KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. ATİF İSLAMZADƏ : MİFOLOJİ MƏTNLƏRDƏ ƏKS OLUNAN MÖVHUMİ QÜVVƏLƏR UYDURMA DEYİL

ATİF İSLAMZADƏ : MİFOLOJİ MƏTNLƏRDƏ ƏKS OLUNAN MÖVHUMİ QÜVVƏLƏR UYDURMA DEYİL

Kafkassam Editör Kafkassam Editör - - 9 dk okuma süresi
371 0

Mifik mətnlərdə mövcud olan mövhumi obrazlar sistemi gerçək mifdən ayrılan epik layların mükəmməl dini sistemdən qopduğunu göstərir. Əgər epik mətn əsasında uydurma və gerçəklik bir-birinə çulğalaşmış şəkildə özünü göstərirsə, obrazların kökündə mövcud olan gerçəkliyi və uydurmanı bir-birindən fərqləndirən spesifiklik də diqqətdən kənarda qala bilməz.
Demonoloji obrazların meydana gəlib, epik mətn hadisəsinə çevrilməsi onların mövcud olmaması anlamını vermir. El ağzında bu gün belə işlək olan cin və ruh haqqındakı hekayətlər bir tərəfdən şüuri-psixi yaşantıdan irəli gələn qarabasma (hallüsinasiya)lardan törəyirsə, başqa bir tərəfdən gerçək görüntülərdən də qaynaqlanır. Ruhların və cinlərin, ümumiyyətlə mövhumi varlıqların mövcudluğu bütün dinlərdə ehkam səviyyəsində qəbul olunur. Beləliklə demonoloji varlıqlara aid olan mifik obrazlar ( yazılı ədəbiyyatda da demonik obrazlar böyük ədəbi əsərlərin mövzusunun hərəkətverici obrazı olmuşdur (1,1-474; 2,153-180; 3,253-342).
Bundan əlavə okkultik və spiritist sahələrə ( ruhlarla praktiki ünsiyyətə çalışan gizli sahələr ) və magiya ilə bağlı ayin və məra simlərə aid olan mif bilgiləri, eyni zamanda batini sahələrə aidliyi ilə seçilən mistiki sahələr ( şamanizmdə olan müəyyən ayin və rituallar ) mifin dünyagörüşü forması kimi din anlayışı dasıması, epik mətn tipi kimi bu sistemdən qopan ifadə təzahürü olması bir daha təsdiqlənir. Sadəcə olaraq epik mətnə düşən bu məlumat mənbəyinin mövcudluğunun inkar olunması fetiş, totem (kult), büt və s. bu kimi bütpərəst dünyagörüşünün mətnə tətbiq olunmasının müddəa olaraq alternativsiz qədim mədəniyyət tipi kimi gös-tərilməsini əsaslandırmışdır. Bundan əlavə qadağan olunmuş sahələrin kütləvi şəkildə aşkara çıxarılması eyni zamanda mətndə mövcud olan anaxronizm ( bilərəkdən pozulan xronoliji ardıcıllıq ), sofizm ( bilərəkdən yalanın doğru kimi əsaslandırılması) və paralogizm (bilməyərəkdən yalanın doğru kimi əsaslandırılması ) kimi spesifik funksiyaların bir-birinə qarışması, göründüyü kimi nəticə etibarilə də mətndə olan gerçək və uydurmanın aydınlaşdırılmaması və mətnə ifrat yanaşma tərzi bir çox məsələlərin dolaşıq düyünlərə düşməsinə səbəb olmuşdur. Hətta mifoloji ədəbiyyatda xtonik qüvvələr və marginal obrazlar kimi adlandırılan təkgöz, təkbuynuz, təkqol və s. surətlərin də yalnız təxəyyüldən doğan motivlər deyil, real zəmindən (prototipik) meydana gələn gerçək məxluqlar olduğu, lakin epik tələbata uyğun şəkillənməsi də (alleqoriya və s.) ehtimal olunur. Belə ki, tarixin atası adlandırılan Heredot “Tarix” kitabında issedon xalqının yaşadığı ərazidən yuxarı tərəfdə taygözlərin yaşaması haqqında məlumat verir “İssedonların özlərinin söyləiklərinə görə onlardan yuxarılarda taygöz adamlar və qızıl güdən qriflər yaşayırlar” (4, 224).
Maraqlıdır ki, Heredot eyni mənbədə İskitlərə yaxın ərazidə anadangəlmə dazbaşların da haqqında məlumat verir “Deyilənə görə kişili və qadınlı onların hamısı anadangəlmə dazbaş, yastıburun və buxaqlıdırlar”(4, 224).
Təbiidir ki, bu da keçəl arxetipi və prototipi kimi dəyərləndirilə bilər (Ən az halda Yunan və türk mifoligiyası üçün bu keçərlidir. Çünki iskitlər türk mənşəli xalqdır. İssedonların skiflər olması və türk mənşəli olması haqqında da bilgi vardır (5,137)
Elə Heredot təpəgöz anlamını verən arimasp sözünün də iskit dilində olduğunu qeyd edir “onları (taygözləri) iskitcə arimasp adlandırırıq: iskitlərdə anima-tək, spu-göz mənasında işlənir” (4, 224).
Bundan əlavə genetiklərin genotip adlandırdıqları orqanizmin irsi əlamətlərinin ressesiv formada (gizli gen) daşınmasının müxtəlif təzahürlərlə aşkarlanması (genetikada fonotip) genetika elmində – anomoliya xüsusiyyətlərinin təbii şəkildə orqanizmdə özünü göstərməsi, cıtrdanboy adamların, albinosların (ağappaq, qıpqırmızı gözlü, piqmentlərdən məhrum olan, nağıl sifətlərinə bənzər əcaib adamlar) qar ayaq adamların, dovşan dodaqların, eləcə də digər atavizmlərin (ulu əcdada məxsus əlamətlərin orqanizmdə özünü biruzə verməsi) bioloji formada bu günün özündə belə mövcudluğu (rekopitulyasiya) və bu kimi digər fakt və hadisələr də mif mətnlərinin yalnız uydurma olmadığını, müxtəlif cizgilərin real əsas törəməsini, epik düşüncədə isə epik tələbata uyğun dəyişikliyə uğramasını göstərə bilər (6,18,19,27, 28, 54, 118).

QAYNAQLAR

1. Gete V.Y. “Faust”. Bakı: Azərnəşr, 1970, 501 s.
2. Lermontov M.Y. “Şeirlər, poemalar, mənzum dram, romanlar.” Bakı: Yazıçı, 1989, 525 s.
3. Cavid H. Əsərləri, IV cilddə, II cild. Bakı: Yazıçı, 1982, 393 s.
4. Heredot. Tarix. 9 kitab. I hissə. Tərcüməçi Xəlilov P. Bakı: Azərnəşr, 1998, 329 s.
5. Qeybullayev Q. Azərbaycan türklərinin təşəkkülü tarixindən. Bakı, Azərnəşr, 1994, 248 s.
6. Axundov M. İnsan genetikasına səyahət. Bakı: Azərnəşr, 1975, 128 s.
3

ATİF İslam oğlu İSLAMZADƏ Filologiya üzrə fəlsəfə doktoru, dosent​ e-mail: atif.islamzade@mail.ru

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir