Azərbaycan xalq cumhuriyyəti” ideyasının ideoloqu, qurucusu və dövlət xadimi, eyni zamanda milli simvola çevrilmiş M.Ə.Rəsulzadə demək olar ki, bütün əsərlərində milli dövlət ideyasını əsas götürmüş, bu dövlətin necə qurulması şərtlərini də nəzəri-tətbiqi baxımdan diqqətə çatdırmışdır. Onun bu istiqamətdə yazdığı çox qiymətli əsərlərindən biri də təbii ki, “Əsrimizin Siyavuşu” əsəridir. M.Ə.Rəsulzadə milli dövlət ideyasını yazılı ədəbiyyatın əsasını təşkil edən folklor əsasında izah etməyə çalışır. O, söz-söz, cümlə-cümlə folklor qavramlarını bu əsərində diqqətə çatdırır. Tədqiqatçı batır sözü ilə yola çıxaraq bu sözün türkcə, farsca və rusca şəkillərini təqdim edir. O, yazır ki, “Bu qarışıq mifologiyanın bəzən türklərdə batır, ruslarda boqatır, farslarda bahador sözünün bənzərliyi kimi, bir qisim qəhrəmanlarada bənzərliyi və ya ortaqlığı olur” ( 1, 19).
Aydındır ki, M.Ə.Rəsulzadə burada mifoloji obrazlara diqqət çəkməklə xüsusilə türk qəhrəmanlıq dastanlarının əsas obrazlarından biri olan Ural Batır və bu kimi qəhrəman obrazlarının farslara və ruslara təsirindən də söz açmaqla folklor spesifikası əsasında türk mədəniyyətinin arxaik etolonlarına da diqqət çəkir. Məlumdur ki, türk eposlarından gələn Batır sözü çox qədim və ilkin düşüncəyə, mifoloji davranışlara daha yaxındır ( 2, 25-41).
M.Ə.Rəsulzadə bu gün bütün dünya folklorşünaslığının diqqətlə öyrəndiyi mifologiyadan əsər boyunca bəhs edir ki, biz yeri gəldikcə ardıcıllıqla bu kontekstlərə diqqət çəkməyə çalışacağıq. Mütəfəkkir Siyavuşun iftiraya uğradıqdan sonra məhz oddan keçirilmə mərasimindən də bəhs edir. O, qeyd edir ki, “əski İranda əfsanələrin rəvayətinə görə, suçluları müqəddəs oddan keçirmək adəti varmış ( 1, 20).
Ancaq onu da qeyd edək ki, bu inanc mərasim folklorunun qiymətli nümunəsi olmaqla bərabər eyni zamanda Vahid inanc sisteminə, teoloji dünyagörüşünə aiddir. Əslində adət deyil, dini qissədən folklora keçib motivasiya olunan İbrahim peyğəmbərlə Yusif peyğəmbər qissələrinin kontaminasiyasıdır. Belə ki, İbrahim Əleyhissəlam oddan keçirilir və Allahu-Təalanın izni və mərhəməti ilə odda yanmır. Yusif Əleyhissəlam isə eyni şəkildə Səyavuş kimi Züleyxanın ona aşiq olması və iftira etməsi ilə zindana düşür ( 3, 214- 218, 310-316 ).
Məhz bu qissələrin burləşməsi, çulğalaşması nəticəsində meydana çıxan rəvayətlər müxtəlif motivlərə çevrilib xalq mədəniyyətinə, eyni zamanda adət-ənənələrə qarışıb yeni formalarda üzə çıxır. Məhz M.Ə.Rəsulzadə bu dinamikanı yaxşı bildiyi üçün yazır ki, “Bir-birləri ilə münasibətləri əskidə qurulmuş, hələ İran ilə Turan kimi bir biri ilə əsrlərcə çəkilmiş, bu səbəblərin mifoloji fonu və əfsanələri çox qarışmışdır” (1, 19).
Daha sonra isə Rəsulzadə bu millətlərin bir mədəniyyətdən – İslam mədəniyyətindən keçdiyini qeyd etməyi vacib sayır. Çünki o, yaxçı bilir ki, bir çox süjet, mövzu və motivlər islamda dünya yaranandan qeyd olunan məzmundan irəli gəlir və folklor qiraətində müxtəlf şəkillərə düşür. O, yazır ki, “İslamlıq bu millətlər arasında müştərək bir mədəniyyət vücuda gətirmişdir ( 1, 28).
Burada gördüyümuz kimi tədqiqatçı mifoloji mətnlərə, əfsanələrə xüsusilə diqqət çəkir və bu örnəklərin qarışıqlığını qeyd etməklə yenə də folklor spesifikasından irəli gələn modelləri proyeksiyalandırır. O, eyni zamanda Siyavuş obrazını bir rəmz, simvol adlandırmaqla bərabər onu “mifoloji tip” adlandırır ki, bu da tədqiqatçının nə qədər folklor və mifologiyaya həssaslıqla yanaşmasını aydın göstərir ( 1, 18, 26).
Bu əsərdə ən maraqlı baxış tərzi ondadır ki, əsər siyasi əsər olmaqla bərabər M.Ə.Rəsulzadə bütün həyatın mifoloji-əsatiri obrazlarda canlanmasını qeyd edərək yazır ki, “Bütün həyat ayrı-ayrı qəhrəmanların xəyal olmuş şəxslərində, mifoloji (əsatiri) simalarında canlanır (1, 27).
O, Turan və türklük mücadiləsinin gedəcəyini və bu birliyin müasir dövrdə bir qədər dəyişib çağdaş turançılıq ideyasına dönəcəyini də çox uzaqgörənliklə “Əsrimizun Siyavuşu”nda göstərir. Türklüyün ilkin törəyiş dastanları, Ergenekon, Börteçine (Boz qurd ) ( 4, 19 ) və s. bu kimi məsələlərdən bəhs edən tədqiqatçı ( 1, 33). Türk xalqlarının həmişə genetik-bioloji və milli-mənəvi funksiyada qurtuluş istəyinin mövcudluğundan xəbər verir. Eyni zamanda inanır ki, bir gün milli dövlət ideyası baş tutacaqdır.
M.Ə.Rəsulzadə “Əsrimizin Siyavuşu” əsərini yazarkən nə üçün məhz “Şahnamə”dəki Siyavuş obrazının mifoloji və əfsanəvi surətini əsas götürmüşdür? Bunu tədqiqatçı bu şəkildə izah edir: “Fəqət İran «İliada»sının bu həzin dastanını mifologiyadakı rümuzu sezərək oxuyanda görünür ki, Siyavuş həqiqətdən çox şərə qarışmış bir rəmz tarixidir. Bu bir simvoldur ( 1, 18).
Demək böyük mütəfəkkir Siyavuş obrazından əslində öz milli dövlət ideyasının əsaslarını izah etmək üçün istifadə edir. Qədim “Şahnamə” ilə öz müasir dövrü üçün çox böyük ustalıqla rabitə qura bilən, analitik bağlantı yaradan Rəsulzadə hətta gələcəyi də bu rəmz, bu simvol əsasında proqnozlaşdıra bilir. Öncə mifologiya, folklor xəzinəsindən istifadə edərək “Şahnamə”dəki Siyavuşu diqqətə çatdırır. Onun özünün iranlı, anasının turanlı olduğunu göstərir. Daha sonra Turana qaçan Siyavuş İranla Turanı birləşdirmək istəyir. Rəsulzadə açıq-aşkar göstərir ki, Siyavuş “Şahnamə”nin digər məşhur obrazı olan Söhrab kimi də deyil. O, hakimiyyət hərisliyindən uzaq, sevgi dolu bir qəhrəmandır. O, İran ilə Turanı (Türk məkanlarını) zor gücünə deyil, sevgi və barış içində bir ittifaqda birlədirmək istəyir. Ancaq məkrli qüvvələr həmişə olduğu kimi buna əngəl olur. Əfrasiyabın qardaşı Gərsivəz bu cinayətdə xüsusi olaraq iştirak edir. Nəticədə doğma dayısı tərəfindən edam olunur. Bununla da İran və Turan arasında qanlı müharibələr başlayır ( 1).
İran-Turan mövzusu xalq ədəbiyyatının və yazılı ədəbiyyatın geniş motivi olmuşdur. Bu motiv maraqlıdır ki, tarixi mənbələrdən daha çox ədəbi əsərlərdə folklor motivi olaraq iştirak edir. Azacıq düşünsək, xatırlayacağıq ki, xalq ədəbiyyatına, folklora söykənən böyük N.Gəncəvi də “Xosrov və Şirin” əsərində eyni motivdən istifadə etmişdir. Xosrov iranlı, Şirin turanlıdır. Təsadüfi deyil ki, Şirinin böyük bacısı Məhin Banu da özlərini Siyavuşun dayısı həmin Əfrasiyabın nəslindən hesab etməklə Şirinin turanlı olduğunu elan edir ( 5).
Beləliklə, Milli dövlət qurucusu, milli öndər, Şərqdə ilk respublikanın yaradıcısı və böyük mütəfəkkir M.Ə.Rəsulzadə “Əsrimizin Siyavuşu” əsərində milli dövlət ideyasını əsas etibarilə folklor və mifologiya əsasında təcəssüm etdirib, çox böyük ustalıqla ictimai-kütləvi auditoriyanın diqqətinə çatdırmışdır.
QAYNAQLAR
1. Əsrimizin Səyavuşu, Çağdaş Azərbaycan ədəbiyyatı, Çağdaş Azərbaycan tarixi. B.; Gənclik, 1991.
2. Hüseynova N. Qədim türk qəhrəmanlıq dastanlarının tipologiyası (Ural Batır əsasında). Bakı: 2009.
3. Bünyamin A. Peyqamberler tarihi. İstanbul, Cağaloğlu, 1987.
4. Oğuznamələr / İşləyib çapa hazırlayanlar: K.V.Nərimanoğlu və F.Uğurlu. Bakı: Bakı Universiteti nəşriyyatı, 1993.
5.G.Nizami Xosrov və Şirin / filoloji tərcümə, izah və qeydlər H.Məmmədzadənindir. Bakı: Elm, 1981.
ATİF İslam oğlu İSLAMZADƏ
Filologiya üzrə fəlsəfə doktoru,
e-mail: atif.islamzade@mail.ru