KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. ATİF İSLAMZADƏ: QAZİLƏRİMİZ DÖVLƏT TƏRƏFİNDƏN TOXUNULMAZ ABİDƏ ELAN EDİLMƏLİDİR!

ATİF İSLAMZADƏ: QAZİLƏRİMİZ DÖVLƏT TƏRƏFİNDƏN TOXUNULMAZ ABİDƏ ELAN EDİLMƏLİDİR!

Kafkassam Editör Kafkassam Editör - - 12 dk okuma süresi
409 0

Biz, 30.04.2021-ci ildə “Şəhidlər sərt qanunlarla qorunmalıdır” adlı məqalə yazmaq ehtiyacı hiss etmişdik və bu yazı, Respublikanın aktiv saytlarından olan Mia.az, Dominant.az, Tarihistan.org, Devlet.az və Türkiyənin Kafkassam.com saytlarında yayımlanmışdı. Bu məqalə tanınan şəhid “Vətən türküsü” ilə məşhurlaşan X.Yusifzadəyə qarşı edilən sayğısızlığın əsas səbəblərindən bəhs edirdi. Əlbəttə, bu təsadüfdən irəli gəlmirdi. Çünki, indi məlum olur ki, yalnız şəhidlər deyil, qazilər də sərt qanunlarla qorunmalıdır. Vətən savaşının 36 gününü döyüş yolundan keçən Elvin Cəfərovun özünü yandırması və vəfat etməsi bu problemi yenidən aktuallaşdırdı. Aydın oldu ki, qazilərimiz də dövlət tərəfindən toxunulmaz abidə elan edilməlidir. Əlbəttə, qazilərin də hüquq və qanunlara əməl etməsi şərti ilə bu addımın atılmasına mühüm ehtiyac var. Eyni zamanda onu da qeyd edək ki, qazilərimiz əsas etibarilə dövlət abidəsi olaraq məmurlardan qorunmalıdır. Bunun üçün xüsusi nəzarət mexanizminin yaradılmasına mühüm ehtiyac var. Prezident Aparatı, Parlament, Hüquq-mühafizə orqanları və Təhlükəsizlik qurumları bu barədə geniş addım atmalıdır. Dəmir yumruq məmurların başı üzərində də görünməlidir. Əks təqdirdə hələ çox qazilərimizin faciəli aqibətini görmüş olacağıq.
Qazilərin toxunulmaz abidələr cərgəsinə aid edilməsi üç istiqamətdə özünü göstərə bilər:
1. Dövlət tərəfindən qorunma;
2. Millət tərəfindən qorunma;
3. Cəmiyyət tərəfindən qorunma.
Bunun üçün ilkin olaraq qazilərin bütün hüquq və təminatları sürətlə yerinə yetirilməli, qayğı və sevgi ilə də ayrıca əhatə olunmalı, diqqət və dəyər görmələri əsasdır. Nə balasını, nə parasını Vətən savaşına qıymayan yırtıcı məmurların isə dişləri sındırılmalıdır. Az qala qarnını yer kürəsi boyda şişirdən rəhbər şəxslərin haqqında təcili ölçü götürülməlidir ki, onlar bu şəkildə mənfi addım ata bilməsinlər. Konkret olaraq qazilərin laqeydlik, biganəlik göstərərək incidilməsi əslində cinayət mahiyyətlidir, dövləti təxribatdır. Dövlətə qarşı yönələn təxribat hər halda cəzasız qala bilməz. Qazilər ona görə planlı şəkildə incidilir ki, heç kim gələcəkdə erməniyə güllə atmasın, torpağı uğrunda savaşmasın. Bir sözlə, hər kəs bu qənaətə gəlsin ki, torpaq və vətən üçün savaşmağın mənası yoxdur. Vətən üçün savaşmaq özünü yandırmağa gətirib çıxaracaq, savaşmamaq isə rahat kreslolarda əyləşib dəbdəbə içində yaşamağa səbəb olacaq. Cəmiyyə məhz bunu aşılamaq istəyirlər. İstəyirlər ki, sabah millət Vətən savaşına qalxmasın, erməni cəlladlar daha geniş ərazilər işğal edə bilsinlər. Bu məmurlar ermənİlərin məğlubiyyəti ilə barışa bilmir, süni şəkildə 30 ildə yaradılmış erməni “qələbəsi”ni bərpa etmək istəyirlər. Bu şəxslərin Vətən savaşında çıxmayan səsi indi müxtəlif vasitələrlə, xüsusilə qazilər üzərindən cəmiyyətə psixoloji təlqinlərdə daha çox artmağa başlayıb. Təsadüfi deyil ki, mətbuat tədqiqatına görə Vətən savaşından sonra 50-dən artıq qazi, – hüquqi terminlə desək, intihara gətirib çıxarılmış, onlardan 36-sı isə konkret olaraq intihar etmişdir.
Qazilərin öncə fiziki-psixoloji durumu diqqətdə saxlanmalıdır. Çünki qanlı savaşdan dönən qazilərin mühüm bir hissəsi travma almış, psixi cəhətdən qismən də olsa zədələnmişdir. Təbiidir ki, bu da təsadüfi deyil. Çünki indi gedən müharibədə ən müasir tipli raketlərin, göydən tökülən ağır səsli bombaların qeyri-adi səs effekti hər hansı bir insanın travma alması üçün yetərlidir. II dünya savaşı ilə müqayisədə II Qarabağ savaşında istifadə olunan silahlar yüz dəfə artıq ağır silahlardır. Təbiidir ki, 40-cı illərin göydən yağan mərmi və bombaları 2000-ci illərin eyni yandırıcı, dağıdıcı və yüksək elektroşok yaradacaq döyüş vəsaitləri ilə analogiya əsasında “qar topuna” bənzəyir. Bu baxımdan qazilərin sağlamlıq mərkəzləri fəaliyət göstərməli, psixoterapeftlər, psixoloqlar, digər ixtisaslı həkimlər onlarla iş aparmalı, cəmiyyətdə isə bu rolu ağsaqqallar və din xadimləri öz öhdələrinə götürməlidir. Xüsusilə, onlara psixi xəstə kimi davranmamalı, yalnız travma ehtimalına qarşı müəyyən addım atılmalıdır. Məhz E.Cəfərovun yasında Sabirabadın İcra Başçısının onu psixi xəstə kimi göstərməyə çalışması yetər ki, bu kimi insanlıqdan uzaq, vətən ideyası anlamayan dəyərsiz birini vəzifədən uzaqlaşdırmaq üçün əsas olsun. Qazilər üçün heç bir ciddi addım atmayan, yalnız bir dəfə kollektiv şəkildə qəbul etməklə vəzifəsini bitmiş sayan şəxsin özü cəmiyyət və millət üçün bitmişdir. Dövlət tərəfindən də bitmiş sayılmasına ümid etmək isəyərdik.
QAZİLİK mahiyyətinə görə şəhidlik qədər üstün məqamdır. Allah qatında yüksək mərtəbəsi vardır. Ancaq intihar Allah qatında ən aşağı yerdədir. Özünə qəsd etmək Uca Allaha üsyan etməyə bərabərdir. Çünki Allahu-Təala buyurur ki, “Allah səbir edənlərlədir” ( Qurani-Kərim, Bəqərə surəsi, 153-cü ayə). Təsəvvür edin ki, uca məqam qazanan qəhrəmanların intihar edərək özünü bu məqamdan məhrum etməsi nə qədər faciəlidir. Buna səbəb olan dəyərsizlər isə yenə də öz işinin başındadır. Eyni zamanda qazilər üçün bu mövzuda dərs aparılmasına böyük ehtiyac vardır. Savaşda mübarizə və mücadilə aparan insanların dinc aurada psixoloji passivliyə məruz qalıb özünə qəsd etməsinə hər zaman əngəl olmaq bizim boynumuzda olan borcdur. Biz bizi qoruyanları qorumalıyıq. Bu haqqı onlar savaşda qazanıblar. Düşmən sipəri olub millətin namusunu qoruyan insanları incidənlərə millət və cəmiyyət olaraq biz də sipər olmağı bacarmalıyıq. Toxunulmaz abidələrimizə uzanan əlləri kəsməyi bacarmaq üçün qorxaq və zavallı deyil, cəsur və mühafiz olmalıyıq.
E.Cəfərovun pensiyasının kəsilməsi intiharın əsas səbəbi kimi göstərilir. Ümumiyyətlə, savaşdan sonra sanki savaş gedir. H.Seyidbəylinin “Cəbhədən- Cəbhəyə” əsəri yada düşür. Cəbhədə sağlığını fəda edən oğullar indi arxa cəbhədə qansız məmurların erməniləşmiş xisləti ilə mübarizə aparmağa məcbur olur. Ən azından bunun üçün Sosial Təminat Nazirliyi cavabdeh qismində öz mövqeyini bildirməlidir. Susaraq gündəmin dəyişməsini gözləmək vərdişlərindən əl çəkməyin vaxtı çoxdan çatmışdır. Düşmən qarşısında sınmayan oğulları ailəsi qarşısında başı aşağı etmək, utandırmaq, sındırmaq daha böyük düşmənçilikdir. Bu düşmənlər dövlət və millət üçün təhlükə mənbəyidir, vətənə xəyanət nümunəsidir. Vətənə xəyanət cəzasız qalarsa, sabah hər kəs vətənə xəyanət edər, ortada bir vətən qalmaz. Vətən bu prosesdə təhlükədədir. Bunun qarşısını yalnız Milli abidələrimizi qorumaq və başıpozuq məmurların cəzasına bir millət və cəmiyyət olaraq nail olmaqla almaq olar.

ATİF İslam oğlu İSLAMZADƏ
Filologiya üzrə fəlsəfə doktoru, dosent​
e-mail: atif.islamzade@mail.ru

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir