KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Atif İslamzadə: AĞILARDA VAHİD ALLAH İNANCI DÜNYAGÖRÜŞÜ FORMASI KİMİ

Atif İslamzadə: AĞILARDA VAHİD ALLAH İNANCI DÜNYAGÖRÜŞÜ FORMASI KİMİ

Kafkassam Editör Kafkassam Editör - - 17 dk okuma süresi
48 0

Ağılar folklorumuzun tərkib hissəsi olaraq mərasim folklorunda yas mərasimləri kimi tanınır ( Xürrəmqızı, 2002, 63-147; Abdulla, 2005, 89, 154). Biz ağıların məzmun səviyyəsində Vahid inanc sistemini ifadə etməyinə diqqət göstərməyə çalışırıq. Ağılarda Tovhid (Vahid Allah) inancı toplumun inanclar sisteminin əsası kimi ən müxtəlif mövzularda öz əksini tapır. Biz fərdi və kütləvi ağılarda ilk olaraq bu məzmun kontekstini müşahidə edirik. Uca Yaradanın birliyinə olan inam və inanc düşüncə tərzinin reflektiv reaksiyası kimi müəyyən ağı nümunələrində üzə çıxır:
Yetim yuxuda qaldı,
Yatdı, yuxuda qaldı.
Öldü yetim anası,
Bir aman Xuda qaldı.

Göydə uçan quba qaz,
Dərdim çox, dərmanım az.
Mən ölmüşün dərdini,
Xuda deyilsə, bilməz! (Qasımov, 1956, 499; Abbaslı, Əliyev, Abdullayeva, 2005, 69).
Göründüyü kimi bu örnəklərdə Uca Allahı ifadə edən Xuda adı iə ağılar müşaiət olunur. Toplum inanclar sistemində nəinki Yaradanın təkliyini ifadə edir, eyni zamanda müxtəlif situasiyalarda Allahu-Təalanı ifadə edən müraciət forması ilə- Allah, Yaradan, Xuda, İlahi və s. adlarla Onu ağılarında da yeganə pənah yeri bildiklərini ən faciəli durumlarda da əks etdirir:
Gecə uzun, ay batmaz,
Dərd əhli gecə yatmaz.
Mən təki baxtı qara,
Allah bir də yaratmaz.

Xancal üsdə ağ mahi,
Mən çəkirəm bu ahi.
Mən ki, yanıb, tökülləm,
Yol vermə Sən, İlahi ( Abbaslı, Əliyev, Abdullayeva, 2005, 68) və s.
Biz ağı poetikasını araşdırarkən aydın görürük ki, ağılar əksər cəhətdən bayatı janrında olmasına baxmayaraq fərqli şəkillərdə də müşahidə olunur. Ağıların etnoqrafik örnəklər olaraq folklora bağlılığını tədqiq edərkən bu tipoloji xüsusiyyətlər daha bariz şəkildə nəzərə çarpır. Kütləvi ağı örnəyinə misal olaraq aşağıda göstərdiyimiz etnoqrafik-ədəbi nümunə həm mövzumuz gərəyincə, həmçinin diqqət çəkdiyimiz kontekst baxımından diqqətə layiqdir. Şəki-Zaqatala bölgəsində mərasim folkloruna daxil olan yas mərasimlərində Allahın birliyinə inam ifadə edən belə bir ağı süjetinə rast gəlirik. Dəfn qabağı, vəfat edən şəxsin yuyulması mərasimində “Ölü yuyanda oxunan nəğmə” icra olunur. Bu mərasim aktında beş-altı nəfərdən biri oxuyur, hamı “Lailahəilləllah” deyir:
Lailahə edib düşdüm yola,
Yolda halım necə ola?
İmanınla qəbrim dola,
Lailahəilləllah.
Lailahə diyər dağlar, daşlar,
İlləllah diyər qardaşlar.
Səcdəyə enər ağaclar,
Lailahəilləllah ( Abbaslı, Əliyev, Abdullayeva, 2005, 63).
Bu mətndə toplumun inanc və etiqadı, Allahu-Təlanın birliyinə inamı, dünyanı tərk edənə Uca Allahın mərhəmət etməsi diləyi ilə Ona dua-yalvarış öz əksini tapır. Eyni zamanda bu mətndə “imanınla qəlbim dola” ifadəsi ilə qəbir əzabından imana yetməklə qurtuluş inancı işarələnir.
Mətndə mərasim faktorundan əlavə diqqət çəkən məqam odur ki, burada islami dünyagörüşü öz bütövlüyü və mahiyyətə uyğunluğu ilə seçilir. Burada bir çox mühəddislər ( hədisşünaslar), müfəssirlər ( təfsir edənlər) və kütləvi dindarlar tərəfindən geniş mübahisələrə səbəb olan təfriqəçilik aradan qaldırılır, əshabi-kiram (kərəmli peyğəmbər sahabəsi) və xülafeyi-ərraşidiyyun (dörd xəlifə) cəm olaraq qəbul olunur:
Dörd mənsəbdi, dörd məqam,
Hər məqamda bir imam…
Lailahəilləllah,
Lailahəilləllah (Abbaslı, Əliyev, Abdullayeva, 2005, 63).
Bu yas nəğməsi əslində ölü üçün oxunsa da, dirilər üçün daha ibrətamizdir. Mətn geniş olduğu üçün, eyni zamanda məzmun baxımından bütünlüklə burada təqdim etmirik. Ancaq onu qeyd etmək istəyirik ki, mətndə sonda nəqərat yerində yalnız “Lailahəilləllah” ( Allahdan başqa Allah yox) oxunmaqla və vahid inanclar sisteminin bədii-emosional inikası kimi sanki yas nəğməsindən daha çox inanc qaynağının monoton marşı olaraq nəzərə çarpır.
Ağılarda tovhid inancı əslində başlanğıc və son nöqtəsi kimi əksər mövzulardan keçir. İslami baxış bütün yaranışı Yaradanın vahidliyi ilə birgə dərk etməyə çalışır. Bu baxımdan bütün hadisə və qəziyyələrdə Uca Allaha iltimas olunur. Toplum öz düşüncə tərzini, inanc səviyyəsini bu istiqamətdə əks etdirir.

Qaynaqlar
1. Xürrəmqızı 2002 – Xürrəmqızı A. Azərbaycan mərasim folkloru. Bakı: Səda, 2002, 209 s.
2. Abdulla 2005 – Abdulla B. Azərbaycan mərasim folkloru. Bakı: Qismət, 2005, 208 s
3. Qasımov 1956 – Bayatılar. Toplayıb tərtib edən H.M.Qasımov. Bakı: Azərnəşr, 1956. 578 s
4. Abbaslı, Əliyev, Abdullayeva – Azərbaycan Folkloru Antologiyası. XIII kitab. Şəki-Zaqatala folkloru. Tərtibçilər: İ.Abbaslı, O.Əliyev, M.Abdullayeva. Bakı: Səda, 2005, 550 s.

Atif İslam oğlu İslamzadə
Filologiya üzrə fəlsəfə doktoru, dosent​

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir