İllərlə İranın casus şəbəkəsinə qarşı ən sərt hüquq tədbirlərinin ən qatı tərəfdarlarından olmuşam. Bu gün də fikrimdə qalıram. Azərbaycanı Tehrandakı başıqapazlı şirin quyruğuna bağlamaq istəyənlər cəzalarını artıqlaması ilə almalıdırlar. Amma bu gün İran şəbəkəsinə qarşı atılan addımların bir hissəsi paradoksal olsa da Tehranın xeyrinədir. Bunu böyük təəssüf hissi ilə yazıram.
İran informasiya resursları Azərbaycanın rəsmi xəbərlərini “Bakı sionist İsrailin diqtəsilə müsəlmanlara, İslama savaş elan edib” kimi yorumlayır. Niyə? Çünki rəsmi xəbərlərdə həbs olunanların adının qarşısında ”qati şiə” və bənzər ifadələr işlədilir. Təriqətin cinayətə nə dəxli? Elə qatı şiələr tanıyıram Tehran rejiminə nifrət edir, İranın Azərbaycana qarşı düşmənçiliyinə ən sərt formada etiraz edir. Şiəliyin, qatı şiə olmağın Tehrana nə bağlılığı? Bu bir inancdır, yoldur, əhli-beyt aşiqliyidir. Qatı şiə – İmam Hüseyn aşiqi narkotik satar? Bu ifadələr hansı qafanın məhsuludur? Rəsmi bir mətndə təriqətlə cinayətin eyniləşdirilməsinin o təriqətin daşıyıcılarında hansı düşüncələr yaratdığını heç kim düşünmür!!! Azərbaycanın az qala 80 faizi şiədir, hamısı İran casusudur?
Casusluqda şübhəli bilinir, şiələrin dini hisslərindən yararlanaraq kimlərisə İranın xeyrinə işbirliyinə cəlb edib, Azərbaycanın bugününə, gələcəyinə təhlükə yaratmaq üçün narkotik maddə satıb, adını düz qoyun da…, “qatı şiə”lik təriqət üzvlərindən bunun hansını tələb edir?
Həbs olunanların sayı da olduqca ciddi məsələdir. Say çoxluğu İranın düşmənçiliyinin miqyası ilə yanaşı Azərbaycanın zəifliyini, öz vətəndaşlarını xarici təsirlər qarşısında müdafiəsiz qoyduğunu göstərmirmi? Əsaslı şübhələr, ciddi faktlar olmadan şiə namazı qılanların ucdantutma içəri atılması ölkədə hakimiyyətə qarşı ciddi etiraz dalğası yaratmaqdır. Ona görə dedim, atlan addımlar İranın xeyrinədir… Tehran şad-xürrəm, əlini ağdan-qaraya vurmadan hakimiyyətin inanclı kəsimi özünə düşmən eləməsini seyr edir. Sözümü qəribçiliyə salmayın. Məşhəd ziyarətində olanların hamısına ca@sus kimi baxmaq şiə əhalidə hələ o üzə vurulmayan narazılıq yaradıb. Günün birində bu, mütləq ifadə olunacaq.
Ona görə də…
Say çoxluğu ilə xof yaratmaq yanlış siyasətdir. Həbs olunanların cinayət motivi haqqında topluma tutarlı faktlar təqdim edilməlidir. İranın bəhanələrini yalnız belə kəsmək olar.
Daha vacib bir məsələ. Həbslərlə, basqılarla problemin çözümü yaxınlaşırmı? Əksini görürük… Nardaran 7 ildir avtomat tətiyinin altında saxlanır. Nə dəyişib? İranın Azərbaycan şəbəkəsi rahatlıqla böyüyüb…(( Sayı yox, hesabı yox… Həbs olunanlar cəza müəssisələrində xüsusi statusla bəslənib. Ruhulla Axundzadə yadınıza gəlir? 2012-2021-də içəridəydi. Çıxan kimi qaçdı İrana. Neçə-neçə Azərbaycan vətəndaşı da onun kimi. Demək, bu şəxsləri islah edə bilmirik. Hansı səbəbdən? Çünki məmurların dövlət, millət hissi formalaşmayıb, rüşvəti ağına-bozuna baxmadan alırlar.
Azərbaycan hakimiyyətini öz vətəndaşı ilə tərs salan bu siyasətə ciddi korrektə edilməlidir. Vətəndaşla nəhayət məşğul olmaq lazımdır. Efirlərdən bu əxlaq eybəcərlərini yığışdırmaq, sağlam, dəyərli, milləti bir araya toplayan fikirlərə yer vermək gərəkdir. Biz tarixin elə bir çətin sürəcindən keçirik ki, dövlətimizin, yəni varlığımızın qədəri müəyyən olunur. Ölkəni zəiflətməyin ən asan yolu vətəndaşı dövlətin əlindən almaqdır. Dövlət nəhayət vətəndaşını bağrına basmağı öyrənməlidir. Yeri gələndə qulaqburması vermək şərtilə.
Aygün Muradxanlı