Türkiyədən vətənə dönmək istəyən Azərbaycan vətəndaşları İstanbul hava limanında çətin anlar yaşayıb.
Qaynarinfo-nun redaksiyasına müraciət edən şəxs biletlər satılsa da, uçuşların olmamasını, insanları hava limanında çətin vəziyyətdə qaldıqlarını bildirib.
Həmin şəxs AZAL-ın ancaq öz bilet satdığı şəxsləri gətirdiyini, Türk Hava Yollarından bilet alan şəxslərin isə heç bir məlumat almadan gözlədiklərini qeyd edib.
“AZAL ancaq öz bilet satdığı şəxsləri gətirir, Türk Hava Yollarından bilet alan şəxsləri gətirmir, Orda olan Azərbaycan vətəndaşlarının çox hissəsi hələ də hava limanındadır. İnsanlara da əlavə heç bir məlumat verilmir. Çarter taksi deyiblər, amma onu da işə salmırlar, nə vaxtsa uçuş ola biləcəyi haqqında da heç nə demirlər. “Bəlkə ola bilər, baxarıq, sizə xəbər edərik” deyirlər”, – deyə həmin şəxs əlavə edib.
Qeyd edək ki, martın 14-də Azərbaycan və Türkiyə prezidentləri koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Türkiyə və Azərbaycan vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərlərinin 15 mart saat 00.00-dan etibarən müvəqqəti olaraq dayandırılması barədə razılığa gəliblər.
Daha sonra hər iki ölkə vətəndaşlarının ölkələrinə geri dönməsi üçün xüsusi çarter reyislərinin olacağı haqqında məlumat verilib.
Həmin şəxsin hava limanında çəkdiyi video görüntüləri təqdim edirik:
Günay İlqarqızı