KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Ayten Rahimli: Pezeşkiyan Güney Azerbaycanın dertlerine derman bula bilirmi?

Ayten Rahimli: Pezeşkiyan Güney Azerbaycanın dertlerine derman bula bilirmi?

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
40 0

İllərdir Güney Azərbaycanın problemləri bitmək-tükənmək bilmir. İran adlanan dövlət çalışır ki, Güney Azərbaycanı daim sosial və iqtisadi inkişaf baxımından geridə saxlasın. Bölgənin iqtisadiyyatı daim asılı vəziyyətdə olsun. Milli dil inkişaf etməsin. İranlılaşma adı altında farslaşma prosesi həyata keçirilsin. Böyük İran milləti deyə deyə, Azərbaycanlı – türk kimliyini unutdursun. İran bunları həm də böyük bir məkrlə həyata keçirir. Məsələn, müxtəlif vəzifələrə manqurtlaşmış olan Güney Azərbaycandan olan şəxslər təyin edilir. Hər hansı bir narazılıq olanda da, “baxın İranda ən yüksək vəzifələri Azərbaycanlılar tutur” deyirlər. Halbuki, bilənlər bilir ki, bəzən İranın Ali Dini Rəhbəri, Təbriz yaxınlığındakı Xamnədə doğulan Seyid Əlinin belə Azərbaycan türkü olub olmaması mübahisəlidir.
İranda keçirilən son bir neçə prezident seçkilərində Güney Azərbaycan əhalisinin fəallıq nümayiş etdirməməsi məhz yuxarıda sadalanan problemlərin nəticəsidir. Əslində İranın əhalisinin yarısını təşkil edən Azərbaycan türkləri son bir neçə seçkidə passiv boykotdan istifadə ediblər. Sadəcə bunu kimsə açıq siyasi səviyyədə elan etməyib. Panfarsist dairələr də yaxşı başa düşürlər ki, İran əhalisinin yarısını təşkil edən azərbaycanlıların seçkilərə bu cür yanaşması seçici fəallığının aşağı düşməsinin əsas səbəbidir.
Bir neçə gün sonra keçiriləcək seçkilərə islahatçıların yeganə nümayəndəsi kimi Məsud Pezeşkiyanın buraxılması, seçkilərlə bağlı sorğularda onun adının ikinci sırada hallandırılması daha çox bununla bağlıdır. Məsələn, iyunun 20-də İran Tələbələri Sorğu Agentliyi prezident seçkiləri ilə bağlı İran daxilində keçirdiyi üzbəüz sorğunun nəticələrini açıqladı. 31 ostanda 4545 nəfərlə aparılan sorğuda iştirakçıların 26,2 faizi Milli Təhlükəsizlik Ali Şurasının keçmiş baş katibi Səid Cəliliyə, 19,8 faizi isə islahatçıların yeganə namizədi Təbriz millət vəkili və keçmiş səhiyyə naziri Pezeşkiyana səs verəcəklərini bildiriblər. Bundan əvvəl keçirilən sorğularda birinci olan parlament sədri Məhəmməd Bağır Qalibafın isə 19 faiz səslə üçüncü yerdə olduğu göstərilib.
Səid Cəlili və Məhəmməd Bağır Qalibafla müqayisədə əlində daha az siyasi resursları olan Pezeşkiyan məqsədli olaraq populyarlaşdırılır. Ona milli hüquqlarla bağlı müəyyən fikirlər səsləndirməsi üçün şərait yaradılır. İranın kölgə dövlət sistemi iki plan üzərində işləyir. Qısamüddətli hədəf Pezeşkiyan vasitəsilə Güney Azərbaycanlıların seçkilərdə fəallığının nisbətən də olsa artırılması, seçkilərə ümumölkə səviyyəsində legitimlik qazandırılmasıdır. Lakin İran dövlət sisteminin B planı da vardır. Uzun illər Güney Azərbaycanda doğulmuş Əli Xamneyinin ali dini rəhbər olduğu şəraitdə hakimiyyətə gələn prezidentlərin hamısı qeyri-türk (azərbaycanlı) olublar. Xamneyidən sonra ali dini rəhbər vəzifəsində sırf fars kimliyi daşıyan hansısa ayətullahın gətirilməsi istisna deyil, belə olan halda Prezident vəzifəsinə Güney Azərbaycandan olan bir şəxsin gətirilməsi B planının tərkib hissəsi də ola bilər. Yəni bu dəfə ali dini rəhbərlik farslara, prezidentlik isə Güney Azərbaycanda doğulanlara ötürülə bilər. Pezeşkiyanın islahatçı olması ilə İranın xarici siyasətdə müəyyən açılımlara getməsinə, üzərindəki təzyiqləri azaltmasına səbəb ola bilər. İranın isə buna ehtiyacı var.
Bəs Pezeşkiyan gerçəkdən də soyadında olan pezeşk (həkim) anlayışına uyğun olaraq Güney Azərbaycanın dərdlərinə dərman tapa biləcəkmi? Bu böyük bir sualdır. Şuubiyyə prinsipləri əsasında oturuşdurulmuş bir dövlət sistemində bir şəxsin proseslərdə ciddi dəyişiklikliyə nail ola bilməsə real görünmür. Zatən Pezeşkiyan daxilində belə dəyişiklikləri daşıyan bir şəxs olsaydı onun namizəd kimi seçkiyə buraxılmasından söhbət gedə bilməzdi.
Pezeşkiyanın Güney Azərbaycan üçün pezeşk olub olmamasını isə zaman göstərəcək, təbii ki, seçkidə nəticə əldə edə bilsə…

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir