Azərbaycan və Türkiyə Qarabağda antitteror əməliyyatlarına başlaya bilər
İbrahim Rüstəmli: “Belə bir vəziyyətədə Azərbaycanın Türkiyə və digər dövlətlərin iştirakı ilə Qarabağda antiterror əməliyyatlarına başlaması ehtimalı böyükdür” Hasan Oktay: “Əgər Qarabağ bölgəsi terror təşkilatının düşərgəsi kimi tanınarsa, yaxında Rusiya razılıq əldə edilib, Qarabağdakı terror yuvalarına qarşı əməliyyat həyata keçirilə bilər”
Türkiyədə fəaliyyət göstərən Əsassız Erməni İddialarına qarşı Mübarizə Dərnəyinin başqanı Göksül Gülbey Ermənistanın PKK/PEJAK terror təşkilatı ilə işbirliyinə dair yeni sensasion iddia irəli sürüb. Türkiyədə nəşr olunan “Vətən” qəzeti xəbər verir ki, Göksel Gülbey Ermənistanın Sevan gölü yaxınlığındakı Vardenis bölgəsində və işğal altındakı Qarabağ torpaqlarında PKK-çılar üçün 12 təlim-yerləşmə düşərgəsi qurduğunu deyib.
ASİMDER rəhbərinin sözlərinə görə, ötən ilin aprel döyüşlərindən sonra kürd terror qruplaşmalarına mənsub olan 400-dən çox yaraqlı Türkiyənin Ağrı bölgəsinin Tendürek kəndi istiqamətindən Ermənistana keçib. Onlardan 150-si Suriya erməniləri, qalanları Suriya, Türkiyə, İran və İraq kürdlərindən təşkil olunub. Həmin qrup Vardenisdəki düşərgədə əvvəldən yerləşən 80 PKK-çı ilə birləşib. Yaraqlıların Türkiyədən Ermənistana keçidinə terror təşkilatının “Ağrı qartalları” adlı birliyinin Livan Qaradağ, Hemaran Kervaçiyan və Servet Bagopşin adlı rəhbərləri başçılıq ediblər. Həmin terrorçular daha sonra Ermənistandan Qarabağa keçiblər. Göksel Gülbey iddia edir ki, qrupun Qarabağa keçməsini əks etdirən videogörüntülərə malikdir və onları tezliklə yayacaqlar.
Qeyd edək ki, analoji xəbərlər zaman-zaman gündəmə gəlib. Artıq bəzi analitiklər bu məlumatların həqiqliyi fonunda Azərbaycan, Türkiyə və digər dövlətlərin birgə iştirakı ilə Qarabağda antiterror əməliyyatlarını mümkün hesab edirlər.
Ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli bildirdi ki, bu mövzuda uzun-uzadı danışmaq, müzakirələr aparmaq olar: “Ancaq bu müzakirələrin bir nəticə verəcəyinə o qədər də əmin deyiləm. Əsas olanı Azərbaycanın ərazi bütövlüyünün dünya birlikləri tərəfindən birmənalı şəkildə tanınmasıdır. Bu günlərdə rusiyalı siyasətçi Oleq Kuznetsov da öz çıxışında bu məsələyə tam aydınlıq gətirib bildirdi ki, Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi beynəlxalq hüquq tərəfindən dəstəklənən haqqıdır.
Qondarma rejim nəinki heç bir dövlət, o cümlədən Ermənistanın özü tərəfindən də tanınmayıb. Belə bir vəziyyətədə Azərbaycanın Türkiyə və digər dövlətlərin iştirakı ilə Qarabağda antiterror əməliyyatlarına başlaması ehtimalı böyükdür. Lakin buna ciddi ehtiyacın yarandığını düşünmürəm. Çünki bizim yüksək döyüş qabiliyyətinə malik, müasir silahlarla təmin olunmuş mobil ordumuz var. İndi əsas olanı və ən çətini çarxın hərəkətə gətirilməsidir. Çarx hərəkətə gələndən sonra Ermənistan üçün onu dayandırmaq daha çətin olacaq. Bax, onda biz bu gün dil-dil ötən işğalçı ölkə siyasilərinin necə quzuya dönədüklərinə şahidlik edəcəyik”.
Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli politoloq Hasan Oktay “Mövqe”yə bildirdi ki, Ermənistanın PKK-ya dəstək verməsi haqqında Türkiyə mətbuatında ildə ən az 5 xəbər çıxır: “Türkiyə Ermənistanı yaxından təqib etməklə onun Qarabağdakı fəaliyyətini gündəmə gətirməkdədir. Xüsusilə Suriyada ABŞ-Rusiya rəqabətinin PYD üzərində meydana gətirdiyi anlaşılmazlıq səbəbidən bu günlərdə PKK-nın, PYD-nin Qarabağda fəaliyyətə keçməsi ciddi bir ehtimaldır. Əgər Ermənistan bütün bu beynəlxalq tarazlığı görməməzlikdən gəlib Qarabağ torpaqlarında terror düşərgəsi yaradırsa, bu, işin ciddi olması deməkdir.
Yaxın gələcəkdə Ermənistan terrora dəstək verən ölkələr siyahısına daxil olar və bu, Ermenistan üçün heç də yaxşı bir nəticə vermir. Ermənistan bölgədə sülhün tərəfində olmaq məcburiyyətindədir. Bunun üçün Qarabağ danışıqlarını dayandıraraq de-fakto vəziyyəti davam etdirə bilməz. Əgər Qarabağ bölgəsi terror təşkilatının düşərgəsi kimi tanınarsa, yaxında Rusiya razılıq əldə edilib, Qarabağdakı terror yuvalarına qarşı əməliyyat həyata keçirilə bilər. Ermənistan rəsmiləri bu vəziyyətin nə anlama gəldiyini biləcək qədər təcrübəlidir”.
Mübariz BAYRAMOV