ATİF İSLAMZADƏ: MƏTNLƏRDƏ ÖLÜB-DİRİLMƏ İNSİASİYA İLƏ BAĞLI DEYİL
Biz “Nar qızı” nağılında mətn strukturu ilə bağlı olan ritualın açıqlanmasına diqqət ayırmaq istəyirik. Ancaq öncə qeyd edək ki, nağıllarda cilid dəyişmənin inkarnasiya və reinkarnasiya, status dəyişmənin isə birmənalı olaraq insiasiya ilə bağlılığını o qədər də qəbul etmirik. Təsəvvür edin ki, qış və yaz dəyişməsində təbiətdə ölüb-dirilmə aydın şəkildə müşahidə olunur. Lakin bu təbii prosesdir. Heç bir insiasiya mərasimi ilə bağlı deyil. O zaman bütün hallarda mətndə status dəyişmə və yaxud ölüb, yeni şəkildə təzahür etmə hansısa mədəniyyətə aid olan ayin, mərasim və inanc ilə bağlı olmaq məcburuyyətində deyil. Bu səbəbdən o mətnin yaradıcılarının hansı mədəniyyət və kültür daşıyıcısı olduğu diqqətlə öyrənilməlidir ki, yanlışa yol verilməsin. Hətta oxşarlıq eynilik deyil, yaxud da bənzərsizlik eyni mahiyyəti ifadə edə bilmək gücündədir. A.Xəlil yazır ki, “Ölüb-dirilmədə xaosdan keçmə arxaik ritualı özünü göstərir” (1,148).
Göründüyü kimi ölüb-dirilmə motivində bütün halda eyni ritualı təqdim etmək və motivin bu mərasimlə bağlılığını əsaslandırmaq özünü doğrultmur.
Biz “Nar qızı” nağılında çox əhəmiyyətli bir ritualın yer aldığını müşahidə edir və bunun mədəni mirasımız kimi əsaslarını və inanc səviyyəsini aydın şəkildə görürük. Məhz süjet baxımından düyünlərin açılması və yaxud razvyazka burada baş verirsə, məzmun baxımından inanc əsasında ədalətin bərpası və həqiqətin meydana çıxması işarələnir. Məhz həqiqət Məkkə yolunda aydın olur (2,109,110).
Mətn oxunuşundan aydın olur ki, şahzadə Məkkəyə getmək istəyir. Bunun üçün öncə onun xəbəri olmadan onun üçün gərəkli olan at məhz Nar qızı tərəfindən bəslənir. Təbiidir ki, bu da türk-elat mədəniyyətinin işarəsi kimi mətndə özünü göstərməklə bərabər “At muraddır” deyimini assosiasiya edir (3, 24).
Təsadüfi deyil ki, yazılı ədəbiyyatda da xalq deyiminin eyni anlamına təsvir olunan mərasimdə rast gəlirik. Bu barədə yaradıcılığında xalq mirasını geniş səviyyədə daşıyan məşhur sənətkar S.Vurğun yazır:
Axır çərşənbədir…il tamam olur,
Bu il,–kənd içində danışır hamı,–
At üstə gəlmişdir Novruz bayramı–
Qulunlu at üstə…
Bu bir muraddır ( 4, 59).
Bu kontekstdə bu baxımdan Nar qızının Məkkə ziyarəti üçün şahzadə atına baxması təfəkkürdə ilkin informasiya baqajı kimi mövcud olub, sonrakı mərhələdə Nar qızının muradına çatacağını işarələyir.
Daha sonra şahzadənin Məkkə hazırlığı üçün geyiminin bəzədilməsi mərasimi baş tutur və bu mərasimdə həqiqət ortaya çıxır. Bu barədə nağıldan oxuyuruq: “O zaman qayda beləymiş ki, şahzadələr Məkkəyə gedəndə üstü inci-muncuq ilə tikilmiş paltar giyərlərmiş. Odur ki, şahzadə bir dəst paltar alub əmr edir ki, şəhərdə nə qədər inci-muncuq tikməkdə ustad arvad varisə, gəlib bunun paltarına inci-muncuq tiksinlər ( 2, 109).
Məhz Nar qızı qarıya yalvarıb ondan izn aldıqdan sonra şahzadənin paltarına inci və muncuq tikmək üçün qadınlara qoşulur və burada inci-muncuq tikə-tikə bu nəğməni oxuyur:
Mən bir Nar qızı idim, incim, düzül, düzül!
Almadan qırmızı idim, incim, düzül, düzül!
Çıxdım ağac başına – İncim, düzül, düzül!
Qara qaravaş gəldi, aftafanı doldurdı.
İncim, düzül, düzül!
Aftaxanı vurdi daşdan-daşa, incim, düzül, düzül!
Çıxdım qondum ağac başına – incim, düzül, düzül!
Məni ağacdan saldı quyuya – incim, düzül, düzül.
Bitdim oldum gül ağacı – incim, düzül, düzül.
Məndən bir dəstə gül dərdilər – incim, düzül, düzül.
Məni gətirdilər şah evinə – incim, düzül, düzül.
Otaxdan məni tulladılar güllügə – incim, düzül, düzül.
Qaldım oldum çinar ağacı – incim, düzül, düzül.
Mənim taxtamdan qarı apardı – incim, düzül, düzül.
İndi gəldim inci düzməyə – incim, düzül, düzül (2,109,110).
Göründüyü kimi Nar qızı burada başına gələn bütün əhvalatı nəğmə ilə danışır. Şahzadə isə pəncərə altında bu nəğməni dinlədikdən sonra həqiqət ona bəlli olur. Nəhayət şahzadə qaravaşı cəzalandırır və Nar qızı ilə qovuşur (2,110).
Onu demək vacibdir ki, ritualların əsasında nəğmə ilə ifadə özünü göstərir. Məhz bu situasiyada mətn strukturunda ritual təşkil olunması bu ifadə tərzində də aşkara çıxır.
Qeyd edək ki, bu mətn konteksti poetik baxımdan ilkin olaraq diqqət çəkir. Burada sanki əmək nəğmələrinin metodologiyası özünü göstərir. Çünki burada əmək prosesinin nəğmələrlə müşaiət olunması nağılda aydın nəzərə çarpır. Məhz paltar və yaxud şah libasının bəzədilməsində nəğmələrin oxunması təbiidir ki, əmək nəğmələrini yada salır.Eyni zamanda qeyd etdiyimiz kimi bu bir mərasim faktoru olaraq mərasim nəğmələrinə də bənzəyir. Ancaq burada məzmun səviyyəsi ilə əlaqəli olaraq bu nəğmələr konkret situasiyanı işarələyir. Təsadüfi deyil ki, K.Əliyev də bu janrlardan bəhs açaraq yazır ki, “Bayatı, tuyuq, oxşama, sayaçı sözləri, holavar kimi janrlar struktur baxımdan bir-birinin davamı və ekvivalentidir” (5, 4).
M.Kazımoğlu isə bu mətni “Dədə Qorqud kitabı”nın mətnində olan nəzm parçaları ilə müqayisə edir. O, yazır ki, “misal çəkdiyimiz parçanın həm quruluş, həm də ahəngcə “Dədə Qorqud” şeirləri ilə səsləşdiyini nəzərə çarpdırmaq istəyirik” ( 6, 61).
Ümumiyyətlə bütün folklor mətnləri demək olar ki, janr etibarilə nəğmə, musiqi və havacat üzərində köklənmişdir. Hətta “Dədə Qorqud kitabı”nın bütünlüklə mahnı ilə oxunmasını T.Hacıyev bu şəkildə əsaslandırmışdır: “Qırğızların “Manas” dastanını hər aşıq-ozan ifa edə bilmir. “Manas”ın xüsusi ifaçıları var ki, onlara manasçı deyirlər.Mənə elə gəlir ki, vaxtilə bizdə də qorqudçu ozanlar olub. Sonralar onların nəsli kəsildiyi üçün “Dədə Qorqud” dastanının el arasında söylənməsi dayanıb” (7, 3).
“Nar qızı” nağılında bu kontekstdə çox mühüm semantika özünü göstərməkdədir. Burada heç bir cizgi təsadüfi deyil. İşarələr sistemi burada ciddi mətnaltı laylarda qorunub saxlanır. Məlum olur ki, Nar qızının Məkkə ziyarəti qabağı şahzadənin paltarına inci və muncuq düzməsi mətndə simvol və yekun situasiya üçün əsas təşkil edir. Bu kontekstdə nar dənələri inci ilə, nar isə muncuq ilə assosiasiya edilir. Muncuq əsas etibarilə təfəkkürdə yumruluğu ilə muncuq formasını işarələyir. Elə qırmızı muncuqlar az qala eynən nara bənzəməsi ilə diqqət çəkir. Məhz mətn kontekstində bu şüuraltı bilgi törəməsi mətndə paltara qeyd etdiyimiz kimi təsadüfən düşməmiş, nağıl məzmununu şərtləndirməsi baxımından yer almışdır.
Nar qızının Məkkə ziyarətində şahzadənin paltarının tikilməsi ritualında iştirak etməsi də təsadüfi deyil. Süjetdən məlum olur ki, vəzir Nar qızını nar ağacından dərir və o, narın içindən çıxır. Demək Nar qızı əslində paltarından və yaxud cilidindən məhrum olur, ölüb-dirilir. Məhz şahzadənin paltarında Nar qızı bərpa olunur. Məhz bu paltarın tikilişindən sonra şahzadəyə qovuşur.
ATİF İslam oğlu İSLAMZADƏ
AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi,
üzrə fəlsəfə doktoru, dosent
Qaynaqlar
1. Ağaverdi Xəlil. Oğuz eposunun ritual əsasları. Bakı: Elm və təhsil, 2017.
2. Azərbaycan nağılları, V cilddə, I cild, Bakı: Şərq-Qərb, 2005.
3. Əzizxan Tanrıverdi “Dədə Qorqud kitabı” nda at kultu. Bakı: Elm və təhsil, 2012.
4. Səməd Vurğun. Əsərləri, VII cilddə, III cild, Bakı: Elm, 1986.
5. Kamran Əliyev Açıq kitab – “Dədə Qorqud”. Bakı: Elm və təhsil, 2015.
6. Muxtar Kazımoğlu. Folklorda obrazın ikiləşməsi (monoqrafiya). – Bakı: Elm, nəşr., 2011.
7. Tofiq Hacıyev Dədə Qorqud: dilimiz, düşüncəmiz. Bakı: Elm, 1999.
Share this content:
Yorum gönder