Araz Aslanlı: “Azərbaycan və Türkiyənin iştirakı ilə yaradılan üçtərəfli formatlar bəzi hallarda regional təşkilatlardan belə daha effektivdir” Hasan Oktay: “Bakı-Tiflis-Qars dəmir yolu xətti yeni regional ittifaqlar üçün yol açacaq”
“Hər bir formatın dəyəri olmalıdır”. Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan-Türkiyə-Rusiya formatının yaradılmasının mümkünlüyü ilə bağlı suala cavabında deyib. Nazir bildirib ki, hazırda mövcud olan Rusiya-Azərbaycan-İran formatı tərəflərin qarşılıqlı maraqları əsasında yaranıb: “Bu əməkdaşlıq xüsusilə beynəlxalq nəqliyyat dəhlizinin müvafiq hissəsinin qurulmasına yönəlib. Müxtəlif üçlüklər yaratmaq olar, əsas odur ki, məzmun olsun”.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov isə deyib ki, Azərbaycan-Türkiyə-Rusiya formatı Bakı-Tiflis-Qars dəmir yolu ilə Rusiyaya məxsus yüklərinin Türkiyə və Aralıq dənizinə çatdırılması üçün yaradıla bilər: “Üçtərəfli formatlar özünü doğruldub. Türkiyə-Azərbaycan-Gürcüstan ilk bu tip formatlardan biridir”.
Siyasi şərhçilərdə təklif olunan formatın mümkünlüyünə inanırlar. Bu da tərəflərin regionda daha da möhkəmlənməsinə əlavə zəmin yaradacaq.
Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı bildirdi ki, «soyuq müharibə»dən sonra regionda çox maraqlı bir mənzərə yaranıb: “Azərbaycan və Türkiyənin iştirakı ilə yaradılan üçtərəfli formatlar bəzi hallarda regional təşkilatlardan belə daha effektivdir. Məsələlər daha operativ müzakirə olunur, qərarlar qəbul edilir, layihələr reallaşdırılır və s. Odur ki, bu sıraya Azərbaycan-Türkiyə-Rusiya formatı da əlavə edilə bilər. Bu barədə istəkləri, yüksək səviyyəli rəsmilərin açıqlamalarını və s. görürük. Amma aydındır ki, belə bir formatın yaradılması asan məsələ deyil.
Bundan başqa, belə bir format yaradılsa, digərləri kimi olmayacaq. Çünki Rusiya regional və qlobal imkanları baxımından indiyə qədərki üçtərəfli formatlarda iştirak edən digər dövlətlərdən xeyli fərqlənir. Bu dövlətin Türkiyə və Azərbaycan ilə maraqları da bəzən üst-üstə düşmür. Yəni, daha ciddi maraq toqquşması da yaşana bilər. Amma istənilən halda əgər üçtərəfli format yaransa, bundan hər üç dövlət qazanclı çıxa bilər. Ən azı, məsələləri mütəmadi və daha operativ müzakirə edə bilərlər.
Eyni zamanda bu əməkdaşlıq region üçün, regionda sülhü təmin etmək üçün, daha sağlam iqtisadi əməkdaşlıq mühiti yaratmaq üçün, regionda ümumi təhlükəsizlik baxımından riskləri azaltmaq üçün də imkanlar yarada bilər. Bəlkə gələcəkdə Rusiya və Türkiyənin iştirakı illə geniş bir regional təşkilatın yaranması üçün də imkanlar yaradar. Aydındır ki, Ermənistan və bəzi Qərb dövlətləri bu cür prosesi arzulamayacaqlar və mane olmaq üçün əllərindən gələni edəcəklər. Bu məqamda əsas rolu üç dövlətin qətiyyəti oynayacaq. Həmçinin Türkiyə və Rusiyanın hansısa digər bir regiondakı məsələyə görə qarşı-qarşıya gəlməməsi önəmli olacaq”.
Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli politoloq Hasan Oktay “Mövqe”yə bildirdi ki, son zamanlar Avropa İttifaqı ilə Türkiyə arasında bəzi problemlərin yaşanması regionda yeni tarazlıqların yaradılacağına dair gözləntini artırdı: “Bu fonda Azərbaycan Rusiya-Türkiyə münasibətlərindən ən çox təsirlənən ölkələrdən birincisidir. Odur ki, Bakı-Tiflis-Qars dəmir yolu xətti yeni regional ittifaqlar üçün yol açacaq”.
Mübariz BAYRAMOV