KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Asif Nerimanli: İrəvanda çevriliş cəhdinin Rusiyanın “yumşaq qarnına” uzanan pərdəarxası…

Asif Nerimanli: İrəvanda çevriliş cəhdinin Rusiyanın “yumşaq qarnına” uzanan pərdəarxası…

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
300 0

İrəvanda çevrilişə cəhddən sonra tərəflər əllərindəki kartları işə saldı: Paşinyan dirənir, müxalifət hakimiyyətin mitinqinə cavab mitinqi keçirir, baş qərargah rəisi Onik Qasparyanın istefaya göndərilməsi qərarı hələ prezident Sarkisyan tərəfindən təsdiqlənməyib (Armen sona qədər gözləyəcək, güclünün yanında yer alacaq həmişəki kimi), hər şey hələki sual altındadır.
Moskva qarışmadığını desə də, çevriliş cəhdinin arxasında rusların başı aydın görünür: Rusiyanın MDB məkanında Baş Qərargah rəisi postu üzərindən hazırladığı “Troya atları” hər kəsə bəllidir.
Və ilkin təəssürata görə, ruslar Nikolun “İsgəndər” hücumunu bağışlamadı, lakin müharibənin gedişatı və hadisələrin inkişafı pərdəarxasında gedən mübarizənin açıq müstəviyə keçdiyini göstərir.
1. 10 noyabr razılaşmasından dərhal sonra siyasi müxalifətin “çevriliş təklifini” rədd edən Qasparyan niyə indi bu addımı atdı?
2. Baş Qərargaha Moskvadan təlimat gəldiyini düşünsək, ruslar niyə bu qədər gözlədi?
Bu iki sual proseslərin gedişatını da anlamağa imkan verir.
Rusiya qlobal dəyişikliyin bir parçası olan Qarabağ müharibəsinə müdaxilə edə bilmədi, əvəzində yaratdığı münaqişənin mümkün qədər öz ssenarisi çərçivəsində həllinə çalışdı: sülhməramlılarını bölgəyə gətirməklə tam olmasa belə, qismən nail oldu da.
10 noyabr gecəsi Qasparyan çevriliş təklifinə razılıq verə bilməzdi, çünki bu, üçtərəfli razılaşmanın pozulması, rus sülhməramlılarının bölgəyə gəlişinin baş tutmaması olacaqdı. Ermənistanda cəmiyyət kapitulyasiyaya etiraz etsə də, siyasi mənzərə rusların istəyinə uyğun deyildi: qüvvələr ayrılıqda fəaliyyət göstərirdilər.
Ruslar kapitulyasiyadan sonra siyasi müxalifətin birləşməsi istiqamətində fəaliyyətə başladılar: 17 siyasi partiyanın birləşdiyi platformada yer aldılar və Koçaryan kartını irəli sürdülər; müxalifətin birləşdirilməsi və hakimiyyətin siyasi yolla ələ keçirilməsi dünyanın təzyiqindən yayınmaq baxımından daha məqbul görünürdü;
Bəs, niyə hərbi çevriliş?
1. Vazgen Manukyan-Robert Koçaryan cəbhəsi müxalifəti ikiyə parçaladı: Paşinyanın reytinqi aşağı düşsə də, mümkün seçkidə parçalanmış müxalifətə qarşı əlini gücləndirir; növbədənkənar seçkinin qarşısı indi alınsa da, qərar hələ də qüvvədədir və zaman keçdikcə, Nikolun erməni cəmiyyətindəki aqressiyanı azaltmaq imkanları da genişlənir;
2. Paşinyan müharibə vaxtı və sonra Moskvaya qarşı yumşalan mövqeyini dəyişdirməyə başladı: onun uzun fasilədən sonra qərbyönümlü mediaya mediaya müsahibəsi və “İskəndər” raketləri ilə bağlı dedikləri Nikolun rusların planına qarşı hərəkətə keçməsi demək idi;
Rusiya Ermənistanda incə gedişlər siyasətindən imtina etdi və ənənəvi sərt müdaxilə üslubuna əl atdı. Çünki zamanın əleyhinə işlədiyini anlayır.
Burada ən mühüm məqam çevriliş cəhdinin zamanıdır və bu, rusların nə etmək istədiklərini, nə edəcəklərini anlamağa imkan verir:
23 fevral: Ankarada Türkiyə-Azərbaycan-Türkmənistan XİN rəhbərlərinin görüşü keçirildi;
24 fevral: Türk Konseyi ölkələrinin energetika nazirlərinin 1-ci toplantısı baş tutdu;
Hər iki görüş Rusiyanın bölgədəki təsirinə ciddi zərbələrin olacağından xəbər verir:
– Avropa bazarında rus qazını daha da sıxışdıracaq Transxəzər layihəsi gəlir;
– Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi güclənir, bununla “bir kəmər, bir yol” layihəsində Bakı və Ankaranın yer aldığı Orta Dəhlizin perspektivi açılır;
Və ən mühümü Ankara və Bakı, o cümlədən, ruslara görə Qərb Rusiyanın “yumşaq qarnı” olan Mərkəzi Asiyanın qapılarını açır: Qarabağ münaqişəsi həll olundu həll olundu; Cənub Qaz Dəhlizi tamamlandı; Türkmənistanla neft-qaz yatağı üzərindəki anlaşılmazlıq aradan qalxdı; Ankarada prosesə start verildi; (Türkiyənin Ermənistanda baş verən hərbi çevriliş cəhdini qınaması təsadüfi deyil).
Və Türk Konseyinin enerji toplantısından bir gün sonra – 25 fevralda İrəvanda hərbi çevrilişə cəhd edildi.
Çünki zaman Paşinyanın güclənməsi, Ermənistanın əldən çıxması, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və bölgədəki təsir rıçaqlarını itirməsi deməkdir və ruslar tələsir:
– Nikolu devirməklə Ermənistanda Azərbaycana qarşı revanşizmi davam edəcək qüvvələri gətirmək;
– Qarabağdakı anlaşmanın tam yerinə yetirilməsinin qarşısını almaq;
– Münaqişəni yenidən yaratmaq, bunun üzərindən həm bölgədə davamlı olaraq qalmaq, həm də Azərbaycana qarşı 30 il müddətində olduğu kimi özündən asılı vəziyyətə salacaq və Ankara-Bakı cütlüyünün Mərkəzi Asiyaya çıxış planlarını ən azı ləngidəcək təzyiq elementini saxlamaq istəyir;
(Qarabağdakı separatçıların rəhbəri – Paşinyana bağlı Araikin İrəvanda “siyasi həll” variantını təklif etməsindən sonra rusların ona alternativ kimi gətirdiyi Vitali Basalanyanın Xankəndidə “ordunun yanındayıq” açıqlaması təsadüfi deyil).
Nikol qalib gələrsə, rusların əli zəifləyəcək və Qarabağ üzərində həyata keçirmək istədikləri ssenarinin mümkünlüyü də təhlükə altına düşəcək. Hələki Paşinyan çevrilişə qarşı dirənir, lakin onun son anda “fiziki məhvi” ssenarisi də istisna deyil.
İrəvanda baş verənlərin müharibədən sonra regionda ikinci qaynar mərhələsinin başlanğıcı olduğunu da deyə bilərik: nəticələr Qarabağdakı vəziyyətə təsir edəcək və istisna deyil ki, Bakı və Ankara ermənilərin yaşaması üçün ayrılan ərazilərdə nəzarətin əldə edilməsi istiqamətində addımlarını intensivləşdirəcək, bəzən açılan naməlum atəş də çox şeyi dəyişdirə bilir…

Asif Nerimanli kafkassam Bakü

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir