KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Azərbaycan Rusiyadan “İsgəndər” raketlərini istəməlidir

Azərbaycan Rusiyadan “İsgəndər” raketlərini istəməlidir

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
404 0

Rusiya heç bir məsələdə balansın Azərbaycanın xeyrinə pozulmasını istəmir. Məsələn Rusiyanın “Rossiya” kanalının məşhur aparıcısı və “Sputnik” agentliyinin rəhbəri Dmitri Kiselyov bir müddət öncə Bakıya gələrək Azərbaycan prezidenti İlham Əliyevdən müsahibə aldı. Bu müsahibə böyük əks-səda doğurdu. Azərbaycan prezidenti bu müsahibə vasitəsilə Rusiya ictimaiyyətinə çox ciddi mesajlar göndərdi. Ən ciddi mesaj da bu idi: “Biz Dağlıq Qarabağa Azərbaycan tərkibində Muxtar Respublika statusu verməyə hazırıq”. Bu təklif Rusiya ictimaiyyətində “həqiqətən ermənilərə daha nə lazımdır ki” fikrini gücləndirməli idi.

Ancaq bu müsahibədən sonra İlham Əliyevin mövqeyi güclü görünməsin və son söz Azərbaycan dövlət başçısına məxsus olmasın deyə Dmitri Kiselyovu bu dəfə müsahibə dalınca Ermənistana göndərdilər. Kiselyov Ermənistan prezidenti Serj Sərkisyandan geniş müsahibə götürüb.

Bu müsahibədə Sərkisyanın iki mesajı diqqət çəkir.

Birincisi, Serj Sarkisyan təmas xəttində hadisələrə operativ reaksiya verilməsi üçün Bakı ilə İrəvan arasında “qaynar xətt”in yaradılması təşəbbüsü ilə çıxış edib. Onun sözlərinə görə, əgər bu alınsa, hadisələrə operativ reaksiya vermək mümkün olar. Ermənistan prezidenti yaxın tarixə də müracitə edir: “1990-cı illərin əvvəllərində mən müdafiə naziri idim və Azərbaycanın müdafiə naziri ilə təcili əlaqə qurmaq lazım olduqda, əlaqə qururduq. Amma bu gün belə bir əlaqə yoxdur”.

Sərkisyanın bu sözləri Dağlıq Qarabağda Ermənistan ordusunun nəzarəti altında olmasının etirafı deyilmi? Çünki, söhbət Dağlıq Qarabağ və ətraf rayonlarda atəşkəsin pozulmasından gedirsə, Bakıdan kimsə niyə İrəvana telefon açmalıdır? Məgər bu vaxta qədər “bu məsələni Dağlıq Qarabağ separatçılarının lideri ilə müzakirə edin” deyən Sərkisyan deyildimi?

Sərkisyanın bu “qaynar xətt” təklifini əlimizdə rəhbəri tutaraq bir daha Dağlıq Qarabağ və ətraf rayonların məhz kimin işğalı altında olduğunu bəyan etməliyik. O ki qaldı təklifin mahiyyətinə, “qaynar xətti” Azərbaycan və Ermənistan sərhəd boyu həyata keçirmək mümkündür. Çünki, Azərbaycanın Ermənistana hücum etmək planı yoxdur. Ancaq Dağlıq Qarabağ və işğal altındakı digər rayonlar üzrə “qaynar xətt” bizim maraqlara cavab vermir. Belə çıxır ki, Azərbaycan ordusu məsələn Ağdam və Füzulini işğaldan azad etmək məqsədilə hücuma keçsə Bakı İrəvanla “telefon zənglərinə” cavab verməlidir ki, yenidən atəşkəs vəziyyətinə qayıdılsın. Bu absurddur. İrəvan belə “qaynar xətt” həvəskarıdırsa münaqişənin mərhələli həlli məqsədilə Bakıya müraciət etsin və bundan sonra həqiqətən birbaşa rabitə qurula bilər. Bu olmayana qədər isə Sərkisyanın bu kimi “təklifləri” sadəcə vaxtı uzatmaq məqsədi daşıyacaq.

İkincisi, Serj Sərkisyan Rusiyanın müsahibəsində deyib ki, “İsgəndər” raketlərinin Ermənistanda yerləşdirilməsi məcburi addım idi və məqsədi hərbi balansın Azərbaycanın xeyrinə pozulmasının qarşısını almaq idi. Sərkisyan onu da bildirib ki, Azərbaycan son illər müasir silahlar alırdı, Ermənistanın isə maliyyə imkanları olmadığından Rusiyadan “İsgəndər” raketlərini xahiş etməli idi. Və bu xahişə müsbət cavab verildi.

Prinsipcə Sərkisyanın bu sözlərində də yeni heç nə yoxdur. Dedikləri doğrudur. Rusiya istəməyib ki, Azərbaycan hərbi baxımdan Ermənistandan güclü olsun. Çünki, apreldəki döyüşlər İrəvanla yanaşı Moskvanı da qorxutdu. Kremldə hesab etdilər ki, Azərbaycan hərbi yolla işğal altındakı torpaqları geri qaytara bilər. Ona görə də “düyməyə” basdılar. Əvvəlcə Ermənistana “İsgəndər” raketləri göndərdilər. İndi isə Ermənistan ordusunu Rusiya Müdafiə Nazirliyinin tabeliyinə keçirdilər (birgə hərbi qoşun birliklərinin yaradılması nəzərdə tutulur).

Buna baxmayaraq, Rusiya Azərbaycana silah satışını dayandırmır. Azərbaycan Rusiyadan 5 milyard dolları civarında silah və sursat alıb. Rəsmi Bakı hansı silahı istəyibsə Rusiya onu Azərbaycana satıb. Sadəcə, Rusiyanı bir daha sınamaq lazımdır. Rəsmi Bakı Rusiyadan “İsgəndər” raketlərini satmağı xahiş etməlidir. Satmaq istəməsələr, rəsmi Bakı Moskvaya mesaj yollamalıdır ki, eyni tip raketləri başqa ölkələrdən almaq məcburiyyətində qalacaq və milyardlarla dollar gəlir də həmin ölkəyə gedəcək.
Elhan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzi

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir