ATİF İSLAMZADƏ: AĞA ZEYNALLI TARİXLƏŞƏN GƏLƏCƏKDİR!
31 may günü Azərbaycan xalq hərəkatının Kürdəmir rayonunun öncüllərindən biri, gözəl sənətçi və ziyalı, tarixçi-tədqiqatçı, 15 kitab müəllifi, tədqiqat sahəsi Kürdəmir rayonuna aid olmaqla bərabər mövzu əhatəsinə və əhəmiyyətlilik dərəcəsinə görə ölkə miqyaslı olan dəyərli insan və mənim müəllimim Ağa Zeynallının dünyasını dəyişdiyi gündür. Azərbaycan xalq hərəkatının və milli mücadiləsinin Kürdəmir rayonunda olan öncüllərindən biri kimi, şagirdlərinin dostu olan müəllim kimi, bölgədə qarmon ifaçılığında ad çıxaran dəyərli sənətkar kimi, el məclislərində şeirləri yayılan gözəl el şairi kimi, Kürdəmir tarixi kitablar külliyyatının müəllifi kimi funksional yaradıcılığa malik olan bu şəxsiyyət Kürdəmir rayonunda və bölgədə kifayət qədər tanınıb. Arzu edərdik ki, Ağa Zeynallı ölkəmizdə də rayonumuzda tanınan kimi geniş yayıla bilsin. Onun ortaya qoyduğu kitablar buna doğrudan da imkan verir ki, bu təbliğ və təşviq işində mühüm addımlar atılsın, geniş fəaliyyət planı hazırlanıb həyata keçirilsin. Ən azından Ağa müəllimə qədəq Qafqaz İslam ordusunun Azərbaycana gəlib ölkəmizi rus-erməni vəhşətindən xilas etdiyi zaman Kürdəmirlə bağlı hissələrin geniş kitab olaraq yazılması tarixşünaslıqda yeni hadsədir. Ağa müəllimin Kürdəmir tədqiqatçılığında, eləcə də tarixşünaslıqda kimliyini bilmək üçün Ağa müəllimə qədəri bilmək lazımdır. Ağa müəllimə qədər akademik tarixşünaslıqda nəşr olunan çoxcildli Azərbaycan Tarixində 1918-ci ildə Azərbaycanda baş verən qanlı soyqırım hadisələri, Azərbaycan ərazisində Ermənistan qurulması üçün genefondumuza edilən təcavüzlər, soyqırım törədilməsi, bu soyqırım aktının ən şiddətli müharibələrinin Göyçay, Kürdəmir və Şamaxı ərazisində getməsi, nəhayət Türkiyənin Bakını tutub Azərbaycanın qanuni hakimiyyətini bərpa etməsi kontekstində Kürdəmirdə baş verən mühüm hadisələr haqqında cəmi bir neçə başdansovdu cümlələr yazıldığı vaxt Ağa müəllim gecə-gündüz arxivlərdə çalışaraq bu mövzuda böyük kitab meydana qoydu. Bu kitabın meydana qoyulması Kürdəmir soyqırımı sahəsində istinad qaynağı, alimlərin və tədqiqatçıların istifadə edəcəyi masaüstü kitabdır. Bu o deməkdir ki, bundan sonra bu mövzuda hansı kitab yazılırsa yazılsın, peşəkar və yaxud qeyri-peşəkar olsun, alim, tədqiqatçı və yaxud həvəskar tarixçi olsun, Ağa müəllimin bu kitabından elmi kodlaşmada istifadə etmək, onu mənbə kimi göstərmək mənəvi məsuliyyətidir.
Ağa Zeynallının bu sahədə gördüyü işlər çəkisinə görə çox böyükdür. Əgər bu gün sərbəst tədqiqatlara görə elmi dərəcə və elmi ad verilməsi hüquqi və qanuni həllini tapmış olsaydı sözsüz ki, A.Zeynallıya ölkədə olan elmi dərəcə və ad verilməsi məcburi olardı.
Ağa müəllimin bu sahədəki tədqiqatları həm də ona görə əhəmiyyətlidir ki, Ağa müəllim bir çox rayonlarda olan bayağı mövzulara deyil, ölkə əhəmiyyətli ciddi ideya yüklü mövzulara müraciət etmiş, qlobal düşüncə səviyyəsini lokal aspektdə həyata keçirmiş və isbat etmişdir ki, rayon və bölgələrdə fəaliyyət göstərən yazarlar və onların meydana qoyduğu tədqiqatlar hər zaman rayon səviyyəli olmur, həmçinin ölkə miqyaslı yükə malik ola bilir.
Ağa Zeynallının tarixşünaslıqda qəbul edilib pasportlaşdırılmasına ehtiyac hiss etdiyimiz tarixi kitablarının, ağır zəhmətinin bəhrəsi olan tədqiqatlarının siyahısını əhəmiyyətlilik dərəcəsini diqqətə çatdırmaq üçün elmi-kütləvi auditoriyaya təqdim edirik:
1. Kürdəmir faciəsi və Qafqaz islam ordusunun qurtuluş savaşları (1918). Bakı: Şirvannəşr, 2010, 195 s.
2. Kürdəmir 1883–1923-cü illərdə. Bakı, 2011.
3. Kürdəmir və Kürdəmirlilər Soykökümüz Mənşəyimiz. Bakı, 2013
4. Kürdəmir xanlıqlar dövründə və müridizm hərəkatında (1743–1883). Bakı: Elm və təhsil, 2013, 160 s.
5. Kürdəmir 1923–1963-cü illərdə. Bakı, 2014.
6. Kürdəmirin tarix yaradan oğlu Mustafa Mahmudov. Bakı, 2014.
7. Kürdəmir təhsilinin tarixi. Bakı: Elm və təhsil, 2015, 279 s.
8. Məktəb tariximiz, müəllimlərimiz, müqəddəslərimiz. Bakı: Elm və təhsil, 2016, 239 s.
9. Kürdəmir səhiyyəsinin tarixi. Bakı, 2017.
10. Heç nə unudulmur, heç nə yaddan çıxmır. Bakı: Elm və təhsil, 2018, 159 s.
11. Ömrün müdrik çağı İsa Hacıyev 90. Bakı, 2019.
12. Kürdəmir: Açılmamış səhifələrin izi ilə. Bakı, 2022.
Təqdim etdiyimiz bu kitablar tarixşünaslıq profilində yazılıb nəşr olunmuşdur. Bundan əlavə Ağa müəllimin məqalələri və bir neçə şeir kitabı da vardır. Aydın göründüyü kimi, Ağa Zeynallının çox gərgin zəhmətinin nəticəsi cəmi 12 il ərzində meydana çıxmışdır. Ancaq bu 12 ili Ağa müəllim gəncliyindən gözəl yaddaşında və qızğın ürəyində gəzdirmişdir. Böyük dramaturq C.Cabbarlıdan soruşurlar ki, “Od gəlini” pyesini hansı müddətə yazmısan? Cavab verir ki, 14 günə. Təəccüb edirlər. Yazıçı cavab verir ki, 14 günə yazmışam, ancaq 14 il fikirləşmişəm. Ümumiyyətlə, enerji yükü bir çox hallarda uzun müddətə yığılır, ancaq qısa müddətdə özünü göstərir. Zəlzələ kimi, vulkan kimi, tsunami kimi. Biz bu tədqiqatların da vulkan kimi meydana çıxdığına əsla şübhə etmirik. Çünki hərarəti hələ də bizə təsir edir və həllini gözləyən problem kimi özünü yazdırmağı tələb edir. Neçə illər yazmaq istədiyim bu cümlələri bu gün qələmə almaqla əslində bu yarı başsağlığı, yarı resenziyanı bir az da özüm üçün yazıram. Çünki qiyməti ürəyimizdə gizlədib saxlamaqla öz qiymətini itirməyəcək. Ancaq vicdanlı isək ürəyimizi çürüdəcək. Tale yüklü, milli çəkili mövzulara laqeyd qalmağımız bizi bir vətəndaş olaraq da qiymətdən salar. S.Vurğunun dediyi kimi, “Qızılı udsa da qara torpaqlar, Yenə qiymətini özündə saxlar!”. Ancaq A.Zeynallı udulan qızıl deyil, parlayan, istifadə olunan dəyərdir. Göz yummaqla dəyər yox olmur, sən özünü görmürsən. Bir gün gözünü əbədi yummağa yaxınlaşanda anlayacaqsan ki, dəyərlərə göz yummaq özünün dəyərsizliyini qəbul etməkdir. Ömür keçəcək, tarix olacaq. Qalan gələcək üçün olan-qalandır. Min bir zəhmətlə meydana qoyulan tədqiqatlar kimi…Çünki biz keçmiş olacağıq, əsərlər gələcəyə gedəcək. Bu baxımdan Ağa Zeynallı tarixləşən gələcəkdir!
Uca Allahın rəhmətində olsun. Amin.
BİLƏN YALNIZ UCA ALLAHDIR!
ATİF İSLAM OĞLU İSLAMZADƏ
Filologiya üzrə fəlsəfə doktoru, dosent e-mail: [email protected]
ORCID NO: 0000-0003-1153-836X
Share this content:
Yorum gönder