KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. ATİF İSLAMZADƏ: OĞUZ XAQANLA BAĞLI MƏTNLƏRDƏ SİMVOLLARI ÖYRƏNMƏK DÜNYAGÖRÜŞÜNÜ ÖYRƏNMƏKDİR!

ATİF İSLAMZADƏ: OĞUZ XAQANLA BAĞLI MƏTNLƏRDƏ SİMVOLLARI ÖYRƏNMƏK DÜNYAGÖRÜŞÜNÜ ÖYRƏNMƏKDİR!

Kafkassam Editör Kafkassam Editör - - 23 dk okuma süresi
349 0

Mətnlərdə epik tələbatın aydınlaşdırılması bir çox çaşqınlıqları aradan qaldırır. İlk insan olan Oğuz bu baxımdan epik səviyyənin məhsuludur. Bütün gözəl keyfiyyətləri Oğuz qəlibinə salmaq, Oğuz üzündə görmək, Oğuz adına bağlamaq Oğuz-türk düşüncəsində assosiativ formada mövcud olduğuna görə bu situasiya epik təzahürü meydana çıxarır. Oğuz öz dövründən əvvəlin də, sonranın da, öz qövmündən (xalqından) başqa digər qövmlərin də atasına, əcdadına, ilk insanına çevrilir. Epik mətndə epoxol zamanın geriyə qayıdışı Oğuz xaqandan da keçir. O, əvvələ qayıdıb ilk insan olur. Epik mətndə ilk insan kimi obrazlaşır. Epik tələbat Oğuz xanın atasını da epik anlamlar çərçivəsinə daxil edir. Qara xan və Oğuz işıq və qaranlığı təmsil edir, simvollaşdırır. Oğuz və atası (Qara xan) arasındakı döyüş də, kosmos və xaosu binar oppozisiyada rəmzləndirir (1, 33).
Oğuzun ilk insana çevrilməsi tarixi-real zəmində yox, epik yaradıcılıqda simvolik şəkildə baş verir. Əslində isə epik səviyyədə ilk insan olan Oğuz, tarixi gerçəklikdə ilk insan olan Adəm atadır. Daha doğrusu, Adəm Ata funksiyası epik formada Oğuz xana transformasiya, bəzi hallarda adaptasiya olunur. Oğuz Adəm Atanın funksiyasını daşıyır, atributlarını özününküləşdirir. Əşyalara və xalqlara ad qoyması və s. (“Əl-Bərəqə” surəsi, ayə 31-33) (2, 6, 7).
Adəm Əleyhissəlama Allahu-Təalanın əşyaların adını öyrətməsi kəlamını (Təlimi-Əsma) xatırladır ( 2, 6).
Qeyd edək ki, DQK-də Ata Qorqud bu funksiyanı eyni qaydada Oğuz xandan mənimsəyir. Halbuki, epik səviyyədə deyil, tarixi-real aspektdə götürüldükdə Adəm (əs) ilk gerçək insan, həqiqi rəsul (sühuf sahibidir) və nəbidir. O cümlədən eyni silsilənin bir həlqəsi də Oğuz xan, daha sonra Dədə Qorquddur ki, bu vahid missiya da sonuncu nəbinin (Xatəmül-Ənbiyanın) gəlişi ilə tamamlanır. Elə DQK-nin başlanğıcında Ata Qorqudun “Rəsul Əleyhissəlam zəmanına yaqın” yaşaması da onun müjdəçi peyğəmbərliyinə işarədir. Çünki Adəm Əleyhissəlamdan tutmuş Muhamməd Əleyhissəlama qədər arada olan bütün rəsul, nəbi və vəlilər sonuncu peyğəmbərin gəlişini xoş xəbər (müjdə) olaraq elan etmiş və hansının zamanına düşərsə, ona tabe olmaq əmri almışdır (3, 349).
Elə bu baxımdan da Ata Qorqud Muhamməd Əleyhissəlam gəldikdən sonra atadan (nəbidən) dədəyə (övliyaya) dönmüşdür. Beləliklə tarixi reallıqdan (tarixi mifdən) epik obraza daşındıqca, (epik mifə keçid etdikcə) ilk insana dönən Oğuz xan da digər semantik anlamları eyni sinxron düzümdə epik obraz olaraq özündə cəmləşdirir – Oğuzun qurdluğu, tüklülüyü, öküzlüyü, buynuzlu olması və s. F.Bayat elə bu baxımdan Oğuzun fərqli görünən eyni anlamların və yaxud bir-birinə yaxın mənaların sinxron sırasını təşkil etdiyini diqqətə çatdırır (4, 75-76). Hətta Oğuz xanla bağlı olaraq (“Oğuz Kağan dastanı” və s.) mətndə mövcud olan bu xtonik xüsusiyyətlər (tüklülük, öküzlük, qurdluq və s.) səmavi dinlərdən kənarda olan təhrif olunmuş dünyagörüşü forması kimi kiçik toplum inancı olsa belə, yəni simvolik fikir tərzi deyil, həyat baxışı olsa da, yenə də epik hadisədir. Çünki kiçik inanc sistemi (dünyəvi-ideoloji inanclar) böyük inanc sistemləri (səmavi dinlər) içərisində dünyagörüşü formasını itirib simvolik fikir tərzinə çevrilir və epik mətnə dünyagörüşü kimi deyil, məcazi anlamlar şəklində düşür. Bu prosesi müəyyən anlamda assimilyativ substratlıq adlandırmaq olar. Yəni böyük inanc sistemləri mövcud olduğu ərazilərdə kiçik inanc daşıyıcısı olanlara ciddi təsir göstərərək onu öz içində əridib özünün qanunauyğun inkişafına tabe edir. Bu yerdə kiçik inanc sistemlərinin böyük inanc sistemlərində mövcud olan epik mətnlərinə niyə simvol olaraq daxil olduğu aydın olur. Monoteist düşüncədə ən üst pillədə Vahid Allah mövcuddur və bu yer şəriksizdir. Aləmi-cəbərut, aləmi-mələkut və aləmi-nasut təbəqə-təbəqə şaquli düzümlə daha aşağı qatları əhatə edən ruhani və maddi məkandır. Ona görə də bu sistemə daxil olan bütpərəst inanclar söyləyici və yaxud cilalayıcı əsasla epik mətnə gəlsə də, ən üst təbəqəni tuta bilmir. Yəni Tanrı ola bilmir. İkinci və yaxud üçüncü yerə keçir. O inancla gələn anlayış dünyagörüşü formasını itirib epik mətndə simvola çevrilir. Misal üçün, totemistik anlayışda heyvandan və bitkidən törəmə aktı olaraq müəyyən heyvanlara və s. pərəstiş epik mətndə əvvəlki funksiyasını itirib məcazi anlamlar daşımağa başlayır. Qurd totemi də eyni zamanda Oğuz mədəniyyətində bu funksiyada istirak edir. Yəni totem deyil, simvol olur. Rəmzi anlamı ifadə edir. Cəsarət, şücaət, çeviklik və s. bu kimi keyfiyyətlərin mənalarını işarələyir. Türk xalqlarında epik mətndə daşınan qurd inancı ilə analoji olan qədim romalıların kapitoli canavarı da mifik strukturda yaxın funksiyaları ilə diqqət çəkir (5, 119 ).
Tək Tanrılı Vahid Allah konsepsiyasına malik olan Oğuz mədəni çevrəsi bu baxımdan bütpərəst inancların təbliğinə də yer qoymur. Elə bu səbəbdən də mətnlərdə nəzərə çarpan politeist, totemist, fetişist və s. inanclar inkar olunmaz səviyyədədirsə, bu heç də mətn yaradılışının böyük səmavi dinlərə qarşı olduğunu göstərmir. O, bu ifadələri dünyagörüşü forması kimi deyil, məcazi anlamlar kimi işlədir. Sadəcə olaraq mətn informatoru əks düşüncəyə malik olarsa (ateist və s.), bu, böyük mədəniyyət hadisəsi kimi qala bilməz. Bu səbəbdən bu görüntülü anormal mətnləri də inkar etmək məcburiyyəti ortaya çıxır. Hər mətni qəbul etmək özünü inkar etməkdir. Təsəvvür edin ki, antimilli, şovinist və rasist təfəkkürə malik söyləyicinin ortaya çıxmış mətn nümunəsini araşdırıb epik hadisə hesab edərək qəbul etmək və bunu milli mədəniyyət faktoru kimi təbliğ etmək nə qədər yanlış nəticələrə gətirib çıxara bilər. Əgər bir söz xalqın (insanın) mədəniyyətinə uyğun deyilsə, o söz əhəmiyyətsiz sayılır, unudulur və mexaniki olaraq yatar yaddaşa keçir. Yalnız psixi və ideoloji təzahürlər bu düşüncə təfərrüatını ortaya çıxarır. Buna görə də epik tələbat adıyla milli-mənəvi mövcudluğa qarşı yönəli düşüncə sistemlərini aşkara çıxarmaq yolverilməzdir. Bundan əlavə vulqar ədəbiyyat anlayışı vardır ki, bu ədəbiyyatın həyatın gerçək üzünü, eybəcər görüntülərini göstərdiyi inkar olunmazdır. Lakin eyni zamanda bu qeyri-əxlaqi mətn nümunələrinin aşkara çıxarılıb təbliğ olunması da qəbul olunmazdır. Məlumdur ki, istər yazılı (cüzi bir qismi istisna olmaqla), istərsə də şifahi əsərlərdə əks olunan obrazlar xalq təfəkkürünün cilaladığı epik örnəklər olmaq etibarilə xalqın keçmişinin, əcdadlara söykənən mənşəyinin, yazıldığı (deyildiyi) dövrün və gələcəyin xronotopu olmaqla bərabər bu obrazların xalqın məqsəd və qayələrinə, istək-arzularına uyğun şəkildə əks olunması poetik və epik tələbatdır. Xüsusilə, şifahi nümunələri, ağız ədəbiyytı inciləri “ümumxalq ruhu” anlayışı deyilən “yazılmamış qanun” rolunu oynayan bir əxlaqi-mənəvi dəyər üzərində qurulmuşdur. Xalq yaradıcılığının (fərddən kollektivə, kollektivdən fərdə) bütün nümunələrinin strukturu bu qanunu ehkam kimi qəbul etmiş, onu dəyişdirməyə və pozmağa cəhd göstərmək “yazılmamış yasaq” hesab edilmişdir. Elə bu səbəbdən də epik obrazlar öz tarixi xarakterinə deyil, xalqın istək və arzularına uyğun tipik nümunəyə çevrilmişdir. Əks düşüncə ilə meydana gələn antidini, antimilli, antihumanist ədəbi-bədii örnəklər isə çox qısa vaxt müddətində unudulub sıradan çıxmışdır. Böyük türkoloq, ensiklopedist alim M.Kaşqari hələ XI əsrdə özünə qədər olan və özündən sonrakı klassik ədəbiyyat xadimlərinin ədəb və inanc səviyyəsini inikas etdirərək yazır: “Müsəlman olmayan türklərin bəzi şəhərlərinin adlarını yazdım, bəzilərini isə yazmadım. Çünki tanınmayan şeylərdən bəhs etməyin heç bir faydası yoxdur” (6, 76).
Bu örnək bizə əldə olan mətnlərin faydalılıq və zərərlilik təsnifatına bölünməsi, biri qəbul edilib, digərinin isə atılması gərəkliliyini də göstərir.
Biz qeyd etdik ki, dünyagörüşü forması epik mətndə necə simvola dönür. Eyni mühakiməni mətndə bir obrazın səciyyələndirilməsi, laylandırılması formasında da müşahidə edirik: “Ata-öncə bu ad əcdad kultunun işarəsidir. İcma başçısıdır. Sonra saman-kahindir: “qam ata” Daha sonra əski türk monoteist dini olan Tanrıçılığın peyğəmbəridir-savçıdır” ( 7, 16) deməklə H.İsmayılov “ata” sözünün müxtəlif səviyyələrdə (laylarda) hansı funksiyada işlənməsinə diqqət çəkir. Oğuz xanın da, Dədə Qorqudun da atributları (sifətləri) və funksiyaları (vəzifələri) epik mətn strukturunda laylar təşkil edir. Oğuz xanın ilk insan olması, əcdadlığı, peyğəmbərliyi və s. Ata Qorqudun əcdadlığı, peyğəmbərliyi, övliyalığı, şamanlığı, ozanlığı və s. və alleqorik təzahürü (qurd, öküz və s.) yeganə qənaət doğurur. Bu lay səviyyəsində daşınan obrazın biri, bəzi hallarda isə bir-birinə bağlı olan tərəfləri gerçək tarixi-real tərəfdir, digərləri isə epik olandır. Yəni Oğuz xaqan və Qorqud Ata gerçəkdə peyğəmbərdir, digər atribut və funksiyalar baxımından epikləşib ilk insan, övliya, şaman, ozan və s. olmuşdur. Bu şəxsiyyətlərin keyfiyyətlərini müxtəlif dövrlərdə göstərmək üçün (bu epos ənənəsindən də irəli gəlir) informativ (ozan, katib), transformativ qaydada ayrı-ayrı obrazları, şəxsiyyətləri, hətta çox mürəkkəb mədəniyyətə malik davranış kodekslərini bir şəxsiyyətdə cəmləyir. Oğuz xan tarixi aspektdə tanrıçılıqda peyğəmbərdir, epik səviyyədə ilk insan, əcdad, öküz, buynuzlu və s.dir. Qorqud Ata tanrıçılıqda peyğəmbərdir, epik səviyyədə ata, şaman, ozan, qurd və s.dir. Lakin onu da deyək ki, epik səviyyə özü müxtəlif istiqamətlərdə diferensiallaşır. Ata Qorqud əvvəl peyğəmbər (ata), sonra övliya (dədə) olur. Bu onun tanrıçılıqda peyğəmbər, İslamda övliya olmasını işarələyir. Tarixi aspekti səciyyələndirir. Epik kontekstdə isə transformativ-simvolik şəkildə müxtəlif görüntüləri nümayiş etdirir: ata, şaman, ozan, qurd və s. Oğuz xan isə başqa bir şəkildə böyük dini kompleksdə simvola çevrilmiş alleqorik anlamları ifadə edir, öküz, tüklülük və s. Adəm Ata funksiyasının daşıyıcısı olaraq da ilk insanı və əcdadı epik səviyyədə işarələyir. Yəni Oğuz xan peyğəmbərlər cərgəsindən olduğuna görə peyğəmbər funksiyası və missiyası (müqəddəs vəzifə), vəsfləri epik mətnə daşınmaqla bərabər digər peyğəmbərlərin də atributları epik ənənədə ona transfer olunur. Bu anlamların təhkiyə üsulunun qaydalarına uyğun şəkildə epik çevrilmə olduğunu göstərərkən və bunu real situativlikdən fərqləndirərkən daha bir cizgini müşahidə etməmək olmur. Adəm Əleyhissəlamın funksiyalarını epik səviyyədə özündə cəmləyən Oğuz xan eyni zamanda İsa Əleyhissəlamın da funksiyasını özündə səciyyələndirərək funksionallığını şərtləndirir. Oğuz Xaqanın beşikdə dil açması ( 8, 10), Ay Qağanın gözündən erkək oğul doğulması ( 9, 136) bioloji funksiyaların mənəvi-sakral əvəzləyicisi kimi İsa Əleyhissəlamın doğuluş möcüzəsi ilə eyni semantik cərgədə dayanır. Onu da qeyd edək ki, hadisə və mahiyyətin təkrarlanması heç də o demək deyil ki, bu motiv köçürülməsidir. Təkrar hadisə və situasiya oxşar süjet, mövzu və motiv törətsə də, eyniyyət yaxınlığı təkrar hadisələri və bir-birinə yaxın anlamları mexaniki olaraq üzə çıxara bilər. Lakin bu sistemli şəkildə olduqda bir-birinə bağlılığı təsdiq olunur. Bu baxımdan Oğuz xan obrazının epik səviyyəsi də Oğuz mifinin epik paradiqmaları kimi üzə çıxır. Oğuzun epik səviyyələri növbəti paradiqmalar üçün invariant olur. Elə buna görə də “Oğuz Kağan dastanı” və s. Oğuz epik ənənəsindən gələn arxetip, motiv, obraz və simvollar Qorqud – Qazan obrazlarında təkrar funksiyalar yaradır. S.Rzasoyun fikrincə “Oğuz mifi bütövlükdə Oğuz eposuna transformasiya olunmuşdur” (10, 5).
Əgər bu qənaətlər özünü əsaslı formada doğruldarsa, o zaman nəinki Qorqud və Qazan obrazları, eyni zamanda Oğuz epik ənənəsində iştirak edən bütün surətlər Oğuz mifinin törəməsi (paradiqmaları) hesab oluna bilər.

QAYNAQLAR
1. Seyidov M. Azərbaycan xalqının soykökünü düşünərkən. Bakı: Yazıçı, 1989, 486 s.
2. Qurani-Kərim. Tərcüməçilər Bünyadov Z. Məmmədəliyev V. Bakı: Azərnəşr, 1992, 711 s.
3. Feyzullah K. “Her kese lazım olan iman”. İstanbul, 2001.481 s.
4. Bayat F. Oğuz epik ənənəsi və Oğuz Kağan dastanı. Bakı: Sabah, 1993, 194 s.
5. Adilov M. Niyə belə deyirik? Bakı: Azərnəşr,1982, 238 s.
6. Kaşğari M.Divani-luğat-it-türk. IV cilddə, I cild, tərcüməçi Əskər R. Bakı: Ozan, 2006, 512 s.
7. İsmayılov H. Aşıq yaradıcılığı: mənşəyi və inkişaf mərhələləri. Bakı: Elm, 2002, 311.
8. Oğuznamələr. Tərtibçilər Vəliyev K. Uğurlu F. Bakı: Universitet nəşr, 1993, 92 s.
9. Rzasoy S. Oğuz mifi və Oğuznzmə eposu. Bakı: Nurlan, 2007, 182 s.
10. Rzasoy S. Oğuz mifinin paradiqmaları. Bakı: Səda, 2004, 200 s.

1
ATİF İslam oğlu İSLAMZADƏ
Filologiya üzrə fəlsəfə doktoru, dosent​
e-mail: atif.islamzade@mail.ru

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir