LAVROV Türkiye ve Suriye ortak diyaologuna yardıma hazırız

ABD ve Rusya Arasındaki Casus Sorunu

Peskov: Erdoğan’ı ne kadar görüyorsam eşimi de o kadar görüyorum

Mehmet İsmailov: Why The Russian Peacekeepers Can’t Prevent The Attacks That Carries Out By Armenian Terrorist Groups?

Azərbaycan dövlət idarəçiliyi sahəsində innovativ islahatların başlıca istiqamətləri

Azerbaycan 5 Mayıs 2020
513
MAKEDONYA'DA SINAVSIZ ÜNİVERSİTE

Murtəza HASANOĞLU

Bu gün dünya dövlətlərinin bir çoxunda idarəetmənin yeni metod və formalarının axtarışı davam edir. Bu prosesdə ən başlıcası islahatların prinsiplərini və son nəticələrini müəyyənləşdirməkdən ibarətdir. İslahatların əsas məqsədini səmərəli idarəçiliyin, peşəkar dövlət qulluğunun, dövlət orqanlarının fəaliyyətində çevikliyin, şəffaflığın, operativliyin və nəticədə vətəndaşların rifah və məmnunluq səviyyəsinin təmin olunması təşkil edir. Dövlət idarəçiliyində islahatlar dedikdə elə məqsədyönlü dəyişiklik və təkmilləşdirmələrin aparılması nəzərdə tutulur ki, bunun nəticəsində dövlət idarəetməsinin tədricən yeni sistemi qurulmuş olur və ya mövcud sistemdə yeni keyfiyyətlər, yeni əlamətlər meydana çıxır. Ən ümumi şəkildə islahatların məqsədi hakimiyyət institutlarının potensialını inkişaf etdirmək, dövlət idarəetməsini daha da sadələşdirmək və müasir tələblərə uyğunluğunu təmin etmək, dövlət aparatı ilə vətəndaşlar arasında münasibətləri asanlaşdırmaq və dövlət xidmətlərinin keyfiyyətini yüksəltməkdən ibarətdir İslahatlar səmərəli dövlət idarəçiliyinin yaradılması üçün önəmli bir vasitədir. Lakin bununla yanaşı, vətəndaşların dövlət qulluğuna etimadın artırılması, dövlət qulluqçularının etik davranış qaydalarının, korrupsiyaya qarşı mübarizənin, peşəkar kadr potensiyalının formalaşdırılması kimi mühüm məsələlər də islahatlarda öz əksini tapmışdır. Respublikamızda güclü idarəetmənin yaradılması dövlətçiliyin inkişafının mühüm şərti kimi islahatların əsas istiqamətini müəyyənləşdirmişdir.
İdarəetmədə səmərəli fəaliyyəti həyata keçirmək, dövlət orqanlarında vətəndaşlara şəffaf və effektiv xidmət göstərmək, həmçinin vətəndaş məmnunluğunun təmin etmək üçün daima yeniliklər etmək lazımdır. Bunu da yalnız islahatlar vasitəsilə həyata keçirmək mümkündür. Respublikada islahatların ardıcıl şəkildə həyata keçirilməsi öz müsbət nəticələri büruzə verir. Belə ki, son illərdə dövlət səviyyəsində kadr və struktur islahatları mükəmməl şəkildə reallaşdırılmaqdadır. Prezident İlham Əliyevin siyasi, iqtisadi və sosial sahələrdə həyata keçirdiyi islahatlar birbaşa xalqın rifahının yaxşılaşdırılmasına və dövlətin potensialının daha da gücləndirilməsinə yönəlmişdir.
Dövlət idarəetməsi həm də dövlət qulluğunun funksiyaları çərçivəsində həyata keçirilir. Dövlət qulluğu dövlət idarəçiliyi ilə sıx qarşılıqlı əlaqədədir. Buna görə də dövlət qulluğu sahəsində aparılan islahatlar idarəçilik üçün müstəsna əhəmiyyət daşıyır. Respublikamızda dövlət qulluğu institutu tarixi, mədəni və milli xüsusiyyətlərini və bu sahədəki dünya təcrübəsini nəzərə almaqla vahid sistem kimi formalaşdırılır. Onun formalaşdırılmasının başlıca məqsədi dövlətin möhkəmləndirilməsindən, vətəndaş cəmiyyətinin inkişafından, dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsindən və dövlət resurslarından istifadəni rasionallaşdırmaqdan ibarətdir.
Dövlət idarəçiliyində həyata keçirilən islahatlar sahəsində dünya ölkələrinin təcrübəsindən tarixi, milli və yerli xüsusiyyətləri nəzərə almaqla, mövcud şəraitə və mədəniyyətə uyğunlaşmaq, səmərəlilik, innovasiya potensialı, ümumilikdə cəmiyyətin maraqlarına və dəyərlərinə uyğunluq dərəcəsi kimi ilkin təcrübənin keçirilməsi və Azərbaycana uyğunlaşdırılması şərti ilə istifadə oluna bilər.
İdarəetmə dedikdə, cəmiyyətin şüurlu, elmi idarə olunmasının mahiyyəti nəzərdə tutulur. Bu isə cəmiyyətin və təbiətin obyektiv qanunlarını, inkişafın mövcud cəhətlərini nəzərə almağı tələb edir.İdarəetmə hər zaman insan fəaliyyəti ilə bağlı olan bir sahə olmuşdur. Dövlət idarəçiliyi də idarəetmə fəaliyyətinin növlərindən biridir. Hər bir ölkənin iqtisadi sisteminin düzgün fəaliyyət göstərməsində üçün dövlət aparıcı rol oynayır. Dövlət cəmiyyətdə mövcud olan müxtəlif qurumlar arasındakı münasibətləri özündə əks etdirir. O cəmiyyətin elə siyasi təşkilatıdır ki, onun hakimiyyəti ölkənin bütün ərazisinə və əhalisinə aid edilir.
Dövlət idarəçiliyi dedikdə dövlətin öz hakimiyyət qüvvəsinə əsaslanaraq insanların ictimai həyat fəaliyyətinə onu qaydaya salmaq, qoruyub saxlamaq və ya yenidən qurmaq məqsədi ilə təşkiledici və tənzimləyici qarşılıqlı təsiri nəzərdə tutulur.
Ölkəmizdə dövlət idarəetmə sahəsində yeniliklərin tətbiqinin aktuallığı ilk növbədə dövlətin inkişaf strategiyası ilə əlaqədardır. Buradakı əsas məqsəd bir tərəfdən daxili və xarici problemləri həll edə biləcək güclü bir dövlətin yaradılması, digər tərəfdən hüquqi, demokratik, sosial yönümlü və tabeliyində olan bir dövlət qurumunun formalaşdırılmasıdır.
İnnovasiyaların ölkə iqtisadiyyatına tətbiqi işinin təşkili və dəstəklənməsi məsələsində dövlət ən vacib və aktiv rola malik olmalıdır. Bu rolu layiqincə yerinə yetirə bilmək üçün dövlət idarəçiliyinin özünə də innovasiyaların tətbiq edilməsi zəruridir. Çünki dövlət idarəçiliyi, əslində, xüsusi xidmət sahələrindən biri və ən önəmlisidir. Məlum məsələdir, ki, özü innovasiyalara açıq olmayan bir dövlət ölkə iqtisadiyyatında da heç bir innovativ ideyanı tətbiq edə bilməz və ya onun tətbiqini lazımı şəkildə dəstəkləyə bilməz.
“İnnovasiya” termini latın dilinə məxsus olan “İnnovatio” sözündən əmələ gəlmişdir. Sözün əsası mahiyyəti daşıyan “novatio” hissəsi “yeniləşmə” yaxud da “dəyişkənlik” mənalarını, ön şəkilçisi mahiyyəti daşıyan “in” hissəsi isə “istiqamət üzrə”, “yöndə” mənasını ifadə edir. Həmin mənalardan çıxış edərək “innovasiya” terminini həyata keçirilən və ya icra edilən “fəaliyyət istiqamətində dəyişkənlik” və ya “fəliyyət yönündə yenilik” kimi tərcümə, yaxud da şərh etmək mümkündür.
İnnovasiya şüarı kimi qəbul edilən “yeni və fərqli” devizi bu konsepsiyanın çoxyönlülüyünü düzgün xarakterizə edir. Məsələn, xidmət sektorunda yenilik xidmətin özündə, istehsalında, təminatında və istifadəsində, eləcə də işçilərin davranışında bir yenilik deməkdir. İnnovasiyalar heç də həmişə ixtira və kəşflərə əsaslanmır. Bəzən yerində və məqamında verilən ideyalara, qərarlara əsaslanan innovasiyalar və yeniliklər də var. Məsələn, “zəncirbənd” və ya “molnya” tipli yaxa bağlarını, diyircəkli qələmləri, ağzını açmaq üçün üzərində xüsusi “üzük” olan konserv qutularını və bir çox digər yenilikləri buna nümunə göstərmək olar.
İnnovasiya heç də həmişə sırf real bir şey deyildir və ya mütləq texniki mahiyyət daşımır. Kreditlə satış və ya hissələrlə ödəniş formasında həyata keçirilən satış ideyası iqtisadi baxımdan o qədər dəyərli və əhəmiyyətlidir ki, bir çox texnoloji yeniliklər belə onunla rəqabət apara bilməz. Müddətli satış ideyası öz gəlişi ilə, sözün həqiqi mənasında, iqtisadiyyata böyük güc qatmışdır.
İnnovasiya – müştərilər üçün yeni bir dəyər mahiyyəti daşımalı, istehlakçıların ehtiyaclarını və istəklərini ödəməyə xidmət etməlidir. İnnovasiyanın digər xüsusiyyətləri onun yeniliyi və sənayeyə tətbiq imkanının (iqtisadi əsasının) olmasıdır, ən vacib cəhət isə istehlakçıların tələblərinə cavab verməsidir. Elə bu cür fərqli yanaşmaların nəticəsidir ki, əhatə dairəsi və səviyyəsi, radikallıq dərəcəsi, ideya mənbəyi, yeniliyin növü, mövcud analoqların dəyişdirilmə səviyyəsi baxımından innovasiyanın müxtəlif növlərinin olduğu iddia və qeyd edilir
İnnovasiya problemi müasir dövrdə bir çox sosial qurumlar üçün böyük əhəmiyyət kəsb edir. Çünki ölkədə baş verən dəyişkənliklər bütün iqtisadiyyatın, istənilən sferada fəaliyyət göstərən insanların hamısına öz təsirini göstərir. Təsadüfi deyil ki, müasir idarəetmə sisteminin əsas tendensiyalarından biri innovasiyalara və onların tətbiqi istiqamətlərinə yol tapmaqdır. Bundan başqa dinamik şəkildə dəyişməkdə olan bazar şəraitində sürətlə yenilənən texnologiyalar ilə bağlı informasiyanı izləmək və idarəetmə sistemini onlara uyğunlaşdırmaq, eyni zamanda innovasiyaları tətbiq etmək rəqabət şəraitində böyük üstünlük kimi qəbul edilir.
İnnovasiya siyasətinin həyata keçirilməsi və tətbiqi ölkənin davamlı inkişafı üçün, istehsal və elmin vəhdəti üçün zəruridir. Əksər tədqiqatçılar bu fikirdədirlər ki, “bütövlükdə dövlət idarəetməsində innovasiya siyasətinin tətbiqi eyni anda bir neçə istiqamətə öz təsirini göstərir:
Azərbaycan Respublikasının elm və innovasiyalarla bağlı qanunvericilik aktlarını qəbul edən ali orqanı Azərbaycan Respublikasının Milli Məclisdir. Qəbul edilmiş qanunların icrası yolu ilə müvafiq şəraiti formalaşdıran orqanlar isə Prezident Aparatı və Nazirlər Kabineti, daha sonra müvafiq nazirliklər, elm və təhsil müəssisələridir. İstənilən qanun, bir qayda olaraq, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir, Respublika Prezidentinin sərəncamı ilə qüvvəyə minir, Nazirlər Kabineti xətti ilə müvafiq nazirliklər və dövlət qurumları, o cümlədən elm, təhsil, istehsal və xidmət müəssisələri tərəfindən icra olunur.
İnnovativ ideyaların tətbiqi və qeydə alınması sahələrində əsas rol oynayan qurumlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Müəllif Hüquqları Agentliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi kimi dövlət orqanlarıdır.
Azərbaycan Respublikasınin ümumi inkişafı ilə bağlı hökumət tərəfindən hazırlanan və uğurla həyata keçirilən qanunvericilik aktı “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyası” adlanır. Konsepsiya 10 il ərzində respublikada qeyri-neft sektorunun inkişafı yolu ilə ümumi daxili məhsulun 2 dəfə artırılmasını nəzərdə tutur. Həmin artımın innovasiya yönlü və elmtutumlu iqtisadiyyatın təşkili hesabına həyata keçirilməsi başlıca hədəf kimi qəbul edilir.
Azərbaycan Respublikasında milli iqtisadiyyatın inkişafı ilə bağlı hökumət tərəfindən hazırlanan və uğurla həyata keçirilən qanunvericilik aktlarından biri də “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”dir. Haqqında bəhs edilən Yol Xəritəsi Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cü il tarixli Fərmanı ilə təsdiq edilmişdir .
Strateji Yol Xəritəsində Azərbaycan iqtisadiyyatının perspektivləri ilə bağlı dörd əsas strateji məqsəd müəyyən olunmuşdur. Həmin məqsədlərə nail olmaq üçün dörd strateji hədəf müəyyən edilmişdir. Birincisi hədəf fiskal dayanıqlılığın və stabilliyin təmin olunması, ardıcıl olaraq monetar siyasətin tətbiq edilməsidir. İkinci hədəf dövlət mülkiyyətində olan müəssisələrlə bağlı islahatların aparılması və özəlləşdirmənin ardıcıl şəkildə həyata keçirilməsidir. Üçüncü hədəf müasir dövrün ən dəyərli kapitalı mahiyyətini daşıyan insan kapitalın artırılması və hərtərəfli inkişaf etdirilməsidir. Dördüncü hədəf ölkədə biznesin istənilən sferası və sahəsi üçün əlverişli mühit yaratmaq və mövcud biznes şəraitini daha da inkişaf etdirərək təkmilləşdirməkdir.
İslahatlar dövlət idarəetməsinin ənənəvi funksiyalarına proqnozlaşdırma, strateji təhlil, qiymətləndirmə, marketinq, insan resurslarının idarə olunması kimi yeni funksiyaların əlavə olunmasına, innovasiyalardan və müasir texnologiyalardan fəal istifadənin təmininə də səbəb olmuşdur. 2011-ci il mayın 23-də “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Prezidentin fərmanına əsasən, dövlət orqanlarının elektron xidmətləri yaradılmışdır. Açıq hökumətin təşviqinə dair 2012-2015- ci illər üçün Milli Fəaliyyət Planında da şəffaflığın artırılması və açıq hökumətin təşviqi üçün nəzərdə tutulan tədbirlərdən biri məhz elektron xidmətlərin təkmilləşdirilməsi olmuşdur. Mütərəqqi cəhətlərdən birini də idarəetmənin modernizasiyasının onun bütün sahələrinin təkmilləşdirilməsi ilə paralel şəkildə aparılması təşkil edir.
XX əsrin 90-cı illərində digər sosialist ölkələrdə olduğu kimi Azərbaycanda da iqtisadi, siyasi və sosial sahələrdə baş verən dəyişikliklər dövlət idarəçiliyi sahəsində də bir sıra problemləri meydana çıxardı. O dövrdə dövlət idarəçiliyinin inkişafı artıq geri qalır və artıq dövlətin funksiyalarının yerinə yetirilməsini təmin edə bilmirdi. Lakin Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlət idarəetmə sisteminin yenidən qurulmasına, dövlət aparatının və dövlət qulluğunun formalaşmasına başlanılır.
Bu dövrdə islahatların həyata keçirilməsində ümumilli lider Heydər Əliyevin 1996-cı ildə “Hüquqi islahatlar komissiyasının yaradılması haqqında” Sərəncamının və 1998-ci ildə “Dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə dövlət komissiyasının yaradılması haqqında” Fərmanının böyük rolu olmuşdur. Ölkə Prezidentinin 1998-ci ilin dekabrında imzaladığı bu fərman dövlət idarəetmə sisteminin formalaşdırılması istiqamətində aparılan islahatların əsasını qoydu. Komissiya tez bir zamanda Azərbaycanda dövlət idarəetmə sisteminin islahatlar konsepsiyasını hazırladı. Bu layihədə islahatların dörd əsas istiqamət üzrə aparılması nəzərdə tutulurdu :
– dövlət xərclərinin idarə olunması sisteminin yenidən formalaşdırılması;
– audit sisteminin islahatı;
– dövlət idarəetmə sisteminin islahatı ( inzibati dövlət qulluğu);
– hüquq və məhkəmə sisteminin islahatı.
Dövlət idarəetmə sisteminin islahatları konsepsiyası layihəsində peşəkar dövlət qulluğu institunun yaradılması da qarşıya qoyulan vacib məsələlərdən biri idi. Müasir dövlət fəaliyyəti dövlət qulluğu tərəfindən həyata keçirilir. Dövlətin xüsusi institutu sayılan dövlət qulluğunun təkmilləşdirilməsi dövlət idarəetmə islahatlarının ən vacib istiqamətlərindən biridir.
Azərbaycan Respublikasının dövlət qulluğu dərin köklərə malikdir. Qədim dövrlərdə dövlətimizin ərazisində müxtəlif dövlətlər və onların öz idarəçilik ənənələri olmuşdur. İlk dəfə isə sistemli kadrların hazırlanması Azərbaycan Xalq Cümhuriyyəti dövründə baş vermişdir. Sovet dövründə isə dövlət qulluğu sisteminin inkişafı müəyyən qədər ləngimişdir. Nəhayət, XX əsrin sonunda Azərbaycan müstəqillik qazanaraq dünya dövlətləri sırasında özünə layiq yer tutdu. Bu dövrdə dövlət idarəçiliyi sahəsində 12 noyabr 1995-ci ildə ümumxalq referendum yolu ilə qəbul edilmiş Konstitusiyanın əhəmiyyəti olduqca böyükdür. Bununla da müasir dünyanın tələblərinə cavab verən, demokratik və hüquqi dövlətin əsası qoyuldu.
“Dövlət qulluğu” termini milli qanunvericilikdə ilk dəfə 1995-ci ildə qəbul olunmuş Konstitusiyada hüquqi cəhətdən təsbit olundu. Azərbaycan Respublikasının Konstitusiyası ölkədə hüquqi tənzimləmənin əsas prinsiplərini formalaşdıran, bütün respublika üzrə qanunvericiliyin əsası olan, ali hüquqi qüvvəyə malik aktdır. Hər bir dövlətin qanunvericilik sistemi onun konstitusiyasına əsaslanır. Konstitusiya başqa normativ aktlar üzərində də üstün hüquqi qüvvəyə və müstəqil təsir qüvvəsinə malikdir. Onun normaları heç bir qanunla dəyişdirilə bilməz.
Konstitusiyanın qəbulu dövlət idarəçiliyinin ümumi prinsiplərini də müəyyən etdi. Bununla da Azərbaycanda dövlət idarəçiliyinin və dövlət qulluğu sisteminin yaradılmasına başlanıldı. 1996-cı ildə Prezidentin sərəncamı ilə Hüquqi İslahat Komissiyası təşkil edildi. Komissiya üzvlərinin qarşısına qoyulmuş başlıca məqsəd Azərbaycanda Avropa və digər dünya ölkələrinin hüquq sisteminə uyğun olan bir sistemin yaradılması idi.
Dövlət qulluğu sahəsində islahatların vəzifələri aşağıdakılardır :
– dövlət qulluğunun normativ-hüquqi təminatının yaradılması;
– dövlət qulluğu sisteminin idarə olunmasının yaxşılaşdırılması;
– dövlət qulluğu vəzifələrinin mövcud təsnifatının təkmilləşdirilməsi;
– dövlət qulluğuna qəbul və qulluqda irəliləmə sisteminin təkmilləşdirilməsi;
– dövlət qulluğu sistemində korrupsiya ilə mübarizə;
– dövlət qulluğu islahatlarının elmi təminatı və s.
Ümumilli lider Heydər Əliyevin 1998-ci il dekabrın 29-da imzaladığı fərman ilə Dövlət Komissiyası yaradıldı. Komissiyanın yaradılması Azərbaycanda dövlət idarəçilik sistemində islahatların aparılması üzrə mühüm addım idi.
Digər mühüm normativ-hüquqi aktlardan biri də “Dövlət qulluğu haqqında” qanunun qəbul edilməsi olmuşdur. Qanun 2000-ci il 21 iyulda qəbul olunmasına baxmayaraq, 2001-ci ilin sentyabr ayından etibarən qüvvəyə mindi. Qanunun qəbul olunması ölkədə dövlət qulluğu sahəsində islahatlar prosesinin əsasını təşkil edən meyar və prinsipləri müəyyənləşdirmiş, müxtəlif kateqoriyalı dövlət qulluqçuları arasında dəqiq vəzifə bölgüsünü və dövlət qulluqçularının öz funksiya və vəzifələrini yerinə yetirməsini təmin edən attestasiya və təsnifat sistemini yaratmış, dövlət qulluqçularının işinin səmərəliliyini qiymətləndirməyə və ixtisasartırma tələbatını müəyyənləşdirməyə imkan verən, qulluqda irəliləmələrin əməkdaşın fərdi keyfiyyətlərindən və peşəkarlıq səviyyəsindən asılılığını təmin edən, yüksək ixtisaslı əməkdaşların dövlət qulluğunda qalmasına şərait yaradan nəzarət sisteminin formalaşdırılmasına imkan yaratmışdır.
2002-ci il 29 mart tarixli qanun ilə Azərbaycan Respublikasının “Dövlət qulluğunu idarəetmə Şurası haqqında” əsasnamə təsdiq olundu. Şuranın funksiyalarına dövlət hakimiyyəti orqanlarında dövlət qulluğunun vəziyyətinin və səmərəliliyinin təhlil edilməsi, dövlət qulluğunda kadr potensialının proqnozlaşdırılması, planlaşdırma işinin həyata keçirilməsi və s. kimi funksiyalar daxil edildi. Azərbaycan Respublikasında 1)”Dövlət qulluğu” haqqında qanunun tətbiqinə nəzarəti; 2) dövlət qulluğunun normativ-metodiki təminatını; 3) dövlət qulluqçuları kateqoriyasına aid edilən şəxslərin siyahısını müəyyən etməyi Azərbaycan Respublikasının Dövlət qulluğunu İdarəetmə Şurası həyata keçirir. Şuranın üzvlərinin sayı 18 nəfərdən ibarətdir. Onlardan 6 üzv Azərbaycan Respublikasının Prezidenti tərəfindən, 6 üzv Azərbaycan Respublikası Milli Məclisinin sədri tərəfindən, digər 6 üzv isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri tərəfindən təyin edilir. Belə bir orqanın yaradılması dövlət qulluğuna qəbul, qulluqda irəliləmə, dövlət qulluqçularının attestasiyası, onların təminat və nizam-intizam məsələrində şəffaflığın və obyektivliyin təmin edilməsində mühüm rol oynadı.
Prezidentin 2005-ci il 19 yanvar tarixli Fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu məsələləri üzrə Komissiya yaradıldı.Komissiya öz vəzifə və funksiyalarını həyata keçirərkən Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası ilə qarşılıqlı fəaliyyət göstərir. Komissiyanın funksiyaları aşağıdakılardan ibarətdir :
– dövlət qulluğunun möhkəmləndirilməsi üçün proqramların hazırlanmasının və həyata keçirilməsinin təşkili;
– dövlət orqanlarında dövlət qulluğuna aid qanunun tətbiqinə nəzarət;
– dövlət qulluğuna qəbul üçün müsabiqənin keçirilməsi qaydalarının hazırlanması, qəbulun şəffaf və düzgün şəkildə həyata keçirilməsi;
– müsahibənin keçirilməsi qaydalarını müəyyənləşdirmək;
– dövlət qulluğu sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər vermək və müvafiq aktların layihəsini hazırlamaq və s.
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 27 iyul Fərmanı ilə “Azərbaycan Respublikasının dövlət orqanlarında dövlət qulluğunun rəhbər vəzifələrinin tutulması üçün ehtiyat kadrların formalaşdırılması qaydaları” təsdiq edildi. Bu qaydalar “Dövlət qulluğu haqqında” qanuna , dövlət qulluğu və kadrlarla iş sahəsinə aid olan digər hüquqi normativ aktlara uyğun şəkildə hazırlandı. Beləliklə, ehtiyat kadrların formalaşdırılması dövlət orqanlarının kadr siyasətinin yaradılması prosesinə daxil edildi.
2007-cı il mayın 31-də isə “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanun qəbul olundu. Bu qanun dövlət qulluqçusu statusuna malik olan bütün şəxslərə şamil edilir. Qanunun məqsədləri aşağıdakılardır :
• dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi;
• dövlət orqanlarının və dövlət qulluqçularının fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması;
• dövlət orqanlarında korrupsiyanın və dövlət qulluqçularının fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması;
• dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi;
• dövlət qulluqçularından gözlənilən davranış barədə vətəndaşların məlumatlandırılması;
• dövlət orqanlarının və dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə vətəndaşların təsiri imkanlarının genişləndirilməsi.
Bu qanunda dürüst davranış, professionallıq, loyallıq, sədaqət, xalqın etibarının qorunması, mədəni davranmaq, əmr, təlimat və göstərişlərin yerinə yetirilməsi, korrupsiyanın qarşısının alınması, hədiyyələrin qəbul edilməsi ilə bağlı məhdudiyyətlər, maraqların toqquşmasının qarşısının alınması, əmlakdan , informasiyadan düzgün istifadə və siyasi fəaliyyətlər adı altında dövlət qulluqçularının etik davranış qaydaları tənzimlənmişdir.
2009-cu il 24 iyulda imzalanan Fərman ilə “Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları” qəbul olundu. Yeni qaydalara əsasən artıq dövlət qulluğuna qəbul zamanı test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanlarının təşkili və həyata keçirilməsi, bundan əlavə qiymətləndirmənin aparılması və s. kimi məsələlər Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya tapşırıldı.Lakin 2009-cu il 1 oktyabr tarixində “Dövlət orqanlarında dövlət qulluğuna qəbul ilə bağlı keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması və ekspertizası Qaydaları” qəbul edildikdən sonra artıq test imtahanında namizədlərin təkcə bilik və məntiq səviyyələri deyil, onların dünyanın, əsasən də, Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, müasir beynəlxalq münasibətləri, qanunvericilik biliklərinin yoxlanılması məqsədi ilə cəmləşdirilmiş proqramlar hazırlandı. Və hal – hazırda test imtahanında bilik, məntiqi düşüncə səviyyələri ilə yanaşı, yuxarıdasadalananlar üzrə də namizədlərin bilikləri yoxlanılır.
Dövlət idarəetmə sahəsində həyata keçirilən islahatlar onun ənənəvi funksiyalarına daha yeni funksiyaların (məsələn, strateji təhlil, qiymətləndirmə, marketinq, insan resurslarının idarə olunması və s.) əlavə olunmasına səbəb oldu. 2011-ci il mayın 23-də “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti Fərman imzalamışdır. Bu fərmana əsasən, dövlət orqanlarının elektron xidmətləri təşkil olundu. Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planında da şəffaflığın artırılması və açıq hökuməti təbliğ etmək üçün nəzərdə tutulan tədbirlərdən biri məhz elektron hökumətin təkmilləşdirilməsi oldu.
Dövlət idarəetməsində yeni fəaliyyət metodunun yaradılması istiqamətindəki mühüm tədbirlərdən biri Prezidentin 2012-ci il 13 iyul tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət agentliyinin yaradılması oldu. Agentliyin yaradılmasında məqsəd dövlət orqanlarında şəffaflığın artırlıması, vətəndaşlara daha yaxşı xidmət göstərilməsi, onlara qarşı münasibətdə etik qaydalara əməl edilməsi və vətəndaş məmnunluğunun təmin edilməsidir. Bu agentliyin yaradılması “vətəndaş – dövlət qulluqçusu” münasibətlərinin inkişafında mühüm rol oynadı. Məlumdur ki, eyni xidmətləri ayrı – ayrı dövlət orqanları göstərdikdə onlar arasında sağlam rəqabət yaranır ki, bu da korrupsiyanın, süründürməçiliyin qarşısını almağa və vətəndaş məmnunluğunun təmin olunmasına səbəb olur. Həyata keçirilən islahatlar prosesində bu xüsusiyyətlərin də nəzərə alınması “Asan xidmət” mərkəzlərinin yaradılması ilə nəticələndi. Artıq bir neçə orqanın xidmətləri bir orqanda təqdim edilirdi. “Asan xidmət” mərkəzlərinin yaradılmasında əsas məqsədlər aşağıdakılardır :
 vətəndaşların həm əlavə vaxt itkisinin, həm də əlavə xərclərinin azaldılması;
 peşəkarlıq səviyyəsinin artırılması;
 vətəndaşların dövlət strukturlarına qarşı olan etimadının gücləndirilməsi;
 elektron xidmətlərdən daha geniş istifadə olunması;
 institusional islahatların səmərəliliyinin artırılması və s.
Dövlət idarəçilik sahəsində səmərəliliyin artırılması və daima inkişaf etdirilməsi üçün islahatların ardıcıl olaraq həyata keçirilməsi zəruridir. Məhz buna görə Prezident İlham Əliyevin 2018-ci il 23 noyabr tarixli sərəncamı ilə Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya hazırlanıb. Bu dövlət qulluğu sisteminin inkişafı üçün orta və uzun müddəti əhatə edən ardıcıl və mərhələli tədbirləri müəyyən edən sənəddir. Strategiyanın əsas məqsədi dövlət qulluğu sistemində idarəçiliyin təkmilləşdirilməsi, dövlət orqanlarının kadr potensialının inkişaf etdirilməsi, yüksək mənəvi və etik dəyərləri əsas tutan, bilik, bacarıq və müsbət şəxsi keyfiyyətləri ilə seçilən dövlət qulluqçuları korpusunu formalaşdırmaqla dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılmasıdır. 2019-2021-ci və 2022-2025-ci illəri əhatə edən iki fəaliyyət planına əsasən Strategiyanın icrasının həyata keçirilməsi nəzərdə tutulub.
Ölkədə yeni inkişaf mərhələsinin başlandığını göstərən amil isə Prezidentin Sərəncamı ilə “Azərbaycan 2020 : gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması olmuşdur. Konsepsiyanın başlıca məqsədi davamlı iqtisadi artım və yüksək sosial rifah, dövlət idarəetməsi və qanunun aliliyi, vətəndaşların hüquq və azadlıqlarının təmin olunması ilə səciyyələnən inkişafa nail omaqdır.Beləliklə, demokratik dəyərlərə söykənən yeni idarəetmə modeli şəffaf və səmərəli idarəetmənin konsepsiyalarını yaratmağa istiqamətlənmişdir. Respublikada yeni inkişaf mərhələsinin mühüm təminat şərti kimi müəyyən olunan səmərəli idarəetmənin qurulmasına yönələn dövlət siyasətinin mərkəzində vətəndaş dayanır və onun məmnunluğu dövlət xidmətlərinin keyfiyyət və asanlığının əsas göstəricisi hesab olunur.
Azərbaycan Respublikasının siyasi sistemi
Siyasi sistem hər bir ölkənin ictimai həyətaının ayrılmaz tərkib hissəsi kimi nəzərdə tutulur. Ölkənin fəaliyyəti iqtisadi, siyasi, sosial, eyni zamanda maddi və mənəvi sahələrin, ətraf-mühit, ictimai resurslar və digər göstəricilərin ümumi məcmusundan ibarətdir. Bütün bu sahələrdə işin təşkili, idarə edilməsi, cəmiyyət həyatının, gündəlik yaşayışın və fəaliyyətin, qayda – qanunların müəyyən edilməsi, vətəndaşların davranış qaydalarının təsbit edilməsi və s. kimi işlərin görülməsi birbaşa dövlətlərin siyasi sisteminin xarakterini və prinsiplərini müəyyən edir.
Məhz buna görədir ki, siyasi sistemi – dövlət idarəçilik təşkilatlarının, siyasi və ictimai institutların, siyasi rolların, münasibətlərin, proseslərin, cəmiyyətin siyasi idarəçiliyinin prinsiplərinin qaydaya salınmış və bütöv məcmusu kimi xarakterizə edirlər.
Azərbaycan Respublikasının siyasi sistemi də milli və tarixi şəraitin xüsusiyyətlərini əks etdirməklə xarakterizə olunur. Onun meydana gəlməsində müxtəlif amillər rol oynamışdır. Əhalinin siyasi mədəniyyətinin xüsusiyyətləri Azərbaycanın siyasi sisteminin fəaliiyyətinin formalaşmasına böyük təsir göstərir.
Azərbaycanda siyasi sistemin strukturunun formalaşması 1995-ci il 12 noyabrda qəbul olunmuş Konstitusiya ilə tamamlandı. Artıq qəbul olunmuş Konstitusiya ilə Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublika kimi müəyyənləşdirildi. Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi xalqdır. Sərbəst və müstəqil olaraq müqəddaratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur. Azərbaycan Respublikası dövlət hakimiyyətinin həyata keçirilməsi formasına görə prezident üsul-idarəsinə əsaslanan respublika parametrlərinə uyğundur.
Hakimiyyətin bölünməsi prinsipinə uyğun olaraq Azərbaycan Respublikasında üç hakimiyət qolu müəyyənləşdirilmişdir :
• qanunvericilik;
• icra;
• məhkəmə hakimiyyıti
Bu hakimiyyət orqanlarının hər birinin fəaliyyəti Konstitusiya və digər qanunvericilik aktları ilə tənzimlənir. Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən orqan Milli Məclis, icra hakimiyyətini həyata keçirən Prezident, Məhkəmə hakimiyyətini həyata keçirən orqan Azərbaycan Respublikasının məhkəmələridir.
Azərbaycan Respublikasının Konstitusiya ilə müəyyən edilmiş unitarlığı xüsusiliyə malikdir. Bu da onun tərkibində Naxçıvan Muxtar Respublikasının dövlət hakimiyyəti statusuna malik olmasıdır.Konstitusiyaya görə Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Orada qanunvericilik hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, icra hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, məhkəmə hakimiyyətini isə Naxçıvan Muxtar Respublikasının məhkəmələri həyata keçirir. Naxçıvan Muxtar Respublikasında ali vəzifəli şəxs Ali Məclisin sədridir.
Azərbaycanın siyasi sistemində yerli özünü idarətmə orqanları olan bələdiyyələr də mühüm yer tutur. Bu institut yeni yaranmasına baxmayaraq böyük perspektivə malikdir.Bütün müasir siyasi sistemlər kimi Azərbaycanın siyasi sisteminə də çoxpartiyalılıq, plyuralizm xasdır. Siyasi partiyalar qanunverici və yerli özünü idarəetmə orqanlarında təmsil olunmaq vasitəsi ilə dövlət hakimiyyətinin həyata keçirilməsində iştirak etmək imkanına malikdirlər.

Dövlət başçısı. Konstitusiyaya görə Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir. O, ölkənin daxilində və xarici münasibətlərdə Azərbaycan dövlətini təmsil edir.Azərbaycan Respublikasının Prezidenti Azərbaycan xalqının vahidliyini təcəssüm etdirir və Azərbaycan dövlətçiliyinin varisliyini təmin edir.Azərbaycan Respublikasının Prezidenti Azərbaycan dövlətinin müstəqilliyinin, ərazi bütövlüyünün, təhlükəsizliyinin və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasının təminatçısıdır. Bu öhdəlik Prezidentin həm də Ali Baş Komandan kimi səlahiyyətlərini müəyyənləşdirir və ölkənin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun gəlməyən istənilən qanuna “veto” qoymaq, icra hakimiyyəti orqanlarının, siyasi institutların, təşkilatların və s. qurumların xalqın iradəsinin əleyhinə yönəlmiş aktlarını ləğv etmək hüququnu yaradır.

Qanunvericilik hakimiyyəti.Azərbaycan Respublikasında qanunvericilik hakimiyyəti bir palatadan ibarət olan Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir. Onun fəaliyyəti və səlahiyyətlərinin statusu əsasən iki istiqamətdə həyata keçirilir :birincisi, Milli Məclis geniş məsələlər üzrə ümumi qaydaları müəyyən edir. Bu qaydalar çərçivəsində icra hakimiyyəti müəyyən bir idarəetmə funksiyasını yerinə yetirir. ikincisi, birbaşa Milli Məclis tərəfindən həll olunan məsələlərdir.
Azərbaycan Respublikasının yaşı 18-dən aşağı olmayan hər bir vətəndaşı qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilə bilər.Azərbaycan Respublikasının Milli Məclisi ümumi və birbaşa seçkilər əsasında 5 il müddətinə seçilmiş, 125 millət vəkilinin daxil olduğu təkpalatalı parlamentdir. Qanunvericilik fəaliyyətindən əlavə Milli Məclis dövlət büdcəsini təsdiq və ona nəzarət edir.
İcra hakimiyyəti. Azərbaycan Respublikasında icra hakimiyyətini Konstitusiyaya uyğun olaraq yuxarı, mərkəzi və yerli icra hakimiyyəti orqanları həyata keçirir. Bu sistem dövlət orqanlarının və qulluqçularının əsas çoxluğunu əhatə edir və geniş hüquqlara malikdir. Qanunların icrası icra hakimiyyətinin əsas funksiyasıdır. İcra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur.

Məhkəmə hakimiyyəti. Azərbaycan Respublikasının məhkəmə sistemi Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq respublikada fəaliyyət göstərən məhkəmə hakimiyyətinin ümumi vəzifələri, təşkilati və əməliyyat prinsipləri altında birləşən bütün məhkəmələrin məcmusundan ibarətdir. Azərbaycan Respublikasında məhkəmə sisteminin strukturu 1997-ci il 10 iyun tarixli “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası qanunu ilə müəyyən edilmişdir.
Məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının apellyasiya məhkəmələri, Azərbaycan Respublikasının ümumi məhkəmələri və digər ixtisaslaşdırılmış məhkəmələri həyata keçirirlər.

Siyasi sistem hakimiyyətin sosial məzmunlu səciyyəsini, onun daşıyıcısı olan hakim dairənin xarakterini və iqtisadi quruluşu, eyni zamanda hakimiyyətin həyata keçirildiyi və siyasi münasibətlərin cərəyan edildiyi təsisatlar və təşkilatlar sistemini göstərir, siyasi hakimiyyətin fəaliyyət prinsiplərini, normalarını və bu fəaliyyətin yönümünü müəyyən edir.

Bu gün Azərbaycanda dövlət idarəçilik sahəsində islahatların institusional mexanizmlərinin yaradılması tələb olunur. İslahatlar üçün elə təminat mexanizmləri nəzərdə tutulmalıdır ki, onlar həyata keçiriləcək dəyişiklikləri əhatə etsin. Bura idarəetmə orqanlarının sisteminin formalaşdırılması, dövlət qulluğu və dövlət idarəetməsinin ayrı-ayrı sahələrini aid etmək olar. Dövlət idarəetmə sahəsində islahatlara rəhbərlik etmək üçün bu sahədə siyasətə, bu siyasətin həyata keçirilməsi ilə bağlı olan bütün tədbirlərə cavabdehlik daşıyacaq xüsusi bir qurumun yaradılmasına ehtiyac duyulur. Dövlət idarəetməsi özündə çox müxtəlif ictimai əlaqələri, baş verən prosesləri və formalaşan qarşılıqlı əlaqələri əks etdirir.

İslahatlar prosesində elə tədbirlər həyata keçirilməlidir ki, onlar həm elmi cəhətdən, həm də resurslar baxımından Azərbaycanın unitar dövlət quruluşuna, dövlət aparatının struktur islahatlarına, aparatın fəaliyyəti üzərində müxtəlif nəzarət formalarının yaradılmasına, dövlət aparatının vətəndaşlarla, ümumilikdə cəmiyyətin əlaqələrinə uyğun olan vahid dövlət sisteminin islahatlarının başa çatmasına gətirib çıxara bilsin.

İslahatların məqsədi aydın və dəqiqdir: Azərbaycanda dövlət idarəçiliyini daha da təkmilləşdirmək, dövlət qurumlarının fəaliyyətini optimallaşdırmaq, çevik, yığcam və məqsədyönlü etmək, dövlət xidmətlərinin səmərəliliyini artırmaq və dövlət büdcəsinin vəsaitindən səmərəli istifadəni təmin etmək. İslahatların məqsədi həm dəiqtisadiyyatda baş verən struktur dəyişikliklərinə uyğunlaşmanı təmin etməkdir. İslahatlar dövlət idarəetməsini iqtisadi inkişafın yeni mərhələsinə uyğunlaşdırır. İdarəetmə və iqtisadi inkişaf arasında tarazlıq, qarşılıqlı əlaqə və bir-birini tamamlama kimi prinsiplər qorunur.

Həyata keçirilən islahatların müsbət tərəflərindən biri də odur ki, ölkəmizdə biznes mühitinin daha da təkmilləşdirilməsi ilə sağlam rəqabətin gücləndirilməsidir. Çünki belə olduğu halda dövlət aparatı özəl sektorun fəaliyyətinə müdaxiləni minumum səviyyəyə endirməklə daha çox bazar tənzimləməsinə şərait yaradır. Bunu da unutmamaq lazımdır ki, səmərəli idarəetmə peşəkar və şəxsi əxlaqi keyfiyyətləri yüksək olan kadrların cəlb olunması, insan resurslarının düzgün idarə edilməsi ilə başlayır. Çünki insan resurslarının düzgün idarə olunması kadr siyasətinin məqsədlərinə və səmərəli fəaliyyətə nail olmağın ilkin şərtidir. Dövlət idarəetməsinin nə dərəcədə səmərəli həyata keçirildiyi barədə obyektiv məlumat isə ictimai rəydə və vətəndaş məmnunluğunun səviyyəsində əks olunur. Çünki ictimai rəydə xalqın və ayrı-ayrı sosial qrupların ictimai marağına səbəb olan hadisələrə münasibət öz əksini tapır.Təbiidir ki, həyata keçirilən islahatlar nəticəsində vətəndaşlara daha şəffaf və effektiv şəkildə xidmət göstəriləcək, nəticədə dövlət xidmətləri daha əlçatan və keyfiyyətli olacaq. Dövlət idarəetmə sahəsində aparılan islahatlar mövcud resurslardan düzgün istifadənin və bürokratiyanın qarşısının alınmasının ən vacib amillərindən biridir. Bu gün də ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi davamlı islahatlar dövlət idarəçiiyinin daha da gücləndirilməsi, dövlət orqanlarında çevikliyin artırılması, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və dövlət vəsaitlərindən qənaətlə istifadə olunmasına yönəldilmiş addımlardır.

İstifadə olunan ədəbiyyat siyahısı
1. Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi

2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu.
3. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu.
4. Səmərəli idarəetmənin mahiyyəti və xüsusiyyətləri. N.Hüseynova http://www.respublica-news.az/images/pdf/2015.09.24.pdf
5. “Dövlət idarəetmə sistemi” anlayışı : mahiyyəti və strukturu. N.Ağayeva http://az.strategiya.az/news.php?id=140826
6. İdarəetmənin, dövlət idarəetməsinin və icra hakimiyyətinin anlayışı, məzmunu və prinsipləri
http://unec.edu.az/application/uploads/2015/07/INZIBATI-HUQUQ-_1_.pdf
7. İdarəetmə nəzəriyyəsinə giriş
http://lib.bbu.edu.az/read.php?item_type=lecture&file_type=pdf&file=34
8. Müasir dövrdə Azərbaycanda dövlət qulluğu sistemində islahatlar. M.Həsənov
https://azertag.az/xeber/Muasir_dovrde_Azerbaycanda_dovlet_qullugu_sisteminde_islahatlar-1298253
9. Dövlət qulluğunun təkmilləşdirilməsində davamlı islahatlar. R.Rəhimli
http://anl.az/down/meqale/azerbaycan/2019/iyun/660566.htm
10. Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya
http://dim.gov.az/upload/iblock/44a/44a5cbe33eb362333ef99f7aa0ce6701.pdf
11. Dünya ölkələrinin müasir siyasi sistemləri. Ə.Həsənov, A.Vəliyev
12. Public Administration reforms and Human Resources in Azerbaijan. M.Hasanoğlu

Public Administration Reforms and Human Resources in Azerbaijan


13. Structural reforms in Azerbaijan. Farid Mehralizadeh

Azərbaycanda struktur islahatları


14. Theories and concepts of Public Administration. University of Calicut, study material
15. Handbook of research methods in Public Administration. Gerald.J.Miller
16. Methodology in Public Administration. National Autonomous University of Mexico
17. https://asan.gov.az/az/about
18. http://www.supremecourt.gov.az/static/view/1
https://kayzen.az/blog/azerbaycan/5935/az%C9%99rbaycan%C4%B1n-siyasi-sistemi.html
http://www.uamconsult.com/book_722_chapter_31_7.1._Ponjatie_innovatsijj_i_innovatsionnojj_dejatelnosti.html

Murtəza HASANOĞLU
Azərbaycan Respublikası Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının Dövlət qulluğu
kadr siyasəti kafedrasının dosenti, siyasi elmlər
üzrə fəlsəfə doktoru

Yorumlar