20 iyun: Ermənistanda seçki başa çatdı, Paşinyan qalib gəldi.
23 iyun: Əliyev Putinə zəng etdi və üçtərəfli razılaşmaların icrasının praktiki tərəflərini müzakirə etdi;
25 iyun: Əliyev avropalı diplomatları qəbul edərkən bildirdi ki, Bakının əsas tələbi yekun sülh müqaviləsinin imzalanmasıdır, Ermənistan hələ cavab verməyib, seçki öncəsi bu haqda danışmaq əlverişsiz idi, lakin artıq seçki bitib və artıq vaxtdır;
26 iyun: Əliyev “Ermənistan Dağlıq Qarabağ sözünü ümmiyyətlə işlətməməli, qonşularla normal münasibətlər qurmalı və ərazi iddialarından əl çəkməlidir” şərtini açıqladı;
Proseslərin inkişafı fonunda Əliyevin şərtləri üç kontesktdə diqqət çəkir.
Birincisi, Bakı Ermənistana mesaj verir: seçki başa çatıb və artıq sülh müqaviləsi ilə bağlı açıq danışmağın, cavab verməyin vaxtıdır;
İkincisi, Bakı gözlədiyi cavabın mətnini açıqlayır: Dağlıq Qarabağ sözündən imtina edilməli, ərazi iddialarından əl çəkilməlidir;
Üçüncüsü, Bakı Ermənistan üçün yeganə çıxış yolunu göstərir: qonşularla normal münasibətlər qurulmalıdır;
Prezident “ya olacaq, ya olacaq” prinsipini irəli sürür və bunu Ordu günündə generalların önündə elan etməsi “əks cəhdlərin cavabı yeni müharibədir” mesajını çatdırmağa hesablanıb.
Bu, həm üçüncü ölkələrə, həm Ermənistan hakimiyyətinə, həm də seçkidə müharibə əleyhinə səs verən Ermənistan ictimaiyyətinə ünvanlanıb. Bakı Paşinyan hakimiyyətinə müharibə istəməyən erməni cəmiyyətinə “sülh müqaviləsi imzalamasaq, yenidən müharibə başlaya bilər” deyə bilməsi üçün pas ötürür. Ermənistan üçün pası qəbul etmək ən doğru seçimdir, çünki görünür, Bakı artıq səbr etmək fikrində deyil.
Asif Nerimanlı