KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Atif İslamzadə : DƏDƏ QORQUD KİTABI”NDA DƏDƏ QORQUD NƏ ÜÇÜN ATADAN DƏDƏYƏ ÇEVRİLİR?

Atif İslamzadə : DƏDƏ QORQUD KİTABI”NDA DƏDƏ QORQUD NƏ ÜÇÜN ATADAN DƏDƏYƏ ÇEVRİLİR?

Kafkassam Editör Kafkassam Editör - - 11 dk okuma süresi
64 0

Dədə Qorqudun peyğəmbər olması iddiası bizi sual qarşısında qoyur. Muhamməd (əs.)-ın Qorqud Ata soylamalannda öyülməsi sonuncu peyğəmbəri öyərkən Qorqud Atanın özünün ona tabe olmasını göstərirsə, peyğəmbərin peyğəmbərə tabe olması nə deməkdir və yaxud da Ata (Dədə) Qorqud peyğəmbərlərin hansına aid edilə bilər? Ümumiyyətlə, başqa bir peyğəmbərin peyğəmbərliyini qəbul edib, onun risalətini yayan peyğəmbər olmuşdurmu? Bir peyğəmbərin digər peyğəmbərə tabe olması nə dərəcədə mümkündür?
Öncə onu qeyd edək ki, peyğəmbər peyğəmbərə tabe ola bilir. İslam və digər səmavi dinlər bu suala cavab verir. Bu barədə Qur’ani-Kərimdə qiymətli bilgilər vardır. Mə’lumdur ki, Harun peyğəmbər Qur’anda adı keçən iyirmi səkkiz nəbidən biridir. O eyni zamanda Musa peyğəmbərə tabe olmuş, ona gələn “Tövrat’ı təbliğ etmişdir (“Əraf’ surəsi, ayə 142, “Taha” surəsi, ayə 29-36) ( 1, s. 140, 287, 88). Yüksək peyğəmbərlik dərəcəsində olan və peyğəmbərlik məqamında şəhid edilən Həzrəti Zəkəriyyə və Həzrəti Yəhya (Aleyhimüssəlam) da Musa peyğəmbərə gə-lən risaləti yaymış, hətta Həzrəti Yəhya peyğəmbər öncə Həzrəti Musanın, sonra isə Həzrəti İsanın şəriətinə tabe olmuşdur. Bu barədə əlimizdə olan mənbədən oxuyuruq: “Zekeriyya (As) yeni bir şeriat getirmemiş, Musa (As.)-ın şeriatıyla amel etmiştir” (2, s. 539) və yaxud “Hazreti Yəhya (As.)” Hazreti Musanın, şeriatına göre amel ediyordu. Bilahare Hazreti İsanın peyğamber olması üzerinə, onun şeriatıyla amel etmeye başlamıştır” (2, s. 550).
İsa peyğəmbərin özünün də İncildən öncə Tövratla şəriətə əməl etməsi barədə mənbələrdə mə’lumat vardır ( 3; 4 ). Elə bu baxımdan da digər nəbilər də özlərindən əvvəl gələn rəsulların risaləsini təbliğetmə vəzifəsi daşımışlar. Bu vəzifə Adəm (əs.)-dən Xatəm (əs.)-ə bütün peyğəmbərlik missiyası olmuşdur.
Bir peyğəmbərin başqa bir peyğəmbəri qəbul etməsi əslində nübüvvət silsiləsinin (silsileyi nübüvvə və yaxud dairətən nübüvvə) Adəmdən Xatəmə qədər Vahid bir İlahi Kəlam yayması ilə bağlıdır. Ardıcıllıqla gələn dinlər bir-birinin davamıdır. Bu baxımdan sonuncu peyğəmbərdə bu davamiyyət sona çatır. Dədə Qorqudun da Rəsul Əleyhissəlama qədər gələn peyğəmbərliyi onunla dayanır, övliyalığı isə davam edir ( Qur’ani Kərimdə adı keçən Üzeyir, Loğman və Zülqərneyn (Əleyhimussəlam) də bir qism alimlər tərəfindən peyğəmbər, digər qism tərəfindən isə övliya (vəli) hesab olunur. Xızır (Xıdır) peyğəmbərlə bağlı mübahisələr də bura aid edilə bilər. Hətta bə’zən peyğəmbərlərin belə övliyalara tabe olması haqqında bilgi vardır. Belə ki, Qur’ani-Kərimin “əl-Kəhf” (Mağara) surəsində (ayə 66) Musa peyğəmbər Xızn Əleyhissəlamla görüşüb ondan soruşur: “Öyrədildiyin doğru yolu göstərən elmdən mənə öyrətmək şərtilə sənə tabe olummu?” (1, 271). Əlbəttə, bu sitat diqqət çəkdiyiniz məqamda o zaman qüvvəyə minir ki, Xızır Əleyhissəlam peyğəmbər deyil, övliya hesab olunur.
Bəs Dədə Qorqud necə, o, övliya, yoxsa peyğəmbərdir? Bu suala aydınlıq gətirməyə çalışaq. “Dədə Qorqud kitabı”nın elə ilk abzası bu barədə bizə yetərincə bilgi verir: “Rəsul Əleyhissəlam zəmanına yaqın Bayat boyından, Qorqud Ata diyərlər bir ər qopdı. Oğuzun ol kişi təmam bilicisiydi, – nə diyərsə olurdı. Qaibdən dürlü xəbər söylərdi. Həqtəala ənin könlinə ilham edərdi…” ( 5, s. 31).
Burada Dədə Qorqudun Rəsul Əleyhissəlam zamanına yaxın Ata olması (bu da əhəmiyyətli informasiyadır), biliciliyi, qeybdən xəbər söyləməsi və könlünə ilham gəlməsi haqqındakı bilgilər peyğəmbərliyə işarədir. Rəsul Əleyhissəlam zamanına yaxın yaşaması haqqmda informasiya, bizi sonra rast gələcəyimiz informasiyalar üçün hazırlayır, bir növ bünövrə informasiyası rolunu oynayır. “Rəsul Əleyhissəlam zamanına yaqın” deyilişi ilə əsərdə sonra gələcək İslam peyğəmbərinin və onun əshabının öyülüşü üçün zəmin hazırlanır, İslam qayda-qanunlarının, şəriətinin və fəlsəfəsinin bədii inikasının əksi haqqında öncədən siqnal verilir. Eyni zamanda Dədə Qorqudun Rəsul Əleyhissəlam zamanına yaxın yaşaması haqqındakı məlumatın alt layında (kod sistemində) onun müjdəçilərdən olduğu, Rəsul Əleyhissəlamın gələcəyi barədə xəbər verdiyi işarələnir. Bu haqda ayrıca tədqiqata ehtiyac vardır. Ancaq qısa olaraq qeyd etmək olar ki, elə DQK-nin başlanğıcında Ata Qorqudun “Rəsul Əleyhissəlam zəmanına yaqın” yaşaması da onun müjdəçi peyğəmbərliyinə işarədir. Çünki Adəm Əleyhissəlamdan tutmuş Muhamməd Əleyhissəlama qədər arada olan bütün rəsul, nəbi və vəlilər sonuncu peyğəmbərin gəlişini xoş xəbər (müjdə) olaraq elan etmiş və hansının zamanına düşərsə, ona tabe olmaq əmri almışdır (6, s. 349). Elə bu baxımdan da Ata Qorqud Muhamməd Əleyhissəlam gəldikdən sonra atadan (nəbidən) dədəyə (övliyaya) dönmüşdür.
“Ata” haqqında informasiya qeyd etdiyimiz kimi, Dədə Qorqudun nəbiliyini işarələyir. Yalnız dörd yerdə (müqəddimədə) Dədə Qorqudun Ata adlanması, sonra isə bütün boylarda Dədə (Qorqud) olması diqqəti cəlb edir. DQK-də Ata Qorqud adı Dədə Qorqudun nəbi olduğuna işarə verilən informasiya qatında kodlaşdırılmışdır. Dədə Qorqudun peyğəmbərliyini eyni abzaslarda ifadə olunan informasiya qaynağında Ata Qorqud təsdiq edir. Ata Qorqud qeyd etdiyimiz kimi, məhz bu yerdə dörd (4) dəfə işlədilir. Özü də yalmz onun peyğəmbərliyinə işarə vurulan abzaslarda. Tədqiqatçı alim H.İsmayılov bu barədə yazır: “Maraqlıdır ki, DQK müqəddiməsində mətn başlanandan ilk soylamaya qədər (4) dəfə Dədə Qorqud adı (yalnız Ata titulu ilə) “Qorqud Ata” deyə xatırlanır. İlk soylamanı isə Qorqud artıq dədə kimi söyləyir”. H.İsmayılovun qeyd etdiyi kimi, Ata sözü Dədə sözü ilə fərqli olmaqla bərabər, özündə bir neçə anlamı birləşdirir ki, bu anlamlardan biri də “əski türkcə elçi-peyğəmbər” deməkdir (7, s. 16).
Göründüyü kimi, “ata” sözü ərəbcədəki nəbi, farscadakı peyğəmbər sözünün türkcədə ən arxaik formasıdır. Beləliklə ata sözünün nəbi (peyğəmbər) anlayışım ifadə edən abzaslarda işlədilməsi onu göstərir ki, “Ata” peyğəmbər, ondan sonra isə gələn “dədə” sözü övliya anlamını verir. Yə’ni “Rəsul Əleyhissəlam zəmanına yaqın” (yaxın) Ata Qorqud peyğəmbərdirsə, sonuncu peyğəmbərin (Xatəmül-ənbiya) gəlişindən sonra övliyadır ki, bu da dastanda (eposda) diaxron şəkildə əksini tapmışdır.
QAYNAQLAR
1. Qur’ani-Kərim (Tərcüməçilər: Z.Bünyadov, V.Məmmədəliyev). Bakı, 1992.
2. Bünyamin Ateş. “Peygamberler tarihi”. İstanbul, 1987
3. Muhammed Ebu Zehra. Son peygamber Hz. Muhammed. İstanbul, 1993
4. Ahmet Cevdet Paşa. Kısası Enbiya ve Tevarihi hulefa. II ciltte, I cilt. Quran ofset Basın evi, İstanbul, 1968. s. 61.
5. Kitabi-Dədə Qorqud / Müqəddimə, tərtib və transkripsiya F.Zeynalov və S.Əlizadənindir. Bakı: Yazıçı, 1988.
6. Feyzullah K. “Her kese lazım olan iman”. İstanbul, 2001.
7. Hüseyn İsmayılov. Aşıq yaradıcılığ mənşəyi və inkişaf mərhələləri. Bakı, 2002.
;4

Atif İslam oğlu İslamzadə
Filologiya üzrə fəlsəfə doktoru, dosent​

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir