KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. ATİF İSLAMZADƏ: AYIDAN DOST, DONUZDAN YOLDAŞ OLMAZ!

ATİF İSLAMZADƏ: AYIDAN DOST, DONUZDAN YOLDAŞ OLMAZ!

Kafkassam Editör Kafkassam Editör - - 11 dk okuma süresi
427 0

Ayıdan dost olmaz! Donuzdan isə heç yoldaş da olmaz! O ki, qalsın çöl donuzu olsun. O zaman dişi qanlı olacaq. Ancaq qarnını doldurmaq həvəsiylə hər kəsin qanına susayacaq. Yüz illərlə hətta öz yazıçılarının əsərlərində belə şimalı ayı, cənubu donuz simvoluna çevrilən bir ölkəyə etibar edəndə də ağıl olmaz. Rusiya bu gün əvvəlki kimi güclü deyil. Öz istədiyini əvvəlki qaydada həyata keçirə bilmir. Ancaq kiçik ölkələrlə müqayisədə zəif də deyil. “Bir gecə ansızın” Qarabağa gələn Rusiya məramlılıarı erməniləri rəzil vəziyyətə düşməkdən xilas etdi. Yalnız bir neçə gün vaxt qazanıla bilinsəydi Qarabağ problemi tamamilə həll olunacaqdı. Xocalı da, Xankəndi də Azərbaycanın nəzarətinə keçəcəkdi. Ancaq son anda bunun qarşısını ala bildilər. Eyni zamanda ermənilərə əlavə vaxt qazandırdılar. Əsas etibarilə Qarabağa nəzarəti ələ keçirən Rusiya Türkiyə ilə müqayisədə xeyli üstünlük əldə etdi. Sülhməramlı kontingentin Rusiyadan ibarət olması, hətta Ağdamda Türkiyənin çox az qüvvələri ilə birlikdə əraziyə nəzarətə də şərik olması bunu aydın göstərir. Əlbəttə, bunun günahı Türkiyədə deyil, Türkiyə çevik və həssas siyasət aparır. Türkiyəni də Rusiya ilə bərabər sayda müqaviləyə daxil etmək Azərbaycan tərəfin milli mənafeyinə uyğun idi. Ancaq təəssüf ki, bu addım atılmadı. Təbiidir ki, Zəngəzur yolunun çəkilməsi və bütün Türkiyənin, daha sonra Avropanın quru yolu ilə birləşdirilməsi planları Türkiyənin də adekvat tələbləri ilə həyata keçiriləcək və bu savaşda qalib olan yenə də Azərbaycan və Türkiyə olacaq. Ancaq biz əvvəlki yazılarımızda da qeyd etmişik ki, bu savaşsız, qansız və mücadiləsiz baş tutmayacaq. Bu qələbə hələ yarımçıq qələbədir. Bütün milli maraqlar təmin olunduqdan sonra artıq tam qələbə baş tutacaq.
Aydın görünür ki, Rusiya bu gün yenə də öz planlarından geri durmur. Əvvəl ermənilərin acınacaqlı məğlubiyyətinin qarşısını kəsdi və onlara vaxt qazandırdı. Daha sonra İranla birləşib bu bir il müddətində erməniləri silahlandırdı. Hətta bu prosesdə İran ilə Azərbaycan arasında diplomatik böhran yaşandı. Daha sonra müqavilədə tələb olunan kimi erməni hərbi birləşmələri tamamilə sıradan çıxarılmadı. Bundan əlavə Azərbaycana yenidən silahlanıb əvvəlki kimi hücum təşkil edən ermənilər Azərbaycandan alınıb yenidən ermənistana təhvil verildi ki, onlar yenə də üzərimizə gəlsinlər. Ən sonda Rusiya 60 erməni əsgərini mühasirəyə alan Azərbaycandan erməniləri geri qaytarmaq üçün tədbirlər gördü və buna nail oldu. Azərbaycanın əsgəri postuna qumbara atıb üç Azərbaycan əsgərini yaralayan erməniləri də həbs edən rus məramlıları onları Azərbaycana deyil, ermənistana verdi. Hətta Rusiyanın nüfuzlu “Natsionalnaya oborona” jurnalının baş redaktoru, məşhur hərbi ekspert İqor Korotçenko bu təxribatı törədən ermənilərin Azərbaycana verilməsi gərəkliliyini bəyan etdi.
Məhz bir ildə ermənilər silahlandırılıb yenidən Azərbaycanın üzərinə göndərildi. Əlbəttə Azərbaycan ordusunun qəhrəman oğulları yenə də bu planları pozdu. Ancaq artıq yeddi şəhid verdik. Müharibənin və mücadilənin davam edəcəyi isə yenə də aydındır. Ən müəmmalısı do odur ki, rəsmilər Rusiya məramlılarının adını belə çəkmək istəmir, yalnız erməni tərəfi günahlandırır. Halbuki tələb açıq şəkildə qoyulmalıdır. Əgər Rusiya burada heç nəyə yaramayacaqsa, onların Qarabağda nə işi var? Bu mövqe açıq qoyulmalıdır. Məlumdur ki, rəsmi mövqeyə qarşı dövlətlər açıq şəkildə təzyiq edə bilmir. Elə son dövrdə İrana qarşı açıq etiraz bəyan olunduğu üçün İran geri çəkilməyə məcbur oldu. Çünki ya müharibə etməlidir, ya da münasibətləri normallaşdırmalıdır. Açıq müharibəyə getməyə nə Rusiyanın, nə İranın imkanları yoxdur. Çünki dünya ölkələri o zaman sürətlə Rusiyaya qarşı blioklaşa bilər. Rusiya rəsmiləri bunu yaxşı anlayır. Rusiyaya qarşı kəskin mövqe tutan, embarqo tətbiq edən Qərb ölkələri də Rusiyanın BMT mandatı almadan təkbaşına bir gecədə Qarabağda sülhməramlı kimi peyda olmasına seyrçi qaldı. Çünki sonrakı proseslərdə Rusiyanın bu istiqamətdə addımının yanlışlığı üçün zəmin hazırlanmasına yardım etdilər. Buna görə də Rusiyadan da tələb olunmalıdır ki, ya müqavilənin şərtlərinə əməl etsin, yaxud Azərbaycan ərazilərini tərk etsin. Əks halda bunun ağır nəticələrini və məsuliyyətini Rusiya daşıyır. Əvvəllər də yazdığımız kimi, saxta Rusiya xofu yaratmağa ehtiyac yoxdur. Bunun bölgədə nüfuzunu itirən Rusiya və İranpərəstlərin apardığı təbliğat olduğu aşkar görünür. Bölgədə öz nüfuzunu gücləndirən Türkiyənin qardaş dövlət olduğu, eyni kökü və eyni inancı paylaşdığı bu nüfuzu daha da artırmışdır. İndiyə qədər inanc səviyyəsində kütləni İranla aldada bilirdilər. Ancaq artıq gecdir. İranın müharibədə ermənilərə yardım etdiyi aşkarlandıqda islam adı altında gizlənənlərin əsl mahiyyəti də ortaya çıxmışdır. Buna görə də heç çəkinmədən bu dövlətlərə açıq mövqe bildirmək vacibdir. Çünki heç bir dövlət xalq və vətəndaş cəmiyyətinin mövqeyinə qarşı bütünlüklə zidd qütbdə dayana bilməz. Buna görə də rəsmi şəxslər cəmiyyətə arxalanmalı, milli mənafeyi açıq bəyan etməli və Rusiyanın bu kimi məkrli planlarını pozmaq üçün qabaqlayıcı gedişlər getməlidir. Əgər gedə bilmirlərsə, dövləti qətiyyətli liderlərin idarə etməsinə imkan yaratmalıdırlar.
Müəyyən çevrələrdə bu şəkildə bir mövqe sərgilənir ki, Rusiya Qarabağı tərk etsə də bu müharibə qaçılmaz olacaq. Təbiidir ki, bu inkarolunmazdır. Ancaq Rusiyanın nə üçün Qarabağda olduğunun məsuliyyətini daşıması vacibdir. Onsuz da Rusiya buradan getməlidir və istəməsə belə gələcək proseslər buna zəmin hazırlayır. Rusiya sülh məramlı adı ilə hansı səbəbdən burada iştirak edirsə, o səbəblə vəzifəsini həyata keçirməyə məcbur edilməlidir. Bir halda ki, bu müqavilənin bağlanmasının doğru olduğunu iddia edirlər, o zaman müqavilənin bütün şərtlərinin həyata keçirilməsini də təmin etməlidirlər. Müdrik atalarımız “Örtülü bazar, dostluğu pozar” demişlər. Dost olmayanla isə şərik olmağın mənası da yoxdur. Yoxsa imkan düşən kimi tərəzinin gözünü əyib erməniyə dayı deyəcək!

3

ATİF İslam oğlu İSLAMZADƏ
Filologiya üzrə fəlsəfə doktoru, dosent​
e-mail: atif.islamzade@mail.ru

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir