KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Azərbaycanlılar və ermənilər sülh şəraitində birgə yaşaya bilərmi?

Azərbaycanlılar və ermənilər sülh şəraitində birgə yaşaya bilərmi?

Kafkassam Editör Kafkassam Editör - - 10 dk okuma süresi
330 0

Birgə sülh içində yaşamaq, fərqləri qəbul etmək və başqalarını dinləmək, tanımaq, hörmət etmək və qiymətləndirmək, eyni zamanda dinc və birlik içində yaşamaq deməkdir. Barışıq içində yaşamağın əsas elementi fərqli mədəniyyətlərin xalqları arasında qarşılıqlı anlaşmadır. “Birgə yaşamaq” təşəbbüsü, nifrəti, ksenofobiyanı, mədəniyyətlər və sivilizasiyalararası toqquşmaları birdəfəlik aradan qaldıra biləcəyini və ya yaxın gələcəkdə dövlətlər arasındakı qarşıdurmalara, vətəndaş müharibələrinə, terrorizmə və ya transmilli cinayətkarlığa son verə biləcəyini iddia etmir. Lakin gələcəklərini bir-birlərinə qarşı deyil, bir-birləri ilə qura biləcəkləri düşüncəsinin qəbul edilməsi üçün bir vasitə olaraq xalqlar və millətlər arasında bir yerdə sülh içində yaşamaq mədəniyyətini tanıtmaq və yaymaq məqsədi daşıyır. Məqsəd dünyaya nümayiş etdirməkdir ki, bəşəriyyətə daha yaxşı necə xidmət etmək olar və dünyanı necə gözəlləşdirmək olar. Proses çox uzun bir müddət tələb edir, amma bunun başlaması belə böyük bir addımdır. Lakin müasir dünyada qarşıya qoyulan bu məqsəd böyük maneələrlə qarşılaşır. İqlim dəyişikliyi, artan iqtisadi bərabərsizlik, dünya iqtisadiyyatının qeyri-stabil vəziyyəti, davam edən münaqişələr, qaçqın və köçkün problemi və s. sosial dəyişikliklərə və texnoloji inqilablara təhdiddir. Bu da öz növbəsində birgə yaşamağı çətinləşdirir.

Fransa de College-də Sosiologiya üzrə professor Alain Touraine “Birlikdə yaşaya bilərikmi: bərabərlik və fərqlilik” kitabında qarşılıqlı dözümlülüyün və şəxsi azadlığa hörmətin, bəzi ictimai qaydalar ilə razılaşmağımızın və daha dərin bağlar qurmaq cəhdimizin birgə yaşamağı təmin etməyimiz üçün vacib olduğunu qeyd edir. Subyektin şəxsi həyatını inkişaf etdirməsini təmin etmək üçün seçdiyimiz modeli cəmiyyətlər və xalqlar üzərində tətbiq etmək məqsədilə sosial və siyasi qurumlar yaratmaq üçün istifadə edə biləcəyimizi irəli sürür. Beləliklə, qurulan yeni sosial təsisatların sosial münasibətlər, siyasət və təhsil baxımından nə kimi təsirə malik olacağını araşdırır. Deməli, bu şəkildə formalaşan və idarə olunan cəmiyyətlər fərqli qrupların sülh şəraitində, yanaşı yaşamasını təmin edə bilər ki, buna dair bir neçə uğurlu model də mövcuddur. Belə nümunələrdən biri Azərbaycanın multikulturalizm siyasətidir.

Azərbaycan fərqli mədəniyyətlərin birləşdiyi ərazi olaraq, əsrlər boyu milli-mədəni baxımdan rəngarəng mühitin formalaşdığı, ayrı-ayrı xalqların və konfessiyaların nümayəndələrinin sülh, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı ölkə kimi tanınmışdır. Multikulturalizm və tolerantlıq tarixən olduğu kimi bu gün də milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilmişdir. Azərbaycan xalqının zəngin multikultural keçmişi təkcə xalqımızın bugünkü tolerant yaşam tərzi ilə deyil, həm də yaratmış olduğu ədəbi-bədii, elmi-fəlsəfi, siyasi-hüquqi qaynaqlarda, sənədlərdə yaşayır. Azərbaycan multikulturalizm siyasəti həyata keçirərək ölkə daxilində olan etnik və mədəni müxtəliflikləri tənzimləyir, eyni zamanda bu fərqliliklərin və onların əsasında dayanan dəyərləri qoruyur. Bu, demokratik cəmiyyətə xas olan norma və prinsiplərə uyğun siyasətdir. Çünki xalqların mədəni dəyərlərinin qorunması hamı tərəfindən qəbul olunan insan haqlarının mühüm hissəsidir. Ölkə daxilində həyata keçirilən multikulturalizm siyasəti cəmiyyətdə mövcud olan etnik və mədəni baxımdan fərqli dəyərlərin qorunmasına səbəb olur, beynəlxalq münasibətlərdə isə etnik, dini, irqi və mədəni mənsubiyyətlərindən asılı olmayaraq bütün ölkələrlə hərtərəfli əlaqələrinin inkişafı üçün əlverişli şərait yaradır. Belə siyasət də öz növbəsində dünyada mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişafına, xalqların sülh şəraitində birgə yaşama ənənələrinin formalaşmasına töhfə verir.

Sülh və birgə yaşamaya münasibət təəssüf ki, Ermənistanda o qədər də ürəkaçan deyil. Əsasən etnik ermənilərdən ibarət olan Ermənistanda az sayda yaşayan digər etnik qruplara, həmçinin qeyri-xristianlara qarşı güclü müqavimət və diskriminasiya hökm sürür. Misal olaraq Ermənistanda yaşayan yezidilər haqqında qısa qeyd edə bilərik. Yezidilər haqqında tədqiqat aparan Camal Sadakyanın hesablamalarına görə 1989-cu ilə qədər Ermənistanda 60 min yezidi yaşayırdı. Ancaq müəllif bu saya müsəlman kürdləri də daxil edir. 1959-cu ildə aparılan siyahıyaalmanın nəticələrinə görə, Ermənistanda 26657 yezidi var idi. Yezidilər, əsasən Talin, Eşterek, Armavir, Eçmiedzin və Ararat bölgələrində yaşayırlar. Statistikaya görə, 1926-ci ildə Ermənistanda 12237, 1989-cu ildə 50176, 2001-ci ildə 40620, 2011-ci ildə isə 35308 yezidi qeydə alınıb. 1990-cı illərdən sonra Ermənistana təxminən 6000-10000 sayda yezidi köçdüyü güman edilir. Statistikadan göründüyü kimi Ermənistanda yaşayan azərbaycanlıların öz dogma yurdlarından məcburi köçürülməsindən sonra bu ərazilərə yezidilər süni şəkildə köçürülmüşdür.

Son zamanlarda Ermənistanda yaşayan yezidilərin sayının azalması isə hökumətin diskriminasiya əsaslı münasibətindən qaynaqlanmaqdadır. Belə ki, təbbi artımı yüksək olan yezidilər ermənilər tərəfindən xoş qarşılanmır. Ermənistan hökuməti onların fəaliyyətinə müəyyən maneələr yaradır. Əsasən kənd əhalisini əhatə edən yezidilərin siyasi aktivliyi və idarəetmədə təmsilçiliyi yox səviyyəsindədir. Ermənistan dərsliklərində onların yezidi yox, ümumi olaraq kürd kimi yazılması müəyyən narazılıqlara səbəb olmuşdur. Onların yezidi kimi tanınmaq və kürd deyilməsini qanunla qadağan etmək kimi tələbləri də vardır. Yezidilərə məxsus qəbirstanlığın ermənilər tərəfindən dağıdılması yezidilərdə aqressiya yaratmış, “Sincar” yezidi cəmiyyətinin rəhbəri Boris Tamoyanın etirazına səbəb olmuşdur. Göründüyü kimi milliyyətçi ermənilərlə yezidilər arasında ayrı-seçkilik və dözümsüzlük səbəbindən ciddi probləmlər yaranmışdır. Bu da yezidilərin tədricən ölkəni tərk etməsi ilə nəticələnir.

Bu faktların əhəmiyyəti ondan ibarətdir ki, sülh şəraitində birgə yaşamanı təmin etmək üçün xalqların buna nə dərəcədə hazır olması, sülhə dair formalaşmış ümümi yanaşma, bu baxımdan hansı təcrübəyə malik olmaları vacib elementlərdir. Azərbaycan xalqından fərqli olaraq ermənilərin uzun illər ərzində formalaşmış xüsusilə qonşu xalqlara, o cümlədən fərqli mədəniyyətlərə aqressiv münasibəti bu gün regionda sülhü və təhlükəsizliyi təmin etmək yolunda əsas manedir. Hazırda müharibə vəziyyətində olmağımıza baxmayaraq, Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, biz Dağlıq Qarabağda yaşayan ermənilərlə yox, erməni silahlı qüvvələri ilə mübarizə aparırıq. Azərbaycan ordusu öz ərazilərini işğalçı qüvvələrdən və terroristlərdən təmizləyir, ermənilərdən fərqli olaraq istər Dağlıq Qarabağda, istərsə də Ermənistanda yaşayan mülki əhalini hədəfə almır. 30 ilə yaxındır ki, davam edən danışıqlarda olduğu kimi Azərbaycan tərəfi sülhyönümlü mövqeyini qoruyub saxlayır. Azərbaycanın öz ərazi bütövlüyünü və sərhədlərini bərpa etməsi regiondakı sülhü və təhlükəsizliyi təmin etməsidir ki, bu da istər Azərbaycan və Ermənistanda, istərsə də qonşu dövlətlərdə yaşayan insanların sülh və firavan həyatına xidmət edir. Mülki əhalini hədəfə alan, terror cəhdləri edən Ermənistan isə Azərbaycan ərazisində işğal rejimini davam etdirməyə çalışaraq, ilk növbədə elə ermənilərin dinc həyatını təhdid edir.

Bu gün dünyada multikulturalizmin və birgə yaşamaya əsaslanan humanist ideyaların alternativi yoxdur. Odur ki, ziddiyyətlərin qabarıq nəzərə çarpdığı müasir beynəlxalq münasibətlər sistemində münaqişələrə və qarşıdurmalara son qoymaq, müxtəlif xalqlar və dövlətlər arasında uzlaşmanı təmin etmək üçün multikulturalizm və birgə yaşama modellərinin inkişafı olduqca vacibdir. Azərbaycan xalqı üçün bu çətin deyil. Azərbaycan öz ərazi bütövlüyü və sərhəd təhlükəsizliyi çərçivəsində hər zaman sülhə hazırdır. Bəs Ermənistan?
Fidan Hasanova

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir