KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Azərbaycan Avropanın geosiyasi maraqlarında mühüm yer tutur

Azərbaycan Avropanın geosiyasi maraqlarında mühüm yer tutur

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
288 0

“Azərbaycan bütün təzyiqlərə baxmayaraq Avropanın enerji təhlükəsizliyində aparıcı ölkə statusunu qazandı”

“Cənab prezident İlham Əliyevin Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə görüşündə Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olundu. Ölkəmizin Avropa Birliyi ilə yaxından əməkdaşlıq etdiyi üç mühüm sahə var: bunlar xarici əlaqələr, xarici ticarət və enerji sahəsində olan əməkdaşlıqdır. Enerji əməkdaşlığı Azərbaycanla Birlik arasında ən mühüm tərəfdaşlıq sahəsidir. Azərbaycan həyata keçirdiyi bir sıra qlobal layihələrlə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Son olaraq nəhəng layihələrdən biri hesab olunan Cənub Qaz Dəhlizi və onun mühüm hissələrindən biri olan TANAP Avropa üçün əhəmiyyətli layihədir. Avropa Birliyi öz enerji mənbələrini diversifikasiya etmək, Rusiyadan olan enerji asılılığını azaltmaq istəyir. Avropa Azərbaycan qazına ən real və optimal enerji mənbəyi kimi baxır. Avropa Birliyi ölkələrinin öz aralarında da Rusiyadan alınan qazın şaxələndirilməsi və yeni mənbələr, enerji xətləri ilə bağlı fikir ayrılıqları vardır”.

Bu fikirləri Olaylar.az-a açıqlamasında politoloq, beynəlxalq münasibətlər üzrə mütəxəssiz Nəzakət Məmmədova deyib.

O bildirib ki, Almaniya və Fransa əvvəlki kimi Rusiyadan təbii qaz alışı və “Şimal axını-2” layihəsinin çəkilişini dəstəklədiyi halda, Avropa Birliyi Komissiyası buna qarşı çıxaraq Rusiyanın “Qazprom” şirkətinin monopoliyasına son qoymaqda israrlıdır və enerji danışıqları üzrə mandat tələb etmişdir. Azərbaycana qarşı bəzi Avropa ölkələrinin qərəzli münasibətinin arxasında bu amil də var idi. Lakin Azərbaycan bütün bu kampaniyalara, təzyiqlərə baxmayaraq Avropanın enerji təhlükəsizliyində aparıcı ölkə statusunu qazandı və Birliklə əməkdaşlığı davam etdirmək əzmindədi: “Avropa Birliyinin Azərbaycanla əməkdaşlıq məqsədlərindən biri də ölkəmizin geosiyasi mövqeyinin son dərəcədə əhəmiyyətli olmasıdır. Artıq Gürcüstan və Ermənistanla tərəfdaşlıq sazişləri imzalayan Birlik Azərbaycan kimi əhəmiyyətli ölkəni diqqətdən kənarda qoya bilməz və Cənubi Qafqazı tam inteqrasiya olunmuş bir vəziyyətdə yaxın tərəfdaş kimi görmək istəyir. Azərbaycan həm İran, həm də Rusiya və Türkiyə ilə yaxınlıqda yerləşən, bu ölkələrlə geniş əlaqələrə malik olan ölkə olaraq Avropanın geosiyasi maraqlarında mühüm yer tutur”.

Nəzakət Məmmədovanın sözlərinə görə, hazırda İran və Rusiyanın ABŞ-la gərgin münasibətlərinin olduğu bir dövrdə Avropa Birliyi əksinə, Rusiya, İran və Çinlə bir çox sahələrdə əməkdaşlıq etmək istəyir və bununla da ABŞ-ın təzyiqlərini zəiflədərək ona qarşı balans yaratmaq istəyir: “Azərbaycan Avropanın enerji təminatında mühüm rol oynayan dövlət olmaqla bərabər eyni zamanda Çinin Avropa ilə birləşməsində kommunikasiya rolunda da çıxış edir. Eyni zamanda, Tərəfdaşlıq Müqaviləsi bağladığı Ermənistanın qısa bir müddət sonra ABŞ-dakı bəzi dairələr tərəfindən dövlət çevrilişi yolu ilə hakimiyyətə gələn qüvvələr tərəfindən Amerikayönümlü siyasət yeritməsi Avropanı məyus edib”.

Politoloq qeyd edib ki, artıq Ermənistan Avropanın yaxın tərəfdaşı İran üçün, onun dünyaya çıxması üçün nəfəslik rolunda çıxış etmir. Bu isə sanksiyalarla üzləşmək təhlükəsində olan İranın Ermənistan vasitəsilə olan dünyaya çıxışının qapanması deməkdir. ABŞ-ın Ermənistanda nüfuzunun yüksəlməsi İranın şimal sərhədlərində Qarabağ və Naxçıvan istiqamətlərində ermənilərin təxribatına və sabitliyin pozulmasına səbəb ola bilər ki, bu da Avropa Birliyini çox narahat edir. Birliyin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Brüsseldə Ermənistanın baş naziri Paşinyana danışıqları yeni formata keçirməklə bağlı narazılığını ifadə etməsi də Avropa Birliyinin Ermənistanın yeni rəhbərliyinin fəaliyyətindən narazı qaldığının göstəricisidir.

N. Məmmədova son olaraq əlavə edib ki, Avropa Birliyi onun Rusiya ilə münasibətlərinin uzlaşdığı ATƏT kimi Avropa Birliyinin təhlükəsizliyinə birbaşa cavabdeh olan təşkilatın Minsk Qrupunun müəyyən etdiyi formatın dəyişməsini qəbul etmir və bunu qeyri-konstruktiv təşəbbüs kimi dəyərləndirir. Eyni zamanda, Rusiya, Fransa və ABŞ-ın həmsədr olduğu Minsk qrupunun fəaliyyətinin Ermənistan tərəfindən təftiş edilməsini məqbul hesab etmir. Digər tərəfdən bu təşəbbüsün Azərbaycanın maraqlarına birbaşa zidd olduğunu nəzərə alır: “Avropanın enerji təhlükəsizliyində rol oynayan bir dövlətin olduğu regionda sabitliyin olması, münaqişələrin sülh yolu ilə həll olunması və sabitliyin bərpası isə Avropa üçün hər zaman olduğundan indi daha çox əhəmiyyət kəsb edir”.

Nigar Orucova

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir