KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Aytən Qurbanova: Sülhməramlıların Qarabağda qalma müddətinin artırılmasının gündəmə gələcəyi ehtimalı hər zaman aktualdır

Aytən Qurbanova: Sülhməramlıların Qarabağda qalma müddətinin artırılmasının gündəmə gələcəyi ehtimalı hər zaman aktualdır

Kafkassam Editör Kafkassam Editör - - 12 dk okuma süresi
565 0

Politoloq: “Sülhməramlıların Qarabağda qalma müddətinin artırılmasının gündəmə gələcəyi ehtimalı hər zaman aktualdır.”
Məlum olduğu kimi, bir müddət əvvəl Ermənistan Prezidenti Armen Sarkisyan istefa verdi. İstefanın qəfildən baş verməsi ciddi müzakirələrə səbəb olmaqdadır. Dövlət başçısının qərarı ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bəziləri bunu Qərbin, bəziləri isə Rusiyanın əməli hesab edir. Maraqlıdır, Sarkisyan “günah keçisi” oldu, yoxsa “Sonuncu mogikan”? Bu suala aydınlıq gətirməkdən ötrü BDU-nun müəllimi, politoloq Aytən Qurbanova ilə söhbətləşdik:

– Regionda yeni reallıqların yarandığı, o cümlədən Ermənistanla Türkiyə arasında əlaqələrin normallaşdığı bir vaxtda Ermənistan Prezidenti Armen Sarkisyanın istefası nə ilə bağlıdır?
– Ümumiyyətlə, siyasətdə təsadüf olmur. Ölkədə bunu fərqli formada şərh edənlər var. Sarkisyan özü istefasını səlahiyyətlərinin məhdud olması ilə əlaqələndirir. Təbii ki, bu, inandırıcı deyil. Türkiyə və Azərbaycanla münasibətlərin yeni mərhələsinin başladığı bir dövrdə dövlət başçsının bu addımı müharibənin nəticəsi kimi qiymətləndirilə bilər. Sarkisyanla Paşinyan arasında kifayət qədər fikir ayrılığının olması faktı məlumdur. Prezident bir növ yaranan siyasi böhranın məsuliyyətini özündən uzaqlaşdırmağa çalışır. Onun eyni zamanda Britaniya vətəndaşı olması iddiaları da proseslərə təsirsiz ötüşmədi.
– Prezidentin istefasının Paşinyan administrasiyasına təsiri nədən ibarət olacaq?
– Sarkisyanın ikili vətəndaşlığı sübut olunarsa, Ermənistan daxilində kifayət qədər çox dəyişikliklər ola bilər. Çünki onun qəbul etdiyi bütün qərarlar və verdiyi qərarlara müvafiq olaraq bütün təyinatlar da ləğv edilməlidir. Bu mənada dediyim kimi, Sarkisyanın ikili vətəndaşlığının təsdiq olunması Ermənistan üçün daha ağır nəticələr vəd edir. Hər bir halda bu iddialar sübut olunmasa belə, yeni prezident seçkilərinin keçirilməsi ilə müəyyən dəyişikliklərin olması ehtimalı gözləniləndir. Amma Türkiyə-Ermənistan iqtisadi əlaqələrininin bərpa olunması istiqamətində atılan addımlara zərbə vura biləcək bir siyasi fiqurun hakimiyyətə gələcəyinə inanmıram. Başqa sözlə desək, Ermənistanda radikal siyasi dəyişikliklərə səbəb ola biləcək namizədin prezident olacağını düşünmürəm.
– Deməli, Sarkisyanın istefası ilə Paşinyanın daha müstəqil siyasət yeritməsinə zəmin yarandı…
– Onsuz da 2015-ci ildə konstitusiyaya edilən dəyişikliyə əsasən baş nazirin kifayət qədər böyük səlahiyyətləri var. Bunu müharibədən əvvəl də, sonra da gördük. İndi onun siyasətini dəstəkləyən bir adamın hakimiyyətə gəlməsi təbii ki, daxili və xarici siyasətdə Paşinyanın “əlini daha da gücləndirəcək”.
– Bəs Rusiyanın buna münasibəti necə olacaq?
– Ümumiyyətlə, Moskvanın icazəsi olmadan İrəvanın hansısa addım atdığını, o cümlədən Bakı və Ankara ilə danışıqlar apardığını düşünmək sadəlövlük olar. Çünki Qərb nə qədər Paşinyanın dəstəklədiyi siyasi fiqur kimi dəyərləndirilsə də, qərər qəbuletmə mexanizminə Kremlin təsiri daha çoxdur. Türkiyə ilə görüş yeri kimi Moskvanın seçilməsi də bunun bariz nümunəsidir. Ancaq bunun arxasında başqa maraqlar da dayana bilər. Xüsusilə danışıqlar prosesinin uzadıldığını nəzərə alsaq, sülhməramlıların Qarabağda qalma müddətinin artırılmasının gündəmə gələcəyini ehtimalı hər zaman var.
– Elə isə Moskva loyal mövqeyini nə vaxtadək davam etdirəcək?
– Regionda vəziyyət, o cümlədən şimal qonşumuzun buradakı maraqlarını qorumaqla bağlı qətiyyətli mövqeyi də məlumdur. Rusiyanın imperialist çıxışları, SSRİ-ni bərpa etmək ambisiyaları davam etdikcə o, dondurulmuş münaqişələr çərçivəsində öz təsir imkanlarını qorumaqda maraqlı olacaq. Kremlin sülh quruculuğu prosesində sülhməramlı missiyanı öz üzərinə götürməsi isə faktiki olaraq prosesin uzadılmasına daha çox xidmət edir.
– Son vaxtlar Ermənistanda ATƏT-in Minsk Qrupunu yenidən dirçəltməyə dair cəhdlər var. Bu çağırışları nə ilə əlaqələndirirsiniz?
– İndiyədək Minsk Qrupu münaqişənin həlli istiqamətində heç bir real addım atmayıb. Deməli, sözügedən çağırışlar Ermənistanın, həmçinin vasitəçilərin konfliktin hələ bitmədiyini göstərmək üçün növbəti addımıdır. Azərbaycan tərəfi isə rəsmi şəkildə bəyan edib ki, bizim üçün məsələ bitib. Yəni Minsk Qrupunun fəaliyyətinə daha ehtiyac yoxdur.
– Doğrudanmı, Rusiya Minsk Qrupunun “reanimasiyadan çıxmasını” istəyir?
– Əlbəttə, birbaşa iştirak Moskvanın maraqlarına daha çox uyğundur, nəinki Minsk Qrupu formatında. Fərqli fikirlərin səsləndirilməsi isə ancaq proseslərin uzadılmasına hesablanmış addımlardır. Ümumiyyətlə, tez-gec sülh danışıqları başlayacaq. Lakin hətta sülh müqaviləsi belə regionda və Qarabağda təhlükəsizlik üçün zəmanət deyil. Hər halda Ermənistanın imzaladığı sənədə inanmaq olmaz.
– Bəziləri belə düşünür ki, növbəti qurban Paşinyan ola bilər. Bu ehtimalı necə qiymətləndirirsiniz?
– Düşünürəm ki, yaxın gələcəkdə Ermənistanda yenidən növbədənkənar seçkilərin keçirilməsi ehtimalı çox aşağıdır, hətta mən bu ehtimalı ümumiyyətlə istisna edirəm. Çünki yeni seçkilər keçirilib və müharibədən çıxmış bir ölkə mövcud siyasi böhran şəraitində ikinci dəfə belə bir prosesdən daha da parçalanmış formada çıxa bilər. Bunu Paşinyan hökuməti ilə yanaşı müxalif siyasi qruplaşmalar da çox yaxşı bilirlər. Amma təbii ki, bütün siyasi proseslər mütləq qaydada proqnozlaşdırıla bilməz. Baxmayaraq ki, mövcud reallıqda Paşinyan hakimiyyəti Rusiyanın maraqlarına uyğun gəlir, amma müxalifətin müxalif qüvvələrin revanşist çağırışları və radikal çıxışları hadisələrin gedişatını fərqli istiqamətə yönləndirə bilər.
– Bəs bir neçə il sonra?..
– Yəqin ki, bir neçə il sonra dedikdə konkret olaraq sülhməramlıların fəaliyyət müddətinin sona çatacağı dövrü nəzərdə tutursunuz. Təbii ki, həmin ərəfədə təxribatların olması ehtimalı gözləniləndir. Ümumiyyətlə, vaxtaşırı həyata keçirilən təxribatlar rus hərbçilərin orada olmasının zəruriliyini göstərmək məqsədi daşıyır. Sübut etmək istəyirlər ki, iki icma üüncü bir tərəf olmadan birlikdə yaşaya bilməz. Dediyim kimi belə təxribatlar hər zaman gözləniləndir. Amma dediyim kimi yaxın gələcəkdə Paşinyan hökumətinin dəyişməsi ehtimalının olduğunu düşünmürəm.
– Yəni Qərbdə Ankara- İrəvan arasında diplomatik münasibətlərin bərpasına razıdır?
– Qərbi daha çox düşündürən Rusiyanın regiondakı təsir imkanlarının azaldılmasıdır. Əgər proses artıq başlayıbsa və “pərdə arxasında” razılıq əldə olunubsa, deməli, bu, Qərbin də maraqlarına uyğundur.
– Növbəti beş ildə sülhməramlıların fəaliyyətinə ehtiyac olmaması üçün biz nə etməliyik?
– Bunun lazımsız olduğunu göstərməliyik. İlk növbədə sərhədlər müəyyənləşməlidir. Proses uzanırsa, adekvat addımlar atılmalıdır. Qarabağa qayıdışla bağlı əməli addımlar atmaq lazımdır. Eyni zamanda icmalar arasında inteqrasiya təmin olunmalı, hər iki ölkədə ideoloji iş aparılmalıdır. Birlikdə yaşamağı öyrəndikcə başqalarının nəzarətinin yersiz olduğunu görəcəyik. Həmçinin Türkiyə ilə iqtisadi əlaqələr sürətlə bərpa olunması da mütləq olaraq prosesə töhfə verəcək. Rusiyanın təsir imkanlarını azaltmağın başqa yolu yoxdur. Ümumiyyətlə, nəinki Kremlin, Ermənistanı dəstəkləyən digər qüvvələrin də neytrallaşmasına nail olmalıyıq. Başqa yolla İrəvanı revanşist əhval-ruhiyyədən uzaqlaşdıraraq davamlı sülhə nail ola bilmərik.
Kənan Novruzov Kafkassam

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir