KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Asif Nerimanlı: Karabağ’dan Suriyaya qədər… – Ankara və Moskva oyunu dəyişdirir

Asif Nerimanlı: Karabağ’dan Suriyaya qədər… – Ankara və Moskva oyunu dəyişdirir

Kafkassam Editör Kafkassam Editör - - 8 dk okuma süresi
39 1

Ukrayna, Suriya, Finlandiya+İsveç, Cənubi Qafqaz: Türkiyə-Rusiya masasında 4 gündəm var. Tərəflər iki məsələdə uzlaşır, iki məsələyə “barter” prinsipi ilə yanaşırlar:

a) Moskva Ankaranın vasitəçiliyi ilə “taxıl dəhlizi” üzərindən istəklərinə nail olmağı planlaşdırır: Qərb sanksiyalarının ən azı yumşaldılması və Ukraynanın yenidən “İstanbul danışıqlarına” gəlişi;

– Ərzaq böhranı fonunda Ankaranın vasitəçiliyinin Qərbin də istəyinə uyğun olduğu istisna deyil və proseslər sanksiyalar məsələsində müəyyən qədər də olsa, geri addım atılacağı ehtimalını gücləndirir;

– Rusiya Ukrayna ilə Qərbin iştirakı olmadan masaya əyləşmək istəyir və Ankara ən münasib platformadır, hansı ki, Kiyev də maraqlarının nəzərə alınması baxımından Türkiyə masasını dəyərləndirir və “taxıl böhranı” hadisələrin bu məcrada inkişafına zəmin yarada bilər;

b) Ankara Suriyada növbəti əməliyyatı üçün bölgədə Rusiya üzərindən zəmini formalaşdırır: Moskva Ukrayna müharibəsinə görə Suriyada fəaliyyətini müəyyən qədər daraldır, əvəzində İranla Türkiyənin aktivləşməsi gedişi edir;

1. Ukrayna cəbhəsini gücləndirməyə paralel olaraq, Suriyada ABŞ-a qarşı Ankara və Tehranın önünü açır: Astana formatının “dirildilməsi” də buna hesablanıb;

2. Əsəd rejimi üzərindəki təsirini müvəqqəti İrana dövr etməklə həm Suriyada Türkiyəyə qarşı güc balansını tarazlayır, həm də Ukrayna cəbhəsində müharibə apardığı vaxt Əsədə görə Ankara ilə anlaşılmazlıq mövzularını azaldır; bununla Moskva Suriya məsələsində “tərəfdən” daha çox, “vasitəçi” rolunda çıxış etmək niyyətindədir və bu, müəyyən qədər “geri çəkilməyə” məcbur olduğu bölgədə mövqelərini qorumağa imkanı verir;

Türkiyənin hədəfi yaranmış geosiyasi şərtlərdən istifadə edərək, cənub sərhədlərində – Suriyanın şimalında hələ də qalan PYD/YPG terrorçularını təmizləmək və 30 kilometrlik “təhlükəsiz zona” yaratmaqdır: bu, xüsusilə 2023-cü il seçkilərindən öncə daxili siyasət fonunda vacib olan suriyalı miqrant probleminin böyük ölçüdə həllinə imkan verəcək; PKK/PYD/YPG-nin təmizlənməsi istiqamətində yarım qalmış işini ən azı bir qədər də irəliyə apararaq, ABŞ-ın “tərəfdaş” hesab etdiyi terrorçuların güclənməsinin qarşısını alacaq, bununla Şimali İraqdan Aralıq dənizinə qədər uzanan zolaqda “hakim mövqeyini” möhkəmləndirəcək;

Hər iki tərəfin bu proseslərdə öz maraqları olsa da, bu maraqların təmin edilməsi üçün bir-birinə ehtiyacı var və Türkiyə ilə Rusiya yaranmış vəziyyətdən qarşılıqlı olaraq yararlanmağa çalışır.

Və uzlaşma nöqtəsi olan bu iki məsələ fonunda tərəflərin bir-birindən istədiyi iki məsələ də mövcuddur.

Birincisi, Finlandiya+İsveçin NATO-ya üzvlüyüdür: Türkiyə PYD/YPG terrorçularına dəstək verən bu iki ölkənin ittifaqa üzvlüyünə haqlı olaraq qarşı çıxır və maraqlarının təmin edilməsi, həm də ABŞ-ın Suriya, ümumilikdə Yaxın Şərq siyasətinin dəyişməsi ilə nəticələnə biləcək şərtlər irəli sürür;

Bu vəziyyət Rusiyanın maraqlarına uyğun gəlir:

– NATO-nun genişlənməsinin qarşısı alınır;
– Baltik dənizi və Arktikada Şimal Alyansının güclənməsi perspektivi dalana dirənir;
– Ukrayna müharibəsinin davam etdiyi vaxt Ankaranın Finlandiya+İsveç məsələsində milli maraqlarına uyğun sərgilədiyi mövqe Moskvaya ən azı vaxt qazanmağa imkan verir;

İkincisi, Cənubi Qafqazda postmünaqişə dövrünün gündəliyinin icrasıdır: Ankara Moskvanın üzləşdiyi geosiyasi dalandan bölgədə Türkiyə-Azərbaycan maraqlarının təmin edilməsi naminə istifadə etmək niyyətindədir;

– Rusiya Avropa İttifaqı üzərindən ABŞ-ın bölgəyə müdaxiləsinə Türkiyənin akternativ kimi aktivləşməsini istəyir;
– Türkiyə Cənubi Qafqazda müharibədən sonra gücləndirdiyi mövqeyinin Aİ-nin xeyrinə dəyişməsinə imkan vermir;

44 günlük müharibədən sonra Rusiya və Türkiyə bölgənin siyasi mənzərəsini formalaşdıran tərəflər idi. Moskva tərəfindən “ofsayta” salınmış ABŞ və Fransa növbəli şəkildə bölgədə Türkiyənin Rusiya qarşısında əsas tərəf olduğunu de-fakto qəbul etdilər və bu, Ankaranın təkcə bu bölgədə yox, geosiyasi proseslərdə də əlini gücləndirən amillərdən idi. Daha sonra Avropa İttifaqının vasitəçiliyi önə çıxdı və bu, Bakı, həm də Moskvanın Brüsseldən Qərbdə “həmsədrlik missiyasına” qarşı alternativ kimi istifadə etmək planı ilə uzlaşırdı. Postmünaqişə reallıqlarının qəbul edilməsini istəyən Türkiyə də bu taktiki dəyişiklikdə maraqlı idi. Ukrayna müharibəsi Cənubi Qafqazda da kartları qarışdırdı. Brüssel və Moskva “ortaqlıqdan” qarşıdurma mərhələsinə keçdi. Brüsselin vasitəçiliyi Rusiyanın maraqlarına uyğun olmadığı kimi, Türkiyənin “əsas tərəf” roluna da zidiyyət təşkil edir, xüsusilə ABŞ-ın Ankaranı tərəf kimi qəbul etməsi mövqeyinin tədricən dəyişməsi və Aİ-yə rəhbərlik edən Fransanın önünün açılması fonunda.

Ankara və Moskva Cənubi Qafqazda müharibədən sonrakı vəziyyəti (iki ölkənin həlledici rolunu) qaytarmağa çalışır:

– Rusiya kommunikasiyanın açılmasını və “3+3” formatının qurulmasını (Gürcüstanın formata qoşulması sonraya saxlanıla bilər), bununla regiona regiondan olmayanların buraxılmaması şərtlərinin yetişməsini istəyir;

– Bunu dəstəkləyən Türkiyənin üçtərəfli razılaşmaların icrası, həmçinin, digər mümkün istəkləri var:

1. Erməni qoşunların çıxarılması – 10 noyabr razılaşmasının 4-cü bəndi;

2. Kommunikasiyanın açılmasının 10 noyabr razılaşmasına uyğun icra edilməsi: Naxçıvana çıxış maneəsiz (dəhliz məntiqi) təmin olunsun; buna qarşı dəhlizinin eyni rejimlə işləyəcəyi şərtinin də masada olduğu istisna deyil;

3. Qarabağda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətinin aktivləşdirilməsi: bu, Ankaranın rolunun artırılmasına hesablanıb;

4. Sərhədin delimitasiyası prosesində Türkiyənin aktiv iştirakı;

Lavrov-Çavuşoğlu görüşündə bu məsələlər müzakirə olundu. Bu kontekstdə Lavrovun Ankara səfərindən öncə baş verənlər diqqət çəkir: Ərdoğanın Bakıda Əliyevlə görüşündən sonra Azərbaycan prezidenti Putinə zəng etdi və üçtərəfli razılaşmaların icrası müzakirə olundu; Lavrovdan öncə Bayramov Ankarada səfərdə idi və proseslərin inkişafı deməyə əsas verir ki, Çavuşoğlu ilə görüşdə detallar müzakirə edilib.

Nəhayət, Lavrov üçtərəfli razılaşmaların icrasının ətraflı müzakirəsi üçün Ankaradan İrəvana uçdu: Rusiya Ermənistanın razılaşması üçün təzyiqlərini artıracaq;

Və baş verənlərdə əsas məqam bütün hallarda Bakının maraqlarının təmin edilməsidir: yaranmış situasiya, xüsusilə Türkiyənin prosesə aktiv qoşulması Rusiyanın Qarabağda “erməni kartın”dan istifadəsi imkanlarını da zəiflədir.

Görünən budur ki, regionda daşlar yenidən qarışır: yaxın dövrdə Rusiya ilə yanaşı ABŞ-ın həmlələri də olacaq və hər iki tərəfin həm Ankara, həm Bakıya ehtiyacının olması dəyişməyən reallıq olaraq qalır.

Asif NerimanlıKafkassam

İlgili Yazılar

1 Yorum

  1. Elif - -

    Bilgilendirici bir yazı tebrikler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.