Şimdi yükleniyor

Atif İslamzadə: MÖVQEYİMİZ MÜHARİBƏSİZ DÜNYA OLMALIDIR

Atif

Biz hansı mövqedən çıxış etməliyik? İranmı, İsrailmi? Azərbaycanı müdafiə edən İsrailin, yoxsa Ermənistanı müdafiə edən İranın tərəfində durmalıyıq? Deyəcəyim ancaq xəyalda olar, ancaq İran qalib gələrsə, Azərbaycan təhlükəyə düşəcək. Sərhədlər, ölkə, səma və Azərbaycanın hər bir vətəndaşı hər zaman təhlükədə olacaq. Azərbaycanı Ermənistan ərazisinə çevirmək üçün superləşmiş İran dövləti var qüvvəsiylə çalışacaq. Axı biz bu dözülməz aqressiv mövqeyi  tarix boyu görmüşük. Tarixdə fars-türk ədavətinin həll olunması yolu yoxdur və olmayacaq. Siyasi münasibətlər tarixi situasiyaya görə zahirən görünən saxta müttəfiqliyi aşkara çıxara bilər, ancaq doğru barışıq belə gedərsə, heç zaman olmayacaq. Nə qədər ki, İranın əsas  əhalisi türk mənşəli Azərbaycan xalqıdır, fars rejimi erməniləri daima müdafiə edəcək. Hətta İranın ruhani və dünyəvi idarəsinin başında oturanlar Azərbaycan-türk mənşəli olsalar da hər zaman fars rejiminə ideoloji-siyasi cəhətdən xidmət edəcəklər. Bu ideolojidə fars hakimiyyətini hər zaman əsas tutmaq, türk ideolojisinin isə köıəlgədə qalması, erməni ideolojisinin daha qabarıq görünməsi təmin ediləcək. Əslində ermənilər İranda ona görə müdafiə olunur ki, əgər Şimali Azərbaycan güclənərsə, Cənubi Azərbaycana birləşmək ideyasını ortaya qoya bilər. O zaman fars İranından heç nə qalmaz. Barışıq yalnız bir halda mümkün ola bilər ki, İranda rejim dəyişsin, min illik türk hakimiyyəti bərpa olunsun. Ədalətli idarəçilik xalqların barışığını təmin etsin. Bu gün milli duyğuları olan İran prezidenti də bu prosesə mane ola bilməz. Ancaq dəyişən dövrdə yaranan qığılcımları hər halda onda müşahidə etmək olur. Bu gün milli təbiətli insanı ona görə o mövqeyə gətirmişlər ki, dəyişən dövrdə İrandakı Azərbaycan əhalisindən daha çox öz maraqları üçün istifadə edə bilsinlər. İranda hamıya bəllidir ki, hakimiyyətin bölüşdürülməsi yoxdur və ali ruhani idarəçilik hegemondur. Prezidentin təsir imkanı çox zəifdir. Bunu yaxın günlərdə MəhəmmədHüseyn Şəhriyarın şöhrətli “Heydərbabaya səlam!” poemasından vətən nisgilli parça deyərkən prezidentin qulağa verilən təlimatla durdurulması da təsdiq etdi. Hətta bu situasiyadan belə çıxdı ki, prezident özü də əgər fərqli tarixi situasiya yetişməzsə, həmin sistemin bir parçası olaraq ona tabedir və bundan heç də imtina etmək fikrində deyil.

  Bəs İsrail necə, müdafiə olunmalıdırmı? Təəssüf ki, bu da mümkün deyil. Çünki İsrail də Azərbaycana yardım etsə də hakimiyyət ehtirasını görə şovinistdir, bu gün isə rosistdir. Yəni şovinizminin müharibə yolu ilə həyata keçirir. İsrail XVI cı əsrdən Osmanlı ilə ana tərəfdən qohumdur. Yəni Osmanlı sultanları 400 il ana tərəfdən yəhudi olan Xürrəm sultanın cocuqları olan kişilərdir. Yəhudilərdə mənşə ana tərəfdən götürüldüyü üçün Osmanlı dövləti həm də yəhudilər üçün yəhudi dövlətidir. Yəhudilər üçün ümumiyyətlə bütün dünya bir dövlətdir – yəhudi dövləti! Ona görə əgər İsrail super dövlətə çevrilərsə, Azərbaycan üçün əvvəlki kimi uğurlu müttəfiq olmaz. İsrailin bu gün Türkiyə ilə olan münasibətləri göz qabağındadır.

Bundan əlavə İsrailin özü II dünya müharibəsində soyqırıma məruz qalmasına baxmayaraq Livan, Suriya, Misir, İordaniyada saysız-hesabsız soyqırım həyata keçirməsi unudula bilərmi? Qəzzədən isə söhbət belə gedə bilməz. Buradakı hadisələr, qırğın və soyqırımlar bəşər tarixinin ən acımasız dövrü sayıla bilər.

Bu gün İsrailin də, İranın da dinc camaatın başına raket yağdırması, qətliam törətməsi, mülki şəxsləri həlak etməsi hansı humanist mövqeyi ifadə edə bilər? Dünya artıq dəyişir. Dünən dinc camaata, mülki şəxslərə zərər vurmaq beynəlxalq qınağa səbəb olurdusa, bu gün elan olunur ki, yaşadığınız şəhərlərdən qaçın, iki saat sonra o ərazini bombalayacağıq. Yəni ölməniz üçün məsuliyyət daşımırıq, xəbərdarlıq etmişdik. Bu yerdə M.Ə Sabirin məşhur misrası yada düşür: “Qaç, oğlan qaç, at basdı, millət gəlir!”! Qaragüruh haqqında yazılan bu qiymətli kəlam təəssüf ki, bu gün dəyişikliyə uğrayıb, özünü dünya demokratiyasının anası, humanist aktların atası hesab edənlərin dilindən dinc camaata ünvanlanır: “Qaç, oğlan qaç, raket tutdu, dövlət gəlir”!

Belə çıxır ki, biz nə İranı, nə İsraili müdafiə edə bilmərik. O zaman biz necə mövqe tutmalıyıq? Bu sualın cavabı o qədər asan deyil. Ancaq bütün halda suala cavab tapmaq mümkündür. Biz humanizmi müdafiə etməliyik. Yəni müharibəsiz dünya bəyanatıyla çıxış etməliyik. Nurnberq müharibəsindən sonra dünyada münasibətləri müharibə ilə tənzimləmənin doğru olmadığını, insanlıq əleyhinə cinayətin cəzalandırılmalı olduğunu beynəlxalq dövlətlər elan etdikləri halda (Nürnberq Tribunalı Nizamnaməsi, 6-cı maddə) bu gün özləri buna məhəl qoymurlar. BMT dən, Avropa Şurasından yağlı humanizm püskürsələr də cənablar bütün dünyanı müharibə spektrinə keçiriblər. Dünyanın az qala bütün qitələrdə müharibə gedir. Özü də bu müharibələr lokal, regional səviyyədən çıxıb artıq qlobal əhatədə özünü göstərir. Artıq 30 il bundan əvvəlki daş, soyuq silah, ov tüfəngi, ən ağır halda avtomat və s. silahlar bu gün nəhəng silahlarla əvəzlənib. Artıq dünyanı təhdid edən nüvə silahları işə düşmək ərəfəsindədir. Artıq atom stansiyaları bombalanır. Sabah bu stansiyalardan ətrafa yayılacaq radiasiyanı heç bir dövlət düşünmür. Dünya daha dəhşətli Çernobıllara hamilədir. Milyonlarla insanın yaşadığı ərazilər ölü məzarlığına çevrilməyə hazırdır. Artıq dünyada hər kəs təhlükədədir. Heç kim sabah başına iki tonluq bombaların düşəcəyindən sığortalanmayıb. Dünən Cop 28, Cop 29 keçirən, Yaşıl dünya elan edən dövlətlər bu gün dünyada iqlimi və insanlığı məhv edir. Buna “Dur!” deyilməlidir. Bu baxımdan bizim mövqeyimiz İran və yaxud İsraili müdafiə edib-etməmək deyil, bütün dünya ölkələrinə müraciət edərək MÜHARİBƏSİZ DÜNYA tələb etmək olmalıdır.

                                                                  Atif İslam oğlu İslamzadə

                                                                   Filologiya üzrə fəlsəfə doktoru, dosent                                                                    

                                                                  e-mail: [email protected]

                                                             

Share this content:

Yorum gönder