mövcuddur, nə də Türkiyədə olduğu kimi islamçı siyasi partiya hakimiyyətdə deyil. Yəni ölkədə hansısa siyasi, iqtisadi və ya sosial məsələyə görə İslam dinini, dindarları ittiham etmək üçün hər hansı səbəb yoxdur.

Hətta Yaxın Şərqi bürümüş dinçi terror hərəkətləri də Azərbaycana yayılmayıb. Ara-sıra baş qaldırmalar olur, o da hökumət qurumları tərəfindən qarşısı alınır. Yəni narazı bir nəfərin Azərbaycanda hansısa problemə görə İslamı ittiham etməsi üçün bir səbəb yoxdur. Yaxın Şərqdə, müsəlman aləmində baş alıb gedən müharibələr, geriliyin səbəbini dində axtarıb İslama hücum etmək üçünsə ciddi arqument yoxdur. Üstəlik, bunu geriliyin səbəblərini tapmaq, xalqı cəhalətdən, xurafatdan çəkindirmək məqsədilə, maarifçi bir fəaliyyət olaraq deyil, açıq-aşkar təhqir və nifrət yaradırsa, deməli, səbəb başqadır. Sosial şəbəkədə yeri gəldi gəlmədi dini müqəddəsləri aşağılayan paylaşımlar etmənin iki səbəbi ola bilər.

Bunu edənlərin psixoloji durumu, həyatının hansısa dönəmində din və dindarlardan gördüyü münasibət nəticəsində aldığı psixoloji travmanın doğurduğu patoloji nifrət buna səbəb olur. Bir qayda olaraq dinə kəskin münasibəti olanların şüuraltında dərin travma yatır və həyatlarında hansısa bir dönəmdə dindarlardan gördüyü münasibət nəticəsində vaxtaşırı o nifrətini büruzə verir. Hindistanlı müsəlman ailədə doğulmuş Salman Rüşdünün İslam düşməninə çevrilməsinə məhz uşaqlıqdan yaşadığı travmaların səbəb olduğu deyilir.

Şəxsi münasibətin ikinci və daha yüngül forması gündəmdə olmaq, cəmiyyətin diqqətini, hətta nifrət formasında da olsa üzərinə çəkmək, standart toplumdan daha fərqli olduğunu büruzə verməkdir. Bunun ən rahat yolu dinə qarşı sərt fikirlər səsləndirməkdir. Çünki adətən bu cür fikirlər sərt reaksiya doğurur, kütləni qəzəbləndirir, fikir müəllifinə isə dissident, cəmiyyətə qarşı olduğu üçün təzyiqə məruz qaldığı hisslərini yaşadır. Bizim cəmiyyətdə bu sindromdan əziyyət çəkən çoxlu sayda insan var.

Nəhayət, daha məkrli oyun olması ehtimalı. Azərbaycanda dini radikalizm çağırışları, xüsusən də xarici ölkələrdəki radikal qruplaşmalar tərəfindən ölkədə terror və xaos yaradılması ilə bağlı çağırışların artdığı bir zamanda ölkədə kimlərinsə davamlı olaraq dini, dini müqəddəsləri təhqir etməsi, barələrində ən aşağılayıcı ifadələrdən istifadə etmək istənilən halda terror üçün zəmin hazırlayır. Və heç şübhəsiz ki, bu cür təhqiramiz yazılar, fikirlər radikal dinçi terrorçuların əməllərini legitimləşdirməyə xidmət edir.

Bunun ən bariz nümunəsi Paris terroru oldu. İŞİD Parisdə törətdiyi terroru “Charlie Hebdo” jurnalındakı təhqirlə əsaslandırdılar və bu hətta ən tolerant müsəlman cəmiyyətlərində belə tərəfdar olmasa da. Müsbət rəylər qazandı. Azərbaycanda dini müqəddəsləri təhqir edənlərin bunu bilərəkdən, terror və təxribat üçün zəmin yaratmaq məqsədilə edib-etmədiyini demək çətindir, amma bir şey məlumdur ki, bu cür fikirlər radikal terrorçular üçün əlverişlidir, onların həm fikir dəstəkçilərini artırır, həm də törətmək istədikləri terrora legitimlik qazandırır.

Kənan RÖVŞƏNOĞLU

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir