KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. ATİF İSLAMZADƏ: PAŞAZADƏ NƏ İSTƏYİR?

ATİF İSLAMZADƏ: PAŞAZADƏ NƏ İSTƏYİR?

Kafkassam Editör Kafkassam Editör - - 10 dk okuma süresi
362 0

Bütün Qafqazın Şeyxi vəzifəsi daşıyan A.Paşazadə ətrafında xalqın təpkisi səngimir. Tənqiddən tutmuş istefa tələbinə qədər müxtəlif reaksiyalar özünü göstərir. Çox az qismdə bir sıra insanlar isə A.Paşazadəni müdafiə etməyə çalışsalar da nəticəsiz qalır. Çünki xalq çox qəzəblidir. Bəs bunun günahı kimdədir? Xalqdadırmı? Xeyr! Bunun günahı özünü öz ölkəsində İran dövlətinin xadimi qarşısında ikinci dərəcəli aparan Bütün Qafqazın şeyxindədir. Sanki o, bütün Qafqazın şeyxi deyil, sıravi İran mollasıdır. Hər halda ilkin olaraq çəkilən çəkilişlər bunu göstərir. Özü də bu çəkilişləri elə özləri yayıb. Nə üçün yaydıqları da aydındır. Artıq bu kontekstdə geopolitik mövqe qarşıdurması özünü göstərir. Aydın olur ki, A.Paşazadənin “İranın ali dini rəhbərinin fətfası olmasaydı zəfərimiz də mümkün olmayacaqdı” kimi gülünc təbliğatı təsadüfən meydana çıxmamışdır. Öncə onu qeyd edək ki, bu sözlərin deyilməsini inkar etmək mümkün deyil. Çünki bu müraciətin videosu canlı şəkildə montajsız deyilişi aşkar göstərir. Daha sonra qeyd etmək lazımdır ki, bu çıxış əsgər və zabitlərimizin, qazi və şəhidlərimizin, bir sözlə qəhrəman ordumuzun 44 gündə canları bahasına xilas etdikləri Vətən torpaqları üçün göstərdikləri fədakarlığın üzərinə kölgə salır. Sanki İrandan gələn fətfa olmasaydı torpaqlarımızı azad etmək mümkün olmayacaqdı. Bundan əlavə Türkiyənin qardaş dəstəyini, açıq şəkildə torpaqlarımızın alınmasında olan fəallığını şübhə altında qoymaq istəyir. Təsəvvür edin ki, müharibə ərəfəsində İranın ermənilərə silah yardımını əngəlləmək üçün İranda yaşayan Azərbaycan türkləri “tır” adlanan bir neçə böyük yük daşıyıcılarını yandırdıqdan sonra bu mənfur prosesin qarşısını almaq mümkün oldu. Daha sonra Azərbaycan ordusu İran sərhəddini ermənilərdən təmizləyərkən İran dəfələrlə müharibənin dayandırılmasını, əks təqdirdə müdaxilə edəcəklərini bəyan etdi. Hətta müharibədən sonrakı dövrlərdə də İranın erməni müdafiəsində olan birmənalı mövqeyində heç bir dəyişiklik olmadı. Yalnız Türkiyənin qətiyyətli mövqeyi, aşkar şəkildə Azərbaycanın arxasında durması və s. istər Rusiyanı, istərsə də İranı bir qədər ehtiyatlı mövqe tutmağa vadar etdi. Xüsusilə Rusiyanın ehtiyatlı mövqeyi İranı da yeni addımlar atmağa vadar etdi. İndi isə Bütün Qafqazın şeyxi tərəfindən İranın mövqeyi şişirdilir, sanki fətfa olmasaydı, qələbə də olmayacaqdı.
Bəs bu çıxışın kökündə əslində nə dayanır? Artıq birmənalı şəkildə məlum olur ki, Türkiyə Şərqdə olduğu kimi Cənubi Qafqaza da daxil olub. Burada artıq Türkiyənin mövqeyini görməməzliyə vurmaq mümkün olmayacaq. Türkiyə artıq Cənubi Qafqazada söz sahibidir. Bu isə nə Rusiyanı, nə də İranı qane edə bilməz. İllərlə məzhəb adıyla Azərbaycanı Türkiyədən ayırmağa çalışan İran, hətta bayram günlərinin təqvimiylə oynamaqla Türkiyəni Azərbaycandan uzaqlaşdırmağa çalışsa da, indi məlum olur ki, Türkiyə Azərbaycandan nəinki uzaq düşməmiş, hətta qanı bir, canı bir qardaşlığını həm siyasətdə, həm səmimiyyətdə isbat etmişdir. Yəni Türkiyəni Azərbaycandan uzaqlaşdırmaq artıq mümkün deyil. Məhz bu reallıq İranpərəst qüvvələrin hərəkətə keçməsinə səbəb olmuşdur.
Bir məsələni də qeyd etməmək olmaz. Müharibə ərzində Türkiyənin nüfuzu Azərbaycanda nə qədər artmışsa, Türkiyə bayraqları Azərbaycan bayraqları ilə bütün ölkədə bir-birini qucaqlamışsa, eyni şəkildə İranın bu ölkədə olan nüfuzu da çox aşağı düşmüşdür. Buna səbəb məzhəb adı altında aldatdıqları insanların İranın əsl üzünü görməsi olmuşdur. Təsəvvür edin ki, müharibədə döyüşən, döyüşənlərlə qan bağlılığı və dostluğu olan, eyni əqidə daşıyan nə qədər insanlar İranın onları necə arxadan vurub erməniləri müdafiə etdiyini və onlara yardım etdiyini görmüş, İrana olan rəğbətləri nifrətlə əvəzlənmişdir. Eyni zaamanda bunun qarşılığında Türkiyənin qardaşlığını görmüş, türklərə məhəbbətləri artmışdır. Məhz İranın bu şəkildə itən nüfuzunun yenidən bərpasına cəhd olunması təəssüf ki, A.Paşazadə kimi fars düşüncəli, türk soyadlı şeyx tərəfindən aşkar şəkildə həyata keçirilməyə çalışılmıdır. Görünür ki, bunlar hələ də ölü diriltməyə inanırlar. Şeyx Nəsrullah olmağın zamanının hələ də keçmədiyinə inam bəsləyirlər. İndi kefli İskəndərlərə ehtiyac yoxdur. Artıq cəmiyyət intellektual cəmiyyətdir. Onu aldatmaq mümkün deyildir ki, Kefli İskəndərlərə də ehtiyac olsun.
İranın Cənubi Qafqazada, xüsusilə də Şimali Azərbaycanda geopolitik maraqlarından ən dərini də odur ki, Azərbaycan inkişaf edə bilməsin. Yoxsa Cənubi Azərbaycan davası edə bilər. Unutmaq lazm deyil ki, Azərbaycanın İran ərazisində olan hissəsi bizim yaşadığımız ölkədən iki dəfə böyükdür. Türkiyənin bu gün Şimali Azərbaycanda olması sabah Cənubi Azərbaycanda, hətta İranda olması deməkdir. Əgər gələcək günlərdə normal seçki keçirilərsə, bu bütün İranın İran türklərinin nəzarətinə keçə biləcəyi deməkdir. Böyük Milli rəhbərimiz Əbülfəz Elçibəy təsadüfi olaraq deməmişdi ki, “Qarabağın xilası Təbrizdən keçir!”.
Bu gün İranın qorxusu yalnız Şimali Azərbaycan deyil, həmçinin xilas olmaqda olan Qarabağla birgə bütün İranın ayaqlana bilməsindən irəli gəlir. İran rəsmiləri də yaxşı anlayırlar ki, İranda yaşayan Azərbaycan türkləri İranın müqəddəratını həll etmək gücündədir. Elə bu səbəbdən də müxtəlif vasitələrlə öz nüfuzlarını əvvəlki şəkildə bərpa etməyə çalışırlar. Ancaq bu mümkün olmayacaq. S.Vurğunun dediyi kimi “Tarixin təkəri geriyə dönməz!”. Artıq bütün dünya “XXI ƏSR TÜRK ƏSRİDİR” deyiminin təsadüfi deyilmədiyinin fərqindədir. Rusiya kimi İran da bu həqiqəti anlamağa məcburdur.
Əlbəttə, MÜZƏFFƏR olan yalnız UCA ALLAHDIR!

ATİF İslam oğlu İSLAMZADƏ
Filologiya üzrə fəlsəfə doktoru, dosent​
e-mail: atif.islamzade@mail.ru

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir