KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. ATİF İSLAMZADƏ: SƏMƏD VURĞUN RERESSİYA İLLƏRİNDƏ “VAQİF” DRAMINDA TÜRKLÜK MÜCADİLƏSİNƏ QALXMIŞDI

ATİF İSLAMZADƏ: SƏMƏD VURĞUN RERESSİYA İLLƏRİNDƏ “VAQİF” DRAMINDA TÜRKLÜK MÜCADİLƏSİNƏ QALXMIŞDI

Kafkassam Editör Kafkassam Editör - - 26 dk okuma süresi
246 0

S.Vurğunda türklük ötəri sözlük deyil.Türklük böyük millət anlayışı, yüksək qürur və vətəndaş sevgisidir. “Türk” sözü S.Vurğun yaradıcılığından ana xətt kimi keçir. Şair türkə qarşı olanların tarixi ədavətə söykənən gizli addımlarını və aşkar mübarizəsini istər keçmiş, istərsə də özü ilə çağdaş olanlar arasında müəyyən etmək üçün olduqca geniş biliyə malikdir. Yuxarıda qeyd etdiyimiz kimi rus, fars şovinizminin müttəfiqliyindən xəbərdar olan S.Vurğun əksər vaxtlarda türkləri farslara qarşı qoymaqla əslində ruslara da bu siyasi eybəcərliklərinə görə qəzəb nümayiş etdirir. Bəzən şair o qədər qəzəblənir ki, türkün hayqırtılı coşqun səsi ilə elə bil nifrətlə döyüş meydanında türkə qarşı olanların üzərinə türkün savaş sənətinə uyğun şəkildə aşkarcasına hücuma keçir. “Azad ilham” başlıqlı şeirdə şair Azərbaycan türklərinin dünyaya bəxş etdiyi klassikləri sadalayarkən birdən məlum olur ki, bu heç də bir şeir kompozisiyası deyil, əslində şairin milli vüqarını bəyan etməsi və türklüyə qarşı dayananlara farsın obrazında nifrət dolu baxışlarını elan etməsidir:
Gətir xatirinə Vaqifi bir dəm,
Qırıldı qəlbində bir yurdun sazı.
Ağladı göylərdə gözlərində nəm,
Uçan durnaların küskün avazı.
Gərdi sinəsini o fars dilinə,
Hayqırdı türk sözü, türk şeri gərək.
Bir yeni can versin Azər elinə,
Üfüqdən üfüqə qanad gərərək ( “Azad ilham”).
Bu şeirdə bir tərəfdən şair dildə yersiz fars tərkibləri işlənməsinin gerçəkliyini göstərir, bir tərəfdən farsların türklərə qarşı fars dilindən ideoloji silah kimi istifadə etdiyini nəzərə çatdırır, bir tərfdən də “Azər” adını yer anlamında “türk” adını millət anlamında işlətməklə bu gün də mübahisələrə səbəb olan “türk” və “azərbaycanlı” adının mənşəyinə aydınlıq gətirir. Çox təəssüf ki, 1936-cı ildən sonra S.Vurğunun bu şeirində də, digər şeirlərində olduğu kimi türk adıyla bağlı sözlüklər başqa sözlüklərlə əvəz olunmuşdur. Bu əvəzolunma əməliyyatı, yaxud da buna məcburiyyət şairin çox sevdiyi türk sözünün şeirlərindən silinməsinə səbəb olmuşdur. Əlimizdə olan mənbədə ( S.Vurğun “Əsərləri” B. Elmnəşr. 1985-88. VII cilddə, I-IV cildlər.) bu kimi ifadələrin sonrakı dövrlərdə dəyişdirilməsi “İzahlar və şərhlər” bölməsində aydın şəkildə görünməkdədir. İzah və şərhlərin müəllifi Ə.Hüseynovdur.
S.Vurğundan yuxarıda misal çəkdiyimiz şeirdə türk dilini, türk mənəviyyatını, bir sözlə türkü və türklüyü cəsarətlə qoruyan bir bahadır şairin kəskin mövqeyi nümayiş olunursa, 1936-cı ildən sonra müəyyən taktiki dəyişikliyə gedən şairin eyni mövqeyi başqa şəkillərdə qarşımıza çıxır. Qeyd etdiyimiz kimi türk adının azərbaycanlı adıyla əvəz olunmasından sonra da şair türklüyü şərəf nişanəsi kimi elan edir. Belə ki, “Azad ilham” şeirində M.P.Vaqif farsa qarşı türk mübarizi simasında diqqətə çatdırılırsa, məhz 1937-ci ildə yazılıb, 1938-ci ildə tamaşaya qoyulan və çap edilən “Vaqif” dramında Ağaməhəmməd Şah Qacarın yüksək sənətkarlıqla işlənmiş bədii surəti dəhşət doğurucu eybəcərliklərlə təsvir olunmuşdur. Lakin bu eybəcərliyin şairin qəzəbinə səbəb olan əsas nifrət qaynağı AğaMəhəmməd şahın öz türklüyünü danması, türk ola-ola türkə yuxarıdan aşağı baxması, türkün heysiyyətini aşağılamaq istəməsidir. Əsərdə Vaqif haqqında Qacarla vəzir arasında gedən dialoqda Qacar soruşur:
Qacar
O kimdir?
Vəzir
Şairdir, ləqəbi “Vaqif”,
Yaranmış deyirlər hər elmə vaqif.
Qacar
Yox bir, patavalı,çoban bir ölkə,
Böyük Firdovsilər yaratdı bəlkə.
Vəzir (qorxa-qorxa)
Şahım siz özünüz…
Qacar
Mən türkəm? Nə, mən?
Mən çoxdan atmışam onu üstümdən (1, 73, 633)
(Məlumdur ki, son hissə “Vaqif” dramından çıxarılmış, əsər oxuculara fərqli şəkildə təqdim olunmuş, Qacarın türklüyü hətta mənfi kontestdə də yada salınması siyasi-ideoloji baxımdan məqsədəuyğun görülməmişdir. Oxucular bu əsəri bu gün də əskik oxumaq məcburiyyətində qalmış, təəssüf ki, bu hissə hələ də bərpa olunmamış qalır).
Şah və vəzir arasında gedən bu danışıqdan aydın olur ki, AğaMəhəmməd şah türk olsa da bundan imtina edir. Məhz ona qarşı əks qütbdə dayanan Vaqif bir qədər sonra Qacarla üz-üzə gələrkən onu bu yanlış mövqeyinə görə qətiyyətlə ifşa edir. Qacarın Firdovsi adı altında fars mənşəyini türk mənşəyindən üstün tutmasını göstərən mövqeyi bir qədər sonra eyni şəkildə vəzirin dilində üzə çıxır. Əvvəl şaha türklüyünü qorxa-qorxa anlatmağa çalışan vəzirin Qacarın söylədiyi bu sözləri təkrarlaması şəxsiyyətə təcavüz edən avtoritar rejimə şairin etirazı ilə bərabər Vaqifə mövqeyində uduzan Qacara zəif bir yaltağın köməyə yetmək cəhdi, saman çöpündən yapışmaq çabasının bədii əksidir. Şair əsərdə təsvir edir ki, Qacar Vaqiflə tanış olduqdan və iki fərqli dünyagörüşünü ifadə edən mövqe çəkişməsinin yekununda onun çox dəyərli olduğunu bir daha anlayır, onu itirmək istəmir. Əslində həbs olunan bu böyük şairin nəinki həbsini ləğv edir, hətta ondan həyata keçirdiyi siyasi fəaliyyətdə və hakim idarəçilikdə faydalanmaq fikrinə düşür. Onu özündən sonra birinci şəxs olaraq görür, ixtiyarı çatan bütün varidat və hakimiyyətin ona tapşırılmasını elan edir. Bütün bunların qarşısında şah yalnız bir şərt irəli sürür: “Gərək fars dilində yazsın sənətkar!”. Vaqif bu təklifdən nifrət və cəsarətlə imtina edir, “bizim bu dağların oğluyam mən də” deməklə dünyanı versələr də, yaşadığı türk torpağında bir dağ şərəfi qədər bu dünyanın uca ola bilməyəcəyini Qacarın diqqətinə çatdırır, eyni zamanda türklüyündən imtina edən hökmdarın özünün şərəfsiz olduğunu göstərir. Halbuki Vaqif ölüm təhlükəsi qarşısındadır. Bir tərəfdə var-dövlət, cah-calal, dəbdəbəli saray şəraiti, digər tərəfdə isə qaranlıq zindan və “soyuq məzar”. Ortada isə yalnız bir təklif var “fars dilində yazmaq”. O dildə ki, o dilin söz xəzinəsinin mühüm bir hissəsini elə Vaqifin öz sələfləri zənginləşdirmişlər. Klassik ədəbiyyatın şah əsərlərinin əsas bir hissəsi bu dildə meydana gəlmişdir. Lakin Vaqif Qacarın mövqeyini bədii ədəbiyyat mülahizəsi kimi qəbul etmir, türkə qarşı, türkün dilinə qarşı, türklük mirasına qarşı yönələn qəddar siyasət olaraq qəbul edir və qaranlıq zindanı, soyuq məzarı seçir.
Diqqət edilsə, aydın görünər ki, şair bu əsərdə də “Azad ilham” şerindəki kimi türklük davasına qalxmış, sankı bu şeirdəki Vaqif obrazının məfkurəsini “Vaqif” dramında açmaqla məhz Vaqifin şəxsində türklük mücadiləsi aparmışdır. S.Vuğunun 1937-ci ildə yazdığı bu əsərdə Qacarı və Vaqifi türk adlandırması onun bir il əvvəl qəbul edilmiş “azərbaycanlı” adına vətənpərvər bir türk oğlunun etirazıdır. Şair buna baxmayaraq ki, AğaMəhəmməd şah Qacar barəsində tarixi yanlışlığa yol vermişdir, ancaq bu yanlışlığı özünəməxsus incəliklə əsaslandırmışdır. Məlumdur ki, Qacarlar sülaləsi 1796-cı ildə AğaMəhəmməd şah Qacarın özünü şah elan etməsindən 1925-ci ilə kimi, İranda hakim mövqedə olmuşlar. Qacarlar minillik İran türk hakimiyyətinin qanuni varisləri olaraq türk varislik ənənəsinin qaydalarına uyğun şəkildə bu hakimiyyətdə haqları olduğunu iddia etmiş və onu əldə etmişlər. Kərim xan Zəndin başçılığı ilə farsların türklərə qarşı apardığı uzunmüddətli mübarizənin uğurlu sonluğu olaraq hakimiyyəti mənimsəməsi, AğaMəhəmməd şahı bu hakimiyyəti yenidən türklərə qaytarmaq üçün ayağa qaldırmış, yüksək dövləti istedadı, geniş dünyagörüşü və türk savaş sənətinin kökündən qaynaqlanan döyüşçü məharəti ilə seçilən bu böyük şəxsiyyət qanuni türk hakimiyyətini bərpa etmişdir. Ağaməhəmməd şahın Qarabağa, Gürcüstana və s. yürüşü heç də sovet tarixçilərinin Moskvadan sifariş alıb təsvir etdiyi kimi işğalçılıq deyildi. Əksinə Nadir şahın ölümündən sonrakı dönəmdə mərkəzi idarəçiliyə tabe olmayıb müstəqil xanlıqlara çevrilən İran dövlətinin ərazi vahidlərini yenidən əvvəlki vəziyyətə qaytarmaq idi. Təbiidir ki, Rusiyanın “parçala, hökm sür!” siyasəti bu xanlıqların da daha geniş səviyyədə meydana çıxmasına səbəb olmuşdu. Rusiya İran dövlətinin parçalanıb xanlıqlara çevrilməsinə maraqlı idi. Çünki Rusiya mərkəzləşmiş İran dövlətini ələ keçirmək üçün həmçinin Türkiyə imperatorluğu ilə də üz-üzə gəlməli idi. Çünki hər iki ölkənin əsas əhalisi və hakim mənşəyi türklər idi. Təbiidir ki, bunlar da bir-birinə kömək edəcəkdilər. I Pyotr parçalanmış xanlıqları asanlıqla özündən asılı vəziyyətə salıb hissə-hissə İranın qanuni torpaqlarını ələ keçirmək niyyətində idi. Bu barədə yuxarıda qeyd etdiyimiz kimi, gizli siyasi doktrina və vəsiyyət yazılmışdı ki, bu yüz illər boyu rus şovinizminin əsas strateji hədəfinə çevrilmişdi. Məhz Pyotrın İranın şimalına aid olan, “Kaspisahili vilayətləri” deyilən ərazilərə hücumu bunu bir daha təsdiq edir. Yalnız Pyotrın ölümündən sonra əslində əsl işğalçı olan Rus qoşunlarnın bu ərazilərdən çəkib getməsi İran dövlətinə yenidən öz inzibati ərazi vahidlərini özünə qatmasına səbəb olmuşdu. Nadir şahın Türkiyə ilə yaxınlaşması nəticəsində İranın ondan ayrılmış hissələri olan Azərbaycan, və Ermənistanın, və Gürcüstanın şərq vilayətlərinin 1736-cı ilin noyabrında bağlanmış müqavilə əsasında yenidən İrana qaytarılması baş tutdu. Lakin Nadir şahın öldürülməsindən sonra yenidən əvvəlki vəziyyət təkrar olundu, artıq İranın şimali əyalətləri xırda-xırda xanlıqlara parçalandı, az bir vaxtdan sonra Russiyanın işğal edəcəyi bu ərazilərin bu günə qədər öz əsas hissəsi olan İran dövlətindən ayrı düşməsinə səbəb oldu və daha dəhşətli dağınıqlığa gətirib çıxardı. Zəndilərin hakimiyyətə gəlməsi qeyd etdiyimiz kimi Pyotr siyasi kursuna uyğun olaraq türk hakimiyyətinin ruslarla aşkar və gizli müttəfiq olan farsların əlinə keçməsinə səbəb olmuşdu. Məhz AğaMəhəmməd şahın zəndilər üzərində qələbə çalıb İran dövlətini yenidən bərpa etmək üçün qeyd etdiyimiz kimi Qarabağa və s. gəlişi böyük türk hakimiyyətinin bərpa olunacağı təqdirdə Türkiyə imperatorluğunun da bu dövlətlə birləşə bilmək ehtimalından yenə də qorxuya düşən Rusiya I Pyotr dönəmindən sonra ikinci dəfə mütəşəkkil ordu səviyyəsində İranın tərkib hissəsi olan Azərbaycana və Qafqaza işğalçılıq niyyəti ilə yürüş etdi.
Rusiyanın bu ərazilərə növbəti işğalçı yürüşləri isə məlum olduğu kimi, Gülüstan və Türkmənçay müqavilələri ilə Rusiyanın xeyrinə, İranın məğlubiyyəti ilə sonuclandı. Gülüstan müqaviləsinə əsasən İran dövləti Gəncə, Qarabağ, Şəki, Şirvan, Quba, Bakı və Talış xanlıqlarından, Şərqi Gürcüstan və Dağıstana da öz ərazi iddialarından əl çəkməyə məcbur oldu və onların Rusiyanın tabeliyinə keçməsinə imzası ilə razılıq verdi. “Türkmənçay” müqaviləsinin nəticəsində isə Naxçıvan xanlığı, Ordubad dairəsi, Yerevan (İrəvan) xanlığı Rusiyanın müstəmləkə ərazisinə çevrildi. Tam təfərrüata varmadan onu da qeyd edək ki, diqqət çəkdiyimiz bu tarixi bilgilər “Azərbaycan tarixi”nin akademik nəşrlərində və ensiklopedik lüğətlərdə kütləvi auditoriyaya çatdırılmışdır. Yalnız onu əlavə edək ki, bu günki Azərbatcan ərazilərinin Rusiyanın ərazisinə qatılmasının böyük türk dövləti olan İran dövlətinin Rusiya ilə müharibədə məğlub olması səbəbindən olması göz qabağındadır. Müharibə Rusiya ilə Azərbaycan arasında deyil, İran ilə Rusiya arasında aparılmış, təbii olaraq Rusiya-İran müharibələri kimi tarixə düşmüşdür. Gülüstan və Türkmənçay müqavilələri də heç də Azərbaycan və Rusiya arasında yox, Rusiya ilə İran arasında bağlanmışdır. İran tərəfi isə farslar deyil, İran dövlətinin hakim sülaləsi olan türklər, yəni Qacarlar, daha dəqiqi Qacarlar xanədanının nümayəndəsi Abbas Mirzə təmsil etmişdir.
Beləliklə türk fars, eləcə də türk-rus qarşıdurmasını aydın nəzərə çatdıran bu tarixi detallar təəssüf ki, ikincilərin qələbəsi ilə nəticələnmiş, faciəvi situasiyanı or-
taya qoyur. Təsadüfi deyil ki, məhz Qacarların hakimiyyətdən getməsi yenə də bu hakimiyyətin fars tayfası olan Pəhləvilərin əlinə keçməsinə səbəb olmuşdur. Lakin S.Vurğun Qacarın özünü türklüyə qarşı qoymaqla Qacarın apardığı tarixi mübarizənin mahiyyətini Vaqif şəxsiyyətində diqqətdə saxlamış, Qacarın özünə isə fərqli aspektdən yanaşmışdır. Ümumiyyətlə “tarixilik və bədiilik” mövzusu bu günə qədər də mübahisəli olaraq qalır. Elmi-nəzəri görüşlər bu sahədə müxtəlif yanaşma tərzlərini ortaya qoyur. Tarixi hadisələr və şəxsiyyətlər olduğu kimi saxlanmalıdır, yoxsa bədii əsər müəllifinin məqsəd və məramına görə dəyişə bilər? Hər halda müəlliflər öz demək istədikləri qayəni diqqətə çatdırmaq üçün bir çox hallarda tarixi həqiqətləri ya qismən, yaxud da ciddi şəkildə təhrif edirlər. Əgər bu təhrif arxasında bədii yaradıcılıq metodu kimi ədəbiyyat hadisəsi dayanırsa, bu xeyirxah məqsədə xidmət edir. Əksinə siyasi-ideoloji görüşlər nəzərindən tarixi təhrif etmək məqsədi güdülürsə, əlbəttə ki, bu yolverilməzdir. Təbiidir ki, bu metod həmişə uğurlu olmur, bəzən məqsəd üçün vasitə kimi götürülən bu yazıçı təhrifi məqsədin özünü də təhrif edir. Elə S.Vurğun da “Vaqif” dramında Qacarı təhrif etməklə şair və hökmdar mövzusunu gündəmə gətirmək məqsədi güdmüş, yaşadığı dövrün ağır dəhşətlərini ifadə etmək üçün fikrimizcə, müəyyən tarixi nöqsanlara yol vermişdir. Lakin şair Qacarı məhz türklüyə qarşı dayanan obraz kimi götürməklə və Vaqifi türklük simvoluna çevirməklə qeyd etdiyimiz kimi öz milli məfkurəsini bütün çılpaqlığıyla meydana qoymuşdur.

ATİF İslam oğlu İSLAMZADƏ
Filologiya üzrə fəlsəfə doktoru, dosent​
e-mail: atif.islamzade@mail.ru
QAYNAQLAR

1. Vurğun S. Əsərləri, VII cilddə, IV cild. Bakı: Elm. 1988.
2. Süleymanov M. Gülüstan müqaviləsi – II hissə. Bakı: Elm və Təhsil, 2014.

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir