KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Azərbaycan demək Rəsulzadə demək, Rəsulzadə demək Azərbaycan deməkdir!!!

Azərbaycan demək Rəsulzadə demək, Rəsulzadə demək Azərbaycan deməkdir!!!

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
540 0

SSRİ dövründə “pantürkist”, “panislamist”, “mürtəce” kimi qələmə verilən Azərbaycan Cümhuriyyətinin qurucusu, Azərbaycan Milli İdeyasının müəllifi Məhəmməd Əmin Rəsulzadə haqqında Azərbaycanın müstəqilliyi dövründə də xoşagəlməz fikirlərin irəli sürülməsi hallarına rast gəlirik. Bizcə, çağdaş nəsil ilə 20-ci əsrin əvvəllərində yaşamış nəsil arasında SSRİ dövründə qırılmış bağları yenidən bərpa etmək lazım gəldiyi bir vaxtda, bir çox hallarda bunun əksini görmək çox düşündürücüdür. Vaxtilə sovet ideoloqları onu sosial-demokrat əqidəsinə xəyanət edib Azərbaycan Cümhuriyyətini qurmaqda ittiham etdikləri halda, indi isə Gəncədən yenicə deputat seçilən Naqif Həmzəyev kimiləri tapılır ki, M.Ə.Rəsulzadəni İrəvanı ermənilərə verməkdə, Vətəni qoyub qaçmaqda və sairə görə ittiham edirlər. Halbuki çağdaş nəsil ona Cümhuriyyət bəxş edən Rəsulzadəni və onun silahdaşlarını bir qəhrəmanlıq, şərəf örnəyi kimi görməlidirlər.

Bizcə, Rəsulzadənin İstiqlal Bəyannaməsinə imza ata bilmədiyinə görə adı İstiqlal Abidəsinə düşmədiyi halda, ancaq İrəvanın ermənilərə güzəştə gedilməsi məsələsində əsas günahkar kimi göstərilməsi təsadüfi deyildir. Əgər bu məsələdə səhvə yol verilmişdisə, bu və ya digər şəkildə Milli Şuranın, Azərbaycan Cümhuriyyətinin ilk Nazirlər Sovetinin bütün üzvləri məsuliyyət daşıyırlar. Burada əsas məqsəd «İrəvanın Ermənistana güzəştə gedilməsi»ndə Rəsulzadənin əsas rol oynamasını sübut etməkdən daha çox cəmiyyət daxilində, xüsusilə gənclər arasında onun haqqında mənfi rəy, mənfi imic yaratmaqdır. Çünki bir çox hallarda kütlə, o cümlədən gənclər məsələnin əsas mahiyyətinə deyil, ümumi mənzərəyə nəzər salırlar.

Ümumi mənzərə də ondan ibarətdir ki, məhz Azərbaycan Cümhuriyyəti dövründə və onun rəhbərləri tərəfindən İrəvan ermənilərə güzəştə gedilmişdir. Üstəlik nəzərə alsaq ki, Rəsulzadə həmin Cümhuriyyətin lideridir, artıq əsas günahkar rolunda onun göstərilməsi heç də mənasız görünmür. Yəni bu müddəanı ortaya atanlar demək istəyirlər ki, Azərbaycan Cümhuriyyətinin dövlət başçısı, qurucusu və ideoloqu Rəsulzadə olmuşdusa, baxın onun dövlət başçısı olduğu dövrdə İrəvan ermənilərə verilmişdir. Müxtəlif yerlərdə, müxtəlif situasiyalarda müxtəlif adamların dilindən eyni kəlmələri dəfələrlə eşidən bəzi gənclər də artıq şübhə etmirlər ki, İrəvanı ermənilərə məhz Rəsulzadə vermişdir. N.Həmzəyev kimiləri də məhz bu çirkin kampaniyanın tərkib hissəsidirlər.

Rəsulzadə Vətəni qoyub heç hara qaçmamışdır. O, şəxsi iradəsi ilə öncə Lahıca getmiş və orada bir müddət gizli şəkildə yaşamış, ancaq burada yaxalanaraq Bakıya gətirilmişdir. Daha sonra Stalinin açıq şəkildə ifadə etdiyi kimi Rəsulzadə ya Azərbaycanda qalıb ölməli, ya da bir ümid işartısı olaraq Moskvaya getməyə razı olub hansısa bir yolla bolşeviklərdən qurtularaq milli mücadiləni davam etdirməli idi. Ona görə də Rəsulzadə ikinci yolu seçdi və bununla da xalqı qarşısında böyük fədakarlıq etdi.
Çünki Rəsulzadə ikinci yolu seçməklə öz həyatını, ailəsinin həyatını deyil, Azərbaycanı və onun milli varlığını yaşatmış oldu. Ancaq əvəzində o, bütün ailəsini Vətən və Millət uğrunda qurban verdi. Halbuki Rəsulzadə Stalinin Moskvada ona etdiyi təkliflərlə razılaşsaydı, bəlkə də başına bu qədər faciələr gəlməz, “Vətəni qoyub qaçan”, “Vətən xaini” və sair bunu kimi ittihamlara da məruz qalmazdı.

Bu baxımdan Azərbaycanən müstəqilliyi dönəmində Rəsulzadənin adının Bakı Dövlət Universitetindən götürülməsi, Gəncə şəhərində Dəmiryolçular parkındakı büstünə çuval keçirilməsi, daha sonra 28 may Metrosunun içindən şəkilinin qaldırılması fonunda zaman-zaman Milli ideoloqumuza qarşı böhtanların atılmasının da davam etdirilməsi təsadüfi ola bilməz.
Unutmayaq ki, Azərbaycan demək Rəsulzadə demək, Rəsulzadə demək Azərbaycan deməkdir!!! N.Mirzəyev kimiləri də yaxşı bilirlər ki, bu gün başımızın üstündə dalğlanan üç boyalı bayrağımızın qurucusu, Azərbaycan türklərinin imzasını dünya xalqlarınlın imzaları arasına salan da Rəsulzadədir. Bu gün, bütün sahələrdə Rəsulzadənin izini Azərbaycandan silmək, ona qarşı böhtanlar atmaq Azərbaycanın dövlətçiliyinə çox ciddi zərbədir. Rəsulzadəyə qarşı bu çirkin addımları atanlar bilməlidirlər ki, onların bu əməlləri cavabsiz qalmayacaq və müdrik xalqımız belələrinin cavabını verəcəkdir.

Doç., Dr. Faiq QƏZƏNFƏROĞLU

oç.Dr. Faiq ELEKBEROV

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir