ATİF İslamzadə: Elm ibadəti
Əgər sənə desələr dünyada kimşünas ol,
Hansı sahədə olsan yalnız elmşünas ol!
Yalnız elmlə olur bu dünyada inkişaf,
Yerdə qalan nə varsa ixtilafdır, ixtilaf.
Uca Allah oxuyun demiş ilk ayəsində,
Dünyanı dəyişərsən elminin sayəsində.
İnancını elmlə birləşdirsən dünyada,
Qazanarsan hər iki dünyanı sən dünyada.
Yalnız elə bilmə ki, kitab-dəftərdir elm,
Bətnində kainatın vahid cövhərdir elm.
Təbiət də kitabdır, məxluqat da kitabdır,
Başdan-ayağa qədər yaradılış hesabdır.
Barı bildinmi bunu kitabdır insan özü,
Kitaba enən kitab olubdur Qur’an özü.
Ağzını açan kimi din dedin, dinlə barı,
Elmlə öyrənirsən bütün yarananları.
Yaranışa göz yumub nə diyarda gəzirsən?
Elmsiz din uydurub axı harda gəzirsən?
Elmin əsl mənası məgər bilmək deyilmi?
Bilməmək dünyanı da tamam silmək deyilmi?
Sən dünyanı silərsən dünya da səni silər,
Düşman elm öyrənər, gələr vətəni silər.
Elm səni qoruyan qüvvəli bir silahdır,
Yoxsa elə bilirsən sadə bir istilahdır?!
Yurduna təcavüzə böyük sipərdir elm,
Ərləri çəpər edən ər oğlu ərdir elm.
Özgələr elmi ilə çoxdan uçur komosa,
Hələ məhəlləndə sən oynayırsan kos-kosa.
Tusi dedi göyləri bilsən bəla dəf olar,
Onu sələf bilməyən xələf naxələf olar.
Böyüklərin yoluna olsa idin aşina,
Yağmaz idi raketlər bu gün göydən başına
Sən elmi öyrənmədin dedin ki, bəd əməldir,
Bu gün qırğına düşüb deyirsən ki, əcəldir.
İnancına elmini bağlamasan gec olar,
Bu gün keçdi, sabaha ağlamasan gec olar.
Namus bilənə qədər elmi nahaq dünyada,
Çəkəcəklər sinənə gündə bir dağ dünyada.
Düşmənin qarşısına sözlə yox, elmlə çıx,
Olsun sənin şərəfin uca, alnın da açıq.
Anla, hələ gec deyil, bu həyatı elmlə,
Yaradanı elmlə, mövcudatı elmlə.
Alim olan Allahın Elm təcəllisindən,
Elmlə bax dünyaya ağıl pəncərəsindən.
Elmə daha vərdiş et, elmə daha adət et,
İbadəti elm elə, elm ilə ibadət et!
Share this content:
Yorum gönder