KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. ATİF İSLAMZADƏ: ADINI YAŞAYAN İNSAN

ATİF İSLAMZADƏ: ADINI YAŞAYAN İNSAN

Kafkassam Editör Kafkassam Editör - - 20 dk okuma süresi
187 0

Uca Yaradan insanı muxtar yaradıb. İnsan faili-muxtardır. Yəni hər bir kəs öz əməl və hərəkətlərində azaddır. Ancaq nəticəyə görə cavab vermək məsuliyyətimiz vardır. İnsanı başqa canlılardan fəqləndirən bu xüsusiyyətdir. Demək insanın xüsusi imtiyazı onun gözəl əməl sahibi olmasıdır. Elə bu səbəbdən də insan məişət mövzularından daha çox böyük mövzuların adamı olmalıdır. Ali yaranan insanüçün ali ideyalar, böyük təfəkkür tərzi, Yaradan inancı, millət sevdası, amal və məfkurə əsas olmalıdır. Çünki qarından yuxarı çıxa bilməmək düşüncədən məhrum olmaq deməkdir. Biz bu mənada yaxından tanıdığımız və illərlə müşahidə etdiyimiz Muxtar müəllimi adını yaşayan insan adlandırırıq. Muxtar müəllimin qazandığı ən üstün dərəcə onun insanlıq dərəcəsidir. Cəmiyyətdə bir insanın şəxsiyyət olaraq əldə edə biləcəyi və topluma faydalı ola bilmək üçün potensialını xərcləyə biləcəyi üç məqam əsasdır. Bu dərəcələrdən birincisi insanlıq dərəcəsi, ikincisi ixtisas və elm dərəcəsi, üçüncüsü isə peşə və məmurluq fəaliyyətidir. Muxtar müəllim həyatı boyu bu üçlüyü qazanmış şəxsiyyət olaraq millətimizin və vətənimizin dəyərlərinə çevrilmiş insandır. O, gözəl insandır, dəyərli alimdir və ağıllı məmurdur. Bu cəhətdən biz Muxtar müəllimin insani keyfiyyətləri haqqında bəhs açmaq istəyirik. Çünki yaxşı insan olmayan yaxşı həkim müəyyən insanları səhhət baxımından şikəst edər, yaxşı insan olmayan yaxşı müəllim yaddaşı və qəlbi ağ kağız olan şagird və tələbələri təhsil baxımından mənən zəlil edər, yaxşı insan olmayan yaxşı alim isə bir toplumu həm fiziki, həm mənəvi baxımdan məhvə aparar. Elə buna görə də insanlıq dərəcəsi bütün dərəcələrdən ən üstünüdür. Məhz Muxtar müəllimin insani keyfiyyətlərini bu üçlük modeli əsasında araşdırmaq niyyətindəyik. Onu da qeyd edək ki, biz Muxtar Kazımoğlunun bir alim olaraq “Xalq gülüşünün poetikası” və “Folklorda obrazın ikiləşməsi” kimi geniş elmi-nəzəri tədqiqatlarının bir çox elmi araşdırmalar üçün istifadə mənbəyi olduğunu qeyd etməyə bilmərik. Ancaq bu yazıda sizə təqdim etdiyimiz M.Kazımoğlunun alimliyi və məmurluğu onun insani keyfiyyətlərinin diqqətə çatdırılması gərəyindən əsas götürülür. Əgər bir alim kimi bir şəxsiyyətin elmi fəaliyyəti və əsərlərinin siqləti ön planda görünürsə, burada insanikeyfiyyətlərin məcmuusu olan alimlik və s. dərəcələr əsas olaraq diqqət mərkəzinə çəkilir. Bu cəhətdən rəsmi-mənəvi alimlik dərəcəsi anlayışı meydana çıxır ki, biz bu yaş təbriki əvəzi qısa yazımızda məhz alimliyin mənəvi tərəflərini nəzərə çatdırmağa çalışırıq.  

  M.Kazımoğlunun insanlıq dərəcəsi onun fərdi xüsusiyyətlərinin zənginliyində aşkar təzahür edir. Bir insanın yüksək keyfiyyətdə olması üçün onun sadəliyi, ləyaqəti, xeyirxahlığı, comərdliyi, açıqürəkliliyi,səmimiyyəti, etibar və cəsarəti və s. bu kimi mənəvi xüsusiyyətlərinin olması çox vacibdir. Biz Muxtar müəllimdə nəinki bu xüsusiyyətləri görürük, hətta müəyyən bir situasiyada yeni-yeni insani keyfiyyətlərinin aşkara çıxmasının şahidi oluruq.  Məlumdur ki, insani xüsusiyyətlər törəyişin əzəli və dünyanın sonunacan davam edən ən əsas qanunudur. Uca Yaradanın yaratdığı nizamdır. Nizama qarşı iğtişaş həmişə inkişaf tarixinin daxili qanunauyğunluğudur. Əgər xeyir varsa, şər də var, yaxşı varsa, pis də var. Hər bir insani xüsusiyyətin əksi mövcuddur. Təbiidir ki, bu da insan sayılan varlıqların xasiyyətlərində özünü göstərir. Bu baxımdan biz dəyərli insanları daha dərindən anlayır və onları qiymətləndirə bilirik. Xalq deyimində deyildiyi kimi “Pis olmasa yaxşını bilmək olmaz”. Biz Muxtar müəllimin gözəgörünəcək səviyyədə xasiyyətinin çox gözəl əlamətləri kimi sadəliyini gördükcə onun özünəvurğun olmadığını, yersiz təkəbbür və eqodan uzaq olduğunu dərk edirik. Məhz bu keyfiyyət böyük insanlara məxsusdur. Çünki cılız adamlar özündən razı, lovğa və təkəbbürlü olurlar. Muxtar müəllm isə əksinə çox yüksək sadəliyi ilə özünə müxtəlif səviyyələrdə sevgi və sayğı qazanan insandır. Bu sətirlərn müəllifini tanıyanlar yaxşı bilirlər ki, bizim xasiyyətimizdə rəhbər adamlarla yaxınlıq etmək yoxdur. Bu ondan irəli gəlir ki, bir çox rəhbər işçilər öz mənfi xüsusiyyətlərini müsbət planda göstərməyə çalışırlar. Ancaq konkret situasiyada faydalı deyil, zərərli olduqları meydana çıxır. Biz bu adamların əksəriyyətində olan təkəbbür, eqoizm, ləyaqətsizlik,  bədxahlıq, namərdlik, həsəd və paxıllıq, etibarsızlıq, qorxaqlıq və yaltaqlıq kimi əks insani xüsusiyyətləri sevmirik və bu adamlardan uzaq gəzməyə çalışırıq. Ancaq Muxtar müəllim bu cəhətdən istisnadır. Biz onunla tez-tez ünsiyyət saxlamağa çalışırıq. İnsan onunla danışarkən sanki öz-özüylə danışır. Bu mənada Muxtar müəllimi ayna insan hesab etmək olar. Danışıq və dinləmə mədəniyyəti bu insana yaxınlaşmaq üçün əsas səbəb olur. Onun sadəliyi o qədər aydın daxili zənginlikdən xəbər verir ki, ondan kənar durmaq istəmirsən. Rəhbəri olduğu institutun xadiməsindən tutmuş ən yüksək postuna əyləşən hər bir insanla Muxtar müəllim çox səmimi münasibət qurur, sadə və mehriban davranır, imkan çatdığı qədər hər bir kəs üçün ayrıca vaxt ayırır. M.Kazımoğlu üçün ikinci münasibət anlayışı yoxdur. Ən yüksək vəzifəli şəxslərdən tutmuş, ən sıravi adama qədər hər bir kəslə səmimi və istiqanlı münasibət Muxtar müəllimin fitrətindən gələn təbiilikdir. Əlbəttə, bu da onun mənəvi keyfiyyətlərinin göstəricisidir.

 Muxtar müəllim sadə olduğu qədər çox ləyaqətli insandır. O, öz dəyərini də, başqalarının keyfiyyətini də yaxşı bilir. Nə öz şəxsiyyətinə qarşı hörmətsizlik gətirə biləcək addımlara yol vermir, nə də başqalarına laqeydlik və hörmətsizlik nümayiş etdirmir. Özündən yaş etibarilə böyük olan insanlara tutduğu mövqedən asılı olmayaraq xüsusi şəkildə sayğı və hörmət göstərir, özündən kiçiklərə isə qayğı və diqqət göstərir, ehtiyac olduqda  çox incəliklə tövsiyyələrini çatdırmağı bacarır. Onun bu davranış formulu ona olan münasibəti həmişə sabit saxlayır.

 M.Kazımoğlu çox xeyirxah insandır. Hər kəsin uğurunu öz uğuru hesab edir. Onu əhatə edən insanları daha geniş dərəcə qazanmağa sövqləndirir. Müxtəlif insanların həyatında oynadığı xeyirxah əməlləri ona yüksək məhəbbət qazandırır. Biz bir çox insanların dilindən onun haqqında çox yüksək təriflər eşitmişik. Muxtar müəllimi tanıdığımız dövrdən onun bizim də inkişafımızda müsbət addımları olmuşdur. Onu gəncliyindən tanıyan insanlar isə Muxtar müəllimin dəyişməz sabit xarakteri olduğunu xarakter səciyyəsi kimi təsdiqləyirlər. Əlbəttə bu kimi fikirləri inzibati cəhətdən yalnız ondan asılı olan insanlar deyil, cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri dilə gətirir. Bu keyfiyyətlər içərisində Muxtar müəllimin xeyirxahlığı da xüsusi olaraq şərtlənir.

   Muxtar müəllim comərd insandır. Hər kəs ona arxayınlıqla öz kürəyini çevirə bilər. O, insanı arxadan vurmaz, üzə gülüb, altdan-altdan ona qarşı oyunlar qurmaz. Tənqid etmək istəsə, sözü üzə deyər. Özü də o qədər mədəniyyətlə deyə bilər ki, heç kim ondan inciməz. Bir insana müəllim məfkurəsiylə çox həssaslıqla məsləhətlər verə bilər. Onun islah olunmasına daha çox çalışar.

 Muxtar müəllim etibar qazanmış insandır. O, bu etibarı yaşadığı ömür boyunca öz doğru təbiəti ilə əldə etmişdir. Biz ona bir insan kimi inanan çox şəxslərin söhbətlərində iştirak etmişik. Elə bizim özümüzlə bağlı verdiyi bütün sözləri tutmuş, bizim də etibarımızı qazanmışdır. Doğrudan da hər kəs yaxşı bilir ki, bu insan həm öz verdiyi sözü tutar, həm də ona səmimi deyilən sözü sirdaş kimi saxlamağı bacarar. Bu baxımdan onun bu keyfiyyəti də xüsusi səciyyə təşkil edir.

 Muxtar müəllim cəsarətli insandır. O, qarşısına qoyduğu məqsədə mənəvi münasibətləri pozmamaq şərtiylə addımlamağı yaxşı bacarır. Ona qarşı yönələn bütün aqressiv münasibətlərdən çəkinmədən Muxtar müəllim öz inandığı məfkurə və ideallardan geri dönmür. Özü də bu aqressiyaları müxtəlif situasiyalarda çox proqressiv şəkildə aradan qaldırmağı bacarır.

  Ümumiyyətlə qeyd etdiyimiz kimi Muxtar müəlliminnəzərə çapdırdığımız keyfiyyətləri əslində bir-birinə bağlı xüsusiyyət olaraq diqqət çəkir. Bu mənada onun xeyirxahlığı sadəliyindən, comərdliyi ləyaqətindən, açıqürəkliliyi səmimiyyətindən, etibarlılığı cəsarətindən bəhrələnir. Bu keyfiyyətlər M. Kazımoğlunun insanlıq dərəcəsini müəyyən etməklə ona olan sayğı və hörməti illər keçdikcə daha da artırır.

 M.Kazımoğlunun alimlik dərəcəsi qeyd etdiyimiz kimi iki istiqamətdə diqqət çəkir. Birincisi onun rəsmi-faktiki və praktik alimlik dərəcəsidir. M.Kazımoğlu bu istiqamətdə elmi-nəzəri məqalələrin, monoqrafiyaların müəllifidir. Bu barədə onun avtibioqrafiyasından geniş məlumat əldə etmək olar. Eyni zamanda Muxtar müəllim bütün tələb olunan elmi dərəcələri və demək olar ki, rəsmi vəzifə statuslarını əldə etmişdir. Hal hazırda akademik elmi adını daşıyır. İkincisi, Muxtar müəllimin mənəvi alimlik dərəcəsidir. Bizə görə insanlıq dərəcəsi ən üstün dərəcə olduğu üçün bu elə birinci alimlik dərəcəsidir. Muxtar müəllim bir alim kimi həmişə bu dərəcədən istifadə edərək öz insanlıq vəzifələrini daxili yaşantısına uyğun şəkildə həyata keçirir. Məlumdur ki, hər kəs alim ola bilməz. Ancaq hər alim də insan ola bilməz. Şəxsiyyətin uğuru ondadır ki, o, öz alimliyini də insanlığına vasitə etsin. Muxtar müəllim həmişə bir alim kimi bu vəzifəni daşımaqdadır. Biz onun yeni yetişən alimlər zümrəsinə məsləhət və tövsiyyələrinin şahidi olmuşuq. Hələ çox-çox illər qabaq gənc nəslin alimlik dərəcəsi almaq üçün keçdiyi bir mərhələ kimi təşkil olunan müzakirələrdə onun necə böyük enerji ilə iştirak etməsini yaxşı xatırlayırıq. O, bir çox insanların xahişi ilə onların müzakirələrində iştirak edər, öz intellektual səviyyəsi, səlis nitqi, səsinin ahəngdar tembri ilə orijinal çıxış edər, yeni problematik mövzuların yaranmasına rəvac verər və xüsusilə bu şəxslərin daha da geniş səviyyədə elmdə ciddi şəkildə qalması üçün onlara özü kimi yanaşardı. Elə Muxtar müəllimin alimlik cəhətdən ən böyük keyfiyyəti ondadır ki, o, elmə ciddi baxan adamdır. Kiçik mövzuların adamı deyil, böyük mövzuların adamıdır. Elə buna görə də çox dəyərli alimdir. Ancaq onun alimliyindən başqaları daha çox fayda görür. Çünki onun alimliyinin mənəvi tərəfləri yalnız özünə deyil, bütün insanlara xeyir gətirir.

 Biz bir nüansı da qeyd etməyə bilmərik. Bir dəfə Muxtar müəllim bir dissertantın müzakirəsində onun üçün müdafiə prosesində zərərli ola biləcək cəhətləri qeyd etməklə onun dissertasiya formatını dinamik istiqamətdə qurmasına az qala bütün xırdalıqları ilə yardım etmişdi. Əlbəttə, bu da M.Kazımoğlunun alimlik təcrübəsindən mənəvi-psixoloji  istiqamətdə istifadə etmək istəyindən meydana gəlmişdi.

 Muxtar müəllimin alimlik dərəcəsini insanlıq dərəcəsinin tərkib hissəsi olaraq cəmiyyətə təqdim etməsi onun bütöv şəxsiyyət kimi toplum arasında yüksək nüfuz sahibi olmasına gətirib çıxarmışdır. Tam səmimiyyətlə söyləyə bilərik ki, hətta böyük vəzifələr daşımadığı vaxtlarda da onun haqqında əksəriyyət yalnız hörmət və ehtiramla bəhs açmışdır.

 M.Kazımoğlunun məmurluq fəaliyyəti istər onun bir zaman  Baş redaktoru olduğu “Yazıçı” nəşriyyatında, istərsə də Baş direktoru olduğu AMEA Folklor İnstitutunda xüsusi peşəkarlığı və insani keyfiyyətləri baxımından bir çox insanların dilində ayrıca mövzudur. Muxtar müəllim haqqında biz ona görə bu şəkildə danışmırıq ki, onun rəhbəri olduğu İnstitutun işçisiyik. Ona görə danışırıq ki, bu institutun əməkdaşı olduğumuz üçün onu daha yaxından tanıyırıq. Bizi tanıyanlar yaxşı bilir ki, boğazdan yuxarı danışan insanlardan deyilik. Doğru bildiyimizi isə danışmaqdan heç zaman çəkinməmişik. Ancaq dəyərli insanların qiymətini də zamanında vermək lazımdır ki, cəmiyyət üçün örnək olan şəxsiyyətlərin mahiyyəti elə onların hansı dəyərdə olmasının bilinməsidir. Muxtar müəllim bu mənada bir məmur kimi insanlıq keyfiyyətləri ilə dəyərləndirilməli insanlardandır. Aydındır ki, biz bu yaşımıza qədər çox məmur və rəhbər işçilər görmüşük. Onların bəziləri ilə hətta bir yerdə işləmişik. Konkret olaraq onu deyə bilərik ki, cəmiyyətin alimə, müəllimə, sənətkara və s. bu kimi peşə sahiblərinə olan hörmət və məhəbbəti məmurlara yoxdur. Əlbəttə, bu antipatiyanı bir çox məmurlar öz yaramazlıqları ilə yaratmışdır. Ancaq hörmətli Muxtar müəllim məmurluğunu insanlığı ilə birləşdirən şəxsiyyətlərdəndir. Bu sahədə xüsusi istedadı, idarəcilik metodlarını dərindən bilmək qabiliyyəti və əsas olaraq da toplumun bu gün çox ehtiyac hiss etdiyi yüksək insani keyfiyyətləri onu bir rəhbər işçi kimi də xarakterizə edir. Biz onun bu vəzifə vasitəsilə nə qədər insana xeyirxahlıq etdiyini görmüş və eşitmişik. Əlbəttə, İnstitut rəhbərliyinin icraçılıq baxımından təhlil olunacaq tərəfləri çoxdur. Ancaq biz bu kontekstdə M.Kazımoğlunun insani xüsusiyyətlərini araşdırdığımız üçün bu istiqamətdə təqdimata ehtiyac hiss etdik. Yuxarıda nəzər yetirmişdik ki, Muxtar müəllim bir şəxsiyyətin tələb olunan müxtəlif cəhətlərinə və cəmiyyətə faydalı olan üçlük modelinə nail olmuşdur. Daha aydın şəkildə gördük ki, o, toplum üçün çox vacib olan şəxsiyyət və peşə amilini özündə tamamlaya bilən insan modelidir. Bu baxımdan M.Kazımoğludan bir örnək kimi danışmaq ictimai-sosial baxımdan da çox vacibdir. M.Kazımoğlu bir insan kimi, bir alim kimi və bir rəhbər işçi kimi bu sahədə fəaliyyət göstərən bir çox insanlara yaxşı nümunədir. Biz elə bu baxımdan da Muxtar müəllimi xarakterizə etmək istəmişik.

 M.Kazımoğlu nəzər yetirdiyimiz kimi  idrak və vicdan daşıyan bir insan kimi öz adının mənasına uyğun bir ömür yaşamaqdadır.  Muxtar müəllim adını yaşayan insandır. Hörmətli alimin 28 may Respublika günündə dünyaya göz açması da ona bəxş olunan müjdə olmalıdır. Çünki bu insanın milli təbiəti, vətənsevər xisləti, demokratik dəyərlərə üstünlük verməsi onun Cümhuriyyətimizin yarandığı günlə sanki həmahənglik təşkil edir. Biz, bu ömür yolunda ona bütün diləklərinə yetişmək, vətənimizin böyük inkişafını görmək, bütöv Azərbaycan və Turan Birliyinin qurulmasında iştirak edə bilmək uğuru, ailə xoşbəxtliyi və bütün sevdiklərinin səadətini görmək fərəhi yaşamasınıdiləyirik.

4

 

  ATİF İSLAM oğlu İSLAMZADƏ

          Filologiya üzrə fəlsəfə doktoru, dosent                                                             e-mail: atif.islamzade@mail.ru  

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir