KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Asif Nerimanlı: Zəngəzur dəhlizi böyük kabinetlərdə razılaşdırılıb, geriyə yol yoxdur!

Asif Nerimanlı: Zəngəzur dəhlizi böyük kabinetlərdə razılaşdırılıb, geriyə yol yoxdur!

Kafkassam Editör Kafkassam Editör - - 16 dk okuma süresi
294 0

Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycanın və region dövlətlərinin deyil, həm də bəzi beynəlxalq güclərin marağındadır. Bəzi ekspertlərin fikrincə, dəhlizin açılmasında Türkiyə və Rusiya ilə yanaşı, Böyük Britaniya və Çin də maraqlıdır.

İddialara görə, Zəngəzur dəhlizi vasitəsilə Ermənistandan üzərindən keçərək Çindən Avropaya gedən yeni nəqliyyat marşrutu mövzusu London, İstanbul, Moskva və Pekinin rəsmi dairələrində ciddi müzakirə olunur. Bildirilir ki, ABŞ, eləcə də Avropa mövcud logistik sxemə tam nəzarət edə bilməyəcəyi üçün dəhlizin açılmasına qarşıdır. Və bu prosesi nə Ermənistan, nə də Azərbaycan dayandıra və ya dəyişə bilməz. Yeganə fərq isə ondan ibarətdir ki, bu, Azərbaycan üçün sərfəlidir.

Bu zaman Zəngəzur dəhlizinin qlobal əhəmiyyəti maraq doğurur. Zəngəzur dəhlizinin qlobal, həmçinin regional əhəmiyyəti barədə siyasi şərhçi Asif Nərimanlı EDNews.net-ə geniş şərh verib.

“Zəngəzur dəhlizinin qlobal əhəmiyyətinə “Bir kəmər, bir yol” layihəsi çərçivəsində yanaşa bilərik. Bu layihə Pekindən başlayıb Londonda bitir. Bu, Avrasiyanın gələcəyini təyin edəcək böyük bir layihədir”.

Eskpert qeyd edib ki, burada quru yollardan ibarət üç əsas marşrut – Şimal, Cənub və Orta dəhliz var: “Əslində, Çinin tarix boyu əsas ticarət yolları dəniz üzərindən olub. Lakin Amerikanın, xüsusən də Obama dövründən aktivləşməyə başlayan belə bir strategiyası vardı ki, Çini məhz dəniz yolları ilə bağlasın. Bununla həm Çinin əsas yollarının qarşısını alırdı, həm də qurudan müdaxilə nüvə təhlükəsini gündəmə gətirə bilərdi. Çünki quru üzərindən müdaxilə sərhədə müdaxilə sayılırdı, amma dənizlərdə beynəlxalq sular var. Orta dəhlizlə o istiqamətdə nəzarəti ələ alıb xüsusən limanlar üzərindən bu yolları bağlamağa çalışırdı. Yəni bununla bağlı böyük bir proses həyata keçirilib. Çin onda anladı ki, alternativ kimi quru yollarına üstünlük vermək lazımdır. Və bundan sonra “Bir kəmər, bir yol” layihəsi gündəmə gətirildi. Bu layihədə təbii ki, Çinin öz marağı var. Amma layihə həm də qlobal, Avrasiyanın gələcəyini təyin edəcək bir layihədir. Dünyanın əslində gələcəyini təyin edəcək qlobal gücün Qərbdən Şərqə keçdiyi müşahidə edilir. Söhbət burada ABŞ-ın dağılmasından, güc olaraq sıradan çıxmasından da getmir. Biz Çinin daha da güclənməsindən danışırıq. Bu 50 il ərzində ola bilər”.

Politoloq bildirib ki, burada söhbət daha çox Soyuq müharibə dövründəki vəziyyətin qaytarılması, yəni dünyanın birqütblü yox, ən azı iki qütbdən ibarət olmasından gedir: “İngilislərin əslində siyasi marağı budur. Bilirik ki, sənaye inqilabından sonra Britaniya imperiyası bütün Avrasiyada nüfuza malik idi. Ticarət yollarına nəzarət edən əslində ingilislər idi. Sonra XX əsrdə iki dünya müharibəsindən sonra situasiya dəyişdi. Yəni burada söhbət həm də ingilislərin beynəlxalq ticarət yollarına yenidən nəzarət etməsindən gedir. Çinin öz marağı, ingilislərin də öz marağı var və bu layihə həm də qlobal dəyişiklikdir. Bu məsələnin qlobal tərəfidir”.

A. Nərimanlının sözlərinə görə, burada Azərbaycanla bağlı olan məsələ xüsusən spesifikdir: “Quruda Şimal dəhlizi Rusiyadan, Cənub dəhlizi İrandan, Orta dəhliz isə məhz bizim üzərimizdən – Mərkəzi Asiya ölkələri, Xəzər dənizi, Azərbaycan, Türkiyə üzərindən keçməklə Avropaya çıxışdır. Orta dəhliz pandemiya dövründə aktual deyildi, lakin sonradan aktuallaşdı. Bunun əsas səbəblərindən biri də Şimal və Cənub dəhlizlərinin daha riskli olmasıdır. Çünki Rusiya və İranın Qərblə siyasi qarşıdurması iqtisadi problemlər yaradır, yükdaşımalar zamanı yolların bağlanmasına gətirib çıxarır.

Məsələn, Rusiyanın Şimal dəhlizi üçün vacib layihələrindən biri, Avropaya qaz tədarükü baxımdan “Şimal axını -2” layihəsidir. Bunun təbii ki, Ukrayna marşrutundan imtina edilməsi, Avropanı qaz asılılığında saxlanılması kimi səbəblər çoxdur. Bu layihə Rusiyanın yerləşdiyi dəhlizin də aktuallığını artırır. Amma faktiki olaraq ABŞ-ın, Qərbin sanksiyalarına görə bu da problemlər yaradır. Belə görünür ki, prioritetin Orta dəhliz olması ilə bağlı qərar verilib. Amma bu o demək deyil ki, Şimal və Cənub dəhlizlərindən imtina edilir. Bu artıq qlobal layihədir və bütün Avrasiyanı əhatə edir. Misal üçün, Çin Orta dəhlizi aktuallaşdırmaqla Rusiya ilə qarşıdurmaya da getmək istəmir. Bu layihə region ölkələrini bir çətir altında toplayır”.

Ekspertin sözlərinə görə, Orta dəhlizin aktuallaşmasının digər bir səbəbi unikal coğrafi mövqeyə malik Azərbaycanın Şimal və Cənub dəhlizlərinin Orta dəhliz üzərindən birləşdirilməsi təklifi oldu: “Şərq-Qərb nəqliyyat dəhlizi “TRASEKA”, həm də Şimal-Cənub nəqliyyat dəhlizi var. Bu dəhliz isə imkan verdi ki, Şimal və Cənub dəhlizi ilə həyata keçirilən daşımaların Avropaya çıxarılması Azərbaycan üzərindən birləşsin. 30 il sonra beynəlxalq şərtlərin yetişməsi, Azərbaycan tərəfindən problemi məhz müharibə yolu ilə həll etməsi, Rusiyanın prosesə müdaxilə edə bilməməsi, Türkiyənin bu coğrafiyada güclənməsi – prosesin qlobal çətiri, beynəlxalq tərəfi budur. Müharibədən sonra bölgədəki “3+3” formatı əslində “Bir kəmər, bir yol” layihəsinin nəqliyyat dəhlizlərinin Azərbaycanda birləşdiyi “hub”ın həm də siyasi tərəfinin yaradılmasıdır ki, bu ticarət yollarında problemlər olmasın. Bunu məhz Azərbaycan və Türkiyə irəli sürdü, Rusiya da bununla anlaşdı.

Zəngəzur dəhlizi burada ona görə ən önəmlidir ki, coğrafi olaraq bizim Naxçıvana çıxışımız, Türkiyənin Azərbaycana və Mərkəzi Asiyaya çıxışı var. Bizim Qərbə çıxış yolumuz əslində Gürcüstandır. Bilirik ki, Gürcüstan bölgədə əsasən Amerikanın müttəfiqidir və “3+3” formatına ABŞ-ın əks müdaxiləsi məhz Gürcüstan üzərindən ola bilər. Yəni Orta dəhliz daşımalarında Gürcüstan üzərindən həyata keçirilən marşrutda ABŞ problem yarada bilər. Məhz buna görə alternativ olaraq Zəngəzur dəhlizini irəli sürdük. Bu dəhliz daşımalarda heç bir problemin yaranmayacağı deməkdir”.

Politoloq qeyd edib ki, ABŞ-ın gələcək əsas mübarizəsi Çinlədir: “ABŞ Çinlə iki coğrafiyada mübarizə apara biləcək. ABŞ Mərkəzi Asiyada, Çin sərhədləri dibində mübarizə aparmaq istəyir. Lakin Qarabağ müharibəsindən sonra anladı ki, artıq Çin Cənubi Qafqaza gəlir. Mübarizə cəbhəsini Qafqaza dəyişdilər. Və Çinlə əsas mübarizənin Qafqazda getdiyini deyə bilərik. ABŞ-ın Gürcüstan üzərindən təsiri “Bir kəmər, bir yol” layihəsində Orta dəhlizin aktuallığını azaldır, çünki yenə də dediyim kimi daşımalarda nə vaxtsa problem yarana bilər. Ona görə bizə Türkiyə üzərindən çıxmaq üçün əlavə dəhlizə ehtiyac lazımdır. Bu məhz Zəngəzur dəhlizidir. Bu alternativ olsa da, o demək deyil ki, biz Gürcüstan marşrutundan imtina edəcəyik. Amma Orta dəhlizin aktual qalması bölgədə bizə mövqeyimizi gücləndirməyimiz üçün lazımdır. Dəhlizin açılması ilə Türkiyənin Mərkəzi Asiyaya çıxışı güclənir. Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi Azərbaycan bu qlobal layihədə öz ev tapşırığını yerinə yetirir. Bundan sonra bizim mövqeyimiz kifayət qədər güclənəcək”.

A. Nərimanlı Çin və ABŞ arasında ikiqütblü yeni dünyadan danışarkən əlavə edib ki, bu iki qrup arasında regional blokların formalaşması gözlənilir: “Bunlardan biri Türkiyənin Mərkəzi Asiyaya uzanan coğrafiyada Türkiyənin rəhbərliyi altında yaranan yeni bir regional gücdür. Bu proses Türkiyənin aktivləşməsi, Türk Şurasının Türkdilli dövlətlərin Təşkilatına çevrilməsi, Türkmənistanın təşkilatın içinə gətirilməsinə hesablanıb”.

Ekspertin sözlərinə görə, regionda bu layihəyə qarşı çıxa biləcək ölkələr azdır: “Bu, Rusiya ola bilərdi, amma qarşı çıxa bilmir, çünki belə görünür ki, qlobal səviyyədə qərar verilib. Rusiya “Bir kəmər, bir yol” layihəsində iştirak edir, həm də bu proseslərdən daha kənarda qalmamaq, ziyan olacaqsa daha az ziyanla çıxmaq üçün qoşulur. Türkiyə və Rusiya arasında bölgə paylaşdırılır. Bu bir növ beynəlxalq səviyyədə verilmiş qərardır. Rusiyanın əsas məqsədi kommunikasiyaların açılmasıdır. Bu, Ermənistan Azərbaycan məsələsinə kənar müdaxilələrin sıradan çıxması demək olacaq. Qarabağ münaqişəsində Rusiyanın vasitəçilik etməsilə digər qərb ölkələrin kənarda qalmasından sonra Rusiya yeni reallığı qəbul etdirmək istəyir. Buna görə kommunikasiyaların açılmasında maraqlıdır.

Ermənistana quru yolun təmin edilməsi Gürcüstan marşrutunun riskli olmasından irəli gəlir. Siyasi və iqtisadi baxımdan bu, çətindir. ABŞ-ın Gürcüstandakı təsiri bunu uzunmüddətli və rentabelli etmir. İqtisadi baxımdan isə Lars yolunda qışda problemlər yaradır. Rusiya ümumi kommunikasiyaların açılmasında Ermənistana quru yolun açılmasında maraqlıdır. Rusiya üçün ən aktual marşrut Qazax-İcəvan yoludur. Hansı ki, Gürcüstan marşrutuna yaxın olan istiqamətdə həmin yoldan istifadə edirdi və həm də orada real infrastruktur var. Həmçinin Rusiya qoşunları həmin yolun təhlükəsizliyində iştirak edəcək. Gürcüstana yaxın Ermənistan ərazisində əlavə qoşun saxlamaq imkanı yaranır. Əslində sərhəd məsələsinin təmin edilməsində Rusiyanın hədəflərindən biri də Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində əlavə qoşun yerləşdirmək və gələcək hərbi mövcudluğunu artırmaqdır”.

Politoloq bildirib ki, Zəngəzur dəhlizi əsasən Azərbaycan və Türkiyənin önə çəkdiyi məsələdir: “Rusiya qarşı çıxa bilmir, çünki ümumi kommunikasiyaların açılmasından söhbət gedir. Rusiyanın hər hansı yolu prioritet edib, digərlərini arxa plana keçirməsi mümkün deyil. Prezident İlham Əliyev də “kommunikasiyalar açılarsa bütün dəhlizlər eyni vaxtda, paralel şəkildə açılmalıdır” demişdi. Təbii ki, Zəngəzur dəhlizinin açılmasıyla Rusiya Ermənistana çıxış əldə edəcək. İqtisadi tərəfi budur. Amma iki siyasi səbəbi də var. Biri Gürcüstan marşrutuna alternativin yaranmasıdır.

Zəngəzur dəhlizi həm də onun üçün Rusiyaya maraqlıdır ki, İranın Cənubi Qafqaza girişi məhdudlaşır. Rusiya bu coğrafiyada İranın mövcudluğunu qəbul etmir. İran da bölgədə Ermənistan üzərindən qalmaq istəyirdi. Bu dəhlizdən sonra İran daha çətin vəziyyətə düşəcək. Bu həm də onun Rusiyanın iştirakı ilə yaranan reallıqdan kənarda qalması və həm bölgədə, həm də digər regionlarda Rusiya ilə hesablaşması deməkdir.

Rusiyanın ana səbəbi həm kommunikasiyanın açılmasıdır, həm də özünün vasitəçiliyi ilə qəbul edilmiş razılaşmaların icrasıdır: “Razılaşmaların icrası nə qədər gecikərsə, bu üçüncü tərəfin, xüsusilə ABŞ və Avropanın bölgəyə müdaxiləsinə qapı açır. Rusiya məhz bu qapını açmaq istəmir. Yəni daha tez məsələni həll etmək istəyir. Kommunikasiyanın açılması isə Rusiyanın hakimliyinin yayılması deməkdir. Bölgə artıq güc və təsir imkanları baxımdan Türkiyə və Rusiya arasında bölünüb.

Rusiyanın Zəngəzur dəhlizinə hərbi nəzarət etməsi əslində bizim üçün təhdid deyil. 10 noyabr bəyanatında qeyd edilib ki, Naxçıvandan Azərbaycana quru əlaqəsi açılacaq, həmin yolun təhlükəsizliyini Ermənistan tərəfində Rusiya hərbçiləri təmin edəcək. Yəni Rusiya qoşunları bizim ərazimizə daxil olmur. Bu baxımdan, bizə təhlükə yoxdur. Əksinə, rus hərbçilərinin orda olması bir növ Laçın dəhlizinə alternativin yaradılması baxımdan bizə xeyirdir. Laçın dəhlizində Azərbaycanın gömrük, ya digər postları yoxdur. Rusiya hərbçilərinin orda olması bizə imkan verəcək ki, Ermənistan hərbçiləri orda heç bir post və ya gömrük komitəsi qura bilməsin. Bu, bir növ Laçın dəhlizinə alternativ olaraq bizim Ermənistanın içindən dəhliz əldə etməyimiz deməkdir. Ermənistan hakimiyyəti bununla razılaşmır. Son proseslər göstərir ki, həmin yolda mütləq şəkildə erməni postları qurulmalıdır və s. Əgər bu olsa belə, bu həm də bizə Laçında post qoya bilmək imkanı verəcək. Artıq Azərbaycan tərəfi həm də Rusiyanın qarşısında bu məsələni gətirəcək ki, necə olur ki, mən Laçın dəhlizində heç bir post qurmadan Rusiya hərbçilərinin təhlükəsizliyini təmin etməyə icazə vermişəm, yəni orda heç bir post qurmuram və ermənilər rahat gəlib-gedə bilir, o zaman mənə də, azərbaycanlıların da Naxçıvana Laçın dəhlizi kimi gedib-gəlməyinə imkan yaradılmalıdır. Yox yaradılmırsa, o zaman Azərbaycan tərəfi də Laçın dəhlizində post qoya bilər. Bu həm də ona imkan verəcək ki, sabah Azərbaycan bu məsələni gündəmə gətirsin”, – deyə politoloq fikrini tamamlayıb.

Gülnar SəlimovaAq

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir