KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. ATİF İSLAMZADƏ: AZƏRBAYCAN EL HAVALARININ İNGİLİSDİLLİ QAYNAQLARDA TƏDQİQİ MİLLİ KİMLİYİMİZİN QLOBAL SƏVİYYƏDƏ TƏDQİQİNDƏN XƏBƏR VERİR

ATİF İSLAMZADƏ: AZƏRBAYCAN EL HAVALARININ İNGİLİSDİLLİ QAYNAQLARDA TƏDQİQİ MİLLİ KİMLİYİMİZİN QLOBAL SƏVİYYƏDƏ TƏDQİQİNDƏN XƏBƏR VERİR

Kafkassam Editör Kafkassam Editör - - 11 dk okuma süresi
46 0
Atif


(Vəfa İbrahimin “Azərbaycan folklorunun ingilisdilli qaynaqlarda tədqiqi və tərcümə məsələləri” monoqrafiyası).

AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filolgiya üzrə fəlsəfə doktoru, dosent Vəfa İbrahimin (V.İbrahimova) monoqrafiyası qarşımızdadır (1). Bu monoqrafiya elmi-kütləvi auditoriya üçün xüsusi əhəmiyyət daşıması baxımından diqqətimizi cəlb etdi. Elə ilkin olaraq monoqrafiya ad semantemi ilə xüsusi səciyyəsini təsdiq edir. Belə ki, əsər “Azərbaycan folklorunun ingilisdilli qaynaqlarda tədqiqi və tərcümə məsələləri” adlanmasıyla öz əhəmiyyət dərəcəsini müəyyən edir. Monoqrafiya 2010-cu ildə “Şəms” nəşriyyatında nəşr olunmuşdur. Monoqrafiyanın elmi redaktorları professor K.Allahyarov və filologiya üzrə fəlsəfə doktoru L.Əlyevadır. Eyni zamanda tədqiqatın elmi rəyçiləri Q.Paşayev və Ş.Atayevadır. Tədqiqat işi 186 səhifədən ibarətdir. Bu akademik kitab təsadüfi deyil ki, AMEA Folklor İnstitutunun Elmi şurasının qərarı ilə işıq üzü görmüşdür.
Bu monoqrafiya müəllif tərəfindən məqsədyönlü şəkildə III fəsilə ayrılaraq araşdırılmış, nəticə və elmi kodlaşdırma əsasında aparılan ədəbiyyat siyahısı da kitabın dəyərini daha da artırmışdır. Bundan əlavə daha geniş oxucu kütləsinə tirajlanması və ölkəmizin sərhədlərindən daha geniş əhatədə yayılması baxımından monoqrafiyaya rus və ingilis dillərində xülasələr də salınmaqla əsərin tətbiqi-praktik cəhətdən elmi ictimaiyyətə təqdim olunması da elmi əsərin yüksək tələblərinə tam cavab verir. Onu da qeyd edək ki, monoqrafiya Azərbaycan, türk, rus və ingilis alimlərinin əsərlərindən sitat və istinadlarla istifadə olunması baxımından da çox zəngindir. Belə ki, rus alimlərindən 31, ingilis alimlərindən isə 68 mənbə vermək cəmi 188 mənbə göstəricisi üçün də çox böyük uğurdur. Bu onu göstərir ki, tədqiqatçı alim xarici beynəlxalq dillərdən yüksək peşəkarlıqla istifadə edə bilir. Eyni zamanda bu metodologiya mövzunun dünya səviyyəsində incələnə bilməsi üçün ciddi əsas verir.
Monoqrafiyada bir çox mühüm problemlər diqqət çəkir. Bu kontekstdə isə “Azərbaycan el havaları” haqqında tədqiqatçının ingilisdilli qaynaqlarda tədqiqinin milli kimliyimizi qlobal səviyyədə işarələməsinə nənər yetirilmişdir.
Tədqiqatçı alim V.İbrahimova bu monoqrafiyanın II fəsilinin altıncı, yəni son hissəsində məntiqi olaraq el havalarını tədqiq etmiş və bu hissəni “Azərbaycan el havaları” adlandırmışdır. Tədqiqatçının el havalarını və yaxud havacatlarını da araşdırması təsadüfi deyil. Adından göründüyü kimi, bu havalar, bu melodiya və musiqilər bəstəkar yaradıcılığı deyil, el havalarıdır. Bu baxımdan folklorumuzun bir hissəsi kimi öyrənilməsi çox zəruridir. Tədqiqatçı da məhz bu yolu tutmuş, ingilisdilli qaynaqlarda el havalarımızı tədqiq etmişdir. Ancaq araşdırmaçı əvvəldə də olduğu kimi siyahı tutmağa cəhd etməmiş, bu havaları konkret mənbələr əsasında tədqiqat obyektinə çevirmişdir. O, ilk olaraq macar alimi Yanoş Şipoşun “Azərbaycan el havaları musiqinin ilkin qaynaqlarında” (Azeri Folksongs–at the Fountain–Head of Music) kitabını tədqiqata cəlb etmişdir. Alim bu kitabda folklorumuzun müxtəlif səviyyələrdə necə yer almasını çox ciddi səviyyədə incələmişdir. O, ilk olaraq göstərmişdir ki, macar alimi Y.Şpioş uzaqdan uzağa qiyabi bilgilər əsasında kitab yazmamış, Azərbaycan ərazisini qarış-qarış gəzmiş, Azərbaycan el havalarını öyrənmiş, hətta bu havaların notunu hazırlamışdır ( 2, s. 95).
Qeyd edək ki, bu təqdim olunan mənbə və təqdimatla yalnız bir kontekstdə tədqiqatçı alim V.İbrahimova folklor və musiqişünaslıq üçün böyük töhfə vermişdir. Çünki el havalarının notunun hazırlanması məsələsu bu gün də Azərbaycan elmində və sənətində müzakirə mövzusudur.
Alim daha sonra göstərir ki, alim fin-uqor dil qrupuna malik macarlarla türk xalqları arasında musiqi müqayisəsi aparmış və bunların arasında olan əlaqələrdən bəhs etmişdir.(2, s. 97-98).
Ancaq onu da qeyd edək ki, macarlar mənşə etibarilə elə türklərlə bağlıdırlar. Lakin dil və din fərqlərinin olduğu aydındır. Eyni genetik kodları daşıdıqları üçün mədəniyyət və sənət yaxınlıqları zəruri hadisədir.
Tədqiqatçı struktur səviyyəni bu əsərin tədqiqində meydana çıxarıb məkan işarəsini klişeləşdirir. O, göstərir ki, macar alimi “tədqiqatını Volqo-Kama regionundan başlayaraq Anadoluya və Şərqə doğru uzanan geniş ərazilərin folklor musiqisi ilə müqayisəli şəkildə yazmışdır” (2, s. 90). Təbiidir ki, alim burada türk xalqlarının folklor məkanını bu istiqamətdə təqdim etmişdir. Eyni zamanda əvvəldə göstərdiyimiz kimi Azərbaycan ərazisini əsas məkan olaraq işarələməklə bu xəritəni musiqi tədqiqatı baxımından aydın şəkildə diqqətə çatdırmışdır. Eyni zamanda Y.Şpioş Azərbaycan və ayrı-ayrı türk xalqları arasında da müqayisə apararaq yaxın cəhətlərini göstərmişdir.
Tədqiqatçı macar aliminin kitabının bölmələrini də ayrılıqda təqdim etmişdir. Çünki bu bölmələr Azərbaycanla bağlıdır (2, s. 98). Təbiidir ki, bu da müəllifin milli kimlik məsələsini bu kontekstdə diqqətə çatdırmaq ehtiyacından irəli gəlir. Çünki ingilisdilli qaynaqlarda bizim haqqımızda yazılmış hər hansı bir əsər elmiliyi ilə birlikdə, eyni zamanda bizim milli mənsubiyyətimizi, millətimizin dəyər və keyfiyyətini, sənət və mədəniyyətini təbliğ edir. Bu baxımdan bu əsər ingilisdilli qaynaqların tədqiqatından ibarət olsa da, strukturda milli-vətənpərvər bir alimin yüksək fərdi keyfiyyətlərini aşkara çıxarılması gərəyindən də çox dəyərli mənbədir.
Tədqiqatçı qeyd edir ki, müəllif bu havaları müqayisə edib bu nəticəyə gəlir ki, Azərbaycan el havaları daha unukal koloritləri ilə diqqət çəkir ( 2, s. 100). Əlbəttə, bu da eyni kontrkst daxilində tədqiqatçının psixologizm baxımından eyni kontekstdən çıxış etdiyini gəstərir. Ancaq maraqlı odur ki, bu mövqeyi vətənini sevən bir şəxsiyyət yox, ona daha fərqli baxa biləcək bir macar alimi qeyd edir. Əlbəttə burada reallığın olması bu baxımdan uyğundur. Ancaq alimin də bu fikirlərə diqqət göstərməsi qeyd etdiyimiz konteksti işarələyir.
Tədqiqatçı alim ingilis dilində qarşılığı verilmiş folklor örnəklərindən burada da nümunələr verir ki, bu da tədqiqatın praktik baxımdan istifadə imkanlarını genişləndirir ( 2, s.101).\
Yeri gəlmişkən, bu yaxınlarda, konkret olaraq dekabrın 13-də tədqiqatçı alimin doğum günü qutlanmışdır. Biz də bu vəsilə ilə qiymətli alimimizi təbrik edir, ona Uca Allahdan xeyirli ömür və fəaliyyətində uğurlar diləyirik.

QAYNAQLAR
1. Vəfa İbrahimova. Azərbaycan folklorunun ingilisdili qaynaqlarda öyrəniməsi və tərcümə məsələləri. Bakı: Şəms, 2010. 186 s.
2. Yanos Sipos. Azeri Folksongs. At the Fountain – Head of Music. Budapest, 2005.

ATİF İslam oğlu İSLAMZADƏ
AMEA Folklor İnstitutu, “Mərasim folkloru”
şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə
fəlsəfə doktoru, dosent
e-mail: atif.islamzade@mail.ru

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir