Bölgə-bölgə, döngə-döngə bölünən,
Vətən bilməz, torpaq bilməz, ay Elxan!
Qarın güdüb dağda, daşda sülənən,
Oba bilməz, oymaq bilməz, ay Elxan!
Sənə-mənə, ona vətən anadır,
Bilən deyib ana vətən anadır.
Yurd ayıran qana vətən anadır,
O dağ bilməz, bu dağ bilməz, ay Elxan!
Bu yollarda mən xeyli çən görmüşəm,
Gün çıxanda çəni itən dörmüşəm.
Yolu gedən sənsən ki, sən görmüşəm,
İyid kişi ortaq bilməz, ay Elxan!
Bu bir yoldur yüz gələn var, yüz gedən,
Əvvəlindən iz salan var, iz gedən.
Sənin kimi öz yolunu düz gedən,
Nə sol bilməz, nə sağ bilməz, ay Elxan!
Adam var ki, qalstuku millidir,
Özü bilinmir ki, hansı ellidir.
Nə yaxşı ki, sözün “Sarıtel”lidir,
Sarı simi sarsaq bilməz, ay Elxan!
Adam var dünyanı tutar yüz əlli,
Görər ya bir əlli, ya iki əlli.
Hamının zatı da, cinsi də bəlli,
Göz allanmaz, boyaq bilməz, ay Elxan!
Adam var şeytandır adam içində,
Adam cildindədir avam içində.
Yaxşı da, yaman da bir dam içində,
Sınaqdadır, sınaq bilməz, ay Elxan!
Ruha gəlib “Ruhani”ni danışdır,
Səsi ruha, ruhu səsə qarışdır.
Ruh bilənə ruh havası tanışdır,
Kafər olan ancaq bilməz, ay Elxan!
Duasız məlhəmdən kömək də olmaz,
Şükrsüz yeməyi yemək də olmaz.
Hər sözü hər kəsə demək də olmaz,
Könül bilər, dodaq bilməz, ay Elxan!
Elə hava var ki, sim dilləndirir,
Elə hava var ki, him dilləndirir.
Bilinmir heç kimi kim dilləndirir,
Ruh bilməsə, qulaq bilməz, ay Elxan!
Arif olan dillənmirməz hər simi,
Bəlli etməz hər sim “Sim-sim” tilsimi.
Dərə dağı uca tutar dağ kimi,
Dağ dərəni alçaq bilməz, ay Elxan!
Bu saz dünən gəlməyib ki, bu elə,
Aşıq olan gedib girib şinelə.
Haqq aşiqi ya dədədir, ya Lələ,
Haqqı bilməz hər haqbilməz, ay Elxan!
Əzəl başda yarı bilib yar aşıq,
Ədəbiylə görünübdür yara şıq.
Papaq olub qeyrət deyə yaraşıq,
Hər kişi də papaq bilməz, ay Elxan!
Təbi gur olanın qəfil bəndi var,
Əhli-hal olanın qıfılbındi var.
Hayıf, yığnaqlarda qafil bəndi var,
Ustadlardan soraq bilməz, ay Elxan!
Hərə qurub özünün məktəbini,
Elan edib aləmə tək təbini.
Dada çağır Ələsgəri, Nəbini,
Baş biləni, ayaq bilməz, ay Elxan!
Molla Qasım yeddi əsr qocalıb,
Yunus Əmrə gəlib, o, hələ qalıb.
Bircə ondan Səlman Mümtaz söz salıb,
Bunu uşaq-muşaq bilməz, ay Elxan!
Əhməd əmi* deyər ustad kəlamı,
Bir ocağa qoy yığışsın el, hamı.
Ondan sizə gətirmişəm səlamı,
Könül yaxın-uzaq bilməz, ay Elxan!
Gördüyümüz başdan çıxan nəsildi,
Düşdüyümüz nəs gərdişdi, nəs ildi.
Üzüqara öz üzündən nə sildi?
Keçəl kəllə daraq bilməz, ay Elxan!
Nə yaxşı təcnisdən kitab bağladın,
Yığıb inciləri incə saxladın.
Bağlı kitabları sən varaqladın,
Hamı kitab-varaq bilməz, ay Elxan!
Bir vətəndə ögey-doğma bilmədin,
Sən döyüşdün, sıxma-boğma bilmədin.
Minnətə bulaşan loxma bilmədin,
Bunu hər balqabaq bilməz, ay Elxan!
Cana nəfəs dağın, düzün havası,
Nəfəsə can sazın, sözün havası.
Onda yoxdur “sizin-bizim” havası,
Qışlaq bilməz, yaylaq bilməz, ay Elxan!
Mən səni həmişə başda görmüşəm,
Dalınca atılan daş da görmüşəm.
Amma gözlərində yaş da görmüşəm,
Kövrək ürək qınaq bilməz, ay Elxan!
Adam var verəsən ona min xeyir,
Nə duz-çörək qanır, nə “sağ ol” deyir.
Paxıl ürəyinin yağını yeyir,
Nə duz bilməz, nə yağ bilməz, ay Elxan!
Hərə bir taledə, bir qismətdədi,
Vay o kəsə həsəddə, nifrətdədi.
Ağıl görməyəndə göz zülmətdədi,
Kor zülmətdə çıraq bilməz, ay Elxan!
Nadan dil anlamaz, kəs, bağrını yar,
Ona ürəyini baxşeyiş apar.
İmanı küt, soyuq, xəfif, qəlbi dar,
Çörək bilməz, ocaq bilməz, ay Elxan!
Bu da bir qismətdi, neyləmək olar?
Sənin də boynunda xeyir borcu var.
Kimsə laldı, kimsə kordu, kimsə kar,
Tuş eyləyən iraq bilməz, ay Elxan!
Ucadadı yaxşılığın “niyə”si,
Bir öy tikər sənə aləm deyəsi.
Səxavətli olmasa öy yiyəsi,
Yediyini qonaq bilməz, ay Elxan!
Saz bilməyən hava, türkü anlamaz,
Türkü anlamayan türkü anlamaz,
Türk balası qorxu-hürkü anlamaz,
Türk olanı qorxaq bilməz, ay Elxan!
Məqam gəlib, deyim nəydən danışaq,
Ərəndən, qazidən, bəydən danışaq.
Türk oğluyuq, Elçibəydən danışaq,
Bəy bilməyən bayraq bilməz, ay Elxan!
Elə uca tutdun türkün nəslini,
İstəmədin Kərəmin də vəslini.
Lələ sən olasan, Kərəm Əslini,
Hər gün gəzib yanmaq bilməz, ay Elxan!
Yaşamırıq gözdən iraq adada,
Sahib olmaq çətin təmiz ada da.
Yaraşıqdı təmiz olan ad ada,
Pak olanı batdaq bilməz, ay Elxan!
Dildə olan məzəmmətdi, gileydi,
Biri güneydisə, mini qüzeydi.
O yerdə ki, hamı ancaq ögeydi,
Ögey uşaq qucaq bilməz, ay Elxan!
Biz ürəkdə boy qaldıran devmişik,
Sevəni də, sevməzi də sevmişik.
Adam, ağac, toyuq-cücə, it-pişik,
Bir bağdadı bir bağ bilməz, ay Elxan!
Kim isə aşiqdi, kimsə aşıqdı,
Saz kiməsə yağlı çömçə-qaşıqdı.
Mətləb birdi, iki qulaq açıqdı,
Aqil bilər, axmaq bilməz, ay Elxan!
Hesab elə, alqış edib kim sənə,
Xızır olar bir dualı kimsənə.
Bu dünyadan aparıbdı kimsə nə?
Kim sənə bilməz, çağ bilməz, ay Elxan!
O kəs ki, hər sözü tez yalannamaz,
Nə yalan söz bilər, nə yalan namaz.
Doğru nam çox gedər, çox yalan nam az,
Yal annamaz yalaq bilməz, ay Elxan!
Bir yerdə vətənin yolu bağlıdı,
Bir yerdə yol açıq, sinə dağlıdı.
Hamı bu vətəndə qarabağlıdı,
Bu yaramız qaysaq bilməz, ay Elxan!
Sən vətənin hər dərdindən halısan,
Çox görmüsən,- çünki qilü-qalı sən.
Sərhədd yıxıb Bakıda Borçalısan,
Yurd qaytaran yasaq bilməz, ay Elxan!
Vurğun Faxralıya qonaq düşəndə,
Yenə saz havası yayıldı kəndə.
Saza bənd vurğunu saz salar bəndə,
Sazbənd olub çanaq bilməz, ay Elxan!
Sən söz sərrafısan, al tay-tay yükü,
Səndən götürübdü Altay* tay yükü.
Alıb cəmləmisən alt-alt ay yükü,
Hansı aşıq maraq bilməz, ay Elxan!
Kim ki, söz süfrəndə neməti bilər,
Yanında dayanan Neməti* bilər.
Bədxah nə bal dadar, nə məti bilər,
Şəkəri hər damaq bilməz, ay Elxan!
Məndən incimişdi o vaxt Fəzail*,
Dolandı, göstərdi bizə fəza il.
Ondan da deyim, qazanım fəzail,
Sınar ürək, yamaq bilməz, ay Elxan!
Atif söz gizləyər söz arasında,
Atəş üzə çıxar köz arasında.
Çünki həmdərdlərin öz arasında,
Kövrək könül toxtaq bilməz, ay Elxan!
Qeyd: 1. Ustad Aşıq Əhməd Rüstəmov nəzərdə tutulur.
2. Aşıq Altay Məmmədov nəzərdə tutulur.
3. Aşıq Nemət Qasımov nəzərdə tutulur.
4. Aşıq Fəzail Miskinli nəzərdə tutulur