Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın görüşləri baş tutmayıb: Əliyevin sözlərinə görə, İrəvan aprelin 29-da ilk görüşdən, 7-11 may tarixində ikinci görüşdən imtina edib;
Komissiyanın 16-17 may tarixində Moskvada keçiriləcəyi gözlənilən ilk görüşü də alınmayıb. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bunu “texniki detalların razılaşdırılması” ilə əlaqələndirib və qeyd edib ki, yaxın günlərdə, yaxud həftələrdə təmaslar davam edəcək.
İrəvanın “texniki detal” bəhanəsi ilə prosesi uzatdığı, bununla “güzgü prinsipi”nin tətbiqinə – Azərbaycan ordusunun faktiki çıxdığı sərhəd xəttindən geri çəkilməsinə nail olmaq istəyir. Bakı bundan imtina edir və ordunun mövqeyi yalnız delimitasiya prosesinə uyğun dəyişə bilər.
Bəs, Ermənistan nəyə ümid edir?
Prosesin uzadılması bu sualı da ön plana çıxarır və cavabı müəyyən mənada Mariya Zaxarovanın son açıqlamasında tapmaq mümkündür.
Zaxarova bildirir ki, “sərhəddə insidentlərin qarşısını almaq üçün delimitasiya üzrə komissiyanın işə başlaması lazımdır və bu komissiyanın tərkibində “təmas qrupu” kimi etimad mexanizmləri yaradıla bilər”.
Bu o deməkdir ki, Rusiya delimitasiya prosesində təkcə “konsultativ yardımla” yox, praktiki olaraq birbaşa iştirak etmək niyyətindədir. “Təmas qrupu”nun yaradılması istəyi də bundan qaynaqlanır və açıqlamalardan belə nəticə çıxır ki, Düşənbədə keçirilən Lavrov-Bayramov-Mirzoyan görüşündə müzakirə edilən məsələlərdən biri də bu olub: etimad mexanizmlərinin yaradılması – bu “təmas qrupu”, yaxud başqa formada ola bilər;
“Təmas qrupu” yaradılması ilə Rusiya sərhəd məsələsinin həllində praktiki iştirak və sərhəddə toqquşmalara müdaxilə etmək imkanı qazana bilər. Bunu keçmiş Qarabağ münaqişəsi dövründə təklif edilən “atəşkəsə nəzarət mexanizmi”nin başqa forması kimi də anlamaq mümkündür: belə bir mexanizm toqquşmaların qarşısını almaqla yanaşı, Bakının prosesi tormuzlayan İrəvana qarşı mümkün məcburetmə addımlarını da məhdudlaşdıra bilər;
Və mümkündür ki, Rusiya “təmas qrupu”nun yaradılması üçün “sərhəddə sabitliyin təmin edilməsi və etimad mexanizmlərinin yaradılması” adı ilə Ermənistanın istədiyi “güzgü prinsipi”nin tətbiqindən yana mövqe sərgiləsin: bu, Azərbaycanın ordunu faktiki çıxdığı sərhəd xəttindən geri çəkməsi deməkdir; görünür, prosesi uzadan Ermənistan istəyinə nail olmaq üçün hadisələrin bu məcrada inkişafına ümid edir;
Sərhəddə mümkün yeni toqquşmalar da ruslara “təmas qrupu”, ermənilərə “güzgü prinsipi” üçün əsaslar yaradılması baxımından sərfəlidir.
Asif Nerimanlı Kafkassam