KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. ATİF İSLAMZADƏ: DƏDƏ NƏSİMİNİ ANLAMAQ VAHİD ALLAH İNANCINI ANLAMAQDAN KEÇİR!

ATİF İSLAMZADƏ: DƏDƏ NƏSİMİNİ ANLAMAQ VAHİD ALLAH İNANCINI ANLAMAQDAN KEÇİR!

Kafkassam Editör Kafkassam Editör - - 11 dk okuma süresi
356 0

Klassik ədəbiyyatın və yaxud divan ədəbiyyatının dərk olunması üçün aydındır ki, əsas etibarilə dünyagörüşü formasını ilkin olaraq dəqiqləşdirmək lazımdır. İ.Nəsimi divan ədəbiyyatı yaradan sənətkar olaraq öncə onun baxışlar sistemi diqqətə alınmalıdır ki, özündən sonra gələn yazılı və şifahi örnəklərə təsir istiqamətləri müəyyən oluna bilsin. Nəsimi dünyagörüşünü necə öyrənmək olar? Sovet dönəminə kimi Nəsimi yaradıcılığı ilə bağlı tədqiqatlar deyil, onun irfani-təsəvvüfü baxışlarını ifadə edən əsərlərinin şifahi şəkildə yayılması daha çox diqqət çəkir. Buraya dərviş mədəniyyətinə uyğun olan zikr və ilahilərin müəyyən bir ahəngdarlıqla oxunub-yayılması aid edilə bilər. Sovet dönəmində İ,Nəsimini əsas etibarilə materialist-ateist yöndə tədqiq etməyə çalışırdılar. Burada Nəsimi fəlsəfəsində diqqət çəkən “İnsan obrazı” mərkəzi qüvvə olaraq götürülüb, Allahı inkar üzərində qurulan bir nəzəriyyə təbliğ olunurdu. Təbiidir ki, Nəsimini bu şəkildə öyrənmək yanlışdır. Çünki əsərləri Quran ayələri, hədis və dini rəvayətlərlə, xüsusilə də Tovhid inancı ilə zəngin olan bir sənətkarı bu şəkildə öyrənmək mümkün deyildi.
İ.Nəsimini idealist dünyagörüşü əsasında da öyrənmək çox çətindir. Çünki materialist fəlsəfi cərəyanına əsasən varlıq yalnız təbiətin öz-özünə meydana gəlməsi təliminə əsaslanırdısa, idealist fəlsəfi görüşlərinə görə təbiətin meydana gəlməsində ali qüvvənin mövcudluğu qəbul olunsa da, bu cərəyan yalnız bu dünyanın reallığını əsaslandıra bilirdi. Başqa dünyanın mövcudluğu isə bu dünyagörüşü forması üçün əsas deyildi. Nəsimi əsərlərində isə insanın dünyaya gəlməmiş başqa bir aləmdə mövcudluğu və dünyasını dəyişəndən sonra isə qiyamət və axirətin mərhələləri çox geniş səviyyədə əkas olunur. O zaman aydın olur ki, İ,Nəsimi yalnız dini-teoloji istiqamətdə öyrənilə bilər ki, sənətkarın dünyabaxışının əsasında islami görüşlərin dayandığı mübahisə mövzusu ola bilməz. Elə qeyd etdiyimiz kimi Quran və hədisə söykənən yaradıcılıq örnəkləri şairin yaradıcılığında o qədər çoxdur ki, bu barədə bəhs açmaq özü Nəsimini inkar etməyə bərabər ola bilər. Ancaq İ,Nəsimidə islam zahirən deyil, daha dərin qatlarda, məna və mahiyyətə uyğun şəkildə əks olunur. Elə bu səbəbdən də irfani görüşlər sənətkarın əsərlərində ciddi yer tutur. Məhz yazılı və şifahi ədəbiyyata Nəsimi təsiri bu baxışlar sistemi əsasında müəyyənləşə bilir. Aşıq Ələsgər yaradıcılığında da biz, Nəsimi dünyagörüşünün mühüm təzahürlərini görə bilirik.
Nəsimidən təqdim olunmuş örnək əsasında mülahizəmizi əsaslandırmağa çalışaq:
Çün “Ələsti-Rəbbikum” guş etdilər dərvişlər,
Məst olub vəhdət meyin nuş etdilər dərvişlər.

Ey Nəsimi, oldular mülki-bəqadə cavidan,
Çün fəna darində əl boş etdilər dərvişlər [Nəsimi, 1987, 264].
Bu beytlərin kilid açarı aydın görünür ki, “Ələsti-Rəbbikum” anlayışıdır. Bu anlayış inanc sistemində yer tutan çox mühüm qavramdır. Demək olar ki, Allahu- Təala və insan anlayışının əsasını təşkil edir. Bu qavramla bağlı Nəsimidə bir çox örnəklər vardır. Ancaq ən münasibi bu anlayışın nə demək olduğunu araşdırmaq və beytlərin mənasını izah etməkdir. Nəsimi bu iki beytdə çox geniş inanclar sistemini işarələmişdir. O, deyir ki, “Dərvişlər Ələsti-Rəbbikum”dan söhbət açdılar və yaradılışın vahiddən ibarət olduğunu dərk etdilər. Məhz bu yaşantı ilə ömür seçib yaşadıqları üçün əbədi dünyada, yəni axirət aləmində diri qaldılar. Çünki fəna aləmi, müvəqqəti olan bu dünyada heç nəyə tamah etməyib, Allah eşqi ilə yaşadılar”.
Qeyd etdiyimiz kimi burada kilid açarı “Ələsti-Rəbbikum” qavramıdır. Bəs bu qavram nə deməkdir və yaxud hansı mənanı ifadə edir? Bunu anlamaq üçün mübarək kitabımız Qurani-Kərimin “Əraf” surəsinin 172-ci ayəsinə müraciət edək : “(Ey Peyğəmbərim!) Xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının bellərindən (gələcək) nəsillərini çıxardıb onların özlərinə (bir-birinə) şahid tutaraq: “Mən sizin Rəbbiniz deyiləmmi?” – soruşmuş, onlar da: “Bəli, Rəbbimizsən!” – deyə cavab vermişdilər” (“Əraf” surəsi, 172-ci ayə) [Qurani-Kərim, 1992, 144].
Daha konkret olaraq “Ələst aləmi” mövzusuna gəlincə, bu ayədə işlədilən “Ələsti birabbikum kalu bəla” [Qurani-Kərim, ərıbcə, vahid nüsxə] yəni, “Rəbbiniz deyiləmmi? Dedilər bəli” hadisəsi bu anlayışı ifadə edir. Burada Uca Allah insanlardan əhd alıb, onların Rəbbi olduğunu soruşur, insanlar da Allahı tanıdıqlarını təsdiq edir. Ancaq sonra öz nəfsinə uyanlar bu əhdi pozub Allaha şərik qoşur ki, bunun da cəzasını qiyamət günündə alacaqdır. Ayədə məhz buna işarə olunur: “(Belə bir şahidliyin səbəbi) qiyamət günü: “Biz bundan qafil idik”; Və ya: “Atalarımız daha əvvəl (Allaha) şərik qoşmuşdular, biz də onlardan sonra gələn bir nəsil idik (onların izi ilə getdik). Məgər bizi (haqq yoldan) azanların törətdikləri əməllərə görə məhv edəcəksən?” – deməməniz üçündür ( “Əraf” surəsi , 172-173-cü ayələr) [Qurani-Kərim, 1992, 144].
Aydın görünür ki, Allahu-Təala insanları bir-birinə şahid tutaraq onlardan əhd alır. Sabah günah etdiklərinə görə cəzalanacaqlarını bilmədiklərini bəhanə etməmələri üçün onları şahid tutur. Yəni, söz verirlər ki, doğru yolda olacağıq, yoxsa cəza çəkəcəyimizi bilirik. Elə bu əhdə görə də Qurani-Kərimdən də əvvəl Bibliya adlanan Zəbur, Tövrat və İncil iki hissəyə bölünür. Zəbur və Tövrat Əhdi-ətiq, İncil isə Əhdi-cədid adlanır. Yəni köhnə və yeni əhd anlamını ifadə edir [Ensiklopediya, 1978; Bünyadov, 2007, 52].
Qurani-Kərimin bütün dinləri öz içinə alması, Tovhid missiyasını özündə daşıması bu əhdin kitabda ciddi şəkildə yer almasına səbəb olur. Aydındır ki, Quranda peyğəmbərlər inkar olunmur, Zəbur gələn Davud peyğəmbər də, Tövrat gələn Musa peyğəmbər də, İncil gələn İsa peyğəmbər də, ümumiyyətlə Adəm əleyhissəlamdan sonuncu peyğəmbər Muhamməd əleyhissəlama qədər bütün peyğəmbərlər qəbul olunur. Buna görə də xalq arasında “Adəmdən-Xatəmə” deyimi mövcuddur [Adilov, 1982, 12]. Xatəm xətm edən, bağlayan, sonuncu olan mənasını verməklə Muhamməd əleyhissəlamı işarə edir [Adilov, 1982, 12].
İmadəddin Nəsiminin tez-tez bu qavramla inanc sistemini əsərlərində ifadə etməsi özündən sonra gələn yazılı və şifahi ədəbiyyata öz təsirini göstərmiş və sözün həqiqi mənasında Dədə Nəsimi statusunu qazanmasına rəvac vermişdir.

QAYNAQLAR

1. Nəsimi İ. İraq divanı. Bakı: Yazıçı, 1987.
2. Qurani-Kərim. Tərcümə edənlər: Bünyadov Z. Məmmədəliyev V. Bakı: Azərnəşr, 1992.
3. Qurani-Kərim (ərəb dilində) Vahid nüsxə.
4. Azərbaycan Sovet Ensiklopediyası. 10 cilddə. II cild. Bakı: 1978.
5. Adilov M. Niyə belə deyirik. Bakı: Azərnəşr, 1982.

ATİF İslam oğlu İSLAMZADƏ
Filologiya üzrə fəlsəfə doktoru, dosent​

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir