KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Asif Nerimanlı: Qarabağda Vaşinqton və Moskva planının şifrələri

Asif Nerimanlı: Qarabağda Vaşinqton və Moskva planının şifrələri

Kafkassam Editör Kafkassam Editör - - 9 dk okuma süresi
201 0

“Vaşinqton sənədi”, yaxud “Rusiya planı”: Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində iki variantdan bəhs edilir və sülh sazişi üzərindən bölgədə açıq müstəviyə keçən Qərb-Rusiya qarşıdurması fonunda da hər iki cəbhənin öz təklifinin olduğu aydındır;

Ana sual isə belədir: Bu təkliflərdə nələr var, Azərbaycan üçün hansı məqbuldur?

Vaşinqton variantı: Putin bu sənədin Qarabağ üzərində Azərbaycanın tam hakimiyyətinin tanıdığını açıqladı, hərçənd, bu açıqlamanın erməni ictimai rəyi üzərindən Ermənistan hakimiyyətinə təzyiq dalğası yaratmaq gedişi olduğu da bəllidir; Paşinyanın xüsusi nümayəndəsi Edmon Marukyan “Vaşinqton sənədi”nin olmadığını, Qərbin şifahi təklif verdiyini deyir;

– “Qarabağ”la Azərbaycan arasında beynəlxalq mexanizm yaradılmalı, beynəlxalq ictimaiyyətin nəzarəti altında Xankəndi ilə Bakı arasında danışıqlar aparılmalı, dialoq Qarabağ ermənilərinin hüquqları, azadlıqları, təhlükəsizliyi məsələləri ilə bağlı olmalıdır.

Rəsmi Bakı bu təklifə müsbət cavab verib, lakin Marukyanın açıqlamasından bəlli olur ki, Qərb mexanizmin indi yaradılmasını istəyir. Əsas problem də budur və burada İrəvanın planı önə çıxır.

1. Bakı Qarabağdakı ermənilərin nümayəndələri ilə qeyri-formal təmasları dəstəkləyir, lakin separatçı rejim olduğu müddətdə bu qeyri-mümkün görünür;
2. Separatçı rejim ermənilərin təmsilçisi kimi Bakı ilə təmas qurmaq niyyətindədir (Araik Praqa görüşündən sonra bu haqda danışmışdı) və indiki məqamda Qarabağdakı erməni əhalisi arasından rejimə alternativin çıxması imkanı görünmür;
3. Qondarma rejim Bakı üçün separatçı-terrorçu olsa da, Qərbdə və Rusiyada onlar “erməni əhalisinin nümayəndəsi” kimi qəbul edilir;
4. Bakı “mexanizmin” indi yaradılmasına razı olarsa, separatçıları “ermənilərin nümayəndəsi” kimi qəbul etməli olacaq;
5. Ermənistan Qərbdə də dəstəklənən planı da budur: sülh müqaviləsini imzalamaq və “Bakı-Xankəndi” formatı ilə separatçıları “tərəfə” çevirmək;

ABŞ (Fransadan fərqli olaraq) üçün Bakının Qarabağ ermənilərinin adından kiminlə danışmasının fərqi yoxdur, lakin İrəvan mövcud vəziyyətdən istifadə edərək, “beynəlxalq mexanizm” üzərindən separatçıları qəbul etdirməyə çalışır. Və risk təkcə “Bakı-Xankəndi” formatı ilə də məhdudlaşmır:

– Rusiya sülhməramlıları Azərbaycan ərazisində olduğu müddətdə Bakının Qərb planı ilə hərəkət etməsi çətinləşir və Moskvanın separatçılara dəstəyini aradan qaldırmaq ehtimalı azalır;
– “Qarabağ məsələsi” ərazi münaqişəsi olaraq həll edilsə də, “etnik münaqişə”yə çevrilməsi təhlükəsi artır;

Moskva variantı: Rusiya “Qarabağ məsələsi”nin sonrakı mərhələyə saxlanılmasında maraqlıdır, çünki bölgədə qalmaq mexanizmini hələ tapmayıb və buna nail olmaq üçün təhlükəli gedişlər edəcəyi istisna deyil;

1. Sülhməramlıların varlığının vacibliyini artırmaq üçün “birgəyaşayış”ı mümkünsüz edəcək;
2. Separatçıları gücləndirəcək və Bakıya qarşı davamlı kart kimi istifadə edəcək;
3. Bakıya qarşı ermənilərlə yanaşı, “rus icması”, yaxud “rusdilli əhali” kimi vasitələrlə “referendum”, eləcə də Rusiyaya birləşmək kimi məsələləri gündəmə gətirə, maraqlarının təmin edilməsinə çalışa bilər və s;

Hər iki variant – Qərb və Rusiya – Azərbaycan üçün məqbul deyil və məlumdur ki, Bakı heç bir variantı qəbul etmir (Marukyan da bunu açıqlayıb).

Bakının planı nədir?

1. Ermənistanla Qarabağ məsələsinin daxil edilmədiyi sülh müqaviləsini bağlamaq;
2. Qarabağın daxili məsələmiz olduğunu beynəlxalq birlik tərəfindən qəbul edilməsinə nail olmaq: Rusiya ilə yanaşı, Qərb masasında iştirakın əsas hədəfi də budur;

Azərbaycan Rusiyanın Qarabağ planını anlayır, lakin məsələnin müzakirə masasına bir daha qayıtmaması baxımından “sonraya saxlanılması” təklifini yaxın buraxır, təbii ki, hansısa sənədə, yaxud bəyanata bu haqda heç bir qeydin salınmaması şərtilə. Bu imkan verir ki:

– Separatçıların “tərəf” kimi sırınması cəhdinin qarşısı alınsın;
– Bakı-Ankara ikilisi qarşısında təklikdə qalan Moskvanı sonrakı proseslərdə neytrallaşdırmaq imkanlarından istifadə etsin;
– Qarabağdakı erməni əhalisi arasında Azərbaycana inteqrasiya ilə bağlı işləri həyata keçirə bilsin;
– Erməni əhalisinin separatçı rejimdən ayrılmasını təmin edə bilsin, nə qədər çətin görünsə də, sosial-iqtisadi-ictimai rıçaqlardan istifadə etməklə buna müəyyən mənada nail olmaq imkanları var;

Ermənistanla Qarabağsız sülh müqaviləsinin imzalanması həm Qərb, həm Rusiya masasında məsələnin daxili işimiz olması reallığının qəbul edilməsi ilə nəticələnəcək və rus sülhməramlılarının bölgədə olması risklər yaratsa da, həm Moskvanın üzləşdiyi geosiyasi vəziyyət, həm də separatçıların Azərbaycanın tamamilə hərbi-siyasi mühasirəsində olması Bakının hədəfinə nail olmaq şansının geniş olduğunu deməyə əsas verir.

Bu planların fonunda əsas məsələ Paşinyanın açıqladığı və bizim cəmiyyətdə müzakirəyə səbəb olan Moskvanın “15 bəndlik təklif layihəsidir”dir:

– Rusiya Ermənistan və “Qarabağın” qarantı olur;
– Rusiya sülhməramlılarının Qarbağda qalma müddəti uzadılır;

Azərbaycan ictimai rəyində müzakirə edilən əsas məqam “15 bəndlik təklifin” Soçidə müzakirəyə çıxarılacağı, əsas narahatlıq bunun qəbul edilməsi ehtimalıdır. Rusların belə istəyinin olduğu şübhəsizdir, lakin burada diqqətdən yayınan iki məqam var.

Birincisi, Rusiyanın “təklif layihəsi”nin Bakı və İrəvana nə vaxt təqdim edildiyidir;
İkincisi, Paşinyan Soçi görüşündən öncə “15 bəndlik layihəni” niyə gündəmə gətirməsidir;

Moskvanın “15 bəndlik planı” 2021-ci ilin avqustunda Bakı və İrəvana təqdim edilib, Ermənistandan fərqli olaraq Azərbaycan qəbul etməyib.

Bundan sonra nə baş verib?

Azərbaycan 2022-ci ilin mart ayında sülh müqaviləsi ilə bağlı Ermənistana 5 bəndlik təklif təqdim etdi və bu tarixdən sonra Qarabağın daxil edilmədiyi təkliflər sülh müqaviləsi üzrə həm Qərb, həm Rusiya tərəfindən əsas prinsip olaraq qəbul edilib. Bu o deməkdir ki, Bakının 5 bəndlik təklifinin əsas kimi qəbul edilməsindən sonra Rusiyanın “15 bəndlik təklifi” arxa plana keçib. Ruslar da anlayır ki, Azərbaycana Qarabağın daxil edildiyi heç bir təklifə-sənədə razı olmayacaq.

Paşinyanın Soçi görüşündən öncə “15 bəndlik təklifi” gündəmə gətirməsinin isə hədəfi var:

1. Rusiyanın “sülh müqaviləsində vasitəçiliyini” sıradan çıxarmaq: İrəvan bilir ki, Bakı Soçidə bu təkliflərin müzakirəsinə birmənalı şəkildə qarşı çıxacaq və belə bir manevrlə Rusiyaya göstərmək istəyir ki, “sizin vasitəçilik təşəbbüsünüzə Ermənistan yox, Azərbaycan qarşı çıxır”;
2. Qarabağ məsələsində “uğursuzluqda” Rusiyanın ən azı onun qədər payının olduğunu nümayiş etdirir: “Ermənistan Rusiyanın qarant olmasını və sülhməramlıların qalma müddətinin uzadılmasını istəyir, amma Moskva Bakıya təsir etmək gücündə deyil” rəyini yaradacaq;

Paşinyanın görüşdən öncə bunu gündəmə gətirməsi də o deməkdir ki, görüşdə “15 bəndlik planı”nın müzakirəsi ehtimalı çox azdır və bunu ən çox ermənilər istəyir. Bölgədə təşəbbüsü Qərbdən almaq istəyən Rusiya isə da bunun mümkün olmadığını bilir.

Bu iki məqam Soçi görüşünün gündəliyinin Paşinyanın təqdim etdiyi kimi olmayacağı fikrini ön plana çıxarır.

Görüşdən mümkün gözləntilər belə ola bilər:

– Üçtərəfli razılaşmaların icrası müzakirə ediləcək və buna sadiqlik vurğulanacaq;
– Bu razılaşmaların icrası məsələsinin də əksini tapacağı və sülh sazişinin imzalanmasında Rusiyanın vasitəçiliyinin qeyd olunacağı yekun bəyanat qəbul edilə bilər;

Asif Nerimanlı kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir